Əhməd Cavad haqqında Şükriyyə xanımla söhbətlərim...  - Nəsiman Yaqublu
Araşdırma
6269
05 May 2020 | 12:57

Əhməd Cavad haqqında Şükriyyə xanımla söhbətlərim... - Nəsiman Yaqublu

Əhməd Cavadın həyat yoldaşı, doxsan yaşlı Şükriyyə nənə Şəmkir rayonunun Leninkənd qəsəbəsində yaşayırdı. Şəmirə getmək istədiyimi bildirəndə Niyazi müəllim də, Yılmaz müəllim də(hər ikisi Ə.Cavadın oğludur) əvvəl etiraz etdilər. Ancaq təkidli xahişlərim onları razılığa gətirdi. Şəmkirə yola düşdüm. (Niyazi müəllim məndən iki gün qabaq getdi və biz razılaşdıq ki, istirahət günü Leninkənddə görüşək).
... Həyətdə, əncir ağacının kölgəsində Şükriyyə nənə ilə, Niyazi müəllimlə üzbəüz oturmuşduq. Əvvəl çaya qonaq edirlər. Şükriyyə nənə mehribanlıqla tez - tez deyir: “Çay iç, oğlum, çay iç”.
Baxıram ki, çayı içməsəm, Şükriyyə nənə narazı qalacaq...
Niyazi müəllim söhbəti açır:
 - Ana, bu cavan oğlan Bakıdan gəlib. Atam haqqında kitab yazır. Yadında nə qalıbsa, danış.
Şükriyyə nənənin gözləri mənə dikilir. Bir müddət sakitcə baxır. Hiss edirəm ki, qəribə təlaş, narahatlıq, inamsızlıq var Şükriyyə nənənənin baxmağında. Ötən illərin qorxusu, müsibətləri yaşlı adamları asanlıqla tərk etmir. Adamların çoxuna olan etibarını itirir. 
... Bu dəfə mən verirəm sualı və Şükriyyə nənəni narahatlıqdan qurtarmaq istəyirəm. Deyirəm ki, necə adam olub Əhməd Cavad?
Şükriyyə nənə danışır:
- Cavad xeyirxah adam idi, çox xeyirxah. Kasıba, köməksizə əl tutardı. Həmişə də deyərdi ki, ay arvad, adama qalsa elə bu yaxşılıq qalacaq. Var - dövlət dalınca qaçmazdı. Tez - tez deyərdi ki, kasıblara kömək edin; “bu dövlətlidir”, “bu kasıbdır” deməyin. Dünyada insanlıq lazımdır, insanlıq.
Şükriyyə nənə bu sözləri xüsusi vurğu ilə deyir. Sonra yenə fikrə gedir.
- Şükriyyə nənə, Əhməd Cavadla ilk tanışlığınız necə oldu?
Şükriyyə nənənin üzünə təbəssüm qonur, gülümsünür. Ötən günlərin işığı düşür sözlərinə:
- 1915-ci ildə Cavad bir neçə dostu ilə Acarıstana gəlmişdi. Atam Süleyman bəyin razılığı ilə onlar bizdə qalırdılar. Atam Süleyman bəyi Acarıstanda tanımayan yox idi. Acarıstanın ən məşhur bəyi idi atam. Mən hər səhər yuxudan durub pəncərəni açanda görürdüm ki, Cavad həyətin bir qırağında dayanıb evimizə baxır. Belə - belə başladıq tanış olmağa.
Şükriyyə nənə ötən günləri xatırlayır, Əhməd Cavadla ilk tanışlığını yada salır. Danışdıqca böyük şairin ona həsr etdiyi şeirlər düşür yadıma:

Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz.

Bu şeiri çoxdan, lap çoxdan yazıb Əhməd Cavad. Bu şeiri yazanda Şükriyyə nənənin saçları indiki kimi ağarmamışdı, görkəmi də başqa idi. Ömrün on altı - on yeddi yaşının gözəlliyinə bürünmüş gözəl bir qız, cavan şairin qəlbini oda, alova yaxırdı. 
Bu hündür boylu, mavi gözlü, sarışın gəncə könül verməyə bilmədi o. Dedi ki, mən razı, indi də atamdan icazəni al.
Süleyman bəy heç cür razı olmurdu. Gələn elçilərə də “yox” cavabı verirdi. Əhməd Cavadın dostları düz üç dəfə Süleyman bəyin evinə elçiliyə getdilər. Adlı - sanlı bəyi razı sala bilmədilər.
İş belə olanda bir - birinə qoşulub qaçdılar. Faytonda üç gün yol gəldilər. Gəncədə toyları oldu. Xanəndə Əsgərin xoş səsi bütün  məclisdəkiləri heyrətdə qoydu o toy günü.
Toydan sonra çox çalışdılar ki, Süleyman bəylə barışsınlar. Ancaq bəy öz qürurunu sındırmadı, təklifi qəbul etmədi. Düz yeddi il qızı və kürəkəni ilə küsülü qaldı.
Yeddi ildən sonrakı barışığı Şükriyyə nənə belə xatırlayır:
- Həmin o barışıq günündə böyük məclis oldu. Qohumlar, tanışlar yığıldılar stol arxasına. Atam Cavadla barışandan sonra elə o məclisdə bir - biriləri ilə elə şirin söhbətə  başladılar ki, hamı baxdı, təəccüb elədi. Elə bil heç yeddi il bir - birilərindən küsülü qalmamışdılar. Yadımdadır ki, qohumlarımızdan zarafatla deyənlər də olurdu: “Bunları tez - tez küsdürmək lazımdır ki, belə mehriban olsunlar”.
Əhməd Cavadın da, Şükriyyə nənənin də həyatda az çətinlikləri olmamışdı. Birinci ağır zərbəni 1935-ci ildə aldılar. Sevimli Almazın vaxtsız həyatdan köçməsi hər ikisini sındırdı, vaxtsız qocaltdı. Bu ağır dərddən sonra Əhməd Cavadın da, Şükriyyə nənənin də saçı ağardı, fikir - xəyal içində çırpındılar.
İndi doxsan yaşlı Şükriyyə nənə ilə üzbəüz oturub söhbət edəndə heç cürə sevimli qızının - Almazın öıümünü xatırlada bilmirəm ona. 
Adlı - sanlı bəy qızı olan Şükriyyə nənə yaxşı da təhsil almışdı. Batumda qızlar gimnaziyaını bitirmişdi. Şükriyyə nənə beş dil bilir: Azərbaycan, gürcü, acar, türk, rus. Həyat yoldaşı Əhməd Cavad isə ona qədər dil bilirmiş. Bu qədər çox dili təmiz bilməklərinə baxmayaraq, evdə Azərbaycan dilində danışırmışlar.
Leninkənddən az aralı Könüllü kəndi yerləşir. Kəndin məhz həmin yerdə salınmasını məsləhət bilən Əhməd Cavadla Mikayıl Müşfiq olub. Kənddə uşaq bağçası da tikilmişdi. Şükriyyə nənə özü bir neçə il bu bağçada işləyib. Məqsədləri də bu olub ki, camaat kənddə yurd salsın, yeni kəndə uyğunlaşıb yaşasın.
Şükriyyə nənə Əhməd Cavadın yaxın dostlarından olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin də adını çəkir, onların yaxşı münasibətindən danışır:
- Cavidnən çox möhkəm dost idi Cavad. Elə dost idilər ki, bir qəpikləri olsaydı belə yarı bölərdilər. Məclislərdə isə həmişə başd yanaşı əyləşərdilər. Müşfiqin də xətrini Cavad çox istərdi. Müşfiqlə Dilbərin toyunda məclisin masabəyisi Cavad idi.
Şükriyyə nənə ötən günlərin xoş söhbətlərini edir. Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və bir çox başqa görkəmli adamların söz - söhbətlərini xatırlayır.
1937-ci ili isə ağrılı - ağrılı yada salır Şükriyyə nənə. Çünki o çətin ildə az əziyyət çəkməyib. 1937-ci ilin iyun ayında Əhməd cavadı həbs edirlər. Şükriyyə nənə mağazaların birində başlayır süpürgəçi işləməyə. Üç ay işlədikdən sonra gəlib onu da həbs edirlər.
Sözarası Şükriyyə nənədən soruşdum ki, Əhməd Cavadın Mir Cəfər Bağırovla tanışlığı vardımı? Şükriyyə nənə çox maraqlı bir faktı yada salır. Deyir ki, 1917-18-ci illərdə Mir Cəfər Bağırovla Əhməd Cavad Qubada eyni məktəbdə müəllimlik ediblər.
... Şükriyyə xanım bir müddət Bayıl həbsxanasında yatdı. Səkkiz il iş kəsdilər ona. 1938-ci ilin fevralında həbs cəzasını çəkmək üçün Qazaxıstanın Aktübinsk elinə apardılar. Bir çöllükdə qatarı saxlayıb onları düşürdülər. Sonra çoxlu sərdabələri göstərib dedilər ki, burada yaşayacaqsınız. İki minə yaxın qadın sərdabələrdə yaşamağa məcbur oldu. Əvvəl qorxdular, ölülərə hörmətsizlik kimi başa düşdülər bunu. Qadınlardan bir çoxu gündüzün soyuğuna, sazağına davam gətirib ölülərin ruhunu incitmək istəmədi. Dözüb dayandılar çölün soyuğunda. “Ölülər evinə girməkdənsə, bu soyuqda dayanmaq yaxşıdır” - deyə düşündülər. 
Şükriyyə xanım üç qadınla bir sərdabədə gecələdi. Gecəni səhərə kimi yata bilmədi. Nigarançılıq hissi içərisini kəsib - doğrayırdı. Dörd oğli kimsəsiz qalmışdı. “Görəsən başlarına nə oyunlar gəldi?” İki yaşlı balaca oğlundan isə çox nigaran idi. “Yeməyini, içməyini kim verəcəkdi görən? Bəs görən Cavadı hara apardılar? Buraxdılarmı? Yoxsa onu da Sibirə apardılar?”
Şükriyyə xanım hərdən özünü tənhalığa verib doğma balalarını, ömür - gün yoldaşını xatırlayıb acı göz yaşları tökürdü...
1946-cı ildə  həbs müddəti başa çatdı. Qanad açıb uçmaq, doğmalarının yanına elə tez çatmaq istəyirdi ki!..
Bakıda sevimli oğulları ilə görüşdü. Neçə ilin ayrılığından sonra övladları doğma ana nəfəsinin istiliyini hiss edirdilər. Sevimli həyat yoldaşından - Əhməd Cavaddan isə heç bir məlumat öyrənə bilmədi.
Səkkiz il həbs cəzasını çəkəndən sonra da Şükriyyə xanıma icazə vermədilər Bakıda yaşasın. Yenidən Şamxora qayıtmağa məcbur oldu. 
Gəldi 1956-cı il...Həmin il Əhməd Cavad haqqında əsl həqiqəti öyrəndilər. Nə vaxt və hansı şəraitdə öldürüldüyünü bildilər. Oğlanları hələ 1954-cü ildən atalarına bəraət qazandırmağa çalışırdılar. Tuqay düz altı ay Moskvada qaldı. Atasının haqsız olaraq tutulduğunu sübut etməyə çalışdı.
Bəli, 1956-cı ildə Əhməd Cavada bəraət qazandırıldı.1958-ci ildə uzun illərin fasiləsindən sonra Əhməd Cavadın “Şeirlər” kitabı çapdan çıxdı. Hamısı böyük sevinc içərisində kitab mağazasına tələsdilər. Ataları haqqında xoş sözləri oxumaq istədilər. Əhməd Cavad haqqında ürəkaçan həqiqətlərin yazılacağına şübhə də etmirdilər. Axı çoxları haqqında həqiqətləri yazır, layiq olduğu sözləri deyirdilər.
Qırmızı - qara cildli kitabı alıb evə gətirdilər. Kitabın giriçində yazılanlar sanki zəhərli bir  ilana çevrilib çaldı onları. Hər söz bir tikan olub bədənlərinə batdı: “Əhməd Cavad göyləri aysız, ulduzsuz sayır, özünü dönə - dönə quşa oxşadır. Lakin bu quş böyük ədib M. Qorkinin gələcək inqilablardan xəbər verən fırtına quşu deyildir. Bu quş uçmaq qabiliyyətindən məhrumdur. Onun qanadları kəsilmişdir”.
Yazılanlara inana bilmirdilər. Haqqın, ədalətin bərpasından sonra bu nə sözlər idi belə yazılmışdı?
Kitabın girişində yazılanlar getdikcə sərtləşirdi: “... O, eyni zamanda din və xurafat əsarətində qalaraq, xalqı geri çəkir, allaha və dinə inanmağa çağıran zərərli əqidələr də tərənnüm etmişdir. O, turançılıq, pantürkizm kimi mühafizəkar fikirlərə uyaraq, yaxasını xeyli müddət bu əhvali - ruhiyyədən qurtara bilməmişdir”.
Bir ağrılı söz də yazılmışdı Əhməd Cavad haqqında: “... Onun dünyagörüşünə pessimist bir əhvali - ruhiyyə, mürtəcelik və millətçilik hakimdir”
1956-cı ildə Ali Məhkəmənin Əhməd Cavada bəraət qazandırmasından sonra yazılırdı bu sözlər. Haqq qapıları heç cürə açılmırdı Əhməd Cavadın üzünə. Bir gün eşitdilər ki, Şekspirin “Seçilmiş əsərləri” çapa hazırlanır. Şekspirdən isə Əhməd Cavad az tərcümələr etməmişdi. Böyük oğlu Niyazi bu işin təşkilatçılarından - tanınmış yazıçılarımızdan birinin yanına gəlib xahiş etdi ki, Şekspirin həmin nəşrinə Əhməd Cavadın tərcümə etdiyi “Otello” əsəri də salınsın.Yenə bu işdə problem yaradıldı. 
... Şükriyyə nənə yenə narahatlıqla mənə baxır və ərklə deyir: “Götür, oğlum, götür o meyvədən ye”. Yemədiyimi görüb bir də təkid edir. Sözünü yerə salmıram.
Niyazi müəllim Şükriyyə nənəyə üz tutur: “Ana, atamın dediklərindən o yadında qalan şeirləri də söylə”.
Şükriyyə nənə azca gülümsünən kimi olur və mənə baxır: “Deyimmi?” - “Deyin, Şükriyyə nənə, deyin” - tez cavab verirəm.
Şükriyyə nənə kədər dolu bir avazla deyir:

