“1993-cü ilin iyununda ən acınacaqlı fiqur Etibar Məmmədov idi...”
Araşdırma
10650
22 Jun 2020 | 13:00

“1993-cü ilin iyununda ən acınacaqlı fiqur Etibar Məmmədov idi...”

 Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 
Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.


"..."Protiv loma net priyoma”(Lingə qarşı müdafiə üsulu yoxdur...) 

Bu, əlbəttə ki, originalda daha gözəl səslənir, lakin ingilis dilində də gözəl məna kəsb edir...
.
..Bu  cür iş üçün meydan olaraq Heydər Əliyev parlamenti seçdi. 1993-cü il qiyamınadək Ali Sovetin zalında mən çox vaxt keçirmişəm. Mən orada Mütəllibovun şah olduğu vaxtda  da olmuşam, Mütəllibovun taxtdan düşdüyü vaxtda da... Mən orada Yaqub(“dollar”) Məmmədovun hökmranlığı zamanı da olmuşam, istefa verdiyi zaman da... Əvvəl İsa Qəmbər parlamentin sədri seçildiyi zaman da aşağıda mübarizə gedirdi, indi də aşağıda onun istefası tələbi ilə mübarizə gedirdi. Hələ gələcəkdə daha çox mübarizələr, istefalar və alçaldıcı anlar olacaqdı...

1993-cü il iyun ayının 10-da zal Gəncə hadisələrinin  müzakirəsindəki səsvermədən uğuldayırdı. Bir ildən çox parlament binasına ayaq basmamış neo-kommunist  deputatlar dəhlizdə  toplaşaraq  hakimiyyətdə olan Xalq Cəbhəsinin  deputatlarını ələ salıb gülürdülər, onlar isə öz növbəsində öz səriştəsizliyi, acgözlükləri və qorxaqlıqları üzündən ölkəni yenidən kommunistlərin əlinə verdiklərinə görə bir-birlərini ittiham edirdilər...

Azərbaycan salnaməsi üçün çox kədərli dövr idi...  Digər şeylərlə bərabər, bu hadisələr mənim müəllif kimi əvvəlki birliklər haqqındakı ilkin qənaətimi və ayrı-ayrı şəxslərə verdiyim qiyməti sual altına qoyurdu: bu insanlar ideyalarına  heç də mənim inandığım qədər sadiq deyilmişlər...

Obrazlar qalareyası geniş idi. Lakin ən acınacaqlı fiqur Etibar Məmmədov idi – Azərbaycanın 1980-ci illərin axırı üçün bəlkə də ən məşhur dissidenti...  1992-ci ilin mayında Elçibəyin Xalq Cəbhəsi ilə arası dəyəndən sonra o, “müxalifət lideri” rolunu  elə məmnuniyyətlə oynamağa başladı ki, onu məsuliyyətsiz adlandırmaq olardı.  Qiyamdan qabaq buna saysız-hesabsız misallar vardı, lakin  “qiyam + işin gətirməsi”  hər şeyi kəskinliklə diqqət mərkəzinə gətirdi.  Və 1993-cü il iyunun 9-da Etibar yenidən baş tutmayan demokratiyanın təbilini döyməyə başlayaraq hər şeyə səbəbkar kimi İsa Qəmbəri günahlandırdı... 

Etibar özünə xas diksiyası ilə səsləri burnu ilə tələffüz edərək dedi ki, “İsa cinayətkardır” və bu səbəbdən də səlahiyyəti çatmadığına görə onun özü ilə sıx bağlı olan  Gəncə hadisələrinin gedişini  “idarə edə bilməz”.  Sonra isə əsassız olaraq  belə bir ideyanı ortalığa atdı ki, “Gəncə  məsələsi bütünlüklə hökumətin düzüb qoşduğu qiyam “planı” imiş(özünə qarşı mən belə güman edirəm). İsa isə çalışdı ki,  zaldakılara bunun səbəbləri ilə bağlı izahat versin... 

“Hər kəs bilir ki,  Gəncə batalyonu ən azı, iki aydır ki, nəzarətdən  çıxıb”-dedi - O, öz ətrafına cinayətkar elementləri  və dezertirləri toplamışdır və əmrlərə tabe olmaqdan imtina edir. Bəlkə Gəncə ayrıca dövlətdir? Məgər dövlətin silahlı cinayətkar elementləri harada olmaqlarından  asılı olmayaraq cilovlamağa ixtiyarı çatmır?”

Sonra isə İsa Qəmbər Pənah Hüseynovu tribunaya dəvət etdi – baxmayaraq ki, o, artıq “prinsip etibarı ilə”  qiyamın ilk qurbanı kimi istefa vermişdi. Pənah qışqıra-qışqıra, hay-küy sala-sala, qısa əl-qolunu havada oynada-oynada danışırdı, bütün bunlar zalda oturmuş heyvərə bir deputatın hırıldamağına səbəb oldu. Lakin onun dedikləri maraq doğurdu...
“Heç narahat olmayın! Heç narahat olmayın, o məsələ barədə -istefa məsələsi barədə qətiyyən narahat olmayın!”- deyə Pənah yenə hay-küy salaraq qışqırdı.

“Mən işimi bitirdim, tamamilə bitidim hər şeyi! Lakin mən fürsətdən istifadə edib sizə bir sual vermək istəyirəm, hərçənd bilirəm ki, siz ona cavab vermək istəməyəcəksiniz: Polşa  və hətta Almaniya rus qoşunlarını öz ölkələrindən çxarmaq üçün  danışıqlarda və nəhayət, bunu yerinə yetirməkdə o cür çətinliklərlə üzləşdikləri halda, hansı səbəbə görə Rusiyanın 104-cü diviziyasını Azərbaycandan çıxarmaq bu qədər asan oldu? Nə üçün Azərbaycan müstəsna hal təşkil edir? Ola bilərmi ki, onlar silahları Surət üçün qoyub getdilər?  Mən bunu da sizdən soruşmaq istəyirəm: necə olur ki, bir neçə yüz nəfərdən ibarət olan natamam polk  1000-dən çox adamı əsir götürə bilir? Bu suala cavab verin, mən də sizə Gəncə hadisələri haqda həqiqəti söyləyim!..” –deyə keçmiş Baş nazir tələb etdi.

Onun nitqini Rəhim İsazadə(Amerikalı jurnalistin artıq ikinci dəfə çəkdiyi bu ad-soyadı bilərəkdən, yaxud unutqanlıqdan səhv yazdığını demək çətindir. Amma Azərbaycan siyasətində belə bir şəxsin olmamasından arif oxucuya söhbətin əslində kimdən getdiyini anlamaq çətin olmaz. Bax://www.moderator.az/news/329426.html - S.L.)fısıltı ilə kəsdi;  o bilmək istəyirdi ki, necə olur deputat belə olmayan, öz vəzifəsindən artıq istefa verdiyini iddia edən, xəyanət və ölümlə nəticələnən cinayətlərlə üzləşmiş Pənah Hüseynov kimi adam Milli Məclisə buraxılır,  hələ, üstəlik, xalq tərəfindən qanuni yolla seçilmiş deputatları  təhqir də edir...

“Urra!Urra!”  Göy gurultusuna bənzər alqış sədaları altında Pənah tribunanı, alı və ictimai həyatı tərk etməli oldu...

Rəngi ağarmış İsa Qəmbər kötüyə gedəcək növbəti başın onun başı ola biləcəyini tam aydınlığıyla dərk edərək öz şərəfini və müəyyən mənada hökumətin şərəfini qorumağa çalışdı:

“Siz deyrsiniz ki, Pəna Hüseynovun sizə - həftələrlə onun başını tələb edən adamlara müraciət etməsi üçün indi bura dəvət olunması qəribədir”, - dedi və onun həmişəki monoton danışığı qəzəbli tonla əvəz olundu – Mənim fikrimcə, Dövlət katibi sizin qarşınızda məlumat üçün çıxış etməsəydi, daha qəribə olardı...”

Bunun ardınca, Daxili İşlər, Müdafiə və Təhlükəsizlik(DTK) nazirləri uğursuzluqla nəticələnmiş Gəncə  əməliyyatına dair ifadə verməyə dəvət olundular.

Yumruğunu kürsüyə vurub öz köməkçilərinin azadlığa buraxılmasını tələb etməkdənsə( Surət onları hələ də qıfıl altında saxlayırdı), təhlükəsizliyə cavabdehlər fağır-fağır şərəf və ləyaqətlərini alçaldan rüsvayçı atmacalara cavab verirdilər. Onlardan biri, Müdafiə generalı Dadaş Rzayev uğursuzluğunun səbəbini izah edərək etiraf etdi ki, kimliklərindən asılı olmayaraq başqa azərilərə(T.Qolts bütün kitabı boyu xalqımızı belə adlandırır-S.L.) atəş açmaqlarını öz adamlarına əmr edə bilmədi... 

Əgər bu, əvvəl tam aydın deyildisə, indi hər şey aydın idi:  Gəncə əməliyyatı daxildən hazırlanmışdı, özü də ən yüksək səviyyədə.. 

Daha sonra hüquq komitəsinin totuş-potuş sədri Tahir Kərimli yerdən söz istədi və danışmağa başladı.  Əvvəlcə o, kifayət qədər məqsədəuyğun danışırdı, müzakirələrin tələblərə cavab vermədiyini və parlamentin bir il ərzində bir dəfə də olsun buralarda görünməyən  keçmiş kommunistlərlə dolu olduğu faktını vurğuladı. Sonra Tahir coşaraq günahı Xalq Cəbhəsinin üzvləri, hökumət və həmçinin  özü arasında bölüşdürdü.  Daha sonra bir anlığa pauza verdi və birdən-birə özündən çıxdı. Barmağı ilə hədələdi, sonra əlini havada yellədərək, ardınca da qollarını oynadaraq su stəkanını vurub yerə saldı; o, gerçək göz yaşları axıdaraq sanki öz ağır kədərini təfərrüatlarıyla bütün dünya ilə bölüşürdü...
“Ayıb olsun, İsa Qəmbər, ayıb olsun!”- deyib zarıdı – Mən bilmirəm bu alçaq oyun harada başlayıb və harada qurtaracaq, lakin millətin qarşısında bütün bunlar üçün mən səni cavabdeh sayıram...”

Zal donub qalmışdı. Tahir Kərimlini mikrofonları dartıb qırmamış və camaatın başını yarmamış zaldan sürüyüb çıxarmaq üçün təhlükəsizlik xidməti çağırıldı...

İsanın rəngi-rufu qaçmışdı və o, fasilə elan etməyə cəhd göstərdi. Lakin kommunist nümayəndələr Gəncə işinə cəlb olunmuşlara amnistiyanın tətbq edilməsini səsə qoymaq istədilər...

“Dövləti müdafiə etdiyinə görə hökuməti məhkəməyə verməzlər!”- İsa Qəmbər qışqıraraq artıq onuncu dəfə təklifi səsə qoymaqdan imtina etdi. Lakin bu, tam dəqiqliyi ilə məhkəməlik iş idi və Surət Hüseynovun adamları cinayətə şəhadət vermək üçün paytaxta doğru yeriməkdə idilər...”

(Davamı var)

Qeyd : Materialda adları çəkilən hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq. 


Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər