Şuşanın və digər torpaqlarımızın işğaldan azad edilməsi hamımızı sevindirir və bu həqiqətən böyük tarixi hadisədir. Bu gün hamımızın ən ali istəyi tezliklə Şuşaya getmək və o gözəl yurdu görməkdir. Açığı oraya getmək imkanı əldə edən dostlarımıza həm də bir qibtə hissi ilə yanaşmaqdayıq. Lakin Şuşadan görüntüləri seyr etdikcə, dağıdılmış evləri, muzeyləri, məscidləri gördükcə içimizdə ağrılar baş qaldırır və təbii ki bizi narahat edir. X.Natəvanın, Ü.Hacıbəylinin, Bülbülün dağıdılmış evlərinə sakit baxmaq olmur. Və istər-istəməz bir sualla üzbəüz qalırıq: bəs bu 28 ildəki ayrılığa və onu düşmən əsarətində qoyduğumuza görə Şuşa bizi ittiham etmirmi?
Təbiidir ki, Şuşanı yenə quracağıq, evləri muzeyləri təmir edəcəyik, Cıdır Düzündə böyük tədbirlər keçirəcəyik, Şuşanı qəhrəmancasına azad etmiş və bu yolda canını fəda etmiş əsgərlərimizin adını əbədiləşdərəcəyik və s. Lakin həmin ittiham dolu sualdan yaxa qurtrmaq heç zaman mümkün olmayacaq. Çünki vətəni sevmək bir duyğudur, onu qoruyb yaşatmaq başqa bir duyğu və hünərdir.
Etiraf edək ki, biz Şuşanı yetərincə qorumadıq və bu müqəddəs, tarixi şəhərimizə diqqətlli yanaşmadıq. Bu yerdə təbii ki, Şuşa uğrunda 1992-ci ildə döyüşüb canını fəda etmiş insanlarımızı rəhmətlə anır və onların xatirəsini də heç zaman unutmayacağıq. Lakin müəyyən xəyanətlər olmasaydı etiraf edək ki, Şuşanı daha da qəhrəmanlıq və məsuliyyətlə qoruya bilərdik.
Xatırlayıram ki. 1992-ci ilin mayın 10-da Şuşanın işğalından 2 gün sonra jurnalist dostlarım L.Şüküroğlu və S.Səfərli (rəhmətə gedib) ilə birlikdə müstəqil jurnalist-təhqiqat qrupu yaradıb Şuşaya getdik və məqsədimiz şəhərin işğalı ilə bağlı sənədlər,faktlar toplamaq idi. Bizim ordu hissələrimiz Şuşanın lap yaxınlığındakı Turşsukəndində dayanmışdı. Biz komandirdən nə üçün Şuşadan müqavimətsiz çıxdınız – deyə sual etdikdə o, belə cavab verdi: bəzi siyasi məsələlər həll olunduqdan sonra yenidən Şuşaya qayıdacağıq. Həmin vaxt isə Şuşadan hələ də bəzi adamların gəldiyi məlumatı alınırdı.
Şuşanın müdafiəsində birbaşa məsuliyyət daşıyan müdafiə naziri R.Qazıyev isə “Şuşa alınsa başıma bir güllə vuracağam”- deyirdi.Lakin Şuşa alındı və o başa güllə dəymədi. Bir məlumata görə R.Qazıyev Şuşa alınan günü öz iş otağında əyləşib bir yaxın dostu ilə nərd oynayırmış. Eyni ssenari bir az fərqli formada Laçınla da baş verdi.Kimlərsə maşınları gətirib Laçına yığır və evləri boşaltmağı təklif edirdilər.
Yenə Şuşa haqqında. Şuşanın işğalı faktı təəssüflər ki, geniş araşdırılmadı.Bu isə mütləq vacib idi.İstər-istəməz bir sualın təsirindən uzaqlaşmaq mümkün olmur- Şuşanın işğalında bizim millət olaraq günahımız varmı? Və bu suala görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin 1917-ci ildə Şirvanşahlar sarayının Rusiya əsarətindən xilasına həsr edilmiş “Xan sarayının təslimi” məqaləsindəki sözlərlə cavabı təqdim edirəm:”İndi Siz Xan sarayından gəlirsiniz.Gördünüz oradan o bizim təzə əsarətdən xilas olmuş binamızı.Gördünüz ki, saxsı qırıqlarına.süpürgə töküntülərinə, bilməm nə anbarlarına təxsis edilmişyıxıq, tökük bir sarayda varis olmusuz.Siz əgər o möhnətdidə divarlara diqqətlə baxsaydınız, şadlığınızdan bir az fariq olub da Xan sarayındakı xissəti görsəydiniz heç şübhəsiz ki, “sənə nə oldu bu günə düşdün?!”-deyə sorardınız.Və əmin olun ki,o daşlar dilə gələr, sizə deyərdilər ki, mənim əsirliyimdə əsir edənlərdən ziyadə təqsir məni əsir verənlərdədir.Kənardan gələn hücumlara qarşı içəridə hökm sürməkdə olan xanlar birləşməyi bilmədilər.Bakı öz başına, digərləri də öz başlarına hərəkət etdilər.Onlar ancaq öz nəfislərini gördülər,xəlqi düşünmədilrər.Əvət,biz o daşları, o bizə əsarətimizi təmsil edərək daş halına gələn o binanı dindirsəydik bundan başqa cavab alamazdıq. Bu cavabdan alacağımız ibrət nədir? Bəli-birləşməli, ittifaq etməli.Xilasımızı, müdafiəmizi başqalarından, ağalardan, varlılardan gözləməməli,bütün millət özünü qazanmaya, özünü saxlamağa hazır olmalıdır.Biməlidir ki, alnız ağaların,yalnız böyüklərin və yalnız varlıların himməti(gücü) ilə xilas olan millət həqiqi surətdə xilas olamaz...Bu millət muxtar olmalı, fəqət bilməlidir ki, millətin işni ancaq millət özü görməlidir.Bundan sonra tikdiyi evləri xanlara deyil,millətin özünə məxsus olaraq tikməlidir.Bunun üçün də lazımdır ki. millət ümumiyyət etibarı ilə fədakarlığa hazırlaşsın.Var olsun fədakar millət!”(“Açıq söz”, 25 dekabr 1917, N637).