Araşdırma
3718
05 Dec 2018 | 17:11

"Tək bir psixoloq 3000 nəfərlik məktəbin öhdəsindən gələ bilməz, təklif edərdim ki..."

Yaxşı müəllim həm də psixoloqdur, deyirlər. Şagirdlər ağzını açmamış onların dərsə hazır olub-olmadığını, zəif şagirdi güclüdən seçə bilmək müəllimin peşəsidir. Amma müəllimlərlə yanaşı, məktəblərdə psixoloqlar da çalışır. Demək olar ki, bütün ölkələrdə məktəb psixoloqları uşaqlarla daim münasibətdə olub, tək onların xarakterini müəyyənləşdirməklə yox, formalaşmalarında da yaxından kömək edirlər. Şagirdlərin zəifliklərini, problemlərini valideynləri ilə görüşüb birlikdə yardım etməyə cəhd göstərirlər. Təəssüf ki, Azərbaycanda dövlət məktəblərində psixoloq ştatı olsa belə, özlərinin rolu o qədər də böyük deyil. Özəl məktəblərdə isə əksinə psixoloqlar uşaqlarla yaxından məşğul olur, onları tanımaq üçün müxtəlif əyləncəli testlərdən istifadə edirlər. Müəllim və valideynləri ilə mütəmadi olaraq əlaqədədirlər. Dövlət məktəblərinin valideynləri və ya müəllimləri arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, 80 faiz məktəblərdə psixoloqların rolu demək olar ki, yox dərəcəsindədir.


Dövlət məktəblərində psixoloqlarla təmənnasız təlimlər, seminarlar keçən psixoloq-pedaqoq Zeynəb Əyyubova Moderator.az-a açıqlamasında məktəb psixoloqlarının istənilən səviyyədə işləmədiklərini təsdiqləsə də, problemin həll yolunu əlaqəli şəkildə işləməkdə gördüyünü dilə gətirir:  


“Ümumiyyətlə məktəb psixoloqları ilə mövzu çox geniş bir mövzudur. Son dövrdə çox aktuallaşıb. Hamı birəmənalı və doğru olaraq narahatdır ki, dövlət məktəblərində olan psixoloqların fəaliyyəti zəifdir. Az olsa da öz üzərində işləyən psixoloqlarımız var. Ancaq məktəbdə işləyə bilən və bu işi tam bacaran mütəxəssis çox azdır. 2500-3000 nəfərlik şagirdi olan bəzi dövlət məktəblərində uşaqlarla ara-sıra məşğul olan psixoloqlara rast gəlinir. Onlar da çox vaxt sinfə girərək “salam, necəsiniz” kimi bəsit suallarla şagirdlərə yanaşır. İndividual yanaşmaları aşağı səviyyədə olur. Məktəb psixoloqlarının vəzifəsi əfsus ki, qeyri-adi problemli, boşanmış ailələrin uşaqları və ya sinfə yeni uşaq gələrsə bir dəfə gəlib tanış olmaqdan ibarət olur. Bu prosedura iki nöqteyi nəzərdən baxmaq olar. Birincisi psixoloqun qeyri-mütəxəssisliyi, ikinci isə nəzərə alsaq ki, 3000 nəfərlik bir məktəbdə tək psixoloq bunun öhdəsindən gələ bilməz. Psixologiya insanın ruhu haqqında elm olduğundan indvidualizmi sevir. Fərdi yanaşma olmalıdır, 24-35 nəfərlik sinfə girən psixoloq indvidual yanaşa bilməz”. 


Bunun üçün maddiyyatın önəmli olmasından söhbət açan psixoloq qeyd etdi ki, məktəb psixoloqları maaşları zəif olduğundan yeni təlimlərə gedə bilmirlər. Müasir əldə olunan materiallar, təlimlər, seminarlar pul tələb edir və psixoloqlar da bunu öz maddi hesabları ilə edə bilmirlər.

“Düşünürəm, ilk növbədə məktəb psixoloqları direktorları ilə birlikdə özəl psixoloqlarla, psixologiya mərkəzləri ilə rabitəyə keçməlidir. Hər birimiz ayda 4 məktəbdə seminar keçsək, maarifləndirmə işləri aparsaq çox güclü təbliğat gedər. Sadəcə, məktəb direktoru ilə psixoloqlar bir araya gəlib məsələnin kökündən həllinə çalışmalıdılar ki, indvidual yanaşma olsun. Mənə elə gəlir ki, məktəb üçün bir psixoloq yetərli deyil, tək onu çatdıra bilməz. Bu sahədə çox təəssüflər olsun ki, hazırda respublika üzrə mən tək çalışıram. 2 ildir məktəb psixoloqlarına ödənişsiz olaraq, birillik proqramla təlimlər keçirəm. Məqsədim, istər respublikada, istərsə də xaricdə əldə etdiyim təcrübələri  yerli həmkarlarımla bölüşmək, onlara faydalı olmaqdır ki, cəmiyyətimizi birlikdə doğru istiqamətə apara bilək”. 


Ülviyyə Qarayeva

Link kopyalandı!
Son xəbərlər