Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1855
01 Aug 2026 | 12:12

"Yalan danışmamağa borclu olduğum ana dilim... — Doğransam da dilim-dilim..."

“Bu müqəddəs dildə yalan danışıb onun saflığını bulandırmaq, doğma kəlmələri saxtakarlığa alət etmək Yaradan qarşısındakı ən böyük günahımızdır...”
 
“Anladım ki, ana dildə
Bir yalan da deməz dilim —
Doğransam da dilim-dilim...”
 
"Sənlə yalan danışsam, dilim-dilim olasan, dilim!.."
 
“Bu gün paytaxtda və digər iri şəhərlərimizin küçələrində Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa tamamilə zidd olaraq, bir sıra dükan, restoran, kafe və digər iaşə obyektlərinin adları nəinki ingilis, həmçinin rus dilində yazılır...”
 
-FİKİR SAVAŞI...-
 
...Düz 25 ildir ki, 1 avqust tarixini Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edirik. Bu əlamətdar gün Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilİB... 
 
Artıq dörddə bir əsrdir ki, hər il dilimizin müqəddəsliyindən, onun zərərli xarici və daxili təsirlərdən qorunmasının vacibliyindən söz açırıq. Təmtəraqlı tədbirlər, elmi konfranslar və müxtəlif  gecələr keçiririk. Ancaq nə yazıqlar ki, çoxumuz Ana dilimizin – Azərbaycan türkcəsinin qarşısındakı ən fundamental borcumuzu unuduruq. Hər bir Allah bəndəsinin,  insanın və vətəndaşın öncə onu Yaradanın, sonra eyni dildə danışdığı ata-anasının, ailəsinin, daha sonra isə mənsub olduğu xalqının, dövlətinin və riayət etməli olduğu Konstitusiyanın, daxili və beynəlxalq qanunların qarşısında müqəddəs bir öhdəliyi var: Allahın ona həm bir orqan, bir nitq vasitəsi kimi bəxş etdiyi dil vasitəsi ilə xalqı üçün formalaşdırdığı sözlər, ifadələr və cümlələr toplumunda — Ana Dilində yalnız gerçəkləri söyləmək, başqa sözlə, yalan danışmamaqdır! Fəqət, gəlin etiraf edək; hələ keçmişi bir kənara qoyuruq, elə bu son 25 ildə Allahın bizə verdiyi dillə yeri gələndə öz ata-anamıza, doğmalarımıza, dostlarımıza, iş yoldaşlarımıza, rəhbərliyimizə və ya tabeliyimizdə olanlara nə qədər yalanlar söyləmişik? Müəllimə, şagirdə, xəstəyə, polisə, hakimə, məhkəməyə, eləcə də küçədə qarşılaşdığımız adi vətəndaşlara qarşı nə qədər gerçəkləri ört-basdır etmişik... Nəyin və nələrin naminə? Bir qarın çörəyin, üç-beş qəpik pulun, 200 qram ərzağın, bir evin, bir avtomobilin, yaxud vəzifə kürsüsünün, lap elə milyonların, nəhəng obyektlərin, mehmanxanaların, zavodların və şirkətlərin xatirinə... Bu minvalla bu Vətən, bu Xalq, bu Dövlət və bu Dil qarşısında nə qədər günahlar, bəzən də hər kəlməsi ağır cinayətlərə tən gələn suçlar işləmişik...
 
Məhz belə məqamlar üçün atalarımız gözəl buyurub: Dilləri şirin, işləri bəla...
 
...Hər dəfə ana dilindən bəhs edəndə, öncə rəhmətlik Xəlil Rza Ulutürkün “Ana dilim” şeirindəki bu sarsıdıcı misralarını xatırlayıram:
 
"... İllər ötdü, yaşa doldum. Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim- 
Doğransam da dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
Babaların nəfəsidir...
 
Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
Udmasın yurd havasını.
Kim qorumur öz dilini,
Itsin mənim gözlərimdən ilim-ilim..."
 
Mərhum şair gərək bu gözəl şeirinə Ana dilində yalan danışmamağa borclu olduğumuzu əks etdirən bu cür fikir ifadə edən misralar da əlavə edəydi:
 
“Anladım ki, ana dildə
Bir yalan da deməz dilim —
Doğransam da dilim-dilim...”
 
Bəli, hər bir insan, bəndə və vətəndaş, hansı şəraitə düşməsindən, iqtisadi-sosial çətinlik, hansı əzab-əziyyət, işgəncələrə və s. düçar olmasına rəğmən bacardığı son həddə qədər Allahın ona danışıq orqanı kimi verdiyi dillə — dünyaya göz açdığı ata-anasının dilində yalan danışmamağa, yalnız və yalnız gerçəkləri deməyə çalışmalıdır:
 
Sənlə yalan danışsam, dilim-dilim olasan, dilim!..
 
Ana dilimizdən – Azərbaycan türkcəsindən danışanda bir məqamı da xatırlatmaq qəlbimdən keçir. Və həmin məqamda rəhmətlik Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən bu misralar yadıma düşür:
 
"Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun -
Ancaq Vətən çörəyi, 
Bir də ana ürəyi
Sizlərə qənim olsun!.."
 
Nə yazıqlar ki, bu gün ölkəmizdə belələri də az deyil. Bu manqurtlar hələ də bizə istər bu gün, istərsə də tarixən düşmən kəsilən Rusiya imperiyasının dilində danışmağı və Azərbaycan türkcəsində danışanlara “çuşka” ayaması verməyi özləri üçün böyük bir fəxarət sanırlar... 
 
Ustad şair "Hara gedir sabahımız?" adlı şeirində Azərbaycan türkcəsi haqda digər bir ağrılı məqama da toxunur:
 
“Bir vaxt rusca idi, bütün reklamlar,
Indi ingiliscə dürtülür gözə.
Itin də dilinə hörmətimiz var-
Bircə öz dilimiz yaramır bizə!..”
 
Doğrudan da, bu gün paytaxtda və digər iri şəhərlərimizin küçələrində Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununa tamamilə zidd olaraq, bir sıra dükan, restoran, kafe və digər iaşə obyektlərinin adları nəinki ingilis, həmçinin rus dilində yazılır. Bakının mərkəzindəki yalnız İstiqlal(!)(keçmiş Kommunist) və Məhəmməd Əmin Rəsulzadə(!) küçələrini gəzsək, bu qanun pozuntularının bariz və ağrılı nümunələrinin şahidi olarıq...
 
Deməli, milli mənliyimizin pasportu olan ana dilimizi qorumaq yalnız lövhələrdəki hərfləri düzgün düzmək deyil, həm də bu dildə yalan danışmamaq, mənəvi təmizliyimizi qorumaqdır. Fəqət bu gün öz doğma dilində danışmağı özünə yaraşdırmayan, əcnəbi kəlmələrlə cəmiyyətə yuxarıdan aşağı baxanların mənəvi korluğu ürək ağrıdır. Ən acınacaqlısı isə odur ki, dilləri ağıllarından gödək olan bu təbəqə öz övladlarına və qazanc mənbəyi olan obyektlərinə yad, parıltılı əcnəbi adlar qoymaqla özünü elitar sanır, bununla lovğalanır. Bu manqurtlar anlamırlar ki, özgənin lələkli libası ilə bəzənmək insanı kübar etmədiyi kimi, yad dillərin kölgəsində daldalanmaq da heç bir millətə ucalıq gətirmir... 
 
Bu gedişlə biz gələcək nəsillərə təkcə yad adların işğal etdiyi küçələr deyil, həm də ruhu yadlaşmış, kökündən qopmuş bir cəmiyyət miras qoymaq təhlükəsi ilə üz-üzəyik. Odur ki, bu müqəddəs dildə yalan danışıb onun saflığını bulandırmaq, doğma kəlmələri saxtakarlığa alət etmək Yaradan qarşısındakı ən böyük günahımızdır. Biz bu ana dilini həm yad təsirlərdən göz bəbəyi kimi qorumalı, həm də onunla yalnız və yalnız həqiqətləri pıçıldamağı, haqqa xidmət etməyi müqəddəs bir vətəndaşlıq borcu bilməliyik...
 
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər