Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2081
28 Oct 2026 | 11:11

“Bu gün kütlələri aldadaraq, zorlayaraq yönləndirmə prinsipləri quldarlıq dövründəkindən çox da fərqlənmir...”- II

"İnsanları arqumentlə inandırmaq başqa şeydir, onların həqiqəti qiymətləndirmək imkanlarını zəiflədərək istənilən nəticəyə yönəltmək isə tamam başqa şey!.."
 
"Ən təhlükəli məqamlardan biri də budur: qorxu içində olan insan bəzən azadlığının məhdudlaşdırılmasına özü razılıq verir..."
 
“Bəs aldadılmaq,  manipulyasiya olunmaq təhlükəsində olan vətəndaş necə davranmalıdır?.. İlk növbədə özünə belə suallar verməlidir: irəli sürülən təhlükə hansı faktlarla təsdiqlənir? Məlumatın müstəqil mənbələrdə də təsdiqi varmı?..”
 
“Qorxunun hökm sürdüyü yerdə sual vermək çətinləşir. Halbuki məhz qorxu anında sual vermək daha vacib olur!..”
 
-DÜŞÜNCƏ BOXÇASI...-
(I hissə burada:)
 
Birinci hissədə avtoritar, totalitar, diktator idarəçiliyinə əsaslanan, teokratik, kleptokratik və monarxik sistemlərdə insanların aldadılması, qorxudulması, şərlənməsi və manipulyasiya edilərək yönləndirilməsi üsullarından bəhs etdik. Göstərməyə çalışdıq ki, əsrlər, minilliklər keçsə də, insanları öz iradəsinə tabe etmək istəyənlərin məqsədləri çox vaxt dəyişmir. Dəyişən, əsasən, bu məqsədlərə çatmaq üçün istifadə edilən vasitələrdir...
 
Bəs demokratik idarəçilik ənənələrinin və institutlarının üstünlük təşkil etdiyi ölkələrdə vəziyyət necədir? Doğrudanmı azad seçkilərin keçirildiyi, müstəqil medianın fəaliyyət göstərdiyi, məhkəmələrin və parlamentlərin mövcud olduğu cəmiyyətlərdə insanları aldatmaq, onların düşüncələrini istiqamətləndirmək, ictimai rəyi öz maraqlarına uyğun formalaşdırmaq mümkün deyil?..
 
Əlbəttə ki, mümkündür!..
 
Üstəlik, müasir texnologiyaların, nəhəng maliyyə resurslarının, sosial şəbəkələrin, reklam sənayesinin və məlumatların təhlili imkanlarının genişləndiyi bir dövrdə bu proseslər daha mürəkkəb, daha incə və bəzən daha çətin sezilən formalar ala bilir. Fərq ondadır ki, avtoritar sistemlərdə insanı susdurmaq üçün onun ağzını bağlamağa, qapısını döyməyə, işindən qovmağa, həbs etməyə və ya fiziki zorakılıqla hədələməyə ehtiyac duyula bilər. Demokratik institutların işlədiyi cəmiyyətlərdə isə ictimai rəyə təsir göstərmək istəyənlər bəzən insanın ağzını bağlamaq əvəzinə, onun ətrafında elə bir informasiya mühiti yaradırlar ki, həmin insan özü istədiklərindən başqa heç nəyi eşitmək, oxumaq və müzakirə etmək istəmir...
 
Birinci halda insana danışmağa imkan vermirlər. İkinci halda isə insanı elə istiqamətləndirirlər ki, o, özündən fərqli düşünənlərin danışmaq hüququnu məhdudlaşdırmağa belə hazır olur.
 
Məgər bu, azadlığın itirilməsinin daha mürəkkəb forması deyilmi?..
 
DEMOKRATİYA VƏ MANİPULYASİYA: SEÇİM AZADLIĞI HƏMİŞƏ ŞÜURLU SEÇİM DEMƏKDİRMİ?..
 
Demokratiyanın əsas prinsiplərindən biri vətəndaşların hakimiyyəti formalaşdırmaq, siyasi qərarlara təsir göstərmək və hakimiyyəti dinc yolla dəyişmək hüququna malik olmasıdır. Lakin seçkinin keçirilməsi ilə seçicinin bütün zəruri məlumatlara malik olması, həmin məlumatları sərbəst qiymətləndirməsi və qərarını təzyiqsiz verməsi eyni şey deyil.
 
Seçici seçki məntəqəsinə özü gedə, bülletenini özü doldura və heç kim tərəfindən fiziki zorakılığa məruz qalmadan səs verə bilər. Amma onun qərarına təsir edən məlumatlar əvvəlcədən sistemli şəkildə təhrif edilibsə, rəqiblər haqqında yalanlar yayılıbsa, bir namizədin imkanları və uğurları şişirdilib, digərinin mövqeyi isə bilərəkdən təhrif olunubsa, onda qarşımıza başqa bir sual çıxır: insan hüquqi baxımdan sərbəst seçim etdiyi halda, informasiya baxımından nə dərəcədə sərbəstdir?..
 
Deməli, seçki azadlığı yalnız bülletenin gizliliyi və səsvermə məntəqəsinə sərbəst daxil olmaqla ölçülə bilməz. Vətəndaşın müxtəlif mənbələrdən məlumat almaq, namizədlərin vədlərini müqayisə etmək, hakimiyyətin fəaliyyətini tənqid etmək, alternativ fikirləri dinləmək və siyasi təzyiq olmadan qərar vermək imkanları da mühüm əhəmiyyət daşıyır.
 
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: siyasi təsir göstərmək cəhdi ilə manipulyasiya eyni şey deyil. Siyasətçilərin öz proqramlarını təbliğ etməsi, tərəfdar toplaması, seçiciləri inandırmağa çalışması demokratik rəqabətin təbii hissəsidir. Problem o zaman yaranır ki, inandırma prosesi faktların təhrifinə, saxta məlumatlara, gizli maliyyələşdirməyə, sübutsuz ittihamlara, seçicilərin qorxularından sui-istifadəyə və rəqiblərin hüquqlarının məhdudlaşdırılmasına söykənir…
 
Başqa sözlə, insanları arqumentlə inandırmaq başqa şeydir, onların həqiqəti qiymətləndirmək imkanlarını zəiflədərək istənilən nəticəyə yönəltmək isə tamam başqa şey!..
 
1. PULUN SİYASİ GÜCƏ ÇEVRİLMƏSİ: BİR İNSANIN SƏSİ İLƏ MİLYONLARIN MƏLİYYƏ RESURSU ARASINDAKI FƏRQ…
 
Demokratik cəmiyyətlərdə manipulyasiyanın mühüm istiqamətlərindən biri sərvətin siyasi təsir imkanlarına çevrilməsidir. Formal baxımdan hər seçicinin bir səsi var. Milyonçu da, milyarder də, minimum əməkhaqqı ilə yaşayan insan da seçkiyə qatıldıqda eyni sayda səs verir. Lakin seçkiyə qədərki mərhələdə onların siyasi prosesə təsir imkanları heç də həmişə bərabər olmur.
 
Bir vətəndaşın fikrini bir neçə dostuna çatdırmaq imkanı varsa, böyük maliyyə resurslarına malik şəxs milyonlarla insana hesablanmış reklam kampaniyalarını maliyyələşdirə, siyasi təşkilatlara vəsait ayıra, peşəkar kommunikasiya qruplarını işə götürə, ictimai müzakirələrin gündəliyinə təsir göstərə bilər. Beləliklə, hüquqi baxımdan bərabər seçki hüququ ilə faktiki təsir imkanları arasında ciddi fərq yarana bilər.
 
ABŞ-da Trampın qalib gəldiyi 2024-cü il prezident seçkiləri bu məsələnin konkret nümunələrindən biri oldu…
 
Donald Trampın prezidentliyə namizədliyini dəstəkləyən milyarder İlon Mask seçki kampaniyası dövründə böyük maliyyə resurslarını siyasi fəaliyyətə yönəltdi. Federal Seçki Komissiyasına təqdim edilmiş hesabatlar əsasında “Reuters” 2024-cü ilin dekabrında Maskın Trampın seçilməsinə yardım məqsədilə yaratdığı “America PAC” təşkilatına təxminən 239 milyon dollar, “RBG PAC”-a isə təxminən 20 milyon dollar ayırdığını bildirdi. Sonrakı maliyyə hesabatlarının təhlili onun 2024-cü il seçki dövründə Trampı və digər respublikaçı namizədləri dəstəkləmək üçün xərclədiyi vəsaitin ümumi məbləğinin ən azı 288 milyon dollara çatdığını göstərdi. 
 
Bu rəqəmlər özlüyündə mühüm sual doğurur: demokratik sistemdə seçicilərin siyasi seçimlərinə təsir göstərmək üçün bir nəfərin yüz milyonlarla dollar xərcləməsi nə deməkdir?..
 
Əlbəttə, bu məbləğləri Trampın qələbəsinin yeganə səbəbi kimi təqdim etmək düzgün olmazdı. Seçkinin nəticəsinə iqtisadi vəziyyət, inflyasiya ilə bağlı narazılıqlar, miqrasiya, namizədlərin proqramları, seçicilərin sosial və mədəni baxışları, kampaniyaların təşkilatlanması və bir çox başqa amillər təsir göstərib. Mövcud məlumatlar Maskın xərclədiyi hər dolların neçə əlavə səs qazandırdığını müəyyən etməyə imkan vermir… Lakin bir faktı da görməzlikdən gəlmək olmaz: belə maliyyə imkanları müəyyən siyasi mövqelərin daha geniş auditoriyaya çatdırılmasına, seçicilərin diqqətinin konkret məsələlərə yönəldilməsinə və kampaniyanın təşkilati imkanlarının genişləndirilməsinə şərait yaradır…
 
ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, 2023-cü ilin əvvəlindən 2024-cü ilin sonunadək prezidentliyə namizədlər təxminən 2 milyard dollar vəsait toplayıb, 1,8 milyard dollar xərcləyiblər. Həmin seçki dövründə siyasi fəaliyyət komitələrinin (PAC-ların) ümumi daxilolmaları təxminən 15,7 milyard, xərcləri isə 15,5 milyard dollar olub. Bunlar yalnız prezidentlik yarışına aid rəqəmlər deyil, federal seçkilərin daha geniş maliyyə mənzərəsini əks etdirir. 
 
Bəs bu qədər böyük maliyyə resursları hansı yollarla siyasi təsirə çevrilir?..
 
Birincisi, reklam vasitəsilə. Hansı mövzuların gündəmə gətirilməsi, hansı problemlərin qabardılması, hansı vədlərin təkrarlanması və hansı təhlükələrin ön plana çəkilməsi seçicilərin qərarlarına təsir edə bilər.
 
İkincisi, siyasi təşkilatlanma vasitəsilə. Seçicilərlə əlaqə, qapı-qapı kampaniyaları, telefon zəngləri, rəqəmsal reklamlar və tərəfdarların səfərbər edilməsi maliyyə tələb edir.
 
Üçüncüsü, ictimai müzakirələrin gündəliyinə təsir göstərməklə. Bəzi məsələlər davamlı müzakirə olunur, digərləri isə kifayət qədər əhəmiyyətli olmasına baxmayaraq, arxa plana keçir…
 
Dördüncüsü, siyasi qərarların gələcəkdə kimlərin maraqlarına uyğun formalaşa biləcəyi ilə bağlı suallar yaratmaqla. Böyük ianəçilərlə hakimiyyət nümayəndələri arasında əlaqələrin şəffaflığı, maraqlar toqquşması və qərarların hansı təsirlərlə qəbul olunması demokratik hesabatlılığın mühüm məsələləridir…
 
2024-cü il seçki dövründə yalnız Mask deyil, hər iki böyük siyasi düşərgəni dəstəkləyən iri maliyyə qrupları, korporativ maraq mərkəzləri və böyük sərvət sahibləri də siyasi fəaliyyətə ciddi vəsait yönəltdilər. “Brennan Center for Justice” təşkilatının hesablamasına görə, həmin federal seçki dövründə donorlarının kimliyi açıqlanmayan siyasi təşkilatların xərcləri 1,9 milyard dolları ötüb. Bu göstərici seçki maliyyələşdirilməsinin şəffaflığı ilə bağlı narahatlıqları gücləndirib… 
 
Deməli, problem yalnız bir milyarderin hansı namizədi dəstəkləməsində deyil. Əsas məsələ böyük sərvət sahiblərinin siyasi prosesə təsir imkanlarının genişliyi, bu təsirin nə dərəcədə şəffaf olması və seçilmiş nümayəndələrin qarşısında kimlərə hesabat verməli olduqlarıdır.
 
Məgər demokratiyanın mahiyyəti bütün vətəndaşların bərabər hüquqlara malik olması deyilmi? Əgər bir vətəndaşın səsi ilə yanaşı, başqa bir vətəndaşın sərvəti ona milyonlarla insanın gördüyü siyasi mesajların məzmununa və sayına təsir etmək imkanı verirsə, bu bərabərliyin real həyatda necə qorunduğu ayrıca müzakirə olunmalı deyilmi?..
 
2. SOSİAL ŞƏBƏKƏLƏR: HƏQİQƏTİN YAYILDIĞI MƏKAN, YOXSA DİQQƏT UĞRUNDA MÜBARİZƏ MEYDANI?..
 
Əvvəllər siyasi təbliğatın geniş kütlələrə çatdırılması üçün qəzetlərə, radioya və televiziyaya ehtiyac vardı. İndi isə bir paylaşım, qısa video, montaj edilmiş görüntü və ya emosional başlıq bir neçə saat ərzində milyonlarla insana çata bilər. Bu, bəşəriyyət üçün böyük imkan olmaqla yanaşı, ciddi risklər də yaradır…
 
Sosial şəbəkələrdə insanlara göstərilən məzmun yalnız onların həqiqətən bilməli olduqları məlumatlara əsaslanmır. Platformaların tövsiyə sistemləri istifadəçinin maraqlarına, əvvəlki davranışlarına və məzmunla qarşılıqlı əlaqəsinə əsasən onun qarşısına müxtəlif paylaşımlar çıxara bilər. Bu sistemlərin konkret işləmə prinsipləri platformadan-platformaya dəyişsə də, diqqəti cəlb edən məzmunun yayılması siyasi və ictimai müzakirələrə təsir göstərə bilər…
 
Sakit, ölçülü-biçili, faktlara əsaslanan izah bəzən az maraq doğurur. Qəzəb, qorxu, nifrət və təəccüb yaradan paylaşım isə daha çox reaksiya toplaya bilər. Nəticədə insan ən doğru məlumatı deyil, ən çox qarşısına çıxan məlumatı həqiqətin özü hesab etməyə başlaya bilər…
 
Təsəvvür edin: bir vətəndaş gün ərzində eyni siyasi qüvvənin uğurlarını tərifləyən, rəqiblərini təhqir edən, ölkənin bütün problemlərini xarici düşmənlərlə əlaqələndirən onlarla paylaşım görür. Bu paylaşımların bir hissəsi saxta hesablar, digər hissəsi koordinasiyalı səhifələr, başqa bir hissəsi isə səmimi şəkildə həmin fikirlərə inanan istifadəçilər tərəfindən yayılır. Vətəndaş bütün bu məlumatları müstəqil mənbələrdən gələn ayrı-ayrı sübutlar kimi qəbul edə bilər. Halbuki eyni iddia müxtəlif hesablarda təkrarlanırsa, bu, həmin iddianın müstəqil şəkildə təsdiqləndiyi demək deyil.
 
Təkrar həqiqətin sübutu deyil!..
 
ABŞ-da 2024-cü il prezident seçkiləri ərəfəsində “Pew Research Center” tərəfindən keçirilən sorğuda yetkin amerikalıların 73 faizi seçki ilə bağlı qeyri-dəqiq xəbərlərlə azı müəyyən tezlikdə qarşılaşdığını bildirib. Respondentlərin 52 faizi seçki xəbərlərini izləyərkən nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirməyin ümumən çətin olduğunu deyib. Bu göstəricilər konkret bir namizədin yalan yaydığını və ya seçkinin nəticəsinin manipulyasiya ilə müəyyənləşdiyini sübut etmir. Lakin informasiya mühitində həqiqəti müəyyənləşdirməyin çətinliyini göstərir… 
 
Sosial şəbəkələrdəki başqa bir təhlükə də insanın yalnız öz baxışlarına uyğun məlumatlarla qarşılaşmasıdır…
 
İnsan müəyyən siyasi mövqeyi müdafiə edir. Platformada həmin mövqeyə uyğun məzmunlarla daha çox maraqlanır. Sistem də onun maraqlarına uyğun paylaşımları qarşısına çıxara bilər. Zaman keçdikcə fərqli mövqeləri eşitmək azalır, qarşı tərəf haqqında təsəvvürlər isə birtərəfli məlumatlar əsasında formalaşa bilər.Belə şəraitdə siyasi rəqib artıq sadəcə başqa cür düşünən vətəndaş deyil, sanki ölkənin gələcəyi üçün təhlükəyə çevrilir… İnsan öz fikrini müdafiə etməkdən qarşı tərəfin mövcudluğunu belə, qəbul etməməyə keçəndə, demokratik müzakirə tədricən düşmənçilik müstəvisinə sürüşür…
 
Bəs burada günahkar yalnız sosial şəbəkələrdirmi? Xeyr. İstifadəçilərin seçimləri, siyasi təşkilatların davranışları, media qurumlarının peşəkarlığı, platformaların kommersiya maraqları və dövlətlərin informasiya siyasəti də bu mənzərənin ayrı-ayrı hissələridir.
 
Texnologiya insanın daxilindəki qəzəbi yaratmaya bilər, amma həmin qəzəbi müəyyən istiqamətə yönəltmək, gücləndirmək və davamlı şəkildə qidalandırmaq üçün vasitəyə çevrilə bilər...
 
3. QORXU, DÜŞMƏN OBRAZI VƏ KÜTLƏNİN EMOSİONAL İDARƏ OLUNMASI…
 
İnsan təhlükə hiss etdikdə diqqətini təhlükənin mənbəyinə yönəldir. Bu, təbii və müəyyən şəraitlərdə həyatı qoruyan reaksiyadır. Lakin həmin xüsusiyyətdən siyasi məqsədlərlə istifadə ediləndə ciddi problemlər yarana bilər. Siyasi qüvvə cəmiyyətə davamlı şəkildə belə mesajlar verə bilər: ölkə təhlükədədir, düşmən hər yerdədir, iqtisadi çətinliklərin səbəbi yalnız müəyyən qruplardır, rəqiblər hakimiyyətə gəlsə, fəlakət baş verəcək, bizi yalnız mövcud rəhbərlik qoruya bilər…
 
Bu iddiaların hər biri ayrıca yoxlanılmalıdır. Çünki real təhlükələr də mövcuddur: müharibə, terror, iqtisadi böhran, xarici müdaxilə və ictimai təhlükəsizlik problemləri uydurma deyil. Manipulyasiya isə mövcud təhlükələri şişirtməkdən, sübutsuz təhlükələr yaratmaqdan və mürəkkəb problemləri süni şəkildə sadələşdirməkdən başlayır…
 
Məsələn, ölkədə iqtisadi çətinlik yaranırsa, onun səbəbləri arasında dövlət siyasəti, beynəlxalq bazarlardakı dəyişikliklər, istehsalın zəifliyi və başqa amillər ola bilər. Lakin insanlara davamlı şəkildə bütün problemlərin yalnız bir etnik qrupdan, mühacirlərdən, müxalifətdən və ya xarici qüvvələrdən qaynaqlandığı təlqin edilirsə, mürəkkəb həqiqət asanlıqla müəyyən bir düşmən obrazı ilə əvəz olunur… Beləliklə, məsuliyyət daşıyanların fəaliyyəti araşdırılmaq əvəzinə, cəmiyyətin qəzəbi başqa istiqamətə yönəldilə bilər…
 
Ən təhlükəli məqamlardan biri də budur: qorxu içində olan insan bəzən azadlığının məhdudlaşdırılmasına özü razılıq verir. O, təhlükəsizliyinin təmin ediləcəyi vədi qarşılığında nəzarətin genişləndirilməsini, fərqli fikirlərin məhdudlaşdırılmasını və fövqəladə səlahiyyətlərin artırılmasını qəbul edə bilər…
 
Əlbəttə, təhlükəsizlik tədbirlərinin hamısı azadlığa müdaxilə demək deyil. Məsələ həmin tədbirlərin zəruri, qanuni, mütənasib, müvəqqəti və müstəqil nəzarətə açıq olub-olmamasıdır. Təhlükəsizlik adı ilə verilən hər qərarın avtomatik olaraq haqlı sayılması isə təhlükəsizliklə hakimiyyət maraqlarının bir-birinə qarışmasına gətirib çıxara bilər…
 
Bəs aldadılmaq,  manipulyasiya olunmaq təhlükəsində olan vətəndaş necə davranmalıdır?.. 
 
İlk növbədə özünə belə suallar verməlidir: irəli sürülən təhlükə hansı faktlarla təsdiqlənir? Məlumatın müstəqil mənbələrdə də təsdiqi varmı? Təklif edilən tədbir həqiqətən təhlükəni aradan qaldırırmı? Həmin tədbirə nəzarət edən kimdir? Tədbir uğursuz olarsa, məsuliyyəti kim daşıyacaq?..
 
Çünki qorxunun hökm sürdüyü yerdə sual vermək çətinləşir. Halbuki məhz qorxu anında sual vermək daha vacib olur!..
 
4. YALAN, YARIMHƏQİQƏT VƏ MƏLUMATIN SEÇİLƏRƏK TƏQDİM EDİLMƏSİ…
 
Manipulyasiyanın uğurlu olması üçün həmişə açıq yalan danışmaq lazım gəlmir. Bəzən həqiqi bir hadisənin yalnız müəyyən hissəsi göstərilir, digər hissəsi isə gizlədilir. Bəzən statistik rəqəm təqdim olunur, lakin onun hansı dövrü əhatə etdiyi deyilmir. Bəzən iqtisadi göstəricidəki artım uğur kimi göstərilir, amma həmin artımın vətəndaşların real həyatına necə təsir etdiyi açıqlanmır. Bəzən siyasi rəqibin bir cümləsi kontekstdən çıxarılır, onun mövqeyi isə həmin cümlənin ətrafında qurulmuş təhrif əsasında qiymətləndirilir. Belə hallarda ayrı-ayrı faktlar doğru ola bilər, amma onlardan yaradılan ümumi təsəvvür yanlış olur…
 
Məsələn, bir ölkədə ümumi iqtisadi göstəricilər yaxşılaşa bilər. Lakin həmin artımın faydası əhalinin müxtəlif təbəqələri arasında qeyri-bərabər bölüşdürülürsə, yalnız ümumi rəqəmləri təqdim etməklə insanların həyat səviyyəsinin hamı üçün yüksəldiyini iddia etmək olmaz. Eyni qaydada, bir hökumətin müəyyən sahədə uğur qazanması onun bütün fəaliyyətinin uğurlu olduğunu sübut etmir. Müxalifətin bir səhv etməsi isə bütün tənqidlərin əsassız olması demək deyil…
 
Həqiqəti bütöv şəkildə görmək üçün həm uğurları, həm uğursuzluqları, həm səbəbləri, həm də nəticələri araşdırmaq lazımdır…
 
Lakin manipulyasiya edənlər çox vaxt insanları bütöv mənzərədən uzaqlaşdırırlar. Onlar vətəndaşın öz mövqeyini yenidən nəzərdən keçirməsinə imkan verən məlumatları ya gizlədir, ya da əhəmiyyətsiz göstərirlər. Burada başqa bir psixoloji amil də rol oynayır: insan bir fikrə emosional bağlandıqdan sonra həmin fikrə zidd məlumatları qəbul etməkdə çətinlik çəkə bilər. O, öz mövqeyini təsdiqləyən sübutları daha asan qəbul edir, ziddiyyət yaradan faktlara isə şübhə ilə yanaşır. Bu, yalnız müəyyən siyasi düşərgəyə aid xüsusiyyət deyil. Müxtəlif siyasi, dini və ideoloji mövqeləri müdafiə edən insanlarda belə meyillərə rast gəlinə bilər. Ona görə də insanın özündən soruşması vacibdir: mən bu məlumata ona görə inanıram ki, o, etibarlı sübutlarla təsdiqlənir, yoxsa ona görə ki, artıq inanmaq istədiyim fikrə uyğundur?..
 
5. CƏMİYYƏTİN QÜTBƏLƏŞDİRİLMƏSİ: İNSANLAR NİYƏ BİRBİRİNƏ DÜŞMƏN KƏSİLİRLƏR?..
 
Cəmiyyətin siyasi və ideoloji baxımdan müxtəlif olması normaldır. Demokratik sistemin mahiyyəti də insanların fərqli fikirlərinin sərbəst ifadə olunması və mübahisələrin hüquqi çərçivədə həll edilməsidir. Lakin siyasi rəqabət düşmənçilik səviyyəsinə çatdıqda, insanlar qarşı tərəfin fikirlərini tənqid etməklə kifayətlənməyib, onun insan kimi hüquqlarını da şübhə altına almağa başlayırlar. Belə mühitdə insan öz siyasi düşərgəsinin səhvlərini görmək istəmir, qarşı tərəfin ən kiçik səhvini isə onun bütün mahiyyətini müəyyənləşdirən sübut kimi qəbul edir. Bir qrupun üzvləri öz liderlərinin yalan danışdığını etiraf etməyi xəyanət, rəqibin doğru sözünü qəbul etməyi isə məğlubiyyət hesab edə bilərlər. Beləliklə, siyasi mövqe faktların qiymətləndirilməsi üsulundan kimlik məsələsinə çevrilir...
 
İnsan artıq “bu iddia doğrudurmu?” sualını deyil, “mənim tərəfim bunu deyirmi?” sualını əsas götürməyə başlayır...
 
Bu zaman manipulyasiya edənlər üçün əlverişli şərait yaranır. Çünki qütbləşmiş cəmiyyətdə hər düşərgə öz tərəfdarlarını səfərbər etmək üçün qarşı tərəfin təhlükəli olduğu fikrindən istifadə edə bilər. Bunun nəticəsində işsizlik, yoxsulluq, korrupsiya, təhsil, səhiyyə və digər ümumi problemlər ətrafında əməkdaşlıq etmək çətinləşir. İnsanlar onları birləşdirə biləcək məsələləri müzakirə etmək əvəzinə, bir-birinin niyyətlərini sorğulamağa başlayırlar...
 
Əlbəttə, bütün siyasi münaqişələri süni şəkildə yaradılmış hesab etmək olmaz. Bəzən cəmiyyətdə həqiqətən dərin maraq və dəyər ziddiyyətləri mövcud olur. Ancaq həmin ziddiyyətlərin həllinə çalışmaq əvəzinə, onları daim qızışdırmaq siyasi məqsədlərə xidmət edə bilər…
 
Demokratik mədəniyyətin əsas sınaqlarından biri də budur: insan özünün razılaşmadığı vətəndaşın da hüquqlarını müdafiə edə bilirmi? Öz tərəfinin səhvini etiraf etməyə, qarşı tərəfin əsaslı arqumentini qəbul etməyə və ortaq problemlərin həlli üçün əməkdaşlıq etməyə hazırdırmı?..
 
Çünki hüquqlar yalnız bizimlə eyni fikirdə olanlar üçün mövcud deyilsə, deməli, biz hüququ deyil, öz düşərgəmizin üstünlüyünü müdafiə edirik.
 
6. MADDİ ASILILIQ, KORPORATİV MARAQLAR VƏ SUSMAĞA MƏCBUR EDİLƏN İNSANLAR…
 
İnsanların davranışına təsir göstərməyin başqa bir yolu onların maddi asılılığından istifadə etməkdir. Avtoritar sistemlərdə dövlət işindən, sosial yardımdan, vəzifədən və digər imkanlardan siyasi sədaqət qarşılığında istifadə edilməsi halları müşahidə oluna bilər. Demokratik sistemlərdə də əmək münasibətləri, iqtisadi asılılıq, korporativ təzyiqlər və maraqlar toqquşması vətəndaşların davranışına təsir göstərə bilər.
 
İşini itirməkdən qorxan işçi haqsızlığa etiraz etməyə bilər. Müqaviləsinin uzadılmasından asılı vəziyyətdə olan əməkdaş rəhbərliyin qanunsuz göstərişlərinə qarşı çıxmaqda tərəddüd edə bilər. İqtisadi cəhətdən zəif olan insan siyasi qərarların nəticələrini tənqid etməkdən çəkinə bilər.
 
Bu halların hamısı mütləq siyasi manipulyasiya demək deyil. Lakin maddi asılılıq insanın sərbəst qərar vermək imkanlarını zəiflətdikdə, onun hüquqi azadlığı ilə faktiki davranışı arasında ziddiyyət yaranır. Eyni problem korporativ maraqlar müstəvisində də ortaya çıxır. Böyük şirkətlər qanunvericiliyə, vergi siyasətinə, əmək münasibətlərinə, ətraf mühitin qorunmasına və dövlət satınalmalarına təsir göstərmək üçün lobbiçilik fəaliyyəti həyata keçirə bilərlər. Lobbiçilik özlüyündə qeyri-qanuni deyil: müxtəlif sosial qrupların və təşkilatların qərarvericilərə mövqelərini çatdırması demokratik prosesin bir hissəsi ola bilər. Problem lobbiçiliyin şəffaf olmayan formada həyata keçirilməsi, müəyyən maraq qruplarının qərarvericilərə qeyri-mütənasib çıxış imkanları əldə etməsi və ictimai mənafenin dar qrup maraqlarına qurban verilməsi riskidir.
 
Beləliklə, vətəndaş seçki günü bərabər hüquqa malik olsa da, seçkidən sonra onun maraqlarının nə dərəcədə nəzərə alınması müxtəlif amillərdən asılı ola bilər…
 
Bəs bunun qarşısını almaq mümkündürmü? Tamamilə aradan qaldırmaq çətin olsa da, maraqların açıqlanması, siyasi maliyyənin şəffaflığı, lobbiçilik qaydaları, müstəqil məhkəmə nəzarəti, rəqabət hüququ, həmkarlar ittifaqları və vətəndaş cəmiyyətinin fəaliyyəti bu riskləri azaltmağa kömək edə bilər. Əsas məsələ iqtisadi gücün avtomatik şəkildə siyasi toxunulmazlığa çevrilməsinə imkan verməməkdir...
 
7. İNSANLAR NİYƏ AÇIQ-AŞKAR HAQSIZLIĞI GÖRDÜKLƏRİ HALDA SUSUR, BƏZƏN İSƏ ELƏ NAHAQQI MÜDAFİƏ EDİRLƏR?..
 
(Bu haqda yazımızın III hissəsində)
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər