“Laçındakı Qaragöl 1970-80-ci illərədək bütövlükdə Azərbaycanın olub...”-ARAŞDIRMA
Araşdırma
15677
12 May 2021 | 19:29

“Laçındakı Qaragöl 1970-80-ci illərədək bütövlükdə Azərbaycanın olub...”-ARAŞDIRMA

“Rusiya imperiyasının 1903-cü ildə tərtib edilmiş xəritəsində bu göl məhz türkmənşəli Qaragöl adı ilə qeyd edilmişdir...”
 
Bu gün səhər saatlarından qəsbkar Ermənistan saytları Azərbaycan ordusunun Zəngəzurdakı İşıqlı dağ - Qaragöl ərazisində 3 km irəliləməsi və Qaragölün 30 faizini nəzarətə götürməsi haqda hay-küy qaldırıb. Guya Ermənistandakı Rusiya hərbçilərinin də məsələyə qarışaraq Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilir. Ermənilər iddia edirlər ki, guya Laçının işğalından öncə də Qaragölün hamısı onlara məxsus olub. Bəs əsl həqiqət necədir?
 
Bu barədə məlumatı olmayan oxucularımızda aydın təsəvvür yaranması üçün 2015-ci ildə bəhs edilən mövzuda  “Həftə içi” qəzetində təqdim etdiyim araşdırmanı təkrar Moderator.az-da təqdim etməyi qərara aldım.
 
“Qarabağ işğal olunandan bəri Azərbaycanın bir sıra dövlət qoruq və yasaqlıqları da düşmən nəzarətinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, hazırda Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri amansızlıqla talan edilir. Bu yazımızda zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Laçın rayonunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğundan və onun ən qiymətli incisi olan Qaragöldən bəhs edəcəyik.
1987-ci il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmış bu qoruqda bu gün ətraf mühitə vurulan ziyanın məbləği ölçüyəgəlməz dərəcədədir. Qaragöl respublikalararası Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə, İşıqlı Qaragöl adlanan su hövzəsinin ətrafında yerləşir. İsveçrə gölləri ilə müqayisə oluna biləcək İşıqlı Qaragöl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda, Böyük İşıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağ, şərqdən isə alçaq moren tirəsi (buzlaqların təsirindən yaranmış relyef forması) ilə əhatə olunmuşdur. Qoruğun ümumi sahəsi 240 hektardır. Bura 176 ha İşıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3 olub.
 
7 relikt göldən biri…
Qeyd edək ki, işğal altındakı ərazilərimizdə Qaragöl adında 3 göl vardır. Onlardan biri Laçın, digəri Ağdərə rayonunda yerləşir və sadəcə, Qaragöl adlanır. Bəhs etdiyimiz göl isə rəsmi dövlət xəritələrində İşıqlı Qaragöl adlanır. Bu göl sönmuş vulkan kraterini xatırladan relikt (çəkilmiş dənizdən sonra qalan, yaxud yer qabığındakı tektonik hərəkətlər nəticəsində yaranmış, kənardan qidalanması olmayan) su mənbəyidir. Və sözügedən Azərbaycan torpaqlarındakı 7 relikt göldən biridir. Laçındakı İşıqlı Qaragöl xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi. Sovet dövründə göldə qızıl balıq adlanan çox dadlı farel balıqları bəslənilirdi.
 
Peyğəmbərin ürək ağrılarını aradan götürən otun bitdiyi hövzə…
 
Erməni işğalı və onun nəticələri ilə bağlı geniş tədqiqatlar aparan tədqiqatçı-politoloq, professor Rövşən Novruzoğlu “Qarabağ:”Eçmiədzin”in məxfi qrifi altında”adlı kitabında İşıqlı Qaragöldən də bəhs edir. Professorun yazır: “Qaragölə heç bir yerdən su axını olmadığından və suyu çox təmiz və şəffaf olduğundan, xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı”. R.Novruzoğlu qeyd edir ki, İşıqlı Qaragölün şəffaflığı işğaldan öncə 4,6 metr olub. “Hazırda gölə radioaktiv maddələr atıldığından, suyun təmiz tərkibi və rəngi dəyişib”. “Qoruqda 102 bitki növü olub. Bu bitkilərdən 25-nin adı Şərqin böyük filosofu Bəhmənyarın tərtib etdiyi “Qədim İslamın şəfa kitabındakı bitkilər” cərgəsindədir. Həzrəti Peyğəmbərin(ə) ürək ağrılarını aradan götürən “Ələf” adlı şəfa çiçəyi məhz burada Canqurtaran ziyarətgahında bitirdi….
 
 
Qaragöl qoruğu məhv olmaq üzrədir!..
 
Qoruq indi ermənilər tərəfindən amansızlıqla talan edilməkdədir. Qaragöl və onun əhatəsindəki ərazilərin tamamilə məhv olmaq təhlükəsi yaranıb. Burada ermənilər tərəfindən fasiləsiz ovlandığı üçün heyvan və quşların sayı xeyli azalıb, bir çox növlər tamam məhv edilib. Rusiya mənbələri də qoruq ərazisindəki ekoloji vəziyyətin çox aşağı olduğunu xəbər verir. Xüsusən ermənilərin mütəmadi olaraq mal-qara, qoyun sürüləri otarması təbiətin harmoniyasını pozur. Su mənbələrindən həddindən çox istifadə edilməsi də öz mənfi təsirini göstərir.
 
 
Qaragölün işğalı sovet dövründən başlanıb…
 
İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Rusiya imperiyasının 1903-cü ildə tərtib edilmiş xəritəsində bu göl məhz türkmənşəli Qaragöl adı ilə qeyd edilmişdir. Lakin mənfur qonşularımız olan ermənilər minbir hiylə və təzyiqlərlə onu ələ keçirmişlər. Bu günədək gölün Ermnistanın nəzarətinə verilməsi barədə müxtəlif “əfsanələr” dolaşır. Təəssüf ki, bu barədə sənədllər demək olar ki, yoxdur. 1970-1980-cı illərdə Laçında bu prosesə qarşı inadlı mübarizə aparan ziyalılar da olub… 
 
“Muradxan Cabbarovun Qaragölün verilməsində heç bir rolu olmayıb...”
 
Laçının tanınmış ağsaqqallarından olan, 1970-ci illərdən bəri rayon mərkəzində rəhbər vəzifələrdə çalışmış Qəzənfər Hüseynov bunları xatırlayır: “Əvvəllər Qaragöl bütövlükdə Azərbaycanın olub. Amma sovet dövründə göl və ətrafda olan yaylaq torpaqları Laçın rayonu inzibati ərazisinə daxil deyildi, dövlətin yaylaq torpaq fonduna daxil idi. Həmin dövrdə mətbuatda yazırdılar ki, guya hələ 1960-cı illərdə respublika rəhbəri olmuş Vəli Axundov Ermənistan Elmlər Akademiyasında doktorluq müdafiə edəndə Qaragölün verilməsi haqqında hansısa sənədə imza edibdir. Amma bunlara inanmaq olmur. Bütün hallarda ermənilər inadından əl çəkməmiş və nəhayət, istədiklərinə nail olmuşlar. 1983-cü ildə Ermənistan SSR-nin təkidli xahişi ilə, SSRİ Nazirlər Soveti iki respublika arasında olan mübahisəli ərazilər barədə müzakirə aparmiş, bəzi yerlərin Ermənistandan Azərbaycana, digər yerlərin isə bizdən onlara verilməsi haqqında qərar qəbul etmişdi. 1983-cü ildə də “Qara göl”ün də ⅔ hissəsi Ermənistana verildi. Bu torpaq mübadiləsi onunla nəticələndi ki, ermənilər onlara düşən payı aldılar, bizə düşən pay isə verilmədi. Onu da qeyd edim ki, bəzi laçınlılar Qara gölün ermənilərə verilməsində Muradxan Cabbarovu da haqsız yerə günahlandırırlar. Birincisi, Qaragöl ermənilərə veriləndə Cabbarov artıq 4 il idi ki, Laçında çalışmırdı, ikincisi də bu, rayon hakimiyyəti səviyyəsində həll ediləcək məsələ deyildi. Torpaq mübadiləsi sovet vaxtı müttəfiq respublikaların Nazirlər Sovetinin razılıq qərarı ilə SSRİ Nazirlər Soveti tərəfindən həll edilirdi.
 
Moskva Qaragölü 1970-1974-cü illərdə ermənilərə vermişdi…
Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtkin və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupun üzvü, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Qaragölün keçmişi və hazırkı durumu barədə bunları söylədi: “1970-1974-cü illərdə ermənilər Laçının Güləbird, Cicimli,Malıbəy, Qarıqışlaq və digər kəndlərin pay torpaqlarını, eləcə də Qaragöl yaylağının böyük bir hissəsini indiki Ermənistan ərazisinə qatmağa nail oldular. Moskvanı bu qərarı əleyhinə çıxan Qarıqışlaq kəndinin bölgədə tanınmış ziyalıları Çingiz Mehrəliyev və İbiş Əsgərovun mərkəzi hökumətlə illərlə sürən yazışmalaraına, mübarizələrinə və kəskin etirazlarına baxmayaraq ermənilərə bağışlanmış gölü qaytarmaq mümkün olmadı. Tədqiqatçılar üçün problem ondadır ki, sovet dövründə ermənilərə verilmiş digər bölgələrdəki ərazilər kimi, Qaragölün də Ermənistana verilməsi barədə arxivlərdə heç bir rəsmi sənəd yoxdur. O zaman Partiya Komitəsində qərar qəbul edilirdi və sərhədlər dəyişdirilirdi. Heç bir rəsmi açıqlama olmurdu”.
 
1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağa düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa, onların fəaliyyətlərini məhdudlaşdırırdı
 
Faiq İsmayılovun verdiyi məlumata görə, 1992-1993-cü illərin işğalından sonra, ermənilər qoruq ərazisində heyvandarlıq fermaları inşa etmiş, göldə balıq təsərrüfatı yaratmışlar. Bu isə gölün çirklənməsinə və suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Onu da xatırladaq ki, tarixən Qarabağ və Laçın dəhlizi uğrunda gedən savaşlarda Qaragöl strateji nöqtə kimi daim diqqət mərkəzində olmuşdur.
 
1918-ci ildə Qaragöldə 600-dək erməni qulduru öldürülmüşdür...
 
Faiq İsmayılov qeyd edir ki, 1918-ci ildə el qəhrəmanı Sultan bəy Azərbaycan Xalq Cümhuriyyətinin məşhur Zəngəzur Hərbi Ekspedisiyasına daxil olan Cavad bəy Şıxlinskinin (Əliağa Şıxlinskinin qardaşı oğlu) başçılıq etdiyi ordu hissələri ilə birlikdə Qaragöl və Qarıqışlaq kəndi ətrafında Laçından Qarabağa dəhliz açmaq istəyən erməni quldur dəstələrinə qarşı amansız müdafiə və hücum döyüşləri aparmışlar. Həmin döyüşlər zamanı 600-dək erməni yaraqlısı məhv edilmişdir. Bu vuruşma tarixdə Qaragöl döyüşü adı altında qalmışdır.
 
1987-1988-ci illərdən bəri erməni təcavüzünə qarşı ictimai və silahlı mübarizənin fəal iştirakçısı, keçmiş Laçın özünümüdafiə alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Qaragölün 1991-1992-ci illərdə, Laçın işğal eidlənədək tam şəkildə Azərabaycan ordusunun nəzarətində olduğunu bildirdi: “Laçın alayı Laçın polisi ilə birlikdə rayonun Ermənistanla sərhəddi boyu bütün ərazilərdə postlar qurmuşdu. Qaragöl ətrafındakı yüksəkliklər bizim əlimizdə olduğundan o dövrd ermənilər gölə yaxınlşamağa cürət etmirdilər. O zaman biz Qaragöl ətrafından hücuma keçib Gorusu ələ keçirməyi planlaşdırırdıq ki, bununla bütün mübahisələrə son qoyulsun. Təəssüf ki, torpaq uğrunda deyil, hakimiyyət uğrunda mübarizə aparan məlum qüvvələr buna imkan vermədi…
 
Qaragölün sovet dövründə ermənilərə verilməsinə gəldikdə o dövrdə İbiş Əsgərov, Çingiz Mehrəliyev kimi ziyalılar buna qarşı kifayət qədər mübarizə aparmışdılar. Qeyd edim ki, 1960-1980-ci illərdə də rayon rəhbərləri də ermənilərin planlarına qarşı bacardıqları qədər müqavimət göstəriblər. Amma təbii ki, hər şeyi Kremlin həll etdiyi bir dönəmdə bunun qarşısını almaq mümkün olmazdı. Rəhmətlik Muradxan Cabbarov, Xanlar Məmmədov, Umud Allahverdiyev kommunist idilərsə də, el təəssübü çəkən kişilər olublar. Onları Qaragölün verilməsində günahlandırmaq qətiyyən doğru deyil. Yadımdadır ki, Kamal Cabbarov, Tofiq müəllim kimi ziyalılar biz gənclər və döyüşçülər arasında Qaragöl barədə vaxtaşırı söhbətlər aparırdılar. Onların təşəbbüsü ilə əraziyə ekskursiyalar təşkil edilirdi…”.
 
Professor Rövşən Novruzoğlunun araşdırmalarına görə, Qaragölün ətrafında – çimal-şərq istiqamətində yerləşən “Məhəmməd övladları”ziyarətgahı olub. Bu ziyarətgah IX əsrdə Seyid Pirallah tərəfindən tikilib. Təəssüf ki, erməni vandalları İslam tarixinin bu gözəl nümunəsini də yerlə-yeksan ediblər…
 
Çıxış yolu torpaqlarımızı azad etməkdədir…
Qarataleli Qaragöl haqqında bu kiçik yazı Azərbaycan torpağının xeyli vaxtdır, KİV-də xatırlanmayan bu gözəl və dəyəri bilinməyən parçasının unutdurulmaması məqsədi daşıyır. Dəyərli oxucular arasında bu təbiət incisinin bugünü və keçmişi barədə detallı məlumatları olanlar varsa, bizə müraciət edə bilərlər. Amma onu xatırladaq ki, bütün dərdlərimizin çarəsi bir-birimizi günahlandırmaqda yox, bütün potensialımızı toplayıb, torpaqlarımızı, o cümlədən Qaragölü azad etməkdədir…”
 
Yaxın müddətdə bu mövzuda başqa materiallar da təqdim etməyə çalışacağıq.
 
Sultan Laçın 
  
 
Link kopyalandı!
Son xəbərlər