Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
4567
30 Jul 2024 | 14:14

Millət vəkili, yoxsa zillət vəkili?..

“Uinston Çörçilin çox ibrətamiz bir kəlamı var: “Pis hakimiyyəti  seçkilərə getməyən yaxşı insanlar seçir!..”  Bu məntiqlə pis deputatın mandat əldə edib parlamentdə “millət vəkili” kürsüsünü zəbt etməsinə də elə seçkilərə getməyib öz hüquqlarını reallaşdırmayanlar və yaxud seçkilərə getsə də, hansısa rəhbər məmurun qorxusundan istəmədiyi namizədlərə səs verənlər şərait yaradır...”
 
“Bu gün səslərimizi haqlarımızı qoruya biləcək layiqli namizədlərə verək ki, sabah da hansısa naqolay vəzifə sahibi müəyyən bir müşkülümüzün həlli zamanı səsimizi boğub haqqımızı-hüququmuzu tapdalamağa cəsarət etməsin...”
****
 
-FİKİR SAVAŞI...-
 
...Sizi bilmirəm, mən son 30-33 ildə Azərbaycan parlamentinin(istər Ali Sovet, istərsə də Milli Məclis dövründə) üzvlərindən danışanda, yazanda “millət vəkili” söz birləşməsini çox xəsislik və ehtiyatla işlədirəm... Çünki məmləkətimizdə hər parlament üzvü bu ada sözün əsil mənasında layiq ola bilməyib və bilmir...
 
Hələ 1990-cı illərdə öz yazılarımda “millət vəkili” adına layiq olmayanları zillət vəkili, yaxud sadəcə mandat sahibləri, mandata yiyələnmiş şəxslər adlandırmışam. Ona görə ki, belə parlament üzvləri seçkiqabağı və artıq parlament tribunasından etdikləri  çıxışlarda xalqa canla-başla xidmətdən, insan haqqlarından, demokratiyadan ağız dolusu danışsalar da, əslində yalnız şəxsi, ailə, tayfa, qrup maraqlarına, korrupsiyaya, rüşvətxorluğa bələnmiş, iş-gücləri yalnız ölkənin, xalqın sərvətlərini talamaq və bunun “qanuni” yollarını axtarmaqdan ibarət olan bəzi klanlara xidmət edirlər. Təbii ki, belələrini nəinki millət vəkili, heç deputat da adlandırmaq doğru deyil. Bunların əsil xidmət ünvanı xalq, millət, dövlət deyil, xalqa, vətəndaşlara zülm verən, onları dərd-bəlaya, əzaba, zillətə sürükləyən dairələrdir. Yəni bu cür mandat sahibləri zülmə, zillətə vəkillik edirlər...
 
Son onilliklərdəki parlamentimizdə millət vəkili adına nisbətən layiq ola bilən barmaqla sayılası deputatlarımız olub ki, zənnimcə, onlardan ikisi öz fəallıqları, təəssübkeşlikləri ilə xalqın, millətin gözündə daha uca yer tutmağa nail olublar: Vahid Əhmədov və Əli Məsimli... Bu nəticəyə şəxsi müşahidələrimlə yanaşı, neçə illər Bakıda və müxtəlif bölgələrdə xalqın sadə nümayəndələri ilə söhbətlər sayəsində gəlmişəm...
 
Hər ikisi iqtisadçı(Vahid Əhmədov həm də mühəndisdir) olan, həm də mümkün qədər müstəqil, demokratik düşüncəli bu insanlar Azərbaycanın dövlət müstəqilliyinin yenicə bərpa olunduğu, dövlətimizin bir körpə təki ilk kövrək addımlarını atdığı aylar və illərdə iqtisadiyyatımızın yeni formatda, bazar iqtisadiyyatı qaydalarına uyğun dirçəlməsində, qanunvericilik bazamızın yaranmasında, dövlətçiliyimizin formalaşmasında böyük rol oynayıb. Həmin dövrdə onlar millət vəkili olmaqla yanaşı, həm də  hökumət vəzifələrində çalışıb, baş nazirin 1-ci müavinləri  olublar. Əli Məsimli isə bir neçə ay baş nazir səlahiyyətlərini də icra edib. Ali Sovet və Milli Məclis üzvləri olduqları son onilliklərdə də Vahid Əhmədov və Əli Məsimli mütəmadi olaraq parlament kürsüsündən xalqın müxtəlif problemlərindən danışıb, onların həll olunması yollarını göstərib, həmçinin deputatı olduqları bölgələrin sakinlərinin müxtəlif müşküllərinin həlli üçün mövcud durumda mümkün olan xeyli işlər görüblər...
 
Kimin xətrinə dəyib-dəyməməsindən, xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq mən bir vətəndaş, bir seçici və bir yazar olaraq  belə düşünürəm. Demirlər ki, ölkədə demokratiyadır, fikir azadlığıdır, mətbuat azadlığıdır, senzura yoxdur... Mən də hər addımımda, hər sözümdə Azərbaycanın Konstitusiyasına, qanunlarına və həmin Konstitusiyaya da, Qurana da əl basaraq hər bir vətəndaşın hüquqlarını qorumağa and içmiş dövlət başçısına, Prezidentə, həmçinin onun çıxışlarında verdiyi tövsiyə və göstərişlərə güvənir, onları rəhbər tuturam. Bu baxımdan hər kəsin mənim fikirlərimi də təkzib etmək hüququ var. Və lazım gələrsə, bu mövzuda istənilən şəxslə polemikaya hazıram...
 
Bu sətirlərin müəllifini sözügedən mövzuya toxunmağa bu günlərdə hörmətli millət vəkili Vahid Əhmədovun 52 saylı Quba seçki dairəsindən namizədliyini geri götürməsi oldu. Bir çoxları kimi  mən də deputatlığa namizədliklərini yenə də irəli sürmüş digərlərindən yaşca cavan olsa da, Vahid müəllimin bu addımını qoca və ahıl həmkarları üçün bir nümunə kimi qəbul etdim və bu haqda sosial şəbəkədə də fikrimi bildirdim... Fəqət digər tərəfdən düşündüm ki, görəsən, o biri yaşlı deputatlar onun bu addımından nümunə götürdümü(təəssüf ki, hələ yox) və budəfəki seçkilərdə adları qutulardan çıxacaq qalib namizədlər arasında Vahid Əhmədov, Əli Məsimli kimi idarəçilyi, iqtisadiyyatı bilən, yeri gələndə seçicilərinin xalqının hüquqlarının, haqqlarının müdafiəsi üçün hökumətə də, istənilən nazirə də mümkün qədər sözünü deyə bilən, müstəqil düşüncəli Milli Məclis üzvü, bir sözlə, zillət vəkili yox,  millət vəkili olacaqmı?..
 
Bu artıq biz seçicilərdən, seçici kimi bizim fəallığımızdan asılıdır... Böyük Britaniyanın keçmiş baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxsiyyətlərdən biri olan Uinston Çörçilin çox ibrətamiz bir kəlamı var: 
“Pis hakimiyyəti  seçkilərə getməyən yaxşı insanlar seçir!..”  Bu məntiqlə pis deputatın mandat əldə edib parlamentdə “millət vəkili” kürsüsünü zəbt etməsinə elə seçkilərə getməyib öz hüquqlarını reallaşdırmayanlar və yaxud seçkilərə getsə də, hansısa rəhbər məmurun qorxusundan istəmədiyi namizədlərə səs verənlər şərait yaradır...
 
Xülasə, dəyərli oxucularımızın çox vaxtını almayım. Gəlin namizədliyini geri götürmüş Vahid Əhmədova da, növbəti seçkilərdə yenidən millət vəkilliyi uğrunda mübarizəsini davam etdirəcək Əli Məsimliyə də ictimai və şəxsi həyatlarında uğurlar arzulayaraq 1 sentyabr seçkilərində fəal iştiraka, parlamentdə millət vəkili kimi görmək istədiyimiz namizədlərə səs verməyə hazırlaşaq... Bu gün səslərimizi haqlarımızı qoruya biləcək layiqli namizədlərə verək ki, sabah da hansısa naqolay vəzifə sahibi müəyyən bir müşkülümüzün həlli zamanı səsimizi boğub haqqımızı-hüququmuzu tapdalamağa cəsarət etməsin...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər