“Ermənilər əllərinin Qarabağdan tamamilə üzüldüyünü dərk etdiklərindən indi də “8 anklav kənd uğrunda” öz aləmlərində mübarizəyə başlayıblar...”
Yaxın Şərqdəki hadisələr, daha doğrusu, Baş nazir Netanyahunun vurğuladığı kimi, İsrail-“HAMAS” savaşı bütün dünyanın diqqət mərkəzindədir, hətta erməni mediası da Qarabağdan çox, bu savaş barədə informasiyalar yayır. Amma fürsət tapan kimi yenə düşmən mövqelərindən əl çəkmir, bizi beynəlxalq ictimaiyyətin qınaq hədəfinə çevirməyə cəhdlər edirlər. Əllərinin Qarabağdan tamamilə üzüldüyünü dərk etdiklərindən indi də “8 anklav kənd uğrunda” öz aləmlərində mübarizəyə başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin Şarl Mişellə son telefon danışığında işğalda qalan səkkiz kəndin azad edilməsini Avropa İttifaqının rəsmisinə xatırlatmasını sanki yenilik kimi qəbul edib təəccüblərini ifadə edirlər. O dərəcədə ki, Azərbaycan dövlət başçısının Gürcüstan səfəri haqqında informasiya yayan erməni mediası, son cümlədə oxuculara səkkiz kəndin azad edilməsi barədə Şarl Mişelə deyilənləri xatırlatmağı unutmur. Bir-birilə əlaqəsi olmayan xəbərlərdəki xatırlatma sübut edir ki, ermənilər indi də 123, 9 kv.km ərazisi olan bu kəndlər uğrunda siyasət aparmağa, daha doğrusu, hay-küy salmağa başlayıblar...
Rusiya “sülhməramlı” qüvvələri müşahidə məntəqələrini sürətlə ləğv edir və hiss olunur ki, tezliklə gəldikləri məkana- Ermənistana dönəcəklər. RF müdafiə nazirliyinin nümayəndələri iki gün əvvəl İrəvana gəlib və erməni internet kanallarının verdiyi məlumata görə, geri dönmə prosesi Ermənistan hakimiyyəti ilə müzakirə edilir. Hadisələrin sürətli inkişafı nəticəsində yaranmış vəziyyət Rusiya hərbi kontingentinin Azərbaycandan getməsini sürətləndirir. Paşinyan hakimiyyətinin devrilməsi üçün Qarabağdan köç edənlərin İrəvanda qarışıqlıq yaradıb, iğtişaş törədəciyinə son ümid kimi baxan Kreml, hesablamalarında yanıldığını dəqiqləşdirəndən sonra “sülhməramlı”ların bölgəni tərk etməsinin zəruri həddə çatdığını qəbul edib. Bu həm də o deməkdir ki, 2020-ci ilin dekabrında olduğu kimi, Ermənistana qaçanların kütləvi şəkildə geri qayıtması real deyil. Ümumiyyətlə, üç günə köç edən Qarabağ erməniləri geri qayıtmağa cəhd edəcəklərmi? Azərbaycan dövlətinin Qarabağın erməni əhalisinə verdiyi təhlükəsizlik və hüquq təminatı buna imkan versə də, hesab edirəm ki, azsaylı bir hissənin geri dönməsini proqnozlaşdırmaq olar. Geri dönən ermənilərin az bir hissəsi əmlakları üzərində qərar vermək məqsədilə bir müddət yaşamağı, bir hissəsi də satıb ölkəni tərk etməyi seçəcəklər...
Növbəti mərhələ Ermənistan Respublikası ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi olacaq. Oktyabrın sonuna gözlənilən Brüssel görüşündən əvvəl Bişkekdə oktyabrın 13-də MDB toplantısına Paşinyanın video - konfrans şəklində qatılacağı barədə yayılan xəbərlər onu göstərir ki, Paşinyan müqavilənin Qərbin vasitəçiliyi ilə baş tutmasına çalışır və bununla da, Rusiyanın perspektivdə Ermənistanı tərk etməsinin təməlini qoymuş olduğunu bildirmək niyyətindədir. Bu gündən baxanda gələcək Rusiya -Ermənistan münasibətlərinin gərginliklə davam edəcəyi çox ehtimal olunur və təbii ki, Qərbin burada aparıcı rol oynayacağı şübhəsizdir...
İki ölkə arasında sülh müqaviləsinin imzalanmasından öncə sərhəddə delimitasiya və demarkasiya işlərinin başlanmasına start veriləcək, yoxsa bu işlər müqavilədən sonrakı mərhələyə keçəcək? Nəzərə alsaq ki, səkkiz kəndin azad edilməsi də delimitasiya işlərinin tərkib hissəsidir, o zaman Paşinyan hakimiyyətinin ölkə daxilində baş verən siyasi prosesləri nəzərə alıb qərar verəcəyi ehtimal olunur...
Zəngəzur dəhliz-yolun açılması isə hiss olunur ki, ən son verilən qərarlardan olacaq. İran ərazisindən keçməklə Naxçıvanla magistral və dəmir yolu vasitəsilə əlaqənin yaradılması barədə Azərbaycanla İran arasında bu günlərdə imzalanan niyyət protokolu da göstərir ki, Zəngəzur məsələsi tezliklə gündəmə gəlməyə bilər. Amma, nəzərə alsaq ki, Rusiya üçün bu yol həm hərəkət, həm də yola nəzarətlə bölgədə təsirini saxlamaq baxımından əhəmiyyətlidir.., proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir...
Əsas odur ki, Rusiya “sülhməramlı”ları, deyilən kimi, noyabrın 1-dək Qarabağı tamamilə tərk etdiyi halda Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir günün, Xankəndində Azərbaycan bayrağının qaldırılmasının, Azərbaycanın Böyük Qələbə günü kimi təntənəli şəkildə qeyd edilməsinin şahidi olacağıq...
İlham İsmayıl