Babək ömrünü Azərbaycanın
azadlığı uğrunda mübarizəyə həsr etmiş böyük sərkərdə və dahi şəxsiyyətdir. Babək
və xürrəmilər hərəkatı haqqında tarixdə müxtəlif fikirlər mövcuddur. Bunların əksəriyyəti
Azərbaycan tarixinə məqsədli və qərəzli yanaşmanın məhsuludur. Babək və xürrəmilər
hərəkatı haqqında iftira, böhtan, qeyri obyektiv və heç bir məntiqə sığmayan
yazılara inansaq onda bir sıra suallar ortaya çıxır ki, onlara cavab tapmaq
mümkün deyil. Ona görə ki, atəşpərəst əxlaqsız və əyyaşlıqla məşğul olan bir
ovuc atəşpərəst xürrəmilər və Babək necə oldu ki, bütün Azərbaycanı dünyanın ən
böyük imperiyasına qarşı mübarizəyə səfərbər edə bildi? Nə üçün dünyanın ən
qüdrətli dövləti olan Ərəb xilafəti xürrəmilər hərəkatını uzun müddət yatıra
bilmədi? O, zamanki dünyanın az qala yarısını fəth etmiş altı ərəb ordusuna bir
qrup atəşpərəst nəyin hesabına darmadağın edə bildi. İslamı əllərində bayraq edən
inanclı ərəb sərkərdələri dinsiz və atəşpərəst Babəkə niyə məğlub olurdular.
Xilafət sarayına xidmət edən
tarixçilərin kommunist ideologiyasına xidmət edən tarixçilərin və bir sıra
Avropa tarixçi və tədqiqatçılarının yazdıqları bu kimi çoxlu suallara cavab
vermir. Deməli xürrəmilər və Babəkin hansı amallar uğrunda mübarizə
apardıqlarını, nəyin uğrunda döyüşdüklərini başqa yerdə axtarmaq lazımdır.
Tarixi hadisələrə qərəzsiz obyektiv
yanaşaraq, sağlam məntiqə əsaslansaq bu sualların cavabını tapmaq mümkündür. Əlbəttə
bu tarixçilərin və tədqiqatçıların işidir. Çünki Azərbaycan tarixində bu cür
qaranlıq səhifələr çoxdur. Azərbaycan tarixinin qaranlıq səhifələrini tarixçilərimiz
araşdıraraq bu kimi məsələlərə aydınlıq gətirməlidirlər. Artıq müstəqil dövlətik,
bizə bu işdə mane olan diktə edən qüvvələr yoxdur. Tarixçilərimiz Azərbaycan
tarixinə qərəzli ədalətsiz və qeyri obyektiv yanaşmalara son qoymalı, öz sözlərini
deməlidirlər.
Mən bu məqalədə bir müəllim kimi Babək
və xürrəmilər hərəkatı haqqında öz fikirlərimi oxucularla bölüşmək istəyirəm.
İlk öncə xürrəmilər hərəkatının dünya tarixində oxşarı olmayan bir hərəkat
olduğunu qeyd etmək lazımdır. Buna oxşar bir hərəkat Şeyx Şamilin başçılıq
etdiyi müridizm hərəkatıdır ki, onlar da rus imperiyasina qarşı uzun müddət
mübarizə aparmışlar. Şeyx Şamil muridizmin rəhbəri olduqdan sonra bu hərəkat
necə geniş vüsət aldısa, Babək də xürrəmilərin rəhbəri olduqdan sonra bu hərəkat
geniş vüsət almışdır.
Allahı tanımayan pis əməllər sahibi
olan və şər qüvvələrə xidmət edən bir adam islamı əllərində bayraq edən inanclı
sərkərdələri və orduları necə məğlub edə bilərdi. Etnik mənsubiyyətindən asılı
olmayaraq bütün Azərbaycan əhalisi nə üçün bir atəşpərəst və dinsiz Babəkin ətrafında
sıx birləşmişdilər? Axı müsəlmanların atəşpərəst Babək ətrafında birləşərək
islamın əsasların məhv etmək üçün müsəlmanlarla qəti mübarizə aparmaları, müsəlman
ordularını məhv etmələri heç bir məntiqə sığmayan sərsəm bir ideya olduğu gün
kimi aydındır.
Deməli Babək atəşpərəst deyildir,
islamın əsasların məhv etmək uğrunda mübarizə aparmamışdır. Bəs onda Babək
kimdir, hansı amallar uğrunda mübarizə aparmışdır? Pak, müqəddəs amallar
uğrunda mübarizə aparmayan bir insan bütün xalqı öz ətrafında birləşdirə bilməzdi.
Azərbaycanın müsəlman əhalisinin Babək ətrafında birləşməsi aydındır (ərəb əsarətindən
qurtarmaq), bəs müsəlman ərəblərin Babək ordularında xilafətə qarşı döyüşmələrini
necə izah etmək olar? Müsəlmanın kafirlə birləşərək bir səngərdə müsəlmana
qarşı döyüşməsi o dövrdə mümkün deyildir.
Aydın olur ki Babək pak və müqəddəs
amallar uğrunda mübarizə aparırdı. Məhz buna görə də etnik mənsubiyyətindən
asılı olmayaraq bütün əhalini öz ətrafında birləşdirə bilmişdir. Yalnız ürəyində
tanrı sevgisi və islam imanı olan, tanrı həqiqətlərini əldə bayraq edən bir
insan bu qədər böyük işlər görə bilərdi. Babək və xürrəmiləri nüfuzdan
salmaq onlara qarşı nifrət oyatmaq üçün xilafətə xidmət edən tarixçilərin
yazdıqları əsərlərin mahiyyəti buradan aydın görünür. Sovet tarixçilərinə gəlincə
kommunist ideologiyasına xidmət edən bu alimlərin Babəki az qala kommunist etmələrinin
səbəbi də aydındır. Babəkin dinə qarşı islam dininin əsaslarını məhv etmək
uğrunda mübarizə apardığını sübut etmək üçün onu atəşpərəst, allahsız etmək lazım idi. İstər qədim yazılı mənbələr, istərsədə
sonrakı dövrdə yazılanların hamısı imperiya siyasətinə xidmət etdiyi üçün qərəzli
və qeyri obyektivdirlər. Axı 1918-1920-ci illər AXC dövrünü, 1988-1991-ci illər
xalq azadlıq hərəkatının imperiya rəhbərliyi və onlara xidmət edən mətbuat tərəfindən
necə damğalandırıldığını biz yaxşı bilirik. Bütün xalqı bir qrup ekstremis
narkoman və seperatist adlandırırdılar.
Babək və xürrəmilər hərəkatının
kökünü və ideya siyasi yönümünü öyrənmək üçün Ərəb xilafətində baş verən hadisələrə
nəzər salaq.
Məhəmməd peyğəmbərin ölümündən sonra
imamlığın dini mahiyyət daşıdığını əsas tutan Əli tərəfdarları ilə xəlifənin
qureyşilərdən seçilməsini irəli sürənlər arasında mübarizə başlandı. Beləliklə
islam dinində iki təriqət meydana gəldi. 657-ci ildə xəlifə Əli ilə Şam valisi
Müaviyyə arasında Siffin yaxınlığında döyüş baş verdi. Əli yeni qanlar tökülməsini
istəmədiyi üçün üstün olsa da güzəştə getdi. Buna etiraz edən 12 min Əli tərəfdarları
ondan ayrıldı. Onları xaricilər yəni çıxıb gedənlər (xaric olanlar)
adlandırdılar. Xaricilər özlərini islamın saflığı uğrunda mübarizlər
adlandıraraq həm xəlifənin yalnız qureyşilərdən seçilməsini iddia edən sünnilərə
həm də hakimiyyətin irsən keçməsini və imamlığın dini mahiyyət daşımasını iddia
edən şiyələrə qarşı çıxırdılar. Xəlifənin bütün müsəlmanlardan seçilməsini tələb
edir, onun kimlərdən olmasına əhəmiyyət vermirdilər.
661-ci ildə hakimiyyət Əməvilərin əlinə
keçdikdən sonra təriqətlər arası mübarizə kəskinləşdi. I Yəzidin dövründə (680
-683) Kərbəla müsibəti baş verdi. Əli tərəfdarlarının təqib olunması onların
imperiyanın ucqarlarına getməsinə və şiyəliyin
geniş ərazilərə yayılmasına səbəb oldu. Onlar ucqarlarda elmlə məşğul olur öz təbliğatların
aparırdılar.
Digər tərəfdən İslamı əllərində
bayraq edən Əməvilərin apardığı işğalçılıq və soyğunçuluq siyasəti, artıq
islami dəyərlərin tapdalanmasına səbəb olurdu. Bu da öz növbəsində narazılığın
artmasına və yeni təriqətlərin yaranmasına gətirib çıxarırdı. Onların yeritdiyi
vergi siyasəti nəinki sadə xalq kütlələrini həm də feodalları var yoxdan
çıxarırdı. Feodalların imtiyazlarının alınması və onların sıxışdırılması, Əməvilərin
köçürmə siyasəti Azərbaycanda vəziyyətin daha da ağırlaşmasına səbəb olmuşdur.
Məhz buna görə də 740-750-ci illərdə xilafəti üsyanlar dalğası bürüdü. Əməvilərə
qarşı yalnız peyğəmbər nəslinə mənsub Ələvilər və Abbasilər deyil bütün müxalif
qüvvələr o, cümlədən xaricilər də çıxış edirdilər. 747-ci ildə Əbu Müslim Xorasaninin
Mərvdə başladığı üsyan bütün xilafəti bürüdü. 750-ci ildə xəlifə II Mərvan
öldürüldü və hakimiyyət Abbasilərin əlinə keçdi. I Abbas (750-754) xilafətdə
baş verən bütün üsyanları yatırdı.
Peyğəmbər nəslindən olan Abbasilərlə
Ələvilər arasında dini ideoloji mübarizə kəskinləşdi. Xəlifə Əli Mənsurun
dövründə (754-775) əli nəslinin nümayəndələri açıq-aşkar təqib edilir və hətta
edam etdirilirdi. Xəlifə Əl-Mehdinin hakimiyyətə gəlməsi ilə (775-785) vəziyyət
daha da gərginləşdi. Belə ki o,hakimiyyətin Əli övladlarına deyil peyğəmbərin əmisi
Abbasın nəslinə keçməsinin qanuniliyini irəli sürərək özlərinin birbaşa qanuni
varis olduqlarını sübut etməyə çalışması siyasi vəziyyəti son həddə çatdırdı. Əl-Mehdi
bütün siyasi rəqiblərini zındıq (dönük) adlandıraraq onların təqib edilmələri
üçün xüsusi vəzifə təsis etdi.
Rəsmi ideologiya olan sünniliyə
qarşı mübarizədə şiə (qrup, partiya) hərəkatı daha geniş vüsət almağa başladı.
Bu zəmində bir sıra təriqətlər yarandı. Şiə dini ”“siyasi sistem formalaşmağa
başladı. Abbasiləri devirmək üçün bütün müxalif qüvvələr birləşməyə başladılar.
İdeya baxımdan yaxın olan bu təriqətləri müsəlman müəllifləri bir ”“ birinə
qarışdırır onları gah xürrəmi gah da məzdəki adlandırır, bəzi hallarda isə
ifrat şiə təriqətinə aid edirdilər. Əl-Bağdadi islam dövrü xürrəmiləri ümumi
adları müxəmmirə (qırmızı geyimlilər ) olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirirdi. Əş-Şəhrəstani
ifrat şiəçi kimi xarakterizə etdiyi bu təriqətlərin müxtəlif yerlərdə fərqli
tanındıqlarını yazmışdır. İ. P. Petruşovskinin fikrincə burada söhbət yaxın
idiologiyası və sosial proqramı olan qohum təriqətlər qrupundan gedir.
Xürrəmiləri və xürrəm dinləri ifrat
şiə təriqətləri kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin
ardıcıllarını batinilər-ismaillilər imam Cəfə Sadiqin oğlu İsmayılın
ardıcılları təriqətinə aid edənlər də var.
Məhşur filosof Əbu Həmid Gəzalı batinilərin səkkiz ləqəbi içərisində
ismaillilərlə yanaşı xürrəmiləri və babəkiləri də sadalayır. Batinilər Quranda
və hədislərdə bütün aşkar görünənlərin gizli
(batini) mənasının dərk edənlərdir.
Yuxarıda qeyd edilənlərdən aydın
olur ki, mənbələrdə bu təriqət üzvüləri heç bir yerdə kafir adlandırılmır. Deməli
xürrəmilər şiə təriqətli müsəlmanlar idilər.Xilafətin
yeritdiyi qəsbkarlıq və soyğunçuluq siyasəti onları İslam dininin müqəddəs
amallarından uzaqlaşmalarına səbəb olmuşdur. Belə ki, İslam ən humanist,
ədalətli, obyektiv, qardaşlıq, bərabərlik və paylaşmaq dini kimi meydana gəlib
möhkəmlənmişdir. İlk xəlifələr dövründə bu belə də olmuşdur. Məhz ona görə
də ilk dövrlərdə islam dini sürətlə yayılır bütöv şəhərlər xilafətə təslim
olurdular. Sonrakı dövrlərdə xilafətin yeritdiyi siyasət xalqın var-yoxdan
çıxmasına səbəb olmuşdur. Bundan istifadə edən şiələr bütün haqsızlıqların
səbəbini hakim təbəqədə və hakim ideologiyada ”“ sünnilikdə görür, geniş
təbliğat aparırdılar. Bununla da bütün narazı qüvvələri öz ətraflarına
toplamağa başladılar. Yadımıza salaq ki, Azərbaycan Səfəvi dövləti də bu
təbliğatın nəticəsində meydana gəlmişdir. Deməli qızılbaşlarla xürrəmiləri
birləşdirən ideologiya məhz şiəlikdir. Babək hansı ideologiya ətrafında bütün
Azərbaycanı öz ətrafında birləşdirə bilmişdirsə Şah İsmayıl Xətai də eyni yolla
xalqı öz ətrafında birləşdirə bilmişdir. Xürrəmilər qırmızı geyinir və qırmızı
bayraq qaldırırdılar, qızılbaşlar isə başlarına 12qırmızı zolaqlı çalma
qoyurdular. Bu kimi simvollar təsadüfən seçilmirlər, köklü əsasları olur.
Xilafət dövrünün tarixçiləri
xürrəmiləri nüfuzdan salmaq üçün onlar haqqında iftira, böhtan yazdıqları kimi,
o dövrün osmanlı tarixçiləri də qızılbaşlar haqqında iftira, böhtan yazırdılar.
Deməli xürrəmilər hərəkatı ilə qızılbaşlar hərəkatı ideya-siyasi baxımdan bir
”“birinə çox yaxındır.
İndi isə İslam dininin Azərbaycanda
yayılıb möhkəmlənməsinə nəzər salaq. Biz islamın ədalətli, humanist, qardaşlıq,
bərabərlik və paylaşmaq dini olduğunu bilirik. Bunun nəticəsi idi ki, ərəblər
bir sıra ölkələri və şəhərləri asanlıqla özlərinə tabe edə bilirdilər. İlk
dövrlərdə ərəblər əhalinin canına, malına, adət-ənənələrinə, dininə toxunmur,
az miqdarda vergi alır və tabe olmalarını tələb edirdilər. Sasani zülmündən
cana doymuş əhali ərəblərə ciddi müqavimət göstərmir, islamı qəbul etməyə
başlayırdılar. Ərəblərin islamı qəbul edənləri can vergisindən azad etmələri
onlara bəzi üstünlüklər vermələri bu dinin sürətlə yayılmasına səbəb olurdu.
Sənətkarlar, tacirlər və kəndlilər vergilərdən xilas olmaq, yerli
feodallar öz imtiyazlarını və mülklərini
qoruyub saxlamaq üçün İslamı həvəslə qəbul edirdilər. Azərbaycanda İslam dininin
yayılmasının əsas səbəbi, vahid allaha inam burada yaşayan türk tayfalarının
qədim dini olan tanrıçılıqla yaxınlıq təşkil etməsi olmuşdur. Allah qarşısında bütün müsəlmanların
bərabərliyini bildirən yeni ideologiya Azərbaycan əhalisi arasında sürətlə
yayılırdı. Bəzi tarixçilər Cənubi Azərbaycan əhalisinin artıq xəlifə Əlinin
dövründə islamı qəbul edərək, Quran oxuduqlarını bildirirdilər. Artıq VII-VIII əsrlərdə Azərbaycanda İslam
dini hökmran mövqe tuturdu. Azərbaycanın hər yerində kiçik və böyük məscidlər
tikilirdi. İlk məscid Ərdəbildə xəlifə Əlinin vaxtında tikilmişdir. Azərbaycan
əhalisi İslam dininə sidq ürəklə inanaraq onu qəbul etmişlər.
Əgər Sovet və Avropa tarixçilərinə
inanıb xürrəmiləri atəşpərəst kimi qəbul etsək belə onda xürrəmilərin
kiçik atəşpərəst icması olduğu aydın
görünür. Çünki Azərbaycan əhalisi artıq müsəlman idi. Beləliklə kiçik bir
atəşpərəst icmasının bütün Azərbaycanı ayağa qaldırması heç bir məntiqə sığmır.
O dövrdə müsəlmanların atəşpərəstlərlə birləşərək müsəlmanlara qarşı
vuruşmaları tamamilə cəfəngiyatdır. Digər tərəfdən xürrəmi icmasına
rəhbərlik etmək üçün ərəb feodalı müsəlman Əbu İmranla Azərbaycan türkü
atəşpərəst Cavidanın mübarizə aparmaları heç ağlabatan deyil. Çünki ərəblərdə
bütpərəstlik olub, atəşpərəstlik olmayıb. Üstəlik IX əsrdə ərəblərin hamısı
artıq çoxdan müsəlman idilər. Başqa bir misal xürrəmilər hərəkatında on
minlərlə ərəbin iştirak etməsini, Babəkin sərkərdələrindən Əsrəkin ərəb
olmasını necə başa düşək ? Deməli
xürrəmilər atəşpərəst icması deyil, şiə təriqətli müsəlman icması idi. Çox
təəssüflər olsun ki, tarixçilər hər şeyibu sözün mənşəyində axtararaq sağlam
məntiqi bir kənara atmışlar.
Azərbaycanda yaşayan bütün
müsəlmanlar birləşərək islamı əllərində bayraq edərək soyğunçuluq siyasəti
yerindən Abbasilərə qarşı ayağa qalxmışlar. Onlar bütün haqsızlıqları,
ədalətsizlikləri mövcud hakimiyyətdə görür, xalqı inandırırdılar ki, hakimiyyətə şiələr gələrsə haqq ədalət bərpa
olunacaqdır. Onunla belə hakimiyyətin irsən keçməsini tələb etməklə yerlərdə öz
imtiyazlarını qoruyub saxlamaq istəyən yerli və ərəb feodallarını da öz
tərəflərinə keçirtmişdilər. Cənub tayfalarına arxalanan Abbasilər Azərbaycanda
möhkəmlənmiş şimal tayfalarının mülklərini alaraq cənub tayfalarına verirdilər.
Bu da Azərbaycanda yerləşmiş ərəblərin xürrəmilərə qoşulmasına səbəb olan
amillərdən biri idi.
Əli nəslindən olanların Abbasilər
tərəfindən təqib olunması onların imperiyanın ucqarlarına köçməsinə səbəb
olmuşdur. Onlar gəldikləri yerlərdə İslamın elmi təməllərini geniş təbliğ
edirdilər. Maraqlıdır ki, Kərbəla faciəsini çıxsaq imamlar heç vaxt mövcud
hakimiyyətə qarşı silahlı müqavimət göstərməmiş, yalnız islamın ilahi
mahiyyətini elm səviyyəsində müsəlmanlara anlatmaqla, kitablar yazmaqla məşğul
olmuşlar. Geniş xalq kütlələri onların fikirləri ilə tanış olub qəbul etdikdən
sonra haqqı və nahaqqı dərk edir, həqiqi İslam düşüncəsi yolunda mübarizəyə
qoşulurdular. Abbasi saray
əyyanlarının həmçinin yerlərdəki məmurların özbaşınalığı xalqı qarət etməsi və
bu əməlləri din adı altında görməsi xalqda qəzəb dalğası yaratmaya bilməzdi.
Nəzərə almaq lazımdır ki, xilafətdə hakim təbəqənin məhz sünni məzhəbindən
olması baş verən üsyanların şiə yönlü olmasına gətirib çıxarmışdır. Yuxarıda
göstərilənlərdən aydın olur ki, Azərbaycanda fasilələrlə 60- ildən çox davam
edən xürrəmilər hərəkatı islamın əsaslarını məhv etməyə yönəlməmiş, əksinə
islamın saflığı uğrunda mövcud rejimə- sünniliyə qarşı yönəlmişdir.
İndi isə Babəkin xürrəmilər
hərəkatına rəhbər olduqdan sonra xürrəmilərin xilafəti lərzəyə salmasına
diqqət yetirək. Babək kim idi ki, onun
vaxtında bu hərəkat tarixdə analoqu olmayan bir hərəkata çevrildi. Hər şeydən
əvvəl Babək müsəlman ailəsində doğulmuş Azərbaycan türküdür. Onun əsl adı
Həsən, atasının adı Abdullah, anasının adı Bərumənd olmuşdur. Qardaşlarının adı
Abdullah və Müaviyyə idi. Babəkin valideynləri əgər müsəlman deyildirsə niyə öz
uşaqlarına Hz.Əlinin böyük oğlu imam Həsənin adını vermişlər? Deməli onlar
müsəlman idilər. Babək sözünün mənası nədir ki, Həsən özünü Babək
adlandırmışdır. Babək adının müxtəlif yozumları içində Bab-qapı- vasitəçi sözü
ilə bağlı olması daha inandırıcıdır. Sonrakı dönəmdə də bu addan istifadə
edilmişdir. Babilər hərəkatının rəhbəri Seyid Əli Məhəmməd 1844-cü ildə özünü
Bab adlandıraraq dindarlar tərəfindən zühuru gözlənilən Mehdinin fikir və
istəklərini xalqa çatdıracaq vasitəçi elan etmişdir. Deməli Babək bu adı qəbul
etməklə özünü Tanrı həqiqətlərini xalqa çatdıran vasitəçi elan etmişdir.
Mənbələrdə də Babəkin adının Bab yaxud Baban şəklində çəkilməsinə tez-tez rast
gəlinir. Xürrəmilər hərəkatının Babəkin dövründə belə vüsət almasının əsl
səbəbi də məhz bu olmuşdur. Babək öz ideyalarını yaymaq üçün hər tərəfə
təbliğatçılar göndərir. Bunun nəticəsi
idi ki, xürrəmilər hərəkatı böyüyərək tarixdə görünməmiş xalq azadlıq hərəkatına
çevrilir. Deməli müqəddəs amallar uğrunda mübarizə apardığı üçün etnik
mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlar onun ətrafında sıx
birləşmişdilər.
Babək Abbasilər sarayının islam dini
adı altında yürütdüyü siyasəti və ideoloji xətti qəbul etməyərək şiəliyi Tanrı
həqiqətlərinə daha uyğun hesab etmişdir. O, islamın elmi əsaslarını
gizlin-batini tərəflərini peyğəmbər nəslinin nümayəndələrindən təqib və
təzyiqlərdən qurtulmaq üçün Azərbaycana pənah gətirmiş elmli-zəkalı insanlardan
öyrənə bilmişdir. İslam həqiqətlərinin öyrənilməsində o dövrün çox bilikli
adamı olan imam Rzanın xəlifə Məmun tərəfindən (813-833) zorla Xorasana
gətirilməsinin də böyük təsiri olmuşdur.
Yuxarıda göstərilənlərə əsasən
əminliklə demək olar ki, Babək adlı
tarixi şəxsiyyətimiz heç vaxt nə kafir, nə dinsiz, nə də qeyri türk
olmamışdır. İslam dininin Abbasilərdən
fərqli məzhəbinə inanmışdır. Bu islami düşüncə tərzinin həm batiniliklə, həm
şiəliklə, həm sonrakı dövr hürufiliklə, həm də qızılbaş inanc sistemi ilə əlaqəsi
olmuşdur. Bütün bunlar əks qüvvələrin müxtəlif dövrlərdə bu inanclara qarşı
eyni mövqedə durmalarına və eyni sözlərlə damğalamalarına səbəb olmuşdur.
Təəssüflər olsun ki, bu gün də bəzi
ziyalılarımız düşmənlərimizin Babək və xürrəmilər haqqında yazdıqları iftira və
böhtanlara inanırlar. Artıq biz 20 ildir
ki, müstəqil dövlətik, öz tariximizi obyektiv yazmağa bizə heç kim mane olmur.
Heç kim heç nə diktə etmir. Bircə qalır köhnə metodologiyadan, stereo tiplərdən,
köhnə düşüncə tərzindən qurtulmaq və tariximizə obyektiv və sağlam məntiqlə
yanaşmaq.
Bu işdə allah tədqiqatçılarımıza və
tarixçilərimizə yar olsun.
311
saylı orta məktəbin tarix müəllimi
Nəcəfalı
Cahangirli.