“Deputatlıqdan imtina ərizəsi yaz, yoxsa şərlənib həbs ediləcəksən...”
Araşdırma
10825
12 Jan 2020 | 16:09

“Deputatlıqdan imtina ərizəsi yaz, yoxsa şərlənib həbs ediləcəksən...”

Tanınmış ictimai xadim, sabiq deputat  Maksim Musayev  Moderator.az-a 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi “Parterin ilk sıralarında” adlı yeni kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısını təqdim edib.  Ölkəmizin yaxın tarixinin öyrənilməsi baxımından aktuallığını nəzərə alaraq həmin materialı olduğu kimi dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:
(Əvvəli bu linkdə: //www.moderator.az/news/305810.html)

“Onun iş otağında “kadr genosidi” qurbanlarının bir neçə vərəqdən ibarət siyahısı da var idi…” 

Vəzirov dostpərəst, profeksionist və ədalətdən uzaq olduğuna görə  Qorbaçova arxalanaraq respublikada atamanlıq edirdi… Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Vəzirov Azərbaycana rəhbər göndəriləndən sonrakı üç-dörd ay ərzində respublikanın kadr potensialına çox ağır, sağalmayan zərbələr vurdu. Nazir, komitə sədrləri, rayonların partiya-sovet rəhbərləri, zavod-fabrik direktorları və digər strukturlarda işləyənlərin 80 faizini işdən çıxardı (kimisini qərarla, kimisinə qarşı mitinq təşkil edərək, bəzilərini şərləyib qorxudaraq, “zəif yenidənqurma” bəhanəsi ilə və sairə). Yetkin, millətsevər, savadlı, təcrübəli və sanballı şəxslərə qarşı “kadr genosidi” proqramını həyata keçirdi. Xatırladım ki, XX əsrin 20-ci illərində Azərbaycana rəhbərlik edənlərin (birinci katiblərin) iki nəfəri milliyyətcə erməni olublar. Kitabının axırıncı səhifəsindəki siyahıda  da onlar sadalanıb. Hətta onlar belə bacarıqlı kadrlara bu cür divan tutmamışdılar… Vəzirovun iş otağında “kadr genosidi” qurbanlarının bir neçə vərəqdən ibarət siyahısı da var idi və onların sayı bir neçə yüz nəfər olardı. Bu yazının müəllifi MK-nın məsul işçiləri tərəfindən, qeyri-rəsmi şəkildə həmin siyahı ilə tanış edilmişdi. O siyahını vəzirovpərəst satqınlar onun tapşırığı ilə əvvəlcədən tərtib etmişdilər. Onun işğuzar kadrları sıradan çıxarmağı ilə kifayətlənməməsi barədə başqa bir fakt da yaddaşlardan silinməmişdir… 

Məni həbslə hədələsələr də, deputatlıqdan imtina etmədim…”

Vəzirovun kadrlara qəddarlığı icraedici orqanlardakılara tutduğu divanla bitmədi, keçdi “deputat genosidi” nə, həmin deputatların da  bir siyahısı var idi. Siyahıdakı deputatlar bir-bir çağrılırdılar Mərkəzi Komitənin binasına (Ali Sovetə yox), müvafiq şöbəyə. Deputat qarşısında Vəzirovun tapşırığı ilə belə bir şərt qoyulurdu: “...deputatlıqdan imtina etmək üçün ərizə yaz, əks halda şərlənib, həbs ediləcəksən...” Bu yazının müəllifi də dəfələrlə Mərkəzi Komitəyə çağırılsa, həbsxana ilə hədələnsə də, deputat mandatından imtina etmədi. Ancaq deputat həmkarlarım Dilrubə Camalova (Ali Sovet Rəyasət heyyətinin üzvü), Ələddin Qurbanov, Hadı Rəcəbov (hazırkı MM üzvü Hadı Rəcəbli-red.), Adil Məmmədov və digərlərinə hədə-qorxu gələrək ərizələrini aldılar. Eşidirdik ki, imtina ərizəsini Vəzirovun qarşısına qoyanda gülümsəyib həzz alır. “Daşnaksutyun” partiyasının proqramında belə bir fikir yazılıb ki, milləti məhv etmək üçün onun elit insanlarını yox etməlisən… 

Vəzirov millətimizi yerlibazlıq və ayrıseçkilik virusuna yoluxdurmağa da çalışırdı. Bildirirdi ki, qərara almışıq ki, kim harada doğulubdursa, orada da işləməlidir. İclasların birində bu fikri təkrarlayərkən zaldan replika verdilər: “ Bəs Dərbənd, Tiflis, İrəvanda anadan olanlar harada işləməlidirlər?..”


“Polyaniçko məndən üzr istədi…”


Qayıtmaq istərdim Polyaniçko barədə məndə yaranmış fikirlərə. Vəzifəyə gələndən bir neçə gün sonra onun imzası ilə “Pravda” qəzetində mənim haqqımda saxta bir yazı verildi. Yazılanı oxuyandan dərhal sonra köməkçisi və katibəsindən soruşmadan (MK-nın tərkibində, eyni zamanda deputat idim) girdim onun iş otağına. Mənə iradını bildirdi ki, sən kimsən ki, icazəsiz kabinetimə girirsən. Dedim, tanımırsan? Tanımadığın şəxs barədə mərkəzi qəzetə niyə yalan məlumat verirsən? O, şöbə müdiri V.Hüseynovu yanına çağırıb, məzəmmət elədi ki, kadrları tanımıramsa, təzəyəm deyə saxta sənədi mənə nə üçün imzalatdırmısınız. Müdir V. Hüseynov Vəzirovun tapşırığıyla etdiyini bildirdi. Polyaniçko isə məndən üzr istədi. Hiss etdim ki, onda ədalət hissi var imiş… İkinci dəfə də Polyaniçkoya yalan məlumat verib inandırmışdılar ki, guya mənim qohumlarım Xanlar (indiki Göygöl) rayonunda mitinqlərdə iştirak edir. Polyaniçko evimə zəng edib, rayona getməyimi xahiş elədi. Gedib gördüm ki, deyilənlər yalandır. Birinci katibin yanından Polyaniçko ilə telefonla danışarkən dedi ki, dəstəyi ver katibə. Və rayon başçısına belə dedi: “...Rayon rəhbərisən, yalan məlumatı da mənə sən özün dedin, utan, sənə ayıb olsun, məni dedi-qodularınıza qarışdırmayın...” 
Bu cür intriqaları yaradan məhz Vəzirov idi. Bəli, respublikanı və onun kadrlarını yaxından tanımamaq hamı üçün əziyyətli idi. Polyanıçko ilə yarım ay Xankəndində ezamiyyətdə də olduq. Onun oradaki fəaliyyəti barədə hələlik yazmaq fikrində deyiləm…

Vəzirov kitabda Yevgeniy Primakovu 1963-cü ildən tanıdığını və ailəvi dost olduğunu fəxrlə qeyd edir ( o, hələ “Pravda” qəzetinin müxbiri işləyərkən). 20 Yanvar qətliamının təşəbbüskarı, təşkilatçısı və qırğına start verən Primakov  barədə Vəzirovun xoş sözləri və təriflərini oxuyarkən (səh. 142) insanda nifrət hissi baş qaldırır…” 

(Davamı var)

Redaksiyadan: Materialda adları çəkilənlərin, eləcə də oxucuların yazı ilə bağlı faktlara əsaslanan rəylərini də təqdim etməyə hazırıq.

Link kopyalandı!
Son xəbərlər