Araşdırma
5877
24 Jun 2020 | 21:54

"Bizim başımızı poeziya və yalanla aldadırsınız!”- Yaqub Məmmədov qışqırdı..."

Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.


1993-cü il iyunun 15-də Heydər Əliyev Gəncədən Bakıya döndükdən sonra yenidən sessiya çağırıldı ki, 13-də yarımçıq qalmış məsələlər, yəni Gəncədəki vəziyyətin müzakirələri davam etdirilsin. Heydər Əliyev sessiyaya gələnlərlə öz təəssüratlarını bölüşəcəkdi. Lakin təəssüratdan başqa daha nə isə də vardı...

“Biz razılığa gəldik!”- Türkiyə  səfirliyindən Mehmet Əli Bayar mən onun maşınına əyləşdiyim zaman sevinə-sevinə belə dedi. 

“Nə məsələdir ki?”- deyə maraqla soruşdum.

“Heydər Əliyev Əbülfəzlə birgə işləməyə razılıq verib. Onun Surətdən qətiyyən gözü su içmir.  Onun fikrincə, o, dəlidir və onu mütləq durdurmaq lazımdır... Beləliklə, o, “şərikli idarə olunan hökumət qurmağa razıdır!”..

Elçibəy hakimiyyəti itirmiş kimi qalır və Heydər Əliyev gündəlik işlərlə hakimiyyəti ələ keçirir? Mən parlament sədrinin əslində Vitse-prezident, yəni Elçibəyin başına bir iş gəldiyi təqdirdə onu əvəz edəcək birinci adam olduğunu deməklə Mehmet Əlinin qanını qaraltmaq istəmədim...

Parlamentdə zal adamla qaynaşırdı.  Və birinci mərtəbə deputatlarla və mən Mehmət Əli və Filip kimi xüsusi əlaqəli dostlarla dolu idi.  Biz zalın arxa hissəsində- VİP sektoru tərəfində bir yerdə əyləşdik və bataqlığı  seyr etmyə başladıq. Mənim nə vaxtsa Azərbaycanda  gördüyüm hər bir timsah orada idi... Bu gün nə isə xüsusi bir gün olacaqdı... 

Bayırda gecikmişləri içəri çağıran səs siqnalı verildi, qeydiyyat və səsvermə ekranları işıqlandı...  Sədr üçün nəzərdə tutulmuş yerdə əyləşmiş Tamerlan Qarayev qalstukunu düzəltdi və boğazını arıtladı. Onunla yanaşı əyləşmiş sədrin o biri müavini Afiyəddin Cəlilov idi. Nəhayət, Naxçıvan Məclisinin sədri, eyni zamanda Milli Məclisin ikinci sədr müavini üçün ayrılmış yerdə Heydər Əliyev oturdu...

Sonra isə hamını təəccübləndirən, çoxunu isə heyrətə gətirən bir şey baş verdi – qapı açıldı və tribunanın arxa tərəfində dövlət başçısı üçün ayrılmış yerə doğru addımlayan arıq və beli bükülmüş adam peyda oldu.  Bu, Əbülfəz Elçibəy idi. O əyləşdi və gözlərini parlamentdəki düşmən dənizinə zillədi. O, elə sakit və soyuqqanlı görünürdü ki, sanki nəyinsə təsiri altında idi... 

Tamerlan adbaad səsverməyə başladı və yetərsay olduğunu müəyyən etdi.  Təəccüblü deyildi ki, o, Heydər Əliyev Gəncəyə səfər etməzdən əvvəl müzakirəsi yarımçıq qalmış  məsələdən, yəni İsa Qəmbərin qəfil istefasıyla əlaqədar olaraq  yeni sədrin seçilməsinin müzakirəsinə keçdi... 

“Bəs Gəncə hadisələrinin  və hökumətin törətdiyi cinayətn müzakirəsi necə oldu?! Siz bizim başımızı poeziya və yalanla aldadırsınız!”- deyə Yaqub (“dollar”) Məmmədov qışqırdı.

1992-ci il mayın 14-dən bəri ilk dəfə idi ki, o, parlamentdə görünürdü və burda olmasında məqsəd  onun Heydər Əliyevin seçilməsindən qabaq seçki prosedurlarına əngəl törətmək cəhdi idi. Onun ikinci çağırışı bu şübhəni təsdiq etdi:

“Mən Azərbaycan xalqı tərəfindən qayda-qanuna uyğun və demokratik surətdə  seçilmiş konqresin – Ali Sovetin iclasının çağırılmasını tələb edirəm!”

Rəhim Qazıyev də  Yaqub Məmmədovun təklifini dəstəklədi. Belə görünürdü ki, onun Heydər Əliyevlə Gəncəyə gedib-qayıtmasından yaxşı heç nə alınmamışdı... 

Həmçinin bir sıra başqa prosedur çəkişmələri də oldu, lakin Heydər Əliyev onların davam etməsinə yol vermədi.

“Siz mənim Surət Hüseynovla Gəncədəki görüşümdən aldığım təəssürat barədə soruşursunuz” - deyə Heydər Əliyev başladı və səsi getdikcə daha da gurultulu oldu – Lakin mən ora müzakirə etmək üçün  məlumat toplamağa getməmişdim. Siz artıq bunu iki gün ərzində müzakirə etmisiniz  və təhqiqat komissiyası da təşkil etmisiniz! Hadisələr iyunun 4-də baş verib və indi artıq 10 gündür ki, siz burada əyləşmişsiniz  və ölkə parçalandığı vaxt meymun kimi boşboğazlıq edirsiniz!!.” 

“Mən başa düşmürəm” –deyə o, səsinə xüsusi intonasiya verərək yenidən başladı- Əgər siz yeni sədr seçmək istəyirsinizsə,  mən qalacağam, yox, əgər Gəncə barədə danışmaq istəyirsinizsə, mən gedəcəm. Sizlərdən hansınız nə deyə bilər? Sizin hamınız burada oturmusunuz, heç biriniz Gəncəyə getməmisiniz; siz nəyi müzakirə edə biıərsiniz?! İndi istəyirsiniz ki, mən sizə özünüzün yaratdığınız bu hərc-mərclikdən xilas yolunu göstərim?! Əgər deputatlar mənim köməyimi istəyirlərsə, mən kömək edəcəm, yox istəmirlərsə, etməyəcəm! Hərəkət etmək lazımdır, müzakirə yox! Mən bura Azərbaycan Prezidentinin qonağı kimi elə buna görə dəvət olunmuşam...”

Tamerlan Qarayev gözlədi ki, Heydər Əiyev sözünü qurtarsın və sonra “müzakirəyə ehtiyacın olub-olmamasını”səsverməyə çıxardı. Elektron hesablayıcı “yox” cavabını verdi.  Sonra o, ikinci səsverməni elan etdi -  deputatlar yeni sədrin seçilməsini istəyirlər, ya yox. Cavab 36 nəfərin iki nəfərə qarşı səsi ilə “Hə” oldu... 

 (Davamı var)

Qeyd : Materialda adları çəkilən hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq. 

Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər