Şaumyan, Andranik və
Araşdırma
4124
15 Aug 2019 | 00:33

Şaumyan, Andranik və "Türkiyə Ermənistanı" problemi: Bolşevik erməninin etirafları...

Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 

Əvvəlini buradan oxuya bilərsiniz. 

Şaumyan, Andranik və "Türkiyə Ermənistanı" problemi

Sıravi orduya sahib olan, həm də erməni quldur dəstələrini ətrafında toplayan Andranik müsəlmanlardan Ermənistan hökumətinə tabe olmalarını tələb edirdi. Əks təqdirdə, yaşadıqları bölgələrdən qovulacaqlarını bildirirdi. Leninin güvəndiyi erməni bolşevik Şaumyan bu məsələdə Andranikə hər cür dəstək verir, hətta onu “bolşeviklərin ən yaxın dostu” kimi görməyi tövsiyə edirdi.
Çar hökumətinin və müvəqqəti rus hökumətinin tətbiq etdiyi "Erməni dövləti" planını reallaşdırmaq üçün bolşevik hakimiyyətinin ilk addım olaraq "Türkiyə Ermənistanı" ilə əlaqədar təmimnamə yayımlaması bu dəstəyin işarəsi idi. Amma Brest-Litovsk sülh müqaviləsi ilə rəsmən icra edilə bilməz vəziyyətə gələn "Türkiyə Ermənistanı" təmimnaməsi bildiriş olmaqdan irəli gedə bilmədi. "Türkiyə Ermənistanı" təmimnaməsi əvvəlcə  Brest-Litovsk sülh müqaviləsi ilə, daha sonra 20-ci əsrin 20-ci illərində Mustafa Kamalın başçılığı ilə keçirilən milli azadlıq mübarizəsinin zəfərlə nəticələnməsi səbəbiylə və Sovet Rusiyasıyla qurulan işbirliyi səbəbiylə gerçəkləşmədi. Bunu həyata keçirmək tapşırığı alan Stepan Şaumyan ''Türkiyə Ermənistanı'' muxtariyyətini gerçəkləşdirə bilmədiyi kimi, nə Qafqazda, nə də Bakıda sovet hakimiyyətini qurdu.

Qafqazın fövqəladə  komissarı təyin olunan Şaumyana "Qafqazı Sovetləşdirmək" tapşırığı verildiyi kimi, Rusiya ordusunun işğalı altındakı  Türkiyə torpaqlarında bir Ermənistan yaratmaq səlahiyyəti də verilmişdi.  Bə məqsədlə hərəkət edən Şaumyan əvvəlcə Tiflisə gəlib, 22 yanvarda çıxış edərək  Qafqazı sovetləşməyə çağırmışdı. Bu təşəbbüsün ardından bolşevik inqilabına qarşı çıxan Qafqaz komissarı Mavera Şaumyanı 24 saat içində ölkəni tərk etməyə məcbur etdi. Şaumyan və yanındakılar bu səbəbdən Bakıya sığındılar.

Bu dövrdə görülən işlərdən sonra 29 dekabr 1917 - 11 yanvar 1918-ci ildə Xalq Komissarları Sovetinin daha çox 13 nömrəli fərmanı kimi bilinən “Türk Ermənistanı"na aid məşhur sərəncamı qəbul edilmişdi. Lenin və Stalinin imzaları ilə 2 gün sonra, yəni 1918-ci il yanvarın 13-də “Pravda” qəzetində yayımlanan bir məqalə bundan sonrakı Türk-rus, xüsusilə də Türk-erməni münasibətlərinə istiqamət verəcəkdi. 13 nömrəli fərman belə idi: “Xalq Komissarları Soveti erməni xalqına elan edir ki, Rusiyanın işğalı altındakı “Türk Ermənistan”ındakı ermənilərin öz talelələrini, hətta tam müstəqilliyə nail olana qədər, öz müqəddəratını təyin etmə azadlıqlarını Rusiyanın Fəhlə və Kəndli Höküməti dəstəkləyir. Xalq Komissarları Sovetinin fikrincə, bu hüquqların reallaşdırılması ancaq erməni xalqının sərbəst şəkildə referendum keçirməsinə imkan yaratmaq üçün əvvəlcədən müəyyən tədbirlər görməklə mümkün olacaqdı. Xalq Komissarları Soveti bu tədbirlərin belə olacağını hesab edirdi:
1. Rusiya Ordusunun "Türk Ermənistanı" ərazisindən kənara çıxması və “Türk Ermənistanı”ndakı əhalinin şəxsi əmlakının təhlükəsizliyini qorumaq məqsədiylə dərhal bir Erməni Xalq Milisinin qurulması. 
2. Erməni qaçqınları və müxtəlif ölkələrə səpələnmiş erməni qaçqınların "Türk Ermənistanı” ölkəsinə heç bir maneə ilə qarşılaşmadan qayıtmaları. 
3.  Hərb əsnasında Türk orqanlarının Türkiyənin daxili vilayətlərinə zorla göndərilmiş ermənilərin "Türk Ermənistanı"na sərbəst dönmələrini gerçəkləşdirmək. Türk orqanları ilə sülh müzakirələri davam etdirilərkən, Xalq Komissarları Soveti bu məsələnin üzərində israrla dayanacaq.
4. "Türk Ermənistanı"nda  “Ermənistan Xalq Nümayəndələri Soveti” adıyla müvəqqəti bir idarə qurulması qərara alınmışdır. Qafqaz işləri üzrə fövqəladə xalq komissarı Stepan Şaumyan 2 və 3-cü maddələrin "Türk Ermənistanı"nın əhalisinə tətbiq edilməsi və rus əsgərlərinin "Türk Ermənistanı" ərazisindən çıxarılması (I maddə) ilə bağlı qarışıq bir komissiyanın yaradılması məsələsində hər cür danışıqlar aparmaqla bağlı təlimatlandırılmışdır.  

Əlavə: "Türk Ermənistanı"nın coğrafi hüdudları demokratik prinsiplər əsasında seçilən erməni dövlət qubernatorları və mübahisəli (İslam və digər) əyalətlərin əhalisindən demokratik prinsiplər əsasında seçilən qubernatorlar, Qafqaz İşləri Müvəqqəti Fövqəladə Komissarlığı ilə birlikdə təyin ediləcəkdir.
Xalq Komissarları Sovetinin rəhbəri V. Ulyanov (Lenin) 
Xalqların Xalq Komissarı İ.Cuqaşvili (Stalin)
Xalq Komissarları Sovetinin işlər müdiri V.. Bonç-Bruyeviç
Xalq Komissarları Sovetinin katibi N.Qorbunov

Xülasə; Müharibə zamanı Rusiyanın işğal etdiyi Türkiyə ərazilərini tərk etməsi və bölgədəki mülki şəxslərin müdafiəsi üçün bir erməni milis dəstəsinin qurulacağı, məcburən yerlərindən ayrılmış ermənilərin sərbəst şəkildə yerlərinə qayıda bilmələri və Şaumyanın müvəqqəti qurulmuş “Erməni Nümayəndələr Sovetinin” rəhbəri olması kimi məsələlər “ruslara görə” həll olunurdu. Bolşeviklərin bu cür fərmanlar qəbul edərək,  ermənilərin "müdafiəçi" vəziyyətinə keçmələrinin bir çox səbəbi var idi. Bolşevik liderləri Avropa və Amerikadakı sosialistlərin gözünə girmək məqsədilə “Türk boyunduruğu” altındakı “zavallı” ermənilərin hüquqlarını qorumağı bir vəzifə hesab edirdilər.

Ardı var...
Link kopyalandı!
Son xəbərlər