Daxili
İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili, məşhur qanqster Hacı
Məmmədovun anası Almaz Məmmədovanın Saray qəsəbəsindəki evi zorla əlindən
alınır. Moderator.az-ın “Yeni Müsavat” qəzetinə istinadən
məlumatına görə, vaxtilə H.Məmmədova məxsus olan, onun həbsindən sonra isə
dövlət tərəfindən müsadirə edilən mülk zərərçəkmişlərə verilib. Zərərçəkmişlər
isə yerdə qalan ərazidəki digər kiçik mənzilin də yerlə-yeksan edilməsinə nail
olmaq istəyirlər. Məhkəmə qərarı olmadığı halda A.Məmmədovanın evini başına
uçurmağa cəhd göstərirlər.
H.Məmmədovun anası isə bununla razılaşmır. O, məhkəmə qərarı olmadan söküntü
işlərinin aparılmasına etiraz edir. Buna baxmayaraq, iyulun 9-da Səbayel Rayon
Məhkəməsinin icraçıları Oqtay Yeqanov və Araz Hüseynov Saray qəsəbəsində
yerləşən sözügedən bağ evinə gələrək söküntüyə başladılar. Hadisə yerində
olarkən mülkiyyət mübahisəsinin təfsilatını öyrəndik.
Məhkəmə icraçıları gəlməzdən əvvəl A.Məmmədova mülkiyyətin ona aid olduğu
barədə qeydiyyat vəsiqəsini bizə təqdim etdi. Həmin ünvanda pasport
qeydiyyatında olduğunu deyən A.Məmmədovanın sözlərinə görə, həyətyanı torpaq
sahəsindən 0,13 hektar ayırıb və daşdan hasara alıb. 2004-cü ildən onun qızı
ailəsi ilə birlikdə burada yaşayır.
Torpağın bir hissəsindən əkin sahəsi, qalan hissəsindən isə bağ kimi istifadə
olunur. Zərərçəkmişlər isə onlara verilən mülklə razılaşmayıb qalan əraziyə də
sahiblənmək iddiasındadırlar. Onlar hesab edirlər ki, yerdə qalan həyətyanı
sahə də əslində onlara aiddir. Sadəcə, H.Məmmədovun anası daşdan hasar çəkib
ərazini zəbt edərək qanunsuz olaraq özünə ev tikdirib. Odur ki, onlar məhkəmə
icraçılarını çağırıb daş hasarı sökdürmək niyyətindədirlər.
A.Məmmədova 2005-ci ilin martında oğlunun həbs edilməsindən sonra problemlərin
başlandığını bildirdi: “Hacının əmlakı zərərçəkmişlərə verildi. Eyni zamanda
mənim Saray qəsəbəsindəki 3 mərtəbəli evim də Hacının evi sayılaraq müsadirə
edilib zərərçəkmişə verildi. May ayında Səbayel rayon icra məmurları mənə dedi
ki, evimin mənim mülkiyyətimdə olması barədə Abşeron ərazi idarəsində məlumat
yoxdur. Ona görə də evimi söküb, 0,13 hektar həyətyanı torpaq sahəmi Hacının
işi üzrə zərərçəkmişə verəcəklər. Evimin qeydiyyat vəsiqəsini göstərdim,
məhkəmə qaydasında ləğv olunmadığını bildirdim. Lakin nəzərə almadılar”.
A.Məmmədova iddia edir ki, oğlunun cinayət işi üzrə nə onun evinə, nə də
həyətyanı torpaq sahəsi üzərinə həbs qoyulub: “O cinayət işinin mənə heç bir
aidiyyəti yoxdur. Vəkilim evimin Abşeron ərazi idarəsində qeydiyyatda olmaması
faktını aydınlaşdırdı. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi
İdarəsinə müraciətimizə cavabda bildirildi ki, onlarda qeydiyyat barədə məlumat
yoxdur. Təkrar araşdırmalar nəticəsində bilindi ki, Hacının işi üzrə
zərərçəkmişə verilmiş Saray qəsəbəsindəki evin qeydiyyat vəsiqəsinin nömrəsi
9155-dir, yəni mənim qızıma bağışladığım evə səhvən bir nömrə verilib. Ancaq
məhkəmə qərarı olmadan heç kimsə mülkiyyətimə toxuna bilməz”.
Bundan sonra biz elə qəsəbədə ikən məhkəmə icraçıları həyətə daxil oldular.
H.Məmmədovdan müsadirə olunub zərərçəkmiş Rəna Paşayevaya verilən mülklə
A.Məmmədovanın evi arasındakı daş hasarı dağıtmağa başladılar. R.Paşayeva
ərazinin ona aid olduğunu söylədi. İcraçılar isə məhkəmə qərarı olmaya-olmaya
hasarı fəhlələrə sökdürdülər. Bu zaman tərəflər arasında mübahisə yarandı. Buna
baxmayaraq, icraçılar söküntünü dayandırmadılar.
A.Məmmədova Daxili İşlər Nazirliyinin “
Vəkil bildirib ki, hamının gözü qarşısında icraçılar qanunsuzluğa yol verdi.
Onun sözlərinə görə, məsələ yalnız hüquqi müstəvidə həll olunmalıdır və məhkəmə
hökmündən asılı olaraq H.Məmmədovun ailəsi addım ata bilər: “Reyestr Xidmətindən
Almaz xanımın qızı Arifə Məmmədovanın qeydiyyatda olmadığı bildirildi.
2004-cü ildə əmlak onun adına rəsmiləşdiriləndə “A” yazılmalı idi. Bunu
etməyiblər. Biz Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət etmişik. İddia
ərizəsinə baxılmalıdır, Reyestr Xidməti səhvini düzəltməlidir. Arifə xanımın
adına olan mülkə ayrı nömrə verilməlidi. Son sözü məhkəmə deyəcək. Bu gün isə
məhkəmə qərarı olmadan hasarı sökdülər. Ancaq evi sökə bilmədilər".