Bu gün ölkənin ən böyük mobil operatorlarından sayılan “Azercell Telecom” MMC-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini məhkəməyə verməsi barədə mətbuatda informasiyalar yayılıb.
Yayılan xəbərlərdə iddia olunur ki, “Azercell”in belə bir addım atmasına səbəb Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin artıq fəaliyyəti dayandırılmış “Katel” şirkətinə əlavə imtiyazlar tanıyaraq mobil operatorlar arasındakı normal rəqabət mühitində tərəf kimi çıxış etməsi olub.
Moderator.az məsələyə aydınlıq gətirmək məqsədilə RİTN-nin mətbuat katibi Müşfiq Əmirovla əlaqə saxlayıb. Nazirlik sözçüsü əməkdaşımızla söhbətində yayılan xəbərlərin doğru olmadığını bildirdi:
“Mən bu xəbərlə tanış olandan sonra hüquqşünasımızla da əlaqə saxladım. Məlum oldu ki, nə “Azercell” şirkətindən, nə də hansısa məhkəmə instansiyasından nazirliyə heç bir iddia sənədi daxil olmayıb”.
Xəyal Əzizov