“Surət Hüseynov qiyamı zamanı Heydər Əliyevin xahişi ABŞ səfirliyini çıxılmaz vəziyyətdə qoydu...”
Araşdırma
13288
18 Jun 2020 | 19:40

“Surət Hüseynov qiyamı zamanı Heydər Əliyevin xahişi ABŞ səfirliyini çıxılmaz vəziyyətdə qoydu...”

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar.

"Mən böyük məmnuniyyətlə sizin suallarınıza cavab vermək istərdim və bunu edəcəyəm də, - deyib Heydər Əliyev gülümsədi - Lakin indi mən bura iş üçün gəlmişəm – Fransanın səfiri məni görmək üçün gözləyir...”

Əlbəttə, həmin an çöl qapı açıldı və Heydər Əliyevin qonağı peyda oldu...  Biz hamımız geri çəkilməli olduq, çünki Heydər Əliyev oturduğu yerdən ayağa qalxdı və səfiri  qucaqlamaq   üçün ona tərəf addımladı, ona masanın  o biri başında oturmaq üçün yer göstərdi; bütün bu müddət ərzində, o, gülümsəyirdi.  Fotoaparatlar və videokameralar işə düşdü.  “Vətəndaş müharibəsi baş verdi, lakin biz onu müvəqqəti olaraq dayandıra bildik” – Əliyev elə danışırdı ki, biz bunları eşidək və qeydlər edək. 

“İndi biz fikirləşməliyik ki, Azərbaycan hökumətində yaranmış böhrana necə son qoyaq” –bunu eşidən Fransa səfiri mənalı tərzdə başını tərpətdi.

Düz bir  dəqiqədən sonra şəkil çəkmək imkanı sona yetdi. Sonra isə təhlükəsizlik xidməti bizim hamımızı bayıra çıxardı...

Ənənəvi məntiqə görə, Surət Hüseynov qiyamının və Elçibəyə qarşı çevrilişin  arxasında  kimin... durduğu və bütün bunların ruslar tərəfindən dəstəkləndiyi bəlli idi...

... “Ruslarla” əlaqənin olmasından daha çox şübhə doğuran məsələ Surət faktoru idi. İyun qiyamı zamanı Hüseynovun 34 yaşı var idi, bu o demək idi ki, onun “yun alverçisi”, mafioz və xalqın nümayəndəsi  karyerası bütünlüklə Heydər  Əliyev ölkədən  və həm də rəğbətdən kənar olduqda Mütəllibovun isə Azərbaycanın siyasi həyatında birinci, yaxud ikinci adam olduğu  vaxt baş tutmuşdu. Beləliklə, əgər Heydər Əliyevin keçmiş titulları  və tutduğu vəzifələrlə(DTK generalı, Siyasi Büronun üzvü) müəyyənləşmiş şərti müdrikliyini  bir yana atsaq və yalnız onun şəxsiyyətinə baxsaq, o zaman belə bir şeyi görmək olar: 1993-cü ilin iyun ayında bir nəfərdən  ibarət komanda olan Heydər Əliyev yenidən hakimiyyətini bərpa etmək üçün özünün axırıncı və ən yaxşı şansını tapdı və zər atdı...
Surətdən fərqli olaraq Heydər Əliyevin ordusu yox idi. Onun  hətta hökumətdə elə bir vəzifəsi də yox idi ki,  belə kritik günlərdə özünün burada olmasını qanuniləşdirsin. Onun yeganə gücü onun birpartiyalı dövlətdə rəhbər reputasiyası idi – elə yerdə ki, dövlət mağazalarının piştaxtaları subsidiya ilə buraxılmış mallarla dolu idi;  elə bir yerdə ki, insanlar özlərini xoşbəxt  sayırdılar, yalnız ona görə ki, rəsmi olaraq onlar xoşbəxt sayılırdılar; elə bir yerdə ki, bürokratlar və korrupsiyanı işlərin gedişi üçün kifayət həddə çatdırmışdılar...

Lakin o vaxt köhnə və yaxşı günlər idi və o günlər artıq çox uzaqda qalmışdı. Odur ki, Heydər Əliyev hakimiyyətin saxlanılması üçün başqa metodlar düşünməli idi. Bunun bir yolu yeni müttəfiqlər axtarmaq idi -  özü də çox zaman ən xoşagəlməz yerlərdə...

Türkiyə ilə əlaqə açıq-aydın idi; Ankara Heydər Əliyevi eşidirdi. O, özünü müsəlman(“türk”ün əvəzinə) elan edərək  İran kartını da yaxşı oynaya bilmişdi. Realist bir siyasətçinin apardığı  siyasətin bir hissəsi kimi, o, rusların qabağında azacıq da olsa,  əyilməyə bilməzdi; hər halda Azərbaycan Sovet İttifaqının 70 il ərzində bir hissəsi olmaqdan başqa ondan əvvəlki 100 il ərzində də  Rusiyanın müstəmləkəsi olub. Bu tamamilə təbii idi ki, şimaldakı şimal ayısı ilə mümkün olan ən yaxşı münasibətlərin qurulması üçün zəmin yaradılsın...

Hər halda Heydər Əliyevin yaratmaq istədiyi münasibətlərin ən maraqlısı bilavasitə Azərbaycana açıq siyasi təsirə malik olan uzaq ölkə ilə - ABŞ ilə münasibətlər idi. Vaşinqtonla belə erkən münasibətlər qurmağa çalışan Heydər Əliyev onun Elçibəyə qarşı hazırlanmış Moskva qiyamının bir hissəsi olduğunu iddia edən hər bir kəsi aldatmış oldu. Bu, o zaman və elə indinin özündə də sağlam düşüncəyə meydan oxumaq idi; lakin görməyi bacaran hər bir kəs görürdü ki, bu belədir... 

Amerika ilə “xüsusi münasibətlərin” başlanğıcı hər halda bir balaca ağır oldu... 
 
Bir gecə Bakıya qayıdışından az sonra Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfirliyinin  nümayəndəsini görmək istədi ki,  rəsmi Vaşinqtonun gündən-günə vüsət alan qiyam barədə nə fikirdə olduğunu öyrənsin. Onun xahişi səfirliyi çətin vəziyyətdə qoydu. Heydər  Əliyev şübhəsiz siyasi şəxsiyyət idi, lakin o, əslində dövlət başçısı deyildi – ağlım kəsmir ki, onun Amerika səfirini çağırmağa səlahiyyəti çatırdı. Belə olan tərzdə səfirlik  bu cür rəsmi bir qərara gəldi: nə səfir Dik Maylz( iş elə gətirmişdi ki, o Bakıda deyildi;  nə də səfirliyin səlahiyyətli nümayəndəsi göndəriləcək... Dəqiq desək, səfirlik Heydər Əliyevə birinci katib Filip Remlerin vasitəsilə ismarıç  yolladı. Bu, onu açmadı... 

“O, məni görməyindən əsla məmnun olmadı”- Filip dedi –Hətta mənə Robert Finin( tanınmış ABŞ diplomatı,  Əfqanıstandakı keçmiş səfir – S.L.)  lakeyi nəzəri ilə baxdı... Lakin Heydər Əliyev Filippin çatdırdığı ismarıçı heç bəyənmədi...

Bəs ABŞ səfirliyinin ismarıçı nədən ibarət idi?..

(Davamı var)

Sultan Laçın



Link kopyalandı!
Son xəbərlər