Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
1721
03 Jul 2026 | 11:01

Aza qane olmaq xoşbəxtliyi və ya gözüdoymazlıq bədbəxtliyi...-Cümə bəhsləri

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərk-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaq yarışından ibarətdir..." -Qurani-Kərim
 
“Ruhən azad insan zindanda da xoşbəxt olar,  fəqət nəfsinə kölə məxluqlar isə içərisi hər cür naz-nemətlə dolu nəhəng malikanələrdə də səadət tapa bilməzlər...”
 
“Yer üzündəki bütün bəlalar, münaqişələr, müharibələr, faciələr də məhz xəyali, illüzyon xoşbəxtliyə can atan nəfslərin çarpışması nəticəsində meydana çıxır...”
 
"Əsil həyat da, əsil xoşbəxtlik, səadət həm bu dünya, həm də Axirət(Cənnət-Cəhənnəm) prizmasından ölçülməlidir..."
 
“Göz görməkdən doymaz, qulaq eşitməkdən dolmaz" (İncil, Vaiz, 1:8).
 
"Vay halına mal-dövlət yığıb onu təkrar-təkrar sayanın! O, mal-dövlətinin özünü əbədi yaşadacağını güman edir. Xeyr! O, mütləq Hütəməyə (Cəhənnəmə) atılacaqdır!"- Qurani-Kərim
 
"Aza qane olmaq heç də o demək deyil ki, insan gündəlik həyatında əlini-qolunu sallayıb oturmalı, zəhmət çəkməməli, qarşılaşdığı müxtəlif situasiyalarda haqqını-hüququnu müdafiə etməməlidir... Xeyr, insan vicdan, halallıq, dürüstlük və mövcuda qanunlar çərçivəsində bütün vəzifələrini mümkün qədər, bacardığı miqyasda yerinə yetirməlidir..."
 
“Seçim hər zaman bizimdir: ya nəfsin qulu olub haram saraylarda itmək, ya da qənaətin sultanı olub hüzura yetmək...”
 
*** *** ***
 
...Salam, əziz və dəyərli oxucu. Bu oyun-oyuncaq dünyasında hər kəsin bir qaçışı, bir davası var. Kimi bir tikə halal çörəyin, kimi də xalqın cibindən oğurladığı milyonların arxasınca qaçır... Amma gəl, bu gün səninlə divarları qızıl suyuna çəkilmiş, içi isə soyuq qəbirləri xatırladan saraylardan, o sarayların qaranlıq künclərində öz nəfslərinin əsirinə çevrilmiş "xoşbəxt" bədbəxtlərdən və haramxorlardan danışaq. Bir də, bir tikə halal çörəklə hüzur tapan, kiçik daxmaların, yataqxana odalarının, kirayənişin otaqlarının böyük ruhlu və ürəkli, xoşbəxt sakinlərindən...
 
Bu dünyada əksər insan ona görə bədbəxtdir ki, əsil xoşbəxtliyinin nə demək olduğunu, ümumiyyətlə, bu dünya həyatının mahiyyətini anlamırlar. Çünki öncəki yazılarımızda da dediyimiz kimi, əksəriyyət bu həyata yalnız bu dünya prizmasından baxırlar. Halbuki əsil həyat da, əsil xoşbəxtlik, səadət həm bu dünya, həm də Axirət(Cənnət-Cəhənnəm) prizmasından ölçülməlidir.  Allaha, Qurana, Peyğəmbərmizə, Axirətə iman gətirən insanlar məhz bu inancla yaşayır və özlərini daim səadət, hüzur içində hiss edirlər...
 
Elə Yer üzündəki bütün bəlalar, münaqişələr, müharibələr, faciələr də məhz xəyali, illüzyon xoşbəxtliyə can atan nəfslərin çarpışması nəticəsində meydana çıxır...
 
Bizə elə gəlir ki, xoşbəxtlik masanın üzərindəki təamların çoxluğu, altımızdakı avtomobilin markası, qiyməti və ya bank hesabındakı rəqəmlərin uzunluğudur. Yanılırıq. Çünki bu dünya insanı doyurmaq üçün deyil, onun nəfsini, tamahını, şəhvətini, acgözlüyünü sınağa çəkmək üçün qurulmuş bir səhnədir... 
 
Allah-Təallanın sonuncu Uca Kitabı Qurani-Kərim bu aldanışı elə birbaşa üzümüzə çırpir ki, sarsılmamaq mümkün deyil: 
 
"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərk-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaq yarışından ibarətdir..." (Qurani-Kərim, Hədid surəsi, 20-ci ayə). 
 
Amma gəl gör ki, bizim "böyük adamlar" bu oyuncaq bəzəkləri əbədi sandılar... 
 
İnsanlar dünyaya, onun var-dövlətinə münasibətdə əsasən iki qrupa bölünür: nəfslərinə hakim olmaqla aza qane olanlar və nəfslərinə tabe olduqlarından gözü doymayanlar. Yəni daha çox və ləzzətli yemək, görmək, hiss etmək, duymaq arzuları tükənməyənlər... 
 
Birincilər ruhunu bəsləyir, ikincilər isə dibi görünməyən bir quyunu – öz mədələrini və nəfslərini doldurmağa çalışırlar. Müqəddəs İncildə nəfsin bu kor korluğunu çox gözəl ifadə edən bir ayə var: 
 
"Göz görməkdən doymaz, qulaq eşitməkdən dolmaz" (Vaiz, 1:8). 
 
Bəli, nəfs elə bir bəladır ki, verdikcə daha çoxunu istəyir... 
 
Tövrat da bu həvəsin insanı necə məhv etdiyini xəbərdar edir: 
 
"Sərvəti sevən pulla doymaz, bolluğu sevən də qazancla doymaz" (Vaiz, 5:10). 
 
Qəbirlərə girənə qədər davam edən bu mal-dövlət yarışını Allah Qurandakı "Təkasür" surəsində (1-2) açıqca lənətləyir: 
 
"Çoxluqla öyünmək (mal-dövlət, rütbə yarışı) sizi o qədər yayındırdı ki, hətta qəbirləri ziyarət etdiniz (ölənə qədər bu yarışda oldunuz)..."
 
Halbuki Allah-Təala bu dünyanı əsil xoşbəxtlik, hüzur üçün yox, imtahan, sınaq üçün yaradıb. Bu müvəqqəti sığınacaqda daimi rahatlıq axtarmaq dəlilikdir. İslam Peyğəmbərinin (s.ə.s) o sarsıdıcı hədislərindən birində haqlı olaraq deyilir ki: "Bu dünyada hüzur axtaran hüzursuz qalar..." Çünki sən imtahan otağında özünə rahat divan qurmağa, başqasının haqqını tapdalayıb imperiya qurmağa çalışırsan. Amma unudursan ki, zəng vurulan kimi o otaqdan ayaqyalın çıxarılacaqsan. Ruhən azad insan zindanda da xoşbəxt olar,  fəqət nəfsinə kölə məxluqlar isə içərisi hər cür naz-nemətlə dolu nəhəng malikanələrdə də səadət tapa bilməzlər...
 
Baxın dünyaya. Bu gün Qəzzada, Livanda, Ukraynada, Sudanda, yaxud elə Venesueladakı zəlzələdə şəhid olan, həlak olan və ya yetim qalan uşaq Trampdan da, Netanyahudan da, Putindən də, onların kiçik miqyaslı korrupsioner bənzərlərindən də xoşbəxtdir. Bəli, yanlış eşitmədiniz, o uşaqlar daha xoşbəxtdir! Çünki onların itirəcək dünyalıq bir şeyi qalmayıb, bütöv bir Allaha sığınaraq mənəvi azadlığa çatıblar və Axirətdəki məkanları da Rəbbimizin əbədi cənnətləridir. Əsil bədbəxt məhz o dünyanı qan çanağına çevirən, doymayan imperatorlar və xalqın ruzisini oğurlayıb kabinetlərdə kəllə qənd kəsən bizim yerli bəylərdir. Ona görə ki, özlərini nə qədər xoşbəxt göstərməyə çalışsalar da, ən azı axşam öz ailələri, övladları arasında hüzur tapa bilmir,  gecə isə vicdanlarıyla olmasa da, elə həmin acgöz nəfslərindəki qorxu, həyəcan hissi ilə rahat yuxu da yata bilmirlər. Və bu gün tövbə edib doğru yola düşmədikləri(bu da çox çətin, baş versin) halda çox qorxduqları ölümlərindən sonra belələrinin yeri mütləq Cəhənnəmdir... Əsil bədbəxtlik, faciə yurdu da məhz oradır... Bu bədbəxtlət sadəcə bütün bu deyilənləri anlamırlar. Çünki onların qəlbləri qatbaqat möhürlüdür... 
 
Uca Quran bu reallığı belə bəyan edir: 
 
"Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onları böyük bir əzab gözləyir" (Bəqərə, 7). 
 
Onlar öz mahiyyətlərini, öz bədbəxliklərinin dəhşətini yalnız Axirətdə anlayacaqlar. Amma onda artıq çox gec olacaq... 
 
İndi gəlin bir anlıq gözümüzü o qlobal canilərdən çəkib öz acı reallığımıza baxaq. Halal zəhmət çəkməklə əldə etdiyi az ruziyə qane olaraq kiçik bir daxmada, yataqxana odasında və ya kirayədə yaşayan cismən və ruhən sapsağlam, şərəfli insanlarımız var. Və inanın ki, onlar haramxorluqla, oğurluqla, rüşvət və korrupsiya ilə dünyanın var-dövlətini, naz-nemətini əldə edərək mənliyini, əxlaqını, abır-həyasını, namusunu, mənəviyyatını, ailəsini itirmiş nəhəng malikanələrdə yaşayan, amma gözləri hələ də doymayan, nəfslərinin bütün istəklərinə çatmağa çalışan o haramzadə məxluqlardan qat-qat xoşbəxtdir... Rüşvətlə, yetimin, fəhlənin haqqını kəsməklə ucaldılan o nəhəng villaların sahibləri hər gecə içdikləri bahalı yuxu dərmanları ilə belə, tapa bilmədikləri o hüzuru, kirayə evdə, yataqxana odasında, yarıuçuq bir daxmada divara söykənib şirin bir çay içən o halal fəhlə bir şükürlə tapır... 
 
Rüşvət alıb xalqı soyanlar elə bilirlər ki, yığdıqları var-dövlət onları əbədi edəcək. Quran onların da hökmünü çoxdan verib: 
 
"Vay halına mal-dövlət yığıb onu təkrar-təkrar sayanın! O, mal-dövlətinin özünü əbədi yaşadacağını güman edir. Xeyr! O, mütləq Hütəməyə (Cəhənnəmə) atılacaqdır!" (Hüməzə, 1-4).
 
Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi: 
 
"Zənginlik malın çoxluğu ilə deyil, könlün zənginliyi (gözütoxluq) ilədir..." 
 
Nəfsinizi haramla doyurmağa çalışmayın. Dövlət büdcəsini talayıb, millətin haqqını yeyib hündür hasarlar arxasında gizlənənlər əslində mənəvi leşdirlər. Divarları mənəviyyatsızlıqla, rüşvətlə, maddi köləliklə, yaltaqlıqla, mədahlıqla, simasızlıqla ucaldılmış malikanələrdə canlı ölü kimi bədbəxt olmaqdansa, halal bir daxmada aza qane olub insan qalmaq, şərəflə yaşamaq ən böyük zəfərdir. Seçim hər zaman bizimdir: ya nəfsin qulu olub haram saraylarda itmək, ya da qənaətin sultanı olub hüzura yetmək...
 
Onu da deyək ki, aza qane olmaq heç də o demək deyil ki, insan gündəlik həyatında əlini-qolunu sallayıb oturmalı, zəhmət çəkməməli, qarşılaşdığı müxtəlif situasiyalarda haqqını-hüququnu müdafiə etməməlidir... Xeyr, insan vicdan, halallıq, dürüstlük və mövcuda qanunlar çərçivəsində bütün vəzifələrini mümkün qədər, bacardığı miqyasda yerinə yetirməlidir...
 
Bu yazını oxuyan nəfs kölələrində ruhən azad insanlara qarşı paxıllıq hissi yaranacaq. Və onlar elə düşünəcəklər ki, kimlərisə, şərləyib həbsə atdırmaq, qətlə yetirmək və ya doğmalarına, əzizlərinə hansısa zərbə vurmaqla onların qəlb hüzurunu, xoşbəxtliklərini əllərindən ala bilərlər. Bu şərbəndələr tarix boyu daim belə şər işlərlə məşğul olublar, lakin öz məqsədlərinə çata bilməyiblər və çatmayacaqlar da... Çünki qəlblərin hüzuru yalnız Allahın əlindədir və dünyadakı heç bir güc, heç bir hakimiyyət, heç bir qurum, heç bir silah ondan güclü ola bilməz. Və Rəbbimizə bağlı insanlar dünyalarını dəyişsələr, şəhid olsalar da belə, onların qəlbi Axirətdə – Cənnətdə misli görünməmiş ağlagəlməz bir hüzura qovuşacaq ki, Cəhənnəm əhli olacaq o bədbəxt qəlbi möhürlülər bunu heç vaxt dərk etməyəcək...
 
Yazıqlar olsun! Min dəfə! Milyon dəfə!..
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər