Yazar
İlham İsmayıl
Bütün yazılar
ekskluziv
8912
20 Dec 2023 | 18:08

Paşinyan Putinlə döyüşə gedir?..  

Otuz beş ildən çox davam etmiş Qarabağ münaqişəsi bitib, amma indiki mərhələdə Qarabağın adı çəkilməsə də, Azərbaycan-Ermənistan münaqişəsi ilə davam edir və bu ad, münaqişənin yeni adı deyil, çünki tarixi bir əsrdən çoxdur. 19-20 sentyabr antiterror əməliyyatından sonra hərbi qarşıdurma olmasa da, iki ölkə arasında siyasi, diplomatik gərginlik qalır və tezliklə də son verəcəyi mürəkkəb görünür. Xüsusilə, dünəndən etibarən Paşinyan və komanda üzvlərinin Azərbaycanı sülh müqaviləsini imzalamaqdan imtina etməsi ilə açıq şantaja keçdiyini görürük. Sülh müqaviləsi layihəsi ilə hələ 2021 -ci ilin may ayından Azərbaycanın beş prinsip kimi irəli sürdüyünü qəsdən xatırlatmaq istəməyən ermənilər, hələ də sülhə xidmət etməyən şərtləri, müddəaları layihəyə əlavə edib, məhz sülhdən yayınan tərəf olduqlarını gizlətməklə kimə güvənirlər? Qərbə, yoxsa Rusiyaya? Paşinyan son televiziya çıxışında əsasən Rusiyanı hədəfə aldığı üçün şimal ölkəsinə etimadının qalmadığını göstərdi. Qərb isə bu tezliklə Rusiyanı Ermənistanda əvəz etmək imkanında deyil. Yəni, “sülh müqaviləsi ilin sonunadək imzalanacaq” kimi pozitiv, nikbin görünən bəyanatların deyilən müddətə reallaşmayacağı bilinirdi və iki ölkə arasında hələ də qalan bir sıra problemlər Qarabağ münaqişəsi ilə müqayisədə çox kiçik görünsə də, geosiyasiyasi təsir uğrunda qlobal güclərin mübarizəsi bu problemləri böyütməklə müşayət olunur. Qərb də, Rusiya da sülhün yaranmasında maraqlı görünürlər, amma sülhün kimin çətiri altında baş tutacağı prinsipial məsələ olaraq ciddi maneə kimi qalır. Anklav kəndlər də, nəqliyyat infrastrukturlarının açılışı da, danışıqlar predmeti kimi tez həll oluna bilər, amma dünyada baş verən bütün regional münaqişələrdə iştirakçı və barışmaz qüvvə olaraq  qaldıqları kimi, Cənubi Qafqazda da qarşıdurma sülhə maneə olan əsas amil kimi ortadadır. O zaman bu amilin situativlikdən çıxıb uzunmüddətli prosesə çevrilmək təhlükəsi ola bilərmi? Qarşıda Sankt Peterburq görüşü gözlənilir və Putinin Ermənistan baş naziri ilə ikitərəfli görüşü də istisna deyil. Bu görüş həm Rusiya ilə Ermənistan münasibətlərinin, eyni zamanda Rusiyanın bütövlükdə Cənubi Qafqaz siyasətinin perspektivinə bir baxış ola bilər. Əslində o siyasət məlumdur: Rusiya bölgəni tərk etmək niyyətində deyil. 
 
Paşinyanın 19 dekabrda Ermənistan İctimai telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti V.Putinin “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Paşinyan tanıyıb” iddiasının yalan olduğunu, əksinə Putinin 2020 noyabr və dekabr aylarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dediyini, üstəlik Rusiyanın KTMT üzvü kimi heç bir öhdəliyini yerinə yetirmədiyini vurğulamasını onun görüş öncəsi əvvəlki mövqeyindən geri çəkilmədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Bu çıxışdan sonra Paşinyanın Sankt – Peterburq görüşünə qatılacağı da artıq şübhə yaradır. Amma, Paşinyan nə qədər Qərbə meyilli olsa da, Rusiyadan qopmağın və Qərbin də tezliklə Rusiyanın yerini tutmasının asan olmadığını bilir və əks halda çanağın onun hakimiyyəti üzərində çatlayacağını şüuraltı dərk edir. Xüsusilə, parlamentdə təmsil olunan daşnak İşxan Sağatelyanın “müxalifət yalnız parlament səviyyəsində mübarizə aparmamalıdır, başqa metodlardan da istifadə etməliyik” açıqlaması göstərir ki, Paşinyanı sivil yollarla hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadığı üçün başqa vasitələrə əl atıla bilər və ehtiyatlı olmaq zərurəti yaranır. Eyni zamanda, Qərbin bu günlərdə Ukraynaya münasibəti, təhlükəsizlik zəmanətinin zəiflədiyi, son anda Ukraynanı meydanda təkbaşına buraxmağa yaxın olduğu Paşinyana aydın olan və təsir edən məsələdir. Əlbəttə, Ermənistan baş nazirinin Putinlə görüşdə bir daha sevdiyi siyasi reveranslar, manevrlər nümayiş etdirməsi, vədlər verib geri dönəndə əks mövqelər ortaya qoyması da istisna deyil. Belə olduğu halda, dekabrın 26-da gözlənilən Sankt Peterburq görüşündən sonra Paşinyanın indiyədək nümayiş etdirdiyi aqressivliyi davam etdirəcəyini söyləmək olarmı?  Düzdür, Paşinyan bununla Qərbdən üz döndərəsi deyil və dünən İctimai TV-yə verdiyi müsahibədə yenə Rusiyanı Qarabağda öhdəliyini yerinə yetirməməkdə günahlandırmasını yalnız daxili auditoriyaya deyil, həm də Rusiyaya ünvanlandığını söyləmək olar. 
 
Gələn ilin yanvarında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin hələ tam razılaşdırılmamış, amma böyük ehtimalla baş tutacaq görüşü gözlənilir. Bu görüş sülhü yaxınlaşdıra bilərmi və müqavilənin yekun layihəsi məhz Vaşinqtonda razılaşdırılacaqmı? Belə olarsa, prosesin Brüsselə keçirilməsi gecikməyəcək, amma Kremlin də baş verənlərə seyrçi qalması inandırıcı görünmür. Bu mənada Sankt-Peterburq görüşünün kritik görüş olacağını bir daha qeyd etmək lazımdır, çünki Rusiyanın təzyiq mexanizminin haradan başlanacağını və harada bitəcəyini proqnozlaşdırmaq çətindir. Ən yaxşı halda Rusiyada prezident seçkilərindən sonra, ABŞ seçkilərindən əvvəl imzalanması mümkündür. Ona görə də, vasitəçisiz, bölgənin başqa bir dövlətində - Gürcüstanda sülh müqaviləsinin imzalanmasına qərar veriləcəyi getdikcə aktuallaşa bilər.
  
İlham İsmayıl
 
Link kopyalandı!
Son xəbərlər