Dünyanın içində dünya beşdi,
Beşi də qara, Muradxan.
Fikir eyləmə, qəm eyləmə,
Axırın verər, Muradxan.

Şükriyyə nənə sözünü qurtaran kimi soruşur: Hə, necədir? Xoşuna gəldimi? Bunların hamısını Cavad deyib. Birini də deyimmi?

Güəlm, gülü neylərəm, 
Gülə xidmət eylərəm.
Öz gülümü versələr, 
Özgə gülü neylərəm.

Şükriyyə nənə bayatıları deyib, xoş əhvalla məndən soruşur: “Hə, necədir? Xoşuna gəldimi? Bunların hamısını Cavaddan eşitmişəm, elə o vaxtdan yadımda qalıb”.
Şükriyyə nənənin dediklərini qeyd dəftərimə köçürürəm. Bir bayatının sonuncu iki misrasını isə yazıb çatdıra bilmirəm, daha doğrusu yadımdan çıxır. Həmin bayatını bir də soruşuram Şükriyyə nənədən. İşin tərsliyindən sonuncu iki misra onun da yadına düşmür. 

Bir neçə dəfə əvvəlinci misraları təkrar edir ki, bəlkə qalanları yadına düşsün:

Güləm, gülü istərəm,
Həm gül, bülbül istərəm...

Bayaqdan onlarla bayatı söyləyən Şükriyyə nənə sonuncu misraları xatırlaya bilmir. Qoca nənələrin yaddaşına, söhbətlərinə yaxşı bələdəm. Bilirəm ki, belə hallar az olmur onlarda. Yaddan bir şey çıxıbsa, gərək söhbətə bir az ara verəsən. Yaxud da başqa söhbətə başlayıb, sonra qayıdasan o sözün üstünə ki, yada düşsün. Və buna görə də doxsan yaşlı Şükriyyə nənəni o iki misranı axtarmaq əziyyətindən qurtarmaq üçün söhbəti dəyişirəm: Əhməd Cavadın xarakterinin necə olduğunu soruşuram.
Şükriyyə nənə böyük məhəbbətlə həyat yoldaşından danışır. Növbəti sulımı övladları ilə, oğlanları ilə bağlı vermək istəyirəm. Və birdən Niyazi müəllimin Bakıda dediyi sözlər düşür yadıma: “Anamla söhbətdə qardaşım Tuqayın adını çalışın ki, çəkməyin. Tuqayın ölümünü anamdan gizli saxlayırıq. Çünki qardaşım Aydının vəfatından az sonra Tuqay dünyadan köçdü. İki dərdə dözə bilməzdi anam”.
Bu ağrılı sözlər yaddaşımda dolaşarkən birdən hiss edirəm ki, Şükriyyə nənənin gözləri mənə dikilib. Bu qəribə baxmağı ilə sanki Şükriyyə nənə ürəyimdən keçənləri duyur və məni ittiham edir: “Hə, nə fikirləşdiyini bilmirəmmi? Oğlum Tuqayın ölümünü sən də gizlətmək istəyirsən məndən. Bilirəm, hamınız qorxursunuz ki, dərdə dözə bilməyəm. Tuqayımın dağına davam gətirməyəm. Yox, bu dərdə də dözəcəyəm. Bu ağrını da içərimdə gəzdirəcəyəm. İçərim dağ - dağ olacaq, yanıb - yanıb qovrulacağam, amma bu müsibətimi heçkimə danışmayacağam. Cavadımın, Almazımın, Aydınımın ölümünə yanıb yaşdığım kimi, Tuqayımın da ölümünə tab gətirəcəyəm. Qalan uşaqlarımın fikirli, dərdli gəzməməyi üçün göz yaşlarımı içimdə boğacağam. Oğlum Tuqay isə, yazıq Cavadın dediyi kimi, yaşayır ürəyimdə:

Mən Tuqayam, bir quşam,
Oynayıb yolulmuşam.
İstəməm yorğan - döşək,
Anamın qoynu göyçək.
Baxım onun gözünə, 
Qulaq verim sözünə.
Mənə versin ağılı,
Çox söyləsin nağılı”.

Gözlərimi çəkmirəm Şükriyyə nənədən. Oğlu Niyazi müəllimin, gəlini Çəmən xanımın (Aydının həyat yoldaşı) və başqa qohumlarının ağrıları məni də sızladır. Fikirləşirəm ki, bu adamlar daim qəribə qorxu içərisində yaşayırlar. Çünki hər an çaşıb Tuqayın ölümündən danışa bilərlər və Şükriyyə nənə bu xəbəri eşidər.
Son vaxtlar isə Şükriyyə nənə tez - tez təkidlə soruşur: “Bəs Tuqaydan niyə bir xəbər yoxdur? Niyə gəlib məni soruşmur?” Cavab verirlər ki, Tuqay xaricə işləməyə gedib. Bir neçə ildən sonra qayıdacaq.
Belə deyirlər Şükriyyə nənəyə, belə yaxa qurtarırlar bu ağrılı sualdan. Və Şükriyyə nənə də deyilənlərə inanır.
Amma nə oğlanları, nə qohumları Şükriyyə nənənin bu ağrılı sualından uzaqlaşa bilmirlər. Son vaxtlar Şükriyyə nənə tələb edir ki, onu oğlu Aydının məzarı üstünə aparsınlar. Şükriyyə nənəni isə ora aparmaq olmaz. Çünki oğlu Tuqayı da Aydının yanında - qoşa məzarda basdırıblar.
Şükriyyə nənə isə təkid edir, çox təkid edir oğlunun məzarı üstünə getməyi.
Bir azdan Bakıya yola düşməliyik. Ayağa qalxıb Şükriyyə nənə ilə vidalaşıram. Deyir ki, tez - tez qonaq gəl. 
Oğlu Niyazi də ayağa qalxır, anası ilə görüşüb ayrılmaq istəyir. Birdən Şükriyyə nənə qəribə hala düşür, həyəcan içində deyir:
- Bəs ay Niyazi, sən də gedirsən? Bəs mən tək qalım?
- Heç nə olmaz, ay ana, gedib uşaqlara baş çəkim, yenə gələcəyəm yanına.
Şükriyyə nənədən ayrılırıq. Şükriyyə nənə gözlərində qəribə təlaş və həyəcanla bizi yola salır. Maşına əyləşirik. Maşın Leninkəndin, Seyfəlinin arasından keçib, asfalt yola çıxır. Mən isə hələ də Şükriyyə nənənin bayaq danışdığı söhbətlərin, çəkdiyi müsibətlərin ağrısına bürünmüşəm. Belə ağrılı fikirlər içində Əhməd Cavdın dedikləri yadıma düşür:

Darğınam mən belə baxta,
Ürəyim qan laxta - laxta.
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar!
Link kopyalandı!
Son xəbərlər