“Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin, KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotikdən istifadə edən sürücülərin müəyyən edilməsi üçün görülən tədbirlərdən danışarkən deyib.
Qurum rəsmisi əlavə edib ki, bu istiqamətdə respublikamızın avtomobil yollarında xidmət aparan YPX tərəfindən aşkarlanan faktlar üzrə qəti tədbirlər görülür: “Yollarda avtomobillər kütləvi şəkildə saxlanılıb yoxlanılmır, belə ənənənə yoxdur”.
E.Hacıyev vurğulayıb ki, lakin qayda pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına, əmlakına təhlükə yaradan sürücülər müşahidə edildikdə nəzarət qaydasında saxlanılaraq tibbi yoxlanışdan keçirilir.
Xatırladaq ki, bundan öncə də DİN qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur: "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır".
Xəyalə Rəis