“Hər bir milli qeyrətli Azərbaycan vətəndaşı yeri gəlsə, Türkiyə uğrunda silaha sarılmağa hazırdır, Türkiyə vətəndaşları da Azərbaycan uğrunda...”
"Elə ürəklərimizdəki bu Türkiyə, Osmanlı sevdası Rusiya və digər imperiyaları qorxudan ən böyük bazadır..."
"Hə, az qala, yadımdan çıxmışdı, Ana Yasamıza- Konstitusiyamıza görə, Azərbaycanda heç Rusiyanın da bazası yerləşdirilə bilməz..."
-3 CÜMLƏ İLƏ BİR CAVAB...-
Azərbaycan Prezidenti İlham Əliyevin dünən- dekabrın 18-də “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə müəllif və aparıcı Dmitri Kiselyovun “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına cavabında “Xeyr, qısa desək, lazım deyil” söyləməsi Vətənimizdəki bir sıra türksevərləri, Türkiyə sevdalılarını, həmçinin qardaş Türkiyədəki Azərbaycan sevdalılarını da xeyli həyəcanlandırıb...
Fəqət, qəti qənaətimcə, heç belə bir həyəcan da lazım deyil, buna da ehtiyac yoxdur, çünki ölkə başçısı da həm tarixi biliklərinə, həm də bugünkü gerçəkliyə arxalanaraq yaxşı bilir ki, yüz illərdir Azərbaycan xalqı, demək olar, bütövlükdə Osmanlı, Türkiyə sevdalısıdır və əksinə, Türkiyə də Azərbaycan sevdalısı, hər bir milli qeyrətli Azərbaycan vətəndaşı yeri gəlsə, Türkiyə uğrunda silaha sarılmağa hazırdır, Türkiyə vətəndaşı da Azərbaycan uğrunda...
Və bu mənada Azərbaycan bütövlükdə Türkiyənin bazasıdır, elə Türkiyə də Azərbaycanın – bu baxımdan da Prezident də “lazım deyil”(və yaxud “ehtiyac yoxdur”) ifadəsini yerində işlədib...
P.S. O dövrün müasir silahlarıyla döyüşmək vərdişlərinə yiyələnmək arzusuyla könüllü olaraq I Dünya savaşına yollanmiş, Polşanın Krakov şəhərinədək gedib çıxmış, 1905-906, 1918-1920-ci illərdə quldur ermənilərə qarşı da vuruşmuş, bəy babam hələ ötən əsrin 50-60-cı illərində, yəni sovet dövründə daim atama deyərmiş:
OĞUL, AZƏRBAYCANIN YEGANƏ ARXASI, QARDAŞI, DOSTU, OSMANLIDIR, TÜRKİYƏDİR...
Ömrünün son günlərinə qədər Əbdüləli babam tez-tez buxara papağını qoyar, polad xəncərini taxar və nağarasını vurub bütün kəndi başına yığan uca səsi, xoş avazıyla oxuyarmış: “Nuru Paşa (yaxud Ənvər Paşa), səni görüm min yaşa!..”
Bu gün də 92 yaşlı atam bir çox nəsnələri unutmasına rəğmən, tez-tez xəbərlərdə- filan da Türkiyənin adı çəkilən kimi rəhmətlik ulu babamın dediyim sözlərini xatırladır...
Ulu babam haqda bu faktı ona görə nəzərinizə çatdırıram ki, yalnız bu sətirlərin müəllifinin deyil, əksər Azərbaycan vətəndaşının da genindən 1915-ci ildə Çanaqqala döyüşü, 1918-ci ildə Bakının, əslində elə Quzey Azərbaycanın əksər hissəsinin qurtuluşu, müstəqil, demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurullması və nəhayət, 2020-ci ildə Qarabağın azadlığıyla nəticələnmiş 44 günlük Vətən savaşımız zamanı Türkiyə ilə biri-birimizə qarşılıqlı dəstəkdən qaynaqlanan qarşılıqlı məhəbbət duyğularını silmək mümkün deyil. Və hətta Rusiya imperiyası yenidən 1920-ci ildəki kimi dövlətçiliyimizi zəbt etsə, Vətənimizi işğal etsə, Putinlər, Medvedevlər, Narışkinlər, Bornikovlar bütün Azərbaycan oğul-qızlarını şərlədib zindanlara doldursa belə, Türkiyəyə olan sevdamızı, qan birliyimizi, can birliyimizi canımızdan-qanımızdan çıxara bilməz... Məgər sovet dövründəki "37" repressiyaları, qətliamları müstəqillik, azadlıq arzularıyla yanaşı, Türkiyə sevdasını da qəlblərimizdən silə bildimi... Elə ürəklərimizdəki bu Türkiyə, Osmanlı sevdası Rusiya və digər imperiyaları qorxudan ən böyük bazadır...
Heç Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da boş-boşuna bir-biri ilə qucaqlaşmır, biri-birinə “qardaş” demir...
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!..
Allah cümlə şəhidlərimizə rəhmət eləsin!..
P.P.S. Hə, az qala, yadımdan çıxmışdı, Ana Yasamıza- Konstitusiyamıza görə, Azərbaycanda heç Rusiyanın da bazası yerləşdirilə bilməz...
Sultan Laçın