Araşdırma
6838
12 Jun 2020 | 20:10

"Arif Əliyevin dedikləri Gəncədə bizə yedizdirilmiş məlumata o qədər zidd idi ki..."

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar.
 
"Onun səsində qabaqlar heç vaxt sezmədiyim dərin bir ümidsizlik vardı..."


“Əldən və ruhdan düşmüş və hirsli görünən  Arif Əliyev  iyunun 4-də baş vermiş hadisəni  təfsilatı ilə danışdı...

“Müdafiə naziri Surət Hüseynova xəbərdarlıq etmişdi ki,  cinayətkarlardan və xarici avantüristlərdən ibarət silahlı dəstələrin yaradılmasını dayandırsın”- Arif belə izah etdi, - lakin mənası olmadı”.

Görünür, Surətə fevral ayında Qarabağ cəbhə xəttindən əldə etdiyi və həmçinin, 104-cü rus alayı ölkəni tərk etdiyi zaman hökumət tərəfindən onlardan satın alınmış ağır artilleriyanın qaytarılması əmr edilmişdi... 

Arif Əliyev  xırda təfərrüatlarla iyunun 4-də səhər baş vermiş hadisələri birləşdirərək Gəncədə yerləşdirilmiş hökumət  ordusu barədə danışdı: 

“Surətin dəstələrinə artıq xəbərdarlıq edilmişdi ki, onlar geri oturdulacaq.  Bunun qarşısını almaq üçün Surət  canlı sipər yaratmaq məqsədilə qadın və uşaqları çağırtdırır.  O zaman hökumət öz adamlarına  geri qayıtmaq əmri verir, həmin anda isə Surətin adamları adam dolu avtobusu pusquya salıb işərisindəki 20 nəfəri öldürür. Öz gücünü göstərmək məcburiyyətində qalan hökumət iyunun 5-də ordusunu Gəncə hava limanına göndərir. Orada onları elə şiddətli atəşlə qarşılayırlar ki, dərhal təslim olurlar.  Ardınca Surətin  adamları sonradan  hökumət qüvvələrinin yerə enə blməməsi məqsədilə terminalı və uçuş xətlərini dağıtmağa başlayırlar. Və beləliklə, sübut etmək istəyirlər ki,  onlar özləri hücuma məruz qalıblar. Vəssəlam...” 
Mən konfrans zalında oturmuşdum. Bütün bunlardan başım gic gedirdi. Arif Əliyevin hadisələrə dair versiyası Gəncədə bizə yedizdirilmiş məlumata o qədər zidd idi ki, mən bilmirdim  ona qəh-qəh çəkib gülüm, yoxsa ki, ətrafımdakı stulları bir-bir tullamağa başlayım. O gün  istifadə etdiyim qeyd dəftərçəsinin yuxarısında cızma-qara etdim: “Milli Yalan Maşınının Ştamplayıcısı...” 

Mən mətbuat konfransının sonunadək  dilimi saxladım, sonra isə təklikdə Arif Əliyevə yaxınlaşdım.

“Mən elə indicə Gəncədən qayıtmışam, sizin dedikləriniz yalandır, özünüz də bunu bilirsiniz”- dedim

Arif gözlərini gözlərimin içinə zillədi: “Siz hamıdan yaxşı başa düşməlisiniz ki, bunlar hamısı nə üçündür”-dedi –Bu, hökuməti dağıtmağa yönəldilmiş bir kampaniyadır”.

“Mən nə üçün sizin dediyiniz sözə inanmalıyam? Son beş gün ərzində sizi  etdiyiniz şey yalnız susmaq olub”- hiddət içərisində idim- İndi də bu qadınlar, uşaqlar əhvalatı – lənətə gəlmiş canlı sipər...”

“Siz doğrudan da başa düşmürsünüz, deyəsən?” –deyə Arif qəzəbindən fısıldadı və onun nəyi nəzərdə tutduğunun məğzinə varılmalı məlumatın ən vacib hissəsi olduğunu məni dərk etməyə sövq etdi. 

“Siz mənə inanmırsınızsa, mən sizə lenti göstərərəm”-dedi. 

“Heç bir lentə baxan deyiləm”- cavab verdim. 

“Bax, bu lənətə gəlmiş lentə!”

“Ola bilsin, sonra”- dedim.

“Bax”- deyə Arif Əliyev təkid etdi. 

Onun səsində qabaqlar heç vaxt sezmədiyim dərin bir ümidsizlik vardı... 

“Onlar hər şeyi qabaqcadan düşünmüşlər. Hətta zamanı da... Belə ki, bu hökumətdə beyni olan hər kəs ya ölkədən kənarda olub, ya da girov götürülüb.  Mən Londonda idim bütün bunlar baş verəndə. O dezinformasiyanı dünyaya yayanda  Prezident Aparatında onların adamı olub.  Hökumətdə olan inamı tamamilə qırmaq həmin planın bir hissəsi olub...”

“Görünür, onlar buna nail olublar”-dedim.

“Bəli,- Arif yavaşca cavab verdi- onlar hətta sizi də ələ alıblar...”

Bu arada Surət Hüseynov Bakıya doğru irəliləməkdə idi...”

(Davamı var)

Qeyd: Materialda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq.

Təqdim etdi:  Sultan Laçın
 

Link kopyalandı!
Son xəbərlər