Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2681
31 Oct 2026 | 11:11

Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından "Böyük İsrail" iddialarınadək...-Bu gün də sülhə çalışmalıyıq!..

I HİSSƏ- Məhəmməd Peyğəmbər (ə.s.) ömrü boyu yəhudilərlə mehriban yaşamağa çalışıb, onlarla ittifaqlar qurub, amma...
 
"Bu Quran ayəsinin mesajı son dərəcə aydındır: insanın dini mənsubiyyəti ona qarşı ədalətsiz davranmaq üçün əsas ola bilməz..."
 
“Bütün yəhudilər Məhəmməd Peyğəmbərə(ə.s.) və müsəlmanlarla həmin qarşıdurmalarda iştirak etməyib; əksinə, yəhudi mənşəli Abdullah ibn Salam İslamı qəbul edərək Peyğəmbərin (s.ə.s.) səhabələrindən biri olmuşdu...”
 
"Bir düşünün: müsəlmanların Peyğəmbərinin şəxsi əşyası yəhudinin yanında girovda olub..."
 
*** **** ***
 
"DÜŞÜNCƏ BOXÇASI..."
 
Mədinədə qurulan dostluq körpüsü və tarixdən gələn acı dərslər...
 
Dünyanın ən böyük faciələrindən biri dinlərin, məzhəblərin və xalqların bir-birinə qarşı qoyulmasıdır. Halbuki dinlərin yaranmasında əsas məqsədlərdən biri insanı mənəvi kamilliyə, ədalətə, mərhəmətə və sülhə çağırmaq deyilmi?
 
Bu gün Yaxın Şərqdə baş verən qanlı hadisələrə, İsrail-Fələstin münaqişəsinə, Qəzzada öldürülən günahsız insanlara, dağıdılan məscidlərə, kilsələrə və sinaqoqlara baxanda istər-istəməz tarixin əvvəllərinə – İslam dininin yarandığı dövrə qayıtmalı oluruq.
 
Görəsən, Məhəmməd Peyğəmbər (s.ə.s.) yəhudilərlə necə davranırdı? Onlara düşmən kimi baxırdı, yoxsa fərqli dinə mənsub insanlar kimi hüquq və öhdəliklərini tanımağa çalışırdı? Müsəlmanlarla yəhudilər arasında bağlanmış müqavilələr, ticarət əlaqələri və gündəlik münasibətlər nədən ibarət idi?
 
Əlbəttə, tarixi hadisələri bugünkü siyasi maraqlara uyğunlaşdırmaq olmaz. Peyğəmbərin (s.ə.s.) həyatında həm əməkdaşlıq, həm də ciddi qarşıdurmalar olub. Ancaq həmin tarixin ən mühüm dərslərindən biri budur: dini fərqlilik avtomatik düşmənçilik demək deyil.
 
Burada bir məsələni də xüsusi vurğulamaq gərəkdir. Müsəlmanlarla bir çox hadisə və problemlər kimi Peyğəmbərimizin(ə.s.) yəhudilərə münasibəti və onlarla əlaqələrinə teoloji, yəni imanlı müsəlmanların baxışlarını ehtiva edən sırf islami yanaşma, eləcə də qəlblərində müsəlmanlığa qarşı yersiz kin-küdurət olan digər səmavi din mənsublarının yanaşması, ikincisi isə dünyəvi baxışı, başqa sözlə Məhəmməd Peyğəmbərə(ə.s.) adi bir insan, tarixi şəxsiyyət kimi yanaşmanın nəticəsindən doğan, yalnız tarixi sənəd və faktlara əsaslanan baxışları ayırd etmək lazımdır…  
 
Mədinə: müxtəlif dinlərin və qəbilələrin yaşadığı şəhər...
 
Məhəmməd Peyğəmbər (s.ə.s.) 622-ci ildə Məkkədən Mədinəyə hicrət edəndə şəhərdə yalnız müsəlmanlar yaşamırdı. Ənsar və mühacirlərlə yanaşı, müxtəlif ərəb qəbilələri, yəhudi icmaları və başqa dini mənsubiyyətli insanlar da vardı.
 
Mədinənin yəhudi əhalisi arasında Bəni-Qaynuqa, Bəni-Nəzir və Bəni-Qüreyzə kimi tanınmış tayfalar mövcud idi. Onların iqtisadi, ictimai və siyasi həyatda müəyyən mövqeləri vardı.
 
Peyğəmbərin (s.ə.s.) qarşısında duran əsas vəzifələrdən biri müxtəlif qəbilə və dini icmaların yaşadığı şəhərdə ictimai sabitliyi təmin etmək idi.
 
Bu məqsədlə tarixdə “Mədinə sənədi” və ya “Mədinə konstitusiyası” adı ilə tanınan siyasi-hüquqi sənəd meydana gəldi.
 
Sənəd müsəlman icmasının daxili münasibətlərini, qarşılıqlı müdafiə, məsuliyyət və ictimai təhlükəsizlik prinsiplərini, eləcə də yəhudi qrupları ilə əlaqələrin müəyyən tərəflərini tənzimləyirdi.
 
Ancaq bir vacib məqamı nəzərə almaq lazımdır: müasir tarixçilər Mədinə sənədinin iştirakçıları və onun tərkib hissələrinin yaranma ardıcıllığı barədə eyni fikirdə deyillər.
 
Qüds İvrit Universitetinin professoru Maykl Lekkerin araşdırmasına görə, Mədinənin əsas yəhudi tayfaları – Bəni-Nəzir, Bəni-Qüreyzə və Bəni-Qaynuqa sənədin birbaşa iştirakçıları kimi göstərilmir. Bununla belə, onların Peyğəmbərlə ayrıca təhlükəsizlik və bitərəflik razılaşmaları bağlamış olmaları barədə məlumatlar mövcuddur.
 
Deməli, Mədinədə yəhudilərlə müsəlmanlar arasında müqavilə münasibətlərinin mövcudluğu tarixi əsaslara malikdir, lakin bütün yəhudi tayfalarının vahid müqavilənin iştirakçısı olduğunu söyləmək düzgün deyil...
 
Peyğəmbərimiz(ə.s.) yəhudiləri düşmən hesab etmirdi: gündəlik münasibətləri...
 
Məhəmməd Peyğəmbərin (s.ə.s.) yəhudilərlə münasibətlərinin ən maraqlı tərəflərindən biri onların yalnız siyasi və dini müstəvidə deyil, gündəlik həyat və iqtisadi fəaliyyət çərçivəsində də qarşılıqlı əlaqədə olmalarıdır.
 
Səhih əl-Buxarinin 2916-cı hədisində Aişədən (r.a.) rəvayət edilir ki, Peyğəmbər (s.ə.s.) vəfat edərkən onun zirehi bir yəhudidə 30 sa arpa müqabilində girovda idi. Bu, çox mühüm tarixi nümunədir. Çünki Peyğəmbərin yəhudi ilə iqtisadi münasibət qurması, ondan ərzaq müqabilində girov götürməsi fərqli dinə mənsub insanlarla adi ticarət və maliyyə əlaqələrinin mövcudluğunu göstərir...
 
Başqa bir rəvayətdə Peyğəmbərin (s.ə.s.) qarşısından bir yəhudinin dəfn mərasimi keçərkən ayağa qalxdığı bildirilir. Səhabələr onun yəhudi olduğunu xatırladanda Peyğəmbər insan həyatına hörmət prinsipini vurğulayır...
 
Bu rəvayət Səhih əl-Buxarinin 1311-ci hədisində yer alır.
 
Hədisin təfsiri və ayağa qalxmasının səbəbi barədə müxtəlif şərhlər mövcuddur. Bununla belə, hadisə İslam ənənəsində insan həyatına hörmət nümunələrindən biri kimi qəbul edilir...
 
Burada bir məqam xüsusilə diqqətəlayiqdir: insanın dini mənsubiyyəti onun insanlıq ləyaqətini aradan qaldırmır...
 
Qurani-Kərim yəhudilər haqqında nə deyir?..
 
İslamın yəhudilərə münasibətini yalnız ayrı-ayrı tarixi qarşıdurmalarla izah etmək olmaz. Quranın müxtəlif ayələrində yəhudilər, xristianlar və başqa dini icmalarla münasibətlərə dair həm müsbət, həm də tənqidi hökmlər mövcuddur.
 
Məsələn, “Mümtəhənə” surəsinin 8-ci ayəsində Allah müsəlmanlarla din uğrunda vuruşmayan və onları yurdlarından çıxarmayan insanlara yaxşılıq və ədalətlə davranmağı qadağan etmir.
 
“Maidə” surəsinin 8-ci ayəsində isə insanlara qarşı düşmənçiliyin belə, ədalətsizliyə səbəb olmaması tələb olunur.
 
Eyni surənin 44-cü ayəsində isə Tövratın Allah tərəfindən nazil edilmiş kitab olduğu bildirilir...
 
Bu ayələrdən çıxan əsas nəticə budur ki, İslamda ədalət prinsipi dini mənsubiyyətdən üstün tutulmalıdır...
 
Eyni zamanda Quranın bəzi yəhudi qruplarının konkret davranışlarını tənqid edən ayələri də var. Onları gizlətmək və ya mövcud deyilmiş kimi davranmaq düzgün olmaz. Lakin müəyyən tarixi qruplara aid tənqidi bütün yəhudi xalqına şamil etmək də Quranın ümumi ədalət prinsipinə uyğun deyil...
 
Bəs münasibətlər niyə pozuldu və qarşıdurmalar baş verdi?..
 
Tarixi obyektiv təqdim etmək üçün Mədinədə baş vermiş qarşıdurmalardan da danışmaq lazımdır. Bəni-Qaynuqa, Bəni-Nəzir və Bəni-Qüreyzə ilə bağlı hadisələr İslam tarixinin mübahisəli və mürəkkəb səhifələridir.
 
Ənənəvi İslam tarixçiliyində bu qarşıdurmalar müqavilə öhdəliklərinin pozulması, siyasi təhlükəsizlik, müharibə şəraiti və qəbilələrarası münasibətlərlə əlaqələndirilir.
 
Bəni-Qaynuqa ilə münasibətlər gərginləşdikdən sonra tayfanın Mədinədən çıxarılması, Bəni-Nəzirin şəhərdən köçürülməsi, Bəni-Qüreyzə hadisəsi isə xeyli ağır nəticələrlə yadda qalıb.
 
Xüsusilə Bəni-Qüreyzə hadisəsinin təfərrüatları, edam olunanların sayı və bəzi rəvayətlərin tarixi etibarlılığı müasir tədqiqatlarda müzakirə olunur. İbn İshaq, İbn Hişam və digər erkən tarixçilərin məlumatlarını bir-birindən fərqləndirmək lazımdır.
 
Ona görə də bu hadisələri nə gizlətmək, nə də bütün yəhudilərə qarşı ümumi münasibət kimi təqdim etmək olar…
 
Tarixi obyektiv təqdim etmək üçün Mədinədə baş vermiş qarşıdurmalardan da danışmaq lazımdır. Çünki Peyğəmbərimizin (s.ə.s.) yəhudilərlə münasibətləri yalnız mehribanlıq, əməkdaşlıq və müqavilələrdən ibarət olmayıb. İslam tarixinin klassik mənbələrində bəzi yəhudi tayfalarının, eləcə də bəzi ərəb qəbilələrinin sonradan Peyğəmbərlə bağladıqları razılaşmalara zidd davranmaları, onun siyasi və hərbi rəqibləri ilə əməkdaşlıq etmələri barədə məlumatlar yer alır (İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə; İbn İshaq, Sirət Rəsulillah; Quran, “Əhzab”, 33:12–20).
 
Mənbələrdə ilk ciddi qarşıdurmalardan biri Bəni-Qaynuqa tayfası ilə əlaqələndirilir. İbn Hişamın məlumatına görə, Bədr döyüşündən sonra müsəlmanlarla bu tayfa arasında münasibətlər kəskinləşmiş, müqavilə öhdəliklərinin pozulması ilə bağlı ittihamlardan sonra Bəni-Qaynuqa Mədinədən çıxarılmışdı (İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə, Bəni-Qaynuqa hadisələri).
 
Daha sonra Bəni-Nəzir tayfası ilə qarşıdurma baş vermişdi. Ənənəvi İslam mənbələrində bu tayfanın Peyğəmbərə (s.ə.s.) qarşı sui-qəsd hazırladığı, Məkkə müşrikləri ilə əlaqələr qurduğu və bunun nəticəsində Mədinədən köçürüldüyü bildirilir (İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə, Bəni-Nəzir hadisələri; Quran, “Həşr”, 59:1–5).
 
Ən ağır qarşıdurma isə 627-ci ildə baş vermiş Xəndək döyüşü zamanı Bəni-Qüreyzə tayfası ilə yaşanmışdı. İslam tarixinin klassik rəvayətlərinə görə, Mədinə mühasirəsi zamanı bu tayfa müsəlmanlarla əvvəlki razılaşmasını pozaraq Qüreyş və onun müttəfiqləri ilə əməkdaşlığa başlamış, bununla da şəhərin müdafiəsini ciddi təhlükə qarşısında qoymuşdu (İbn İshaq, Sirət Rəsulillah, A. Guillaume tərcüməsi, s. 461–466; İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə; Quran, “Əhzab”, 33:26–27).
 
Mühasirədən sonra Bəni-Qüreyzənin taleyi Səd ibn Müazın hakimliyinə həvalə edilmiş, onun hökmü ilə tayfanın döyüşçü kişiləri edam olunmuş, qadın və uşaqları əsir götürülmüşdü. Bu hadisə İslam tarixinin ən ağır və mübahisəli səhifələrindən biridir (Səhih əl-Buxari, 3043, 4121; İbn İshaq, Sirət Rəsulillah). Hadisə zamanı öldürülənlərin sayı və rəvayətlərin tarixi təfərrüatları barədə müasir tədqiqatçılar arasında müzakirələr mövcuddur; buna görə də klassik mənbələrdəki bütün rəqəm və təsvirləri mübahisəsiz tarixi fakt kimi təqdim etmək doğru olmaz (W. N. Arafat, “New Light on the Story of Banū Qurayẓa”, Journal of the Royal Asiatic Society, 1976; Michael Lecker, Mədinənin yəhudi tayfaları barədə araşdırmaları).
 
Burada bir mühüm məqamı da unutmayaq: Peyğəmbərimizin(ə.s.)qarşıdurmalar yalnız yəhudi tayfaları ilə məhdudlaşmırdı. Bəzi ərəb qəbilələri və Mədinədəki münafiq qruplar da Peyğəmbərin (s.ə.s.) rəhbərlik etdiyi icmaya qarşı çıxır, Xəndək döyüşü zamanı şəhərin müdafiəsini zəiflədən mövqe tuturdular (Quran, Əhzab, 33:12–20; İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə).
 
Bütün bunlarla yanaşı, tarixi hadisələri ümumiləşdirərək “yəhudilər Peyğəmbərə(ə.s.) xəyanət etdilər” demək də düzgün deyil. Söhbət konkret dövrdə Mədinədə yaşayan bəzi yəhudi tayfalarının siyasi və hərbi davranışlarından gedir. Bütün yəhudilər Məhəmməd Peyğəmbərə(ə.s.) və müsəlmanlarla həmin qarşıdurmalarda iştirak etməyib; əksinə, yəhudi mənşəli Abdullah ibn Salam İslamı qəbul edərək Peyğəmbərin (s.ə.s.) səhabələrindən biri olmuşdu (İbn Səd, ət-Təbəqat əl-Kübra; İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə).
 
Deməli, tarixi həqiqət nə bütün yəhudiləri xəyanətdə ittiham etmək, nə də İslam mənbələrində təsvir olunan qarşıdurmaları gizlətməkdir. Əsas məsələ konkret şəxslərin və siyasi qrupların əməllərini bütöv bir xalqa və dinə şamil etməməkdir. Məhz bu fərqləndirmə həm İslamın ədalət prinsipinə, həm də tarixə obyektiv yanaşmaya uyğundur.
 
Beləliklə, Peyğəmbərimizin (s.ə.s.) yəhudilərlə münasibətlərinin tarixi bir həqiqəti var: əməkdaşlıq da olub, müqavilələr də bağlanıb, ticarət də aparılıb, siyasi və hərbi qarşıdurmalar da yaşanıb…
 
Əsrlər boyu müsəlmanlar və yəhudilər yanaşı yaşayıblar…
 
Mədinə dövrü ilə bitməyən bu münasibətlər sonrakı əsrlərdə də davam edib.
 
Bağdad, Qahirə, Dəməşq, Kordova, Qranada, İstanbul, Mərakeş və başqa şəhərlərdə yəhudi icmaları fəaliyyət göstəriblər.
 
Yəhudi alimləri müsəlman dövlətlərində həkim, diplomat, filosof, tərcüməçi və dövlət qulluqçusu kimi çalışıblar.
 
XII əsrin böyük yəhudi filosofu və həkimi Musa ibn Meymun – Maymonid ərəb dilində əsərlər yazıb. Onun fəlsəfi dünyagörüşünün formalaşmasında ərəb-islam elmi mühitinin təsiri olub.
 
1492-ci ildə İspaniyadan qovulan yəhudilərin bir hissəsi Osmanlı imperiyasına sığınıb. Sultan II Bəyazidin hakimiyyəti dövründə Osmanlı torpaqlarına gələn yəhudilər müxtəlif şəhərlərdə məskunlaşıb, ticarət və sənətkarlıqla məşğul olublar.
 
Amma bu tarixi də romantikləşdirmək lazım deyil. Müsəlman dövlətlərində yəhudilər bəzən hüquqi məhdudiyyətlərə, əlavə vergilərə və ayrı-seçkiliyə məruz qalıblar. Müxtəlif dövrlərdə zorakılıq və təqib halları da baş verib.
 
Tarixçi Mark Koenin “Under Crescent and Cross: The Jews in the Middle Ages"(“Aypara və xaçın kölgəsində: Orta əsrlərdə yəhudilər”) əsəri müsəlman və xristian dünyasında yəhudilərin vəziyyətini müqayisəli şəkildə araşdırır. Müəllif nə İslam dünyasını ideal cəmiyyət kimi təqdim edir, nə də bütün müsəlman-yəhudi tarixini düşmənçiliklə izah edir.
 
Azərbaycanın tarixi təcrübəsi…
 
Bu mövzu Azərbaycan üçün də yad deyil. Qubadakı Qırmızı Qəsəbə, Bakıdakı yəhudi icmaları, sinaqoqlar, məscidlər və kilsələr ölkəmizdə müxtəlif dini icmaların yanaşı yaşamasının tarixi nümunələridir.
 
Azərbaycan tarixində yəhudilər ticarət, elm, mədəniyyət və ictimai həyatın müxtəlif sahələrində iştirak ediblər. Bu təcrübə bizə bir mühüm həqiqəti xatırladır:
 
Bir ölkənin gücü onun daxilindəki dini və etnik müxtəlifliyi düşmənçiliyə çevirməməsindədir...
 
Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə yaratmağa çalışdığı ictimai nizamın da bu baxımdan öyrəniləcək tərəfləri var: fərqli dini icmaların hüquqlarını və öhdəliklərini müəyyənləşdirmək, qarşılıqlı təhlükəsizliyi qorumaq və ictimai sülhü təmin etmək.
 
Ancaq tarixdə sonradan baş verən siyasi proseslər göstərdi ki, birgəyaşayışın qorunması yalnız müqavilə bağlamaqla bitmir. Ədalət, qarşılıqlı hörmət və hüquqlara əməl etmək də lazımdır.
 
Eyni zamanda sadalanan tarixi faktlardan çıxan nəticə sadədir: müsəlman və yəhudi xalqları arasında düşmənçilik qaçılmaz tale deyil.
 
Onlar birlikdə yaşayıb, ticarət edib, elm yaradıb, bir-birinin dillərindən və mədəniyyətlərindən bəhrələniblər.
 
Elə isə bu gün onları yenidən din və millət düşmənçiliyinə sürükləmək kimin maraqlarına xidmət edir? Bəs əsrlərlə yanaşı yaşamış müsəlmanlar və yəhudilər necə oldu ki, müasir dövrdə Yaxın Şərqin ən qanlı qarşıdurmalarından birinin tərəflərinə çevrildilər?..
 
Bu sualların cavabını anlamaq üçün XIX əsrin sonlarına, siyasi sionizmin yaranmasına, Britaniya imperiyasının Fələstin siyasətinə və 1948-ci ildə İsrail dövlətinin qurulmasına nəzər salmaq lazımdır…
 
(Davamı II hissədə...)
 
Sultan Laçın
 
I hissənin əsas mənbələri:
 
1. Michael Lecker, The Constitution of Medina: Muhammad's First Legal Document, Gerlach Press, 2024. Cambridge University Press.
2. Səhih əl-Buxari, hədis 2916 – Peyğəmbərin zirehinin yəhudidə girov qalması.
3. Səhih əl-Buxari, hədis 1311 – yəhudi dəfn mərasimi qarşısında ayağa qalxması.
4. Quran, “Mümtəhənə”, 60:8; “Maidə”, 5:8 və 5:44.
5. Mark R. Cohen, Under Crescent and Cross: The Jews in the Middle Ages, Princeton University Press.
6. İbn Hişam, əs-Sirət ən-Nəbəviyyə.
7. İbn İshaq, Sirət Rəsulillah.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər