2023-cü il Azərbaycanın qəti qələbəsi ilə bitdi. İlin yekunları haqqında rəsmilər və siyasi şərhçilər kifayət dərəcədə mövqelərini bildiriblər. Siyasi açıqlamalar olmasaydı belə, sıravi vətəndaş Azərbaycanın necə böyük bir qələbəyə nail olduğunu yaxşı bilir və qürur hissi keçirir. Qələbənin sənəd üzərində rəsmiləşməsi, yəni münaqişə tərəflərinin sülh müqaviləsini imzalaması isə, bu il də mümkün olmadı və ən yaxşı halda gələn il baş tutmasına ümid etmək olar. Olarmı?
Sülhə maneə yaradan və bir-birinə əks olan qlobal güclərin sülh ətrafında antoqonist baxışlarının mövcudluğu və Ermənistanın da bu güclərin əlində alət kimi istifadə edildiyi bir reallıqdır və bu səbəbdən gələn il üçün də qəti fikir bildirmək çətindir. Rusiya ilə Ermənistan arasında gərginlik var, amma bu o demək deyil ki, Moskva Azərbaycanla çox səmimidir. Paşinyanın sonuncu müsahibəsində diqqət çəkən bir məqam vardı. Müsahibədə işarə olunur ki, Azərbaycan 19 sentyabrda antiterror əməliyyatına başlayanda, Rusiya Ermənistanın Azərbaycana hücum etməsini istəyib. Bu istəyin arxasında nə dayana bilər? Ssenari təxminən belə ola bilərdi: Ermənistan hücum edir, Gümrüdəki bazadan arsenal ayrılır, sərhəddə iki gün kəskin döyüşlər gedir, Rusiya araya girib atəşkəsə nail olur və Qərbə sübut edir ki, sərhəddəki mülki missiyanız heç nəyə yaramır, hadisələrə real təsir edən Kremldir və tərəflər hələ sülhə hazır deyil. Daha sonra Soçidə görüş və perspektivdə mümkün ola biləcək sülhün yalnız Moskvanın vasitəçiliyi ilə olacağına nail olmaq. Paşinyan buna getmədi və Azərbaycan Prezidenti də bununla əlaqədar“ Ermənistan rəhbərliyi, nəhayət, siyasi səriştəlilik nümayiş etdirdi” fikrini təsadüfən söyləmədi. St. Peterburq görüşündən müəyyən gözləntilər olsa da, görüş daha çox liderlərin ayaqüstü kuluar söhbətlərilə yadda qaldı və ciddi nəticələr olmadı. İlin yekunları ilə bağlı RF XİN rəhbəri Lavrovun da müsahibəsindən məlum olur ki, Rusiya hələlik yumşaq şəkildə Ermənistana bildirir ki, Kremldən çox asılıdır və xarici vektoru dəyişmək ona baha başa gələ bilər. Ümumiyyətlə, 2024-cü ildə Ermənistan Rusiya ilə münasibətlərini Kremlin istədiyi kimi tənzimləməsə, Rusiya artıq sözlə deyil, konkret təzyiq vasitələrindən, -burada Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq da var ,- istifadə etməklə bütövlükdə Cənubi Qafqaz maraqlarını həll etməyə ciddi cəhd edə bilər. Əlbəttə, bu Rusiya üçün heç də asan deyil, necə ki, üç ildən çoxdur ki, Ermənistanda istədiyini reallaşdıra bilmir...
Qeyd edək ki, bu sətirlər yazılarkən RF XİN müavini M. Qaluzin “sülh müqaviləsi nə zaman və harada imzalanacaq” sualına “ bu, Ermənistan və Azərbaycanın öz üstün hüququdur”cavabını verib, amma ardınca “..kənardan heç kim Cənubi Qafqazda davamlı sülh və sabitliyə yol açmayacaq”, - qeyd edib və əlavə edib ki, “möcüzəvi” Qərb yardımına güvənmək illyuziyalı və təhlükəlidir”. Hər şey aydındır. Rusiya vasitəçiliyi olmadan kənar platforma təhlükə yaradacaq və bu təhlükə hər iki tərəf üçün gözləniləndir. Doğrudur, əsas hədəf Rusiya vasitəçiliyindən hələlik qeyri-rəsmi imtina edən, Qərb vektoruna açıq şəkildə meyllənən Ermənistandır. Ermənistan bu addımla Rusiya asılılığından qurtulmaq, Gümrüdəki bazasının fəaliyyətinə son vermək, Qərbin himayəsinə keçmək arzusundadır, amma İrəvanın arzuları ilə imkanları bir-birinin üstünə düşmür. Görünür hadisələrin inkişafını aydın görən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov hər iki ölkənin XİN rəhbərlərinin sərhəddə görüşünü təklif edib...
Qərb isə 19-20 sentyabr antiterror əməliyyatından sonra Azərbaycanı hədəfə alan açıqlamalarla sülh müqaviləsinin imzalanmasının zaman məsafəsini uzatmış oldu, sonrakı cəhdləri isə konkretlikdən uzaqdır və hər iki ölkənin XİN rəhbərlərinin Vaşinqton görüşünün yanvarda baş tutacağı hələ də rəsmiləşməyib və hiss olunur ki, Azərbaycanın Ermənistana göndərdiyi sonuncu sülh paketi təklifinə İrəvanın cavabı da tezliklə gözlənilmir. Görünür razı olmadıqları müddəaların geri çəkilməsi üçün Qərbin Azərbaycana hansısa təzyiq göstərəcəyinə ümid bəsləyir. Qərbin təzyiqi isə özünü daha çox Ermənistanı silahlandırmaqda göstərir. Onlarda və erməni revanşistlərdə belə bir fikir formalaşıb ki, Ermənistan silahlanıb Azərbaycanla paritet gücə malik olarsa sülh müqaviləsində Ermənistanın da maraqları nəzərə alına bilər. Əlbəttə, bu da ermənilərin arzularıdır, amma imkanları yoxdur və bunu özləri də şüuraltı olaraq yaxşı bilirlər.
İranın isə son günlər bu istiqamətdə göstərdiyi diplomatik cəhdləri isə heç bir tərəf qəbul etmir. Hadisələrin bu cür inkişafı, Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkiləri, Rusiya -Ukrayna müharibəsində yarana biləcək yeni situasiyalar sülh müqaviləsinin imzalanmasını gələn ilin ortalarına apara bilər. Bu da nikbin bir istəkdir, reallaşma imkanı ilə üst-üstə düşəcəyi də sual altındadır...
P.S. "Qafqaz əsiri" filmindəki məşhur epizodu yada salmaq yerinə düşər...
İlham İsmayıl