Yazar
Seymur Verdizadə
Bütün yazılar
cemiyyet
1623
12 Mar 2021 | 15:54

"Bu gün koronavirusdan, sabah yumurtadan kəsilmiş çilli toyuqdan sual verə bilərik, ancaq..."

Telekanallara ayaq döydüyüm, bəzən bir gündə iki ayrı efirdə göründüyüm vaxtlar idi. Yanlış xatırlamıramsa, “Lider” televiziyasından zəng vurub, “Sağlamlıq” verilişinə dəvət etdilər. Adətimə uyğun olaraq, hansı mövzuda danışacağımı soruşdum.
 
Aparıcı öz aləmində mənə kompliment dedi: “Müəllim, sizin üçün nə fərqi var? Siz bütün mövzularda maraqlı danışırsınız”.
 
Efir məkanında müəyyən təcrübə sahibi olduğum üçün “saqqızımı” oğulaya bilmədilər.
 
İsrar etdiyimi görən xanım əlavə izahat verməli oldu: “Sağlam həyat tərzindən danışacağıq. Deyərsiniz ki, az işləyib çox yemək yox, çox işləyib az yemək lazımdır”.
 
Bu söhbəti dost-tanışa tez-tez danışdığım üçün həmin gün dediyim sözləri olduğu kimi xatırlayıram: “Xanım, mənim bu mövzuda danışmağım doğru olmaz. Mən sağlam həyat tərzi keçirsəydim, 110 kilo olmazdım”.
 
Aradan yarım saat keçməmiş “Lider”də departament rəhbəri işləyən köhnə dostum zəng etdi. Bir az ordan-burdan danışdıq. Axırda dedi ki, “Lider”in tarixində ilk dəfədi kimsə efirdən imtina edir...
 
Maraq güc gəldiyi üçün veriliş efirə getdiiyi gün səbrimi basıb ekran qarşısında əyləşdim. Mənim əvəzimə 120 kiloqram çəkisi olan gülərüz aktrisanı dəvət etmişdilər...
 
Azərbaycanda ekspert qıtlığı var. Az-çox savadı, dünyagörüşü olan adamların çoxu mətbuatdan qaçır. Ortada olan beş-on nəfər isə bütün mövzularda danışmağa can atır. Məsələn, siz deputat Cavid Osmanovun ən müxtəlif mövzularda verdiyi açıqlamalara rast gələ bilərsiniz. Dünən distant təhsildən danışan Cavid müəllim bu gün karantin rejiminin sərtləşdirilməsinin vacibliyini əsaslandırır. Əgər siz sabah ona bayağı müğənnilərin xalqımızın musiqi zövqünü korlamasıyla bağlı sual versəniz, deputat müəllim mikrofonunuzu geri itələməyəcək, əksinə, bu mövzuda ən azı 10 dəqiqə şərh verəcək. Müsahibə başa çatandan sonra müxbir şad-xürrəm baş redaktorun otağına girib, belə deyəcək: “Əla danışdı. Manşetlikdir”.
 
Mən Cavid müəllimin jurnalistlərin zənginə həvəslə cavab verməsini, mətbuatla sıx əməkdaşlıq etməsini yüksək qiymətləndirirəm. Eldəniz Səlimov kimi ağzına su alıb oturmaqdansa, Cavid Osmanov kimi fəal olmaq yaxşıdır. Di gəl ki, bu işin bir “əmma”sı var. Məsələn, dünən əksər saytların lentini bu yazı “bəzəyirdi”: “Karantin rejimi sərtləşdiriləcək? - Deputatdan AÇIQLAMA”.
 
Tənbəllik etməyib, yazını oxudum. Jurnalistlər yenə Cavid Osmanovu “yaxalamışdılar”. Sağ olsun, o da ətraflı danışmışdı. Bilirsiniz, axırda nə demişdi? Oxuyanlar bilir, oxumayanlar üçün yazıram: “Karantin rejiminin sərtləşdirilməsi Operativ Qərargahın səlahiyyətində olan məsələdir”.
 
Çox pakizə. Əgər bu məsələ Operativ Qərargahın səlahiyyətindədirsə, bəs yarım saat danışıb niyə vaxtımızı alırsınız? Sualı eşidəndə “bu məsələ ilə bağlı Operativ Qərargaha müraciə edin” deyə bilməzdinizmi?
 
Biz jurnalistik. Bu gün Operativ Qərargahdan, sabah uca dağdan, yaşıl bağdan, ertəsi gün isə ağ göyərçindən, yumurtadan kəsilmiş çilli toyuqdan sual verə bilərik. Amma siz bu sualların hamısına cavab vermək məcburiyyətində deyilsiniz.
 
Axı siz deputatsınız, quşbaz deyilsiniz...
 
Seymur Verdizadə
Link kopyalandı!
Son xəbərlər