Yazar
İlham İsmayıl
Bütün yazılar
ekskluziv
5709
16 Aug 2024 | 13:00

Gəmilər batanda ölkə də batır...

44 günlük müharibədə Ermənistan Müdafiə nazirliyinin sözçüsü Artsurini Ovannisyanı yəqin ki, yaxşı xatırlayırsınız. Azərbaycan Ordusu Şuşaya yaxınlaşanda Artsurini məlumat verirdi ki, döyüşlər hələ Cəbrayıl ətrafında gedir. Bu günkü Rusiya mediasına, xüsusilə televiziyalarına baxanda, yada Artsurini düşür. Rusiya mediası Kursk ətrafında baş verənləri tam gizlədə bilməsə də, Ukrayna hərbiçilərinin nəzarətinə keçmiş Rusiya torpaqlarından məlumatlar vermir, oradakı hərbi vəziyyəti həqiqətə uyğun olmayan şəkildə təqdim edirlər. Məsələ burasındadır ki, bizim bəzi rusiyayönümlü şərhçilərimiz də Ukrayna ordusunun Kursk əməliyyatını uğursuz adlandırmaqdan çəkinmir və Zelenskini inad göstərməkdə qınayırlar. Əslində, Rusiya üçün Kursk vilayətində vəziyyəti sabitləşdirmək mümkün deyil. Rusiya hakimiyyəti, cəbhədəki gücsüzlüyünü dərk edərək, bütün diqqətini RF daxilində həqiqətin yayılmasının qarşısını almağa yönəldib. Bunun üçün də hərbi müxbirlər hədəfə alınırlar, çünki Rusiyanın məlum Z-hərbi müxbirləri təhlükənin ciddiliyi barədə dəfələrlə məlumat veriblər. Bu xəbərdarlıqlara baxmayaraq, Ukraynanın müdaxiləsinin qarşısını ala bilməyən ölkənin hərbi və siyasi rəhbərliyi bu məsələnin ətrafında bir sükut rejimi yaratmağa çalışır və bu məqsədlə hərbi müxbirlərə qarşı müharibə elan ediblər. 
   
Rusiya mediasına baxanda Kurskdan məlumat verənin əsasən Apti Alaudinov adlı bir generalın olduğunu görürük. Ukrayna Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün bölgəyə göndərilmiş “Axmat” könüllü birləşməsinə rəhbərlik edən  general Alaudinov da döyüşdən çox, sos sosial şəbəkələr vasitəsilə mübarizə apara bilir. Alaudinov ən azı beş dəfə Ukraynanın hücumunun qarşısını alması və guya düşmənin Rusiya ərazisindən çıxarılması barədə məlumat yayıb, amma sonunda bütün bunların vəziyyəti ört-basdır etmək üçün nəzərdə tutulmuş saxtakarlıq olduğu ortaya çıxdı.
 
General Apti Alaudinov media qrafiklərini tərk etmir: birinci, general  tik-tokda yüksək səslə bəyanatlar verir və tezliklə onları təkzib edir və ya sadəcə olaraq videoları və yazıları silir. İki gün əvvəl “Axmat”ın komandiri öz hesabında hərbi müxbirləri “xoruz” və “cahil” adlandırıb, onları güllələməklə hədələdiyi videonu silib.  Hərbi müxbirlər reallığı əks etdirən məlumatlar yaymaqda davam edirlər. Avqustun 16-da Z-hərbi müxbirləri Vladimir Romanov və Platon Mamatov Kursk vilayətinin Korenevo yaxınlığında rus hərbi kolonnasının darmadağın edilməsi barədə məlumat yayıb. Bloger Kirill Fyodorov isə ilk olaraq Kursk istiqamətində KA-52 helikopterinin vurulması barədə məlumat yayıb. Bu tip xəbərlər siyasilər üçün heç də xoş olmadığından yaranmış vəziyyətin mahiyyətini müzakirə etmək əvəzinə Dövlət Dumasının deputatı  Dinar Gilmutdinov hərbi müxbirlərin və hərbi blogerlərin fəaliyyətindən kifayət qədər sərt danışıb, onları tamamilə feyk məlumatlar yaymaqda ittiham edib. O dərəcədə ki, Gilmutdinov hərbi bloggerləri “ölkəyə təhlükə” adlandırıb və onların fəaliyyətinin qadağan edilməsi barədə Dumaya qanun layihəsi təqdim edəcəyini bildirib. Senator Natalya Kosixina isə blogerlərin cəzalandırılmasının vacibliyini bildirərək, onların “məsuliyyətsizliyinin və abunəçiləri cəlb etmək üçün macəralı cəhdlərinin narahatlığa və bəzən də açıq çaxnaşmaya səbəb olduğunu” vurğulayıb. Onun sözlərinə görə, bu cür məlumat verən müxbirlər cinayət məsuliyyətinə cəlb edilməlidir, çünki hərbi müxbirlər Rusiya Silahlı Qüvvələrinin komandanlığının səhvlərini açıq şəkildə göstərirlər. 
 
Rusiya Federasiyasında blogerlərə nəzarətin qurulması üçün siyasətin sərtləşdirilməsi başlayıb və sonuncu dəyişikliyə görə 10.000 abunəçisi olan blogerlər “Roskomnadzor”da qeydiyyatdan keçməli və yazılarında yalnız rəsmi KİV-ə əsaslanmalıdırlar. Bu faktlar Kursk ətrafında yaranmış situasiyanın ciddiliyindən xəbər verir. Amma, müharibənin ilk vaxtlarında Ukrayna əraziləri işğal edildikcə , xüsusilə Mariupol döyüşlərindən məlumat verən müxbirlərin Kremldə necə təltif edildikləri unudulmayıb.
 
Bütün bunlar onu sübut edir ki, Rusiya hakimiyyəti cəmiyyətin həqiqətləri bilib etiraz etməyindən çəkinirlər. Necə deyərlər, situasiya daha çox şahmatdakı pat vəziyyətinə bənzəyir. Ukrayna ilə mənasız genişmiqyaslı müharibə, (yəqin ki, Rusiya heç vaxt bunu rəsmi olaraq müharibə adlandırmağa cəsarət etməyəcək) ölkəni məhv edir, çünki bu müharibənin ölkə üçün motivasiyası yoxdur. 
 
SSRİ qadağalarından təzəcə qurtulmuş cəmiyyətin XXI əsrdə rahat yaşamaq naminə çalışdıqları bir zamanda, imperiya ambisiyaları ilə müharibənin başlanmasında cəmiyyətin də günahı var. Rusiya cəmiyyəti də təəssüf ki, bu ambisiyalarla yaçayan bir toplum olub. Cəzanı da gündəlik həyatlarında görürlər. Bu illər ərzində bahalaşma bu gün 70%-ə çatıb.
   
Rusiya -Ukrayna müharibəsi düz iki il altı aydır ki, davam edir. Müharibə başlayanda optimist proqnozlara görə “ xüsusi əməliyyat” bir həftəyə, ən bədbin ehtimallara görə isə üç aya, mayın 9-da Qırmızı meydanda qələbə paradı ilə yekunlaşmalı idi. Məsələ burasındadır ki, müharibəni başlayan Rusiya rəhbərliyi də bu cür nikbin sonluğu gözləyirdi. Bir xeyli əraziləri, vlayətləri, şəhərləri işğal edən Rusiya tezliklə Ukraynanın ağ bayraq qaldıracağına ümid etsə də.., alınmadı. Əvəzində Qərbi günahkar tutaraq Ukraynaya kömək etdiyinə görə onu ittiham etməyə başladı və bu ittihamı yalnız Rusiya yetkililəri deyil, bizim bəzi ruspərəst siyasi şərhçilərimiz də tirajlayırlar. Əsas ittiham da Ukrayna prezidenti Zelenskiyədir ki, niyə təslim olmur? Bir var situasiyaya qiymət verəsən, bir də var işğalçıya haqq qazandırasan. 30 il işğala məruz qalan bir ölkənin haqq mübarizəsi bu mənada nümunədir.
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və  digər dövlətlərlə , beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
 
 
 
Link kopyalandı!
Son xəbərlər