Vətən müharibəsindən sonrakı mübarizə, yaxud Azərbaycandan dünyanı dəyişdirəcək “yaşıl strategiya”
4551
05 Sep 2022 | 08:34

Vətən müharibəsindən sonrakı mübarizə, yaxud Azərbaycandan dünyanı dəyişdirəcək “yaşıl strategiya”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın ekoloji terrorizm siyasətinə qarşı mübarizənin avanqardı rolunda

 

Sürətlə qloballaşan və sənayeləşən dünyamızda ekologiyanın öz əhəmiyyətini nəinki ilbəil, az qala günbəgün artdığı bir zamanda Azərbaycan sadəcə ölkə miqyasında deyil, regional miqyasında nəhəng ekoloji layihələr həyata keçirməkdə, mühüm yeniliklərə imza atmaqdadır. Azərbaycanın reallaşdırdığı bu layihələrin önəm və miqyasını anlamaq üçün dövlətimizin 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad edilən ərazilərdə gerçəkləşdirdiyi bəzi layihələrə diqqət yetirmək kifayətdir. Hansı ki, bu layihələr sadəcə ölkəmizdə deyil, bütün regionda ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, dünyaya bənzərsiz örnək vermək, lokomotivə çevrilərək bütün bəşəriyyəti öz arxasınca aparmaq baxımından da son dərəcədə önəmlidir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Böyük zəfəri necə “qabaqlayıb”?

 

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün ərzində erməni faşizminin darmadağın edilməsi ilə nəticələnən Vətən müharibəsi düşmən işğalından torpaqlarımıza azadlıq bəxş etməklə yanaşı, özü ilə yeni vəzifə və tələblər də gətirdi ki, bunlardan da biri 30 il ərzində erməni vandalizminin törətdiyi ekoloji cinayətlərin nəticəsini ortadan qaldırmaqdan ibarət idi. Lakin bunun üçün ilk öncə həmin cinayətin miqyas və əhatə dairəsi təfsilatı ilə müəyyən edilməli, təbiətə vurulan ölümcül zərbənin dərəcəsi müəyyən  edilməli idi. Çünki yalnız bu halda ekoloji fəlakətin miqyasına uyğun olaraq kompleks tədbirlər həyata keçirmək, təbiəti, onun komponentlərini labüd ölümün pəncəsindən sistemli şəkildə çıxartmaq olardı.

Yaxın tarixin tədqiqi sübut edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilən torpaqlarda ekoloji monitorinqlərin həyata keçirilməsinə Vətən müharibəsinin başa çatmasından öncə start verib ki, bu da adıçəkilən qurumun çevikliyindən, hadisə və proseslərə operativ müdaxiləsindən xəbər verir. Habelə, bu, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyini, o cümlədən, təbiətə olan sevgi və qayğısını əks etdirir. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilən ərazilərin monitorinqini məhz dövlət başçısının 29 oktyabr 2020-ci il tarixli Fərmanı əsasında həyata keçirib. Məlum Fərmanın 7.7.-ci bəndində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi”nin həyata keçirilməsi nəzərdə tutulub ki, adıçəkilən nazirlik bu Fərmandan irəli gələn vəzifələri qısa zamanda yüksək peşəkarlıqla həyata keçirib. (//president.az/az/articles/view/44886 ).

Təsadüfi deyil ki, 2020-ci il noyabrın 9-da  Ekologiya və Təbii Sərvətlər Nazirliyi keçirdiyi monitorinqin nəticələri ilə bağlı məlumat yaymış, həmin məlumatda ermənilərin vaxti ilə işğal altında saxladıqları ərazilərdə törətdikləri ekoloji cinayətləri ifşa etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı həmin məlumatda deyilir: ““Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən  ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlayıb.
Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılib.
Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. 
Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Belə ki, bir neçə gün ərzində aparılan monitorinqlərin nəticələrinə görə, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir”. (//eco.gov.az/az/nazirlik/xeber?newsID=11608 ).

Monitorinqlə bağlı məlumatdan da göründüyü kimi, ermənilər işğal dönəmində minillik ağacları məhv etmiş, dünyanın ən nadir ağac növlətinə sözün həqiqi mənasıdna divan tutmuşdular. Bir sıra qiymətli ağac növləri ilə yanaşı, Şərq çinarlarını da özlərinə məxsus amansızlıqla məhv edən ermənilər, bununla sadəcə Azərbaycan təbiətinə deyil, dünya təbiətinə, qlobal ekosistemə ağır zərbə vurmuş, bütün bəşəriyyətə qarşı dəhşətli cinayət işləmişdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu elə ilk monitorinqlər zamanı aşkara çıxararaq ictimaiyyiləşdirmiş, yerli və xarici ictimaiyyəti bu barədə məlumatlandırmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinqin ilkin nəticələri ilə bağlı 9 noyabr 2020-ci il tarixli açıqlaması bu qurumun Böyük zəfəri “qabaqladığını”, 2020-ci ilin 10 noyabr sazişindən öncə işğaldan azad edilən ərazilərdəki mövcud ekoloji vəziyyətlə bağlı ilk qiymətləndirməni ictimaiyyətin diqqətinə çatdırdığını göstərir.

 

30 illik “mina əkini”nin ardınca torpağa basdırılan ilk fidanlar: “Hər kəsin siması onun əməlidir!”

 

Dövlətimizin ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində atdığı mühüm addımlardan biri də işğaldan azad edilən ərazilərdə bərpa işlərini böyük sürətlə, sistemli şəkildə həyata keçirməsi ilə bağlıdır.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə məhv edilən yaşıllıqların bərpası məqsədi ilə ilk ağacəkmə işlərinin həyata keçirilməsi Vətən müharibəsindən dərhal sonraya təsadüf edir. Belə ki, 10 noyabr 2020-ci il sazişindən, yəni Böyük zəfərin əldə edilməsindən cəmi bir gün sonra – 11 noyabr tarixində Qardaş Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində ağaclar əkilmiş, yaşıllaşdırma işləri aparılmışdır. (//az.trend.az/azerbaijan/society/3333082.html ). Sonrakı həftələrdə işğaldan azad edilən ərazilərdə ağac əkini davam etdirilmiş, yeni-yeni rayon və kəndləri əhatə etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 noyabr 2020-ci il tarixində verilən məlumata görə, Füzulidən sonra erməni işğalından azad edilən Zəngilan rayonu ərazisində də ağac əkini həyata keçirilmiş, bu prosesdə ekoloqlarla yanaşı Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları da yaxından iştirak etmişdilər. (//eco.gov.az/az/nazirlik/xeber?newsID=11647 )

Istər Füzulidə, istərsə də Zəngilanda həyata keçirilən ağacəkmə kampaniyalarının mühüm özəlliklərindən biri ağacların əkilməsi zamanı təbiətin ilkinliyi faktorunun nəzərə alınması ilə bağlıdır. Belə ki, hər iki rayonun ərazisində vaxtı ilə Şərq çinarı daha çox yayıldığ üçün ağac əkini zamanı məhz bu ağac növlərinə, o cümlədən palıd ağaclarına üstünlük verilmiş, təbiətin əzəli simasının bərpa edilməsi diqqət mərkəzində saxlanılmışdır.

30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən məhv edilən və yerində minalar basdırılan ərazilərin təkrar yaşıllaşdırılması, məhv edilən meşə örtüyünün bərpası istiqamətində müntəzəm addımların atılması Azərbaycan dövlətinin təbiətə, ekologiyaya necə böyük əhəmiyyət verdiyini göstərir. Ermənilərin sadəcə insanları deyil, həm də təbiəti hədəf seçən dağıdıcı siyasəti fonunda Azərbaycanın həyata keçirdiyi quruculuq prosesi, təbiətə yenidən həyat vermək, onun ilkin gözəlliyini bərpa etmək cəhdləri dövlətimizin necə böyük humanist ideyalara, ali bəşəri dəyərlərə malik olduğunu əks etdirir. Başqa sözlə desək, Ermənistanın törətdiyi ekoloji qətliyam fonunda Azərbaycanın həyata keçirdiyi ekoloji xilas missiyası “hər kəsin siması onun əməlidir” həqiqətini yada salır. 30 il müddətində insanlarla yanaşı, həm də təbiətə - torpağa, suya, ağaca, havaya qənim kəsilən Ermənistanın törətdiyi ekoloji cinayətlər erməni faşizminin insanlıqdan nə qədər uzaq, təbiətə nə qədər yad və düşmən olduğunu göstərir.

Işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən ekoloji layihələrin digər bir önəmi bu layihələrin bütün dünyaya örnək təşkil etməsidir. Azərbaycan Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə apardığı yaşıllaşdırma siyasəti, ekoloji mühitin yaxşılaşdırılması istiqamətindəki tədbirlərlə əməli surətdə ekologiyaya, təbiətin mühafizəsinə nə qədər böyük önəm verdiyini sübut etdi. Azərbaycan sübut etdi ki, onun ortaya qoyduğu “yaşıl strategiya” sakini olduğumuz dünyanın bugünü və gələcəyi baxımından həyati əhəmiyyətə malikdir. Təbiətlə dost olmaq, onun ayrılmaz parçası kimi yaşamaq və fəaliyyət göstərməyi ehtiva edən bu strategiya sağlam və təhlükəsiz sabahımız naminə hər kəs tərəfindən dəstəklənməli, praktiki surətdə təbiq edilməlidir. Dünyamız, onun sabahını təhdid edən ekoloji problemlərin həlli zərurəti bizdən məhz bunu tələb edir.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.17.istiqaməti üzrə (Ekologiya və ətraf mühitin mühafizəsi) hazırlanmışdır.

 

Link kopyalandı!
Son xəbərlər