“Azərbaycanın bu günədək Qarabağla bağlı əsaslandırılmış proqramı yoxdur...”
Araşdırma
4259
12 Apr 2018 | 22:13

“Azərbaycanın bu günədək Qarabağla bağlı əsaslandırılmış proqramı yoxdur...”

...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.  Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin 1992-ci il aprelin 7-8-də   keçirilmiş iclasları. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/220835.html)

İsa Qəmbər:”Gərginliyin aradan qaldırılması üçün piketləri qadağan etmək yol deyil...”

Prezident seçkiləri ilə əladədar məsələyə baxılarkən Yaqub Məmmədov bildirdi:  
“Ali Sovetin Rəyasət Heyəti  təklif edir ki, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə Vəliyev Cəfər Cəbrayıl oğlu təyin olunsun. İsa Qəmbərov isə Yusif Hacıyevin namizədliyini verir...” 
Səsvermədə birinci təklif qəbul olundu.
Şuraya  müraciət edildi ki, son zamanlar, axırıncı bir ayda respublikada demokratiya adı altında qanunsuz hərəkətlər edilir. Bir sıra təsərrüfat rəhbərləri, icra başçıları, zavod direktorları və fabrik rəhbərləri mitinq, piket yolu ilə işdən kənar edilirlər.
Deputat İsa Qəmbərov müraciətə cavab verdi ki, bu əsaslı narahatlıqdır. “Doğrudan da hadisələr ardıcıl istiqamətdə davam eləyə bilər. Ancaq piket vasitəsilə vəzifədən çıxarılanları geri qaytarmağa başlasaq, onda gərək Ayaz Mütəllibov da qayıtsın. Həsən Həsənovu da qaytaraq. Gərginliyin qarşısını almaq üçün piketləri qadağan etmək yol deyil, onları qadağan etmək mümkün deyil. Mən də o fikirdəyəm ki, camaat rayonlarda icra başçılarından narazıdır. Ancaq onu da bilirəm ki, bəzi rayonlarda doğrudan da  camaatın müəyyən hissəsi mübarizəyə qalxır, bəzi rayonlarda isə vəzifə davası gedir. 
Məsələ ondan ibarətdir ki, Ayaz Mütəllibov getdi, onun təyin etdiyi adamlar da getdilər. İndi yeni rəhbərlik öz adamlarını bir-bir gətirib icra başçısı qoyacaq və bunun haqqında da artıq müxtəlif şayiələr gəzir...”

“Siz də, İsgəndər bəy də gedib rayonlarda mitinqlər keçirirsiniz...”

Sədr Yaqub Məmmədov isə İsa Qəmbərova belə cavab verdi:

“Onları camaat özü təyin edir. Bunu qarışdırmayın. Baş nazirin çıxması piket məsələsi ilə əlaqədar məsələ deyil. Ümumiyyətlə, piket məsələsinə gəlin son qoyaq. Biz buna yol verməyəcəyik. Siz də, İsgəndər bəy də gedib rayonlarda mitinqlər  keçirirsiniz. Hər şeyin qaydası var, televiziya axşama kimi sizin əlinizdədir. Maşallah, mətbuat vasitələri də nə qədər istəyirsiniz. Təbliğatınızı aparın, televiziya var,  qəzet var, radio var, görüşlər keçirin, namizədinizi verin. Mitinq nədir, piket nədir? Nəyə lazımdır axı bunlar? İndi elə şərait yaranıb ki, televiziyada hansınız istəyirsiniz, nə istəyirsiniz, deyirsiniz. Bundan böyük təbliğat vasitəsi olmaz axı, qəzet də nə qədər istəyirsiniz var, burada da nə istəyirsiniz, haqq-nahaq yazırsınız. Yazın, bunu qadağan eləyən, söz deyən yoxdur. Ancaq piketə, mitinqə, küçə yürüşlərinə son qoymaq lazımdır...”

“Belə bir plan reallaşarsa,  Qarabağı itirməyimiz də reallaşar...” 

Belə narazılıq notunda Milli Şuranın bu iclası da öz işini tamamladı. 

Milli Şuranın 8 aprel iclasına Ziyad Səmədzadə sədrlik edirdi. Gündəlik təsdiq edilməmiş Tofiq Köçərli söz alıb dedi: 

“Qarşıdