“Biz Allahı, dini unutmuşuq deyə, dinsizlikdən boğuluruq, dinsizlikdən dilsizliyə düçar olmuşuq, haqsızlığa düçar olmuşuq, dil açıb haqsızlığa uğradığımızı, boğulduğumuzu da söyləyə bilmirik... Biz dinsizlikdən, dilsizlikdən boğuluruq...”
“İnsanı ən çox boğan amil elə insansızlıqdır... Anadolu türkləri pilotsuz uçan aparatları, təyyarələri çox düzgün ifadə ilə adlandırırlar: “insansız araçlar, insansız arabalar...” İndi düşünün insansız evlər, insansız ailələr, insansız məhlələr, insansız küçələr...”
“...Suda boğulan insanın ən böyük faciəsi səsini çıxara bilməməsidir; ağzını açanda səs əvəzinə içinə su dolur. Əlacsızlıqdan boğulan insan da eyni vəziyyətdədir...”
“Burda bir sual da doğur: biz şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına o torpaqları azad etdik... Bəs o torpaqlarda məskunlaşacaq, orada daimi yaşayacaq insanlara azadlıq verdikmi?.. Yoxsa?..”
“Bəzən dəm qazı kimi içimizə sızan gizli yalanlardan, saxta təbəssümlərdən boğuluruq, bəzən də su kimi üstümüzə yeriyən açıq-aşkar ədalətsizliklərin dalğasında batırıq...”
*** *** ***
Son günlər ölkə boyu, eləcə də işğaldan 3-4 ildir azad edilmiş torpaqlarımızda müxtəlif su hövzələrində boğulmaların sayının artması qeyri-iradi belə bir sual meydana çıxarır: bizn - insanlar niyə boğuluruq? Bizləri insan olaraq boğan yalnız sudurmu? Bəlkə elə susuzluq da boğur bizləri? –Sız,-siz, -suz,- süz sözdüzəldici şəkilçiləri ilə bütün məhfumlarda bir boğmaq xisləti var bəlkə?..
Bu şəkilçilər yoxluğu bildirir. Deməli, insanı varlıq yox, yoxluq məhv edir... Bu şəkilçilər sanki mənəviyyatın boynuna keçirilən kəndirdir. Ümidsizlik, güvənsizlik, etibarsızlıq, sevgisizlik... Dilimizdəki bu kiçik qrammatik şəkilçilər cəmiyyətin ən böyük mənəvi diaqnozuna çevrilir...
Havasızlıqdan boğulmuruqmu? Qidasızlıqdan boğulmuruqmu? Allahın verdiyi bir udumluq nəfəsi dayandıra biləcək sonsuz amillər var bu dünyada... Biz insanlar bəzən hansısa nəsnənin bolluğundan, bəzən də qıtlığından boğuluruq... Ən bariz nümunə sudur? Onun bolluğu da boğa bilər bizləri, qıtlığı da... Havanın qıtlığı da boğa bilər bizi, qəfil çoxluğu da... Necə ki, körpənin ağzının yaxınlığından partlayan doldurulmuş şar onun nəfəsini dayandıra bilər...
İllərdir ki, payızda-qışda dəm qazından, yazda-yayda sudan boğuluruq? Niyə? Niyə? Niyə?..
Payızda-qışda qızınmaq istəyirik – dəm qazından boğuluruq, yayda sərinləmək istəyirik – sudan boğuluruq. Bizə həyat verməli, bizi rahatlatmalı olan nəsnələr niyə qəbrimizə çevrilir? Çünki biz fəsillərin gətirdiyi nemətlərlə rəftar etməyi bacarmırıq. Hər fəsildə bizi boğacaq bir səbəb tapırıqsa, deməli, problem fəsillərdə deyil, bizim ehtiyatsızlığımızda və vaxtsız gələn qəflətimizdədir....
Dəm qazı hiyləgərdir, rəngsizdir, qoxusuzdur. Hiss etdirmədən, yuxuya verərək alır nəfəsimizi. Su isə aşkardır, göz qabağındadır, dalğası ilə hayqırır. Biz mənəviyyatda da belə boğulmuruqmu? Bəzən dəm qazı kimi içimizə sızan gizli yalanlardan, saxta təbəssümlərdən boğuluruq, bəzən də su kimi üstümüzə yeriyən açıq-aşkar ədalətsizliklərin dalğasında batırıq...
Təqvim dəyişir, fəsillər dövr edir, amma bizim boğulma hekayəmiz dəyişmir. Payızda-qışda evimizə sığınırıq – dəm qazından boğuluruq, yayda dənizə, çaya qaçırıq – sudan boğuluruq. Niyə? Niyə? Niyə?.. Bizə qızınmaq üçün verilən hava da, sərinləmək üçün verilən su da niyə bizim qətilimizə çevrilir? Bəlkə ona görə ki, dəm qazı kimi rəngsiz və qoxusuz olan mənəvi korluğumuz bizi yuxuya verir, yayda isə gözümüzün görə-görə rəftarını bilmədiyimiz suların dərinliyində qəflət qumbarası kimi partlayırıq? Həyatı bizə bəxş edən Allah sanki bizim özümüzə və qaydalara qarşı olan laqeydliyimizin bədəlini bizə nəfəsimizi kəsərək ödədir...
Lakin maddi əşyaların çoxluğu və ya qıtlığı bütün canlıları boğa bilir. Ancaq elə nəsnələr var ki, onların qıtlığı, yoxluğu yalnız insanları boğur... Bir heyvan kimi yox, insan kimi boğur... Həyatını itirməsən də, mənəviyyatını, insani varlığını itirirsən?..
İnsanı ən çox boğan amil elə insansızlıqdır... Anadolu türkləri pilotsuz uçan aparatları, təyyarələri çox düzgün ifadə ilə adlandırırlar: “insansız araçlar, insansız arabalar...” İndi düşünün insansız evlər, insansız ailələr, insansız məhlələr, insansız küçələr, insansız kəndlər, insansız şəhərlər, insansız ölkələr, insansız dövlətlər, insansız qitələr, insansız dünya... Bu yerdə rəhmətlik Bəxtiyar Vahabzadənin məşhur beyti yada düşür:
“Qorxuram ki, bir gün gələ-
İnsanlar yaşaya – insanlıq ölə...”
O gün elə insanlar insansızlıqdan boğulacaq. İmansızlıqdan, insafsızlıqdan, vicdansızlıqdan, namussuzluqdan, qeyrətsizlikdən boğulacaq. Elə boğulur da... Bu gün insanlar yalnız nəfəs çatışmazlığından yox, həm də insan, insaf, ədalət, hüquq çatışmazlığından boğulur... Çağdaş dünyada belə sindromlar sonsuzdur... İnsan çatışmazlığı sindromu, ədalət çatışmazlığı sindromu, həya çatışmazlığı sindromu, qeyrət çatışmazlığı sindromu...
Çağdaş dövrümüzdə insanlar fiziki olaraq bir yerdə olsalar da, mənən uzaqdırlar... İndi bizi kütlələrin içindəki tənhalıq boğur. Metroda, avtobusda, kafedə hamı yan-yanadır, amma hər kəs öz telefonunun ekranına batıb. Biz virtual dünyanın saxta "bəyənmə" (“like”) bolluğunda, real ünsiyyətin, səmimiyyətin qıtlığından boğuluruq...
Bizi yalnız insansız küçələr deyil, insanla dolu olan, amma səmimiyyətdən boşalan virtual platformalar da boğur. Ekranların parıltısı gözümüzü kor etdikcə, ruhumuz rəqəmsal tənhalıqda boğulur...
Deyəsən, insanlar daha çox əlacsızlıqdan boğulur. İnsanlığını sübut edə bilməmək, sirdaş, yoldaş, qardaş, bacı, insan tapa bilməmək əlacsızlığından...
...Suda boğulan insanın ən böyük faciəsi səsini çıxara bilməməsidir; ağzını açanda səs əvəzinə içinə su dolur. Əlacsızlıqdan boğulan insan da eyni vəziyyətdədir... Suda boğulan insan qışqıra bilmir, çünki hər cəhddə ağzına ölüm dolur. Əlacsızlıqdan boğulan insan da belədir. O, cəmiyyətin, ədalətsizliyin qarşısında haqlı olduğunu qışqırmaq istəyir, amma hər cəhddə boğazına düyünlənən qəhər, çarəsizlik onu daha da dibə çəkir. Bu, mənəviyyatın səssiz qışqırığıdır...
Ən acısı da öz insanlığını, doğruluğunu sübut etməyə çalışmaq əlacsızlığıdır. Sən aydın bir ayna olmaq istəyirsən, amma qarşındakılar sənə baxanda yalnız öz palçıqlarını görürlər. Sən təmizliyini sübut etməyə çalışdıqca, onların kor bəsirəti sənin nəfəsini kəsir...
Biz niyə düşmən işğalından azad edilmiş torpaqların sularında da boğuluruq?.. O torpaqlar ki, illərlə susuz, insansız qalmışdı və şəhid qanı ilə azad olundu, indi oradakı sular da bizə həyat verməli ikən, can alır. 30-33 il, bir qərinə doğma nəfəsə həsrət qalan, şəhid qanı ilə suvarılan o müqəddəs torpaqların suyunda bu gün canlarımızın itməsi fələyin növbəti acı istehzası deyilmi? İllərlə həsrətdən boğulduğumuz o yerlərdə indi suların bizi boğması necə də ağırdır?..
Burda bir sual da doğur: biz şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına o torpaqları azad etdik... Bəs o torpaqlarda məskunlaşacaq, orada daimi yaşayacaq insanlara azadlıq verdikmi? Düzdü, o yurdlara yollar çəkdik, su, işıq, qaz, telefon, internet çəkdik... Neçə yerlərdə evlər bərpa etdik, yeni evlər tikdik, yeni kəndlər, qəsəbələr, hətta şəhərlər salmağa başladıq. Fəqət bunları edərkən o torpaqların dədə-babası min illərlə o yurdlarda yaşamış, o torpaqlar uğrunda vuruşmuş, şəhid olmuş keçmiş sahiblərinin ruhunun azadlığına diqqət etdikmi? O insanların yurd yerlərini, evlərinin, ocaqlarının qalıqlarını, divarlarını buldozerə verdirərkən onlardan soruşduqmu, hansısa yol çəkilişində, aeroport tikilişi zamanı qəbiristanlıqları dağıtmağa məcbur olarkən oradakı məzarların həyatda olan sahiblərindən icazə- halallıq aldıqmı, onların uşaqlıqda göz açıb gördüyü onlarla hektar gözəllikləri: göz oxşayan meşəlikləri, çəmənlikləri eşib-dağıdıb viran qoyarkən onlara “bağışlayın, buna məcburuduq” dedikmi? Yoxsa onların azadlıq hüquqlarını, ruhlarını tapdaladıq, onsuz da bir qərinəlik düşmən işğalıyla, doğma, dost itkiləri ilə, yurdusuzluqda, evsizliklə, pulsuzluqla dağlanmış sinələrinə daha betər çalın-çarpaz dağlar çəkdik?.. Onları- on illərlə torpaqları düşmən əsarətində, özləri özgə qapılarında, qaçqın-köçkün damğaları altında əzab çəkmiş, boğulmuş insanları bu dəfə öz torpaqlarında ruhi-mənəvi işgəncələr içində boğduq?..
Biz niyə boğuluruq?.. Biz nədən boğuluruq? Yalnız sudanmı, dəm qazındanmı, tüstüdənmi?..
Müasir dünyada milyardlarla insan var, amma dərdini bölüşəcək, səni mühakimə etmədən dinləyəcək "insan" tapmaq müşkülə çevrilib...
Ətrafımız insan kütləsi ilə doludur, amma ruhumuz təkdir. İnsan axtarıb insan tapa bilməmək, bir okeanın ortasında susuzluqdan boğulmağa bənzəyir. Ətrafın mavidir, sudur, amma sən o sudan bir qurtum belə, içib susuzluğunu yatıra bilmirsən. Bax, insan çoxluğunun içindəki “insansızlıq” əlacsızlığı bizi belə boğur...
Biz Allahı, dini unutmuşuq deyə, dinsizlikdən boğuluruq, dinsizlikdən dilsizliyə düçar olmuşuq, haqsızlığa düçar olmuşuq, dil açıb haqsızlığa uğradığımızı, boğulduğumuzu da söyləyə bilmirik... Biz dinsizliyimizdən doğulmuş dilsizliyimizdən boğuluruq...
Suda boğulanları, dəm qazından boğulanları xilas etmək üçün xilasedicilər, həkimlər var, bəs mənəviyyatsızlıq, ruhsuzluqdan dənizində batan məmləkəti, bəşəriyyəti kim xilas edəcək?..
Allah Özü bizləri allahsızlıqdan hifz etsin!..
Sultan Laçın