Heydər Əliyevdən “ən müqəddəs peşə”nin nümayəndələrinə çağırış: “Şərəfinizi qoruyun və andınızı unutmayın!”
4539
07 Dec 2023 | 09:45

Heydər Əliyevdən “ən müqəddəs peşə”nin nümayəndələrinə çağırış: “Şərəfinizi qoruyun və andınızı unutmayın!”

Azərbaycan xalqının həyatında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rol oynadığı, bu həyatın hər bir sahəsində silinməz izlər qoyduğu birmənalıdır. Ulu önədrin öz siyasəti, səy və fədakarlğı ilə inkişf etdirdiyi, irəli apardığı bu sahələrdən biri də səhiyyə olmuşdur. Azərbaycan xalqının böyük oğlunun ölkə səhiyyəsinin inkişafında necə mühüm, misilsiz rol oynadığını anlamaq üçün bəzi həqiqətlərə nəzər salmaq kifayətdir.

 

“Xilaskar” hazırlığı, “qızıldan qiymətli” tibbi avadanlıqlar uğrunda “qardaş mübarizəsi”

 

Heydər Əliyev hələ sovet dönəmində ölkəmizdə səhiyyənin inkişafına xüsusi diqqət yetirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. Hələ XX əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik edən Heydər Əliyev səhiyyə sahəsidnə yüksək ixtisaslı kadrların hazırlanmasını diqqət mərkəzində saxlayır, bu məqsədlə çoxlu sayda azərbaycanlının SSRİ-nin, xüsusilə də Rusiyanın qabaqcıl universitetlərində təhsil almağa göndərirdi. Ötən əsrin 80-ci illərində Ulu öndərin bütün SSRİ məkanında səhiyyə sektoruna bilavasitə rəhbərlik etməsi ilə bu siyasət daha geniş vüsət almış, keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdu. Heydər Əliyev öz nüfuz və səlahiyyətindən istifadə edərək Azərbaycanda səhiyyənin inkişafı üçün daha çox vəsaitin ayrılmasına çalışır, bunu vacibliyini konkret rəqəm və faktlarla əsaslandırmağa cəhd edirdi.

 

Ümummilli lider Azərbaycan səhiyyəsinin inkişafı üçün milli kadr hazırlığı ilə yanaşı, xaricdən müasir tibbi avadanlıqların ölkəmizə gətirilməsini də diqqət mərkəzində saxlayırdı.

 

Qeyd edək ki, sovet dönəmində xaricdən tibbi avadanlıqların idxalı məhdud həcmdə həyata keçirilridi. Sovet rəhbərliyi hesab edirdi ki, xaricdən  müasir tibbi avadanlıqların geniş miqyasda idxalı SSRİ-nin “qabaqcıl elm və texnika ölkəsi” kimi nüfuzuna mənfi təsir göstərə bilər.

 

SSRİ ilə soyuq müharibə aparan Qərb dövlətləri də bu yöndə əməkdaşlığı genişləndirməyə maraq göstərmir, sovet ölkələrini “elmi-texniki blokada” fonunda boğmağa çalışırdılar. Belə olan halda SSRİ-nin idxal etdiyi hər bir tibbi avadanlıq həm texniki, həm də psixoloji baxımdan mühüm önəm kəsb edirdi ki, bu da həmin avadanlıqlar uğrunda “qardaş” sovet respublikalarının rəhbərləri arasında gözəgörünməz, fəqət şiddətli mübarizəyə səbəb olurdu. Heydər Əliyev məhz belə bir mübarizə fonunda SSRİ-nin xaricdən idxal etdiyi müasir tibbi avadanlıqların Azərbaycana göndərilməsini təmin edir, ölkə səhiyyəsini ən qabaqcıl texniki nailiyyətlərlə silahlandırmağa çalışrıdı. Ulu öndər 1995-ci ilin 29 dekabr tarixində Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışındakı nitqində bu barədə deyirdi: “Mən Moskvada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olarkən Sovetlər İttifaqı miqyasında bilavasitə səhiyyəyə rəhbərlik edirdim. Ona görə də nəinki Azərbaycanın, o cümlədən bütün Sovetlər İttifaqının səhiyyəsi ilə həm məşğul olurdum, həm də bu sahənin problemlərini çox yaxından bilirdim.

 

O illər – 1983-85-ci illər, 1990-cı illərə qədər – o vaxt ölkəmizdə, o cümlədən Azərbaycanda səhiyyə indiki dövrə nisbətən nə qədər yüksək səviyyədə olsa da, bu səviyyə də əhalinin tibb yardımı ilə təmin olunması üçün yetərli deyildi. Ona görə də biz bu sahəni daim inkişaf etdirməyə çalışrıdıq və çoxlu tədbirlər görülürdü. O illərdə səhiyyə bir sosial sahə kimi dövlətin əsas diqqət yetirdiyi sahə idi. Bu sahəyə xeyli vəsait ayrılırdı və biz çalışırdıq ki, xaricdən daha çox avadanlıq alıb gətirək və səhiyyəni inkişaf etdirək”.

 

Heydər Əliyev haqlı olaraq bildirirdi ki, yenicə müstəqillik əldə edən Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurların arxasında hər şeydən öncə sovet dönəmində atılan addımlar dayanır: “İndi Azərbaycanda olan bu maddi-texniki imkanlar, bu potensial, o cümlədən kadrlar, elmi potensial və sair- hamısı o illərdə görülmüş işlərin əsasında yaranmışdır”.

 

Ulu öndər Azərbaycan səhiyyəsinin inkişafı üçün kimlərlə əməkdaşlığı zəruri hesab edirdi?

 

Ümummilli lider hesab edirdi ki, cəmiyyət inkişaf etdiyi kimi səhiyyənin də mütəmadi şəkildə inkişaf etməsinə, müasir dövrün tələblərini qarşılayacaq səviyyəyə yüksəlməsinə ehtiyac var.

 

Heydər Əliyev yenicə müstəqillik əldə edən, maddi-texniki bazası o qədər də güclü olmayan milli səhiyyənin inkişafı üçün konkret ideya və proqramlara sahib idi ki, bunlardan da biri xarici ölkələrin inkişaf etmiş tibb mərkəzləri ilə əməkdaşlıq idi. Ulu öndər öz çıxışlarında yerli tibb müəssisələrini, habelə Səhiyyə Nazirliyini xarici ölkələrin qabaqcıl və nüfuzlu səhiyyə müəssisələri ilə əməkdaşlıq etməyə səsləyir, onların gücündən, təcrübəsindən istifadə etməyi zəruri hesab edirdi. Heydər Əliyev bildirirdi ki, hər bir səhiyyə müəssisə bunun üçün ilk növbədə öz imkan və əlaqələrindən istifadə etməli, dünyanın nüfuzlu tibb müəssisələri ilə əlaqələr qurmağa, onlarla müştərək layihələr həyata keçirməyə səy göstərməlidir. O, məhz bütün bunalrı nəzərə alaraq deyridi: “...səhiyyə sahəsində ciddi islahatlar keçirilməlidir. ...Bu baxımdan bəzi xarici ölkələrin nüfuzlu, tanınmış səhiyyə, tibb mərkəzləri ilə müştərək iş görmək, həm onların təcrübəsindən, həm də avadanlığından, vəsaitlərindən istifadə edərək Azərbaycanda ayrı-ayrı tibb müəssisələrini inkişaf etdirmək yolu, hesab edirəm ki, indiki tələblərə uyğun yoldur”.

 

Heydər Əliyev milli səhiyyəni inkişaf etdirmək üçün xarici ölkələrə səfərlərində də əcnəbi investorları Azərbaycan iqtisadiyyatının bütün sahələrinə, eyni zamanda səhiyyəyə vəsait qoymağa çağırır, bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də əməkdaşlığa can atırdı. O, hesab edirdi ki, Azərbaycan səhiyyənin inkişafı üçün onun qlobal səhiyyə sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməsinə, dünyadakı bütün mütərəqqi yenilikləri mənimsəməsinə ciddi ehtiyac var.

 

Ulu öndər 1997-ci ilin avqustunda ABŞ-a səfər əsnasında bu ölkənin bəzi xəstəxanalarında – Texas Uşaq Xəstəxanasında, Hyüstondakı Tibb Mərkəzində, Hyüston Qan Mərkəzində olmuş, buradakı şəraitlə ətraflı tanış olmuş, bu qurumları Azərbaycandakı səhiyyə müəssisələri ilə əməkdaşlığa səsləmişdir.

 

“Andınızı unutmayın, andınız da peşəniz kimi müqəddəsdir”

 

Heydər Əliyev səhiyyənin inkişafında maddi-texniki bazanın önəmini vacib hesab etsə də, bu məsələdə tibbi heyətin təcrübəsi ilə yanaşı, özündə ehtiva etdiyi mənəvi dəyərləri daha vacib hesab edirdi. Səhiyyəni ən müqəddəs və vacib peşə hesab edən Heydər Əliyevin fikrincə, bu sahədə çalışan hər bir insan yüksək mənəviyyata, təmiz vicdana, saf əqidəyə malik olmalı, bütün neqativ meyillərdən, rüşvət və s. kimi çirkin işlərdən uzaq olmalıdır. Bütün problemlərin həllini kadrların təcrübəsi və mənəvi keyfiyyətindən bilavasitə asılı olduğunu bildirən Ulu öndər, həkimlərin Hippokrat andına sadiqliyini vacib hesab edir, onları bu andı unutmamağa səsləyirdi. Ümummilli lider bildirirdi ki, dünyada yalnız iki peşə var ki, orada çalışmağa başlayanlar öncə and içirlər. Bunlardan biri ordu, digəri isə həkimlik sənətidir. Ordu ilə müqayisədə həkimlik peşəsinin humanizm və həyatilik baxımından daha vacib olduğunu qeyd edən Heydər Əliyev, həkimlərin öz nüfuzunu, təmiz adını qorumasını zəruri sayırdı. Ulu öndər deyirdi: “Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın. Həkim adı, şəfqət bacısı adı şərəfli addır. Bu adı, onun mənəvi məzmununu qoruyub saxlamaq lazımdır.

 

...Təsadüfi deyil ki, dünyada heç bir sahənin işçiləri üçün səhiyyə işçilərinin Hippokrat andı kimi andı yoxdur. Heç bir sahədə and yoxdur. Orduya gedən sədaqətlə xidmət etmək üçün and içir, başqa hərbi işdə xidmət edən and içir. Başqa sahələrdəisə heç kəs and içmir. Amma Hippokratın qədim dövrdən bizə qalan andı məhz səhiyyə işçiləri üçündür, həkimlik peşəsini seçənlər üçündür. Bu andı, ənənəni heç vaxt unutmaq lazım deyil”.

 

Heydər Əliyev dünya səhiyyə sisteminin Azərbaycana marağını artırmaq üçün hansı təşəbbüslərə əl atıb?

 

Heydər Əliyev Azərbaycanda səhiyyənin inkişafına nail olmaq, bu inkişafı mümkün qədər qısa zamanda təmin etmək üçün ciddi səy göstərir, bütün imkanlardan istifadə etməyə çalışırdı. Ulu öndərin bu istqiamətdə atdığı addımalrdan biri də səhiyyə ilə bağlı beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə nail olmaq idi.

 

Ümummilli lider haqlı olaraq hesab edirdi ki, Azərbaycanda beynəlxalq səhiyyə sistemi ilə bağlı qlobal tədbirlərin keçirilməsi istər-istəməz ölkəmizin səhiyyə sisteminə müsbət təsir göstərəcək, dünyanın qabaqcıl dövlətləri ilə ölkəmiz arasında səhiyyə sahəsində əmədaşlığa öz töhfəsini verəcək. Elə bu səbəbdən də Ümummilli ldier səhiyyə ilə bağlı beynəlxalq tədbir və konfransların Azərbaycanda təşkilinə çalışır, bunu hər baxımdan ölkəmiz üçün faydalı hesab edirdi. Hansı ki, bu cür tədbirlərdən biri 1997-ci ilin 21 sentyabr tarixində Bakıda – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutdu.

 

Həmin gün Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq Konqresində çıxış edən Heydər Əliyev səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi ilə yanaşı, Azərbaycan səhiyyəsinin bugünü və gələcək perspektivləri ilə bağlı da maraqlı fikirlər səsləndirdi: “IV Beynəlxalq Konqresin Azərbaycanda keçirilməsi bizim ictimai-siyasi həyatımızda böyük hadisədir. Bu konqresin yüksək nəticələr verəcəyinə ümid bəsləyirəm. Arzu edirəm ki, Azərbaycanın pediatrları, bütün səhiyyə işçiləri respublikamıza gəlmiş möhtərəm qonaqlarla yaxşı peşəkar əlaqələr yaratsınlar və bu əlaqələr gələcəkdə davam və inkişaf etsin. Onlar da Azərbaycanın bütün dünyada, bütün sahələrdə əlaqələr yaratmasının bir budağıdır, bir qoludur. Eyni zamanda qoy bu peşəkar əlaqələr Azərbaycanda pediatriyanın inkişafına kömək etsin. Hesab edirəm ki, bu kömək olacaqdır”.

 

Heydər Əliyev - Səhiyyə tariximizin keşikçisi...

 

Ulu öndərin Azərbaycan səhiyyəsiu qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun səhiyyə tariximizdə böyük iz buraxan, bu sahədə məktəb formalaşdıran həkimlərimizi daim yad etməsi, onların qoyub getdiyi ənənəni təbliğ etməsi idi. Heydər Əliyevin 14 oktyabr 1995-ci ildə görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədəki tarixi çıxışı buna nümunədir. Heydər Əliyev həmin çıxışında Mustafa bəy Topçubaşovun timsalında həkimlərimizi xalqımızın milli sərvəti adlandıraraq deyirdi: “Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır”.

 

Heydər Əliyev digər məşhur cərrah və alimlərimizlə bağlı tədbirlərdə də iştirak edir, bəzi halalrda isə özü bu tədbirlərin təşkilatçısı qismində çıxış edirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev tariximizin, eləcə də səhiyyə tariximizin nəhəng təbliğatçısı olmuş, bu tarixin yaşadılması üçün böyük fədakarlıqlara imza atmışdır.

 

Seymur ƏLİYEV

 

Məqalə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Link kopyalandı!
Son xəbərlər