“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”
12463
30 Nov 2020 | 21:20

“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”

Kəlbəcər işğaldan azad olunduqdan sonra işğalçı Ermənistanla sərhəddə yaxın ərazidə yerləşən Söyüdlü(Zod) qızıl yatağı məsələsi yenidən aktuallaşıb. İlk günlər bu mövzuda  Azərbaycan və erməni hərbçiləri arasında mübahisələr yaranıb. Lakin Azərbaycan Respublikasının müvafiq hökumət qurumları qızıl yatağı ilə bağlı araşdırmalara başladığını bəyan edib. İnşallah, yaxın müddətdə məsələ ədalətlə, yəni Azərbaycanın xeyrinə olaraq tam həllini tapar... 

Moderator.az da bəhs edilən mövzuda özəl araşdırmalara başlayıb.
 
Atası Talıb Musayev 1920-1930-cu illərdən bəri Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında, Basarkeçərdə müxtəlif vəzifələrdə çalışmış, Ermənistan SSR Ali Sovetinin sədr müavini postunadək yüksəlmiş sabiq deputat Maksim Musayev bu araşdırmamızda bizə böyük dəstək verdi. O, mərhum atasının öz xatirələrindən də danışdığı “Ermənilər və faciələrimiz” adlı kitabında əsas hissəsi Kəlbəcər ərazisinə düşən Zod qızıl yatağının aşkar edilməsi, istismarı və s. haqda geniş məlumat olduğunu qeyd edərək həmin materialı bizə təqdim edib.

Aktuallığını nəzərə alaraq sözügedən kitabdan bəhs olunan parçaları qısa ixtisarla nəzərinizə çatdırırıq: 


“...XX əsrin əvvəllərində yeni qurulan əslində Rusiya imperiyasının varisi qədim diyarımız Göyçənin sinəsinə daha bir qılınc çəkdi. Zod qızıl mədənini yarıya bölüb qərb hissəsinin ermənilər bəxş etdi. Elə indiki kimi o vaxt da xalqımızın haqlı etirazlarına məhəpl qoyan olmadı. O dövrdə biz bilməsək də, rus və erməni geoloqların  burada qızıl mədənlərinin olması barədə məlumatları vardı. Hələ VII-VIII əsrlərdə oğuzlar həmin mədənlərdən qızıl çıxarmışlar...

Yaxşı yadımdadır 1950-ci il sentyabrın sonları idi. O vaxt mən Basarkeçər partiya komitəsinin 1-ci katibi idim.  Gecə saat 2 radələrində  tanımadığım Sahakyan familiyalı bir erməni zəng vurub Tiflisdəki Zaqafqaziya axtarış briqadasından olduğunu bildirdi və ciddi-cəhdlə xahiş etdi ki, onları qəbul edim. Mən onları yalnız səhər qəbul edəcəyimi bildirib dəstəyi yerə qoydum. Dərhal təkrar zəng vurub gec də olsa, onları qəbul etməyimdə israr etdilər. Belə olduqda onlara milis idarəsinə gedib rəis ilə birlikdə iş yerimə - raykoma gəlmələrini məsləhət bildim. Milis rəisinə də zəng edib onların şəxsiyyətini dəqiqlıəşdirməyi tapşırdım. Elə də oldu...

Həmin gecə kabinetdə görüşdük. Onlar öz vəsiqələrini təqdim etdilər. Dedilər ki, hələ 5 il əvvəl Mirbəşir(indiki Tərtər) rayonunun Tərtər çayında  qum içərisində qızıl nişanələri tapmışıq. Bu 5 ildə Mirbəşirdən başlayaraq İstisuya qədər dərə, təpə, bulaq və çaylarda axtarışlar aparmışıq. Lakin istənilən nəticəni əldə edə bilmirdik. Bu il isə yenidən işə girişdik. Mirbəşirdə, Kəlbəcərdə, İstisuda, Çaykənddə axtarışlar apardıq, yenə əliboş qaldıq. Ümidimiz qalmadığından qısa yolla İstisudan Basarkeçərə keçib oradan da Tiflisə getməyi qərarlaşdırdıq. Yolda Söyüdlü yaylağı adalarına yurd yerində oturub çörək yeyən zaman bulaq suyunun axdığı hamar daş üzərindəki xırda-xırda çatlar içərisində qızıl qırıntıları götürdük. Həmin daşlardan 6 ədəd qızıl qırıntısı çıxardıq. Təxminən müəyyən etdik ki, qızılın mənbəyi həmin bulağın çıxdığı Dəvədamı adlanan təpədədir. Elə buna görə də gecənin bu vaxtı sizə müraciət etdik. Xahişimiz budur ki, səhər bizə fəhlə, nəqliyyat və digər lazım olan əşyalar verəsiniz...

Onların tələbləri səhər tezdən ödənildi. 4 gün qazıntı işləri aparıldı. Nəticədə aydın oldu ki, təxminən 7-8 əsr əvvəl buradan qızıl çıxarmışlar. Qazıntı zamanı  2,5-3 metr dərinlikdə kirkirə, taxıl və yaxud qum üyütmək üçün əl dəyirmanı, kirəmit qızıl parıltıları ilə zəngin olan daş parçaları tapıldı. 4-cü gün mən özüm də oraya getdim. Axtarış gücləndirildi və bu barədə Ermənistan hökumətinə məlumat verildi. Hökumətin sədri Sahak Karapetyan, onun müavini, ixtisasca geoloq Suren Movsesyan və başqaları təcili olaraq Basarkeçərə gəldilər. Qazıntı olan yerlərə getdik. Onlar tam əmin oldular ki, burada böyük perspektivi olan qızıl mədənləri mövcuddur. Özlərinin görəcəkləri tədbirlərdən danışdılar. Mənə də müvafuq tapşırıqalr verdilər. Lakin istər qazıntı aparılan yer, istərsə də qızıl  çıxmasına güman gələn yerlərin çox hissəsi Azərbaycan ərazisinə düşürdü. Mən bu barədə Karapetyana məlumat verdim. O isə belə cavab verdi:

“Birincisi, qızıl məsələsi yalnız Moskvanın səlahiyyətinə aiddir. İkincusi də Teymur Quliyevlə (Azərbaycan SSR Nazirlər Şurasının sədri (1946-1953; 1953-1954)-S.L.) özüm danışaram. Anastas Mikoyanla da məsləhətləşərəm və ondan xahiş edərəm ki, mədənin istismara verilməsində bizə yaxından köməklik etsin. Sən rayondan asılı işlərlə ciddi məşğul ol. Fəhlə qüvvəsi, nəqliyyat,ərzaq və digər təxirəsalınmaz məsələləri həll et”... 

Axtarış işləri gündən-günə genişləndirildi. İki respublikanın tam sərhədində yeməkxana, anbar, yataqxana tikintisinə başlanıldı...”

(Davamı var).

“Ermənilər və faciələrimiz”. T.Musayev. Bakı-2008. Səh.222-223.

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər