Bu gün aparıcı media orqanlarında təhsil naziri Mikayıl Cabbarovun öz müavini Qulu Novruzova istefa ərizəsi yazdırdığı barədə informasiyalar yayılıb.
Moderator.az məsələni araşdırmaq məqsədilə Təhsil Nazirliyindən səsləndirilən fikirlərlə bağlı mövqe öyrənməyə çalışıb. İlk öncə məsələyə aydınlıq gətirmək üçün nazir müavini Qulu Məhərrəmovun iş nömrəsinə ( 496-34-00) zəng vurduq. Gün ərzində bunu dəfələrlə təkrarlasaq da zənglərimizə cavab verən tapılmadı .
Zənglərimiz cavabsız qaldıqdan sonra Təhsil Nazirliyinin mətbuat xidməti ilə (496-95-88) əlaqə saxlamağa çalışdıq. Amma qəribə burasındadır ki, bu dəfə də eyni hal təkrarlandı və çoxsaylı cəhdlərimizə baxmayaraq zənglərimizə cavab verən olmadı.
Sonda məcburiyyət qarşısında qalaraq Təhsil Nazirliyinin Qaynar Xətt nömrəsinə (146) zəng vurduq. Amma Qaynar Xətdən iddialarımızla razılaşmayaraq, Təhsil Nazirliyinin operativ işlədiyini bildirdilər və bizə 496 37 76 nömrəsini verərək sualımızı bu nömrəyə ünvanlamağı məsləhət gördülər.
Amma artıq biz gün ərzində həmin nömrəyə azından 30 dəfə zəng etmişdik. Buna baxmayaraq nömrəni, yenə yığdıq və bu dəfə də zənglərimiz cavabsız qaldı.
Maraqlıdır, görəsən Təhsil Nazirliyində nə baş verir ki, telefonlara cavab verən tapılmır. Yoxsa, yeni təhsil naziri Mikayıl Cabbarov həftənin birinci gününü qeyri-iş günü elan edib və bundan xəbərimiz yoxdur?
Xəyal Əzizov