Yazar
İlham İsmayıl
Bütün yazılar
analitika
2442
31 Jul 2026 | 13:00

Müharibəsiz yaşaya bilməyənlər

Yevgeni Yevtuşenko “ Ruslar müharibə istəyirmi” şerini yazanda Almaniya ilə müharibə cəmi 16 il idi ki, bitmişdi, amma müharibənin yaraları hələ təzə idi, unudulmurdu. 1961-ci il idi və Karib böhranına da hələ bir il qalmışdı. Amma, hər zaman yeni müharibənin, həm də atom müharibəsinin yellərinin əsdiyi hiss olunurdu. Yevtuşenko xatirələrində yazırdı ki, xaricə səfər edəndə, xaricilərlə Moskvada söhbət edəndə ən çox eşitdiyi- “ruslar müharibə istəyir?”sualı idi. İkinci Dünya müharibəsindən sonra, “soyuq müharibə” dövründə bəşəriyyət hər zaman Rusiyanı, rusları təhlükə mənbəyi kimi görüblər. Bu, istər SSRİ dövründə, istərsə də Putin dövründə Rusiya siyasətindən qaynaqlanan bir qorxu, bir həyəcandır və Ukrayna müharibəsi ilə daha təhlükəli faktora çevrilib. Yevtuşenko şerində müharibəni istəmədiklərini vurğulasa da, yeni bitmiş müharibənin əzabını çəkənləri nümunə kimi göstərsə də, Kreml “göz yaşlarına inanmadığını”, elə 1961-ci ildən bu günədək bir çox ölkələrlə, o cümlədən postsovet respublikaları ilə müharibə aparmaqdan çəkinmədiklərini sübut etdilər.
 
“Soruşun analardan,
 
Soruşun arvadımdan
 
Anlamalısız o zaman
 
Ruslar istəyirmi, ruslar istəyirmi?
 
Ruslar müharibə istəyirmi?” ( hərfi tərcümə)
 
Bəs, Ukrayna müharibəsində milyondan çox itki verən Rusiya cəmiyyətinin “anaları, arvadları” niyə Putin hökümətindən tələb etmir ki, müharibəni dayandır. Deməli, suala ehtiyac qalmır, ruslar müharibə istəyir.
 
 Son iki gündə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedevin və Putinin Ukrayna müharibəsi ilə bağlı açıqlamalarına baxanda Yevtuşenkonun, o cümlədən bəşəriyyətin verdiyi suala birmənalı cavab  vermək olar: Rusiya müharibəsiz yaşaya bilmir.
 
Diqqət edək. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada fəaliyyət göstərən bütün siyasi qüvvələr üçün( !!!) vahid vəzifəni, məqsədi açıqlayıb. O, bu açıqlamanı Rusiyada keçirilən gənclər forumunda səsləndirib. "İndi bizim bir ortaq vəzifəmiz var və bu, göz qabağındadır: ölkəmizi qoruyub saxlamaq. Ölkəmizi necə qoruya bilərik? Ölkəmizi qorumağın yalnız bir yolu var: "xüsusi hərbi əməliyyat"da qalib gəlmək", - deyə o bildirib. Yəni, müharibəni istəklərinə çatdırana qədər davam etdirəcəklər! Müharibədə qalib gəlmədikdə ölkənin mövcudluğunun sual altında olacağı düşüncəsi göstərir ki, Rusiyanı da, dünyanı da fəlakət gözləyir. Yəqin buna görə də, Dumanın sədri Volodin tribunadan deputatlara səslənib şüar deyir:” Rusiya, Putin , qələbə”. Deputatlar şüara soyuq münasibət göstərməklə “Krım naş” eyforiyasında olmadıqlarını biruzə verdilər. Volodin istədiyi reaksiyanı almaq ümidi ilə şüarı dörd dəfə səsləndirsə də, məclis iştirakçılarından gözlənilən “gurultulu, sürəkli alqışları” ala bilmədi.
 
 İki gündür geniş yayılan videoda isə Putin açıq şəkildə :“ Xüsusi Hərbi əməliyyat bitəndən sonra nə ilə məşğul olacağıq? O qədər aludə olmuşuq ki...”, deyib bir xeyli güldü. Məsələ burasındadır ki, bu əhval-ruhiyyə yalnız rejim rəhbərliyinə xas deyil, dörd il yarımlıq müharibədə 1,5 milyon itki verən Rusiya cəmiyyəti də səsini çıxarmır. Müqavimət amili olmayan, qorxu altında yaşayan bu cəmiyyətin imperiya ambisiyaları əsrlərdir ki, beyinlərini elə yuyub ki, provaslav slavyan qardaşlarına qarşı elan etdikləri bu motivasiyasız müharibəyə tək-tək şəxslər istisna olmaqla cəmiyyətin kütləvi etirazı yoxdur. Deməli, cəmiyyət də “Krım naş” şüarının təsirindən hələ çıxa bilmir, sükutu ilə dəstəyini nümayiş etdirir.
 
İndiki yaranmış vəziyyəti dərindən təhlil etsək, görərik ki, əksinə, Rusiya müharibəni davam etdirsə, sonu çata bilər. Putin rejimi nə dərəcədə davamlıdır və onun çökməsinə nə səbəb ola bilər? Dünya təcrübəsində bu vəziyyətin yaratdığı nəticələr təxminən eynidir: elit parçalanma, iqtisadi böhran, müharibənin nəticələri, veteranların geri qayıtması və mümkün yeni səfərbərlik. Rusiyadakı rejim də çoxsaylı şoklardan sağ çıxa bilir, lakin onun əsas zəifliyi rəqib qruplar arasında yeganə hakim kimi Putindən asılılığıdır. Ona görə də, Rusiya cəmiyyəti hələ fəlakətdən uzaqda olduğunu düşünür. Amma, proses bəzən qəfləti dönüşlərlə gözlənilməz sonluğa da səbəb olur. Bəşəriyyət müharibəsiz yaşaya bilməyənlərin fəlakətli sonluğuna Hitler Almaniyasının timsalında şahidlik edib.
 
İlham İsmayıl
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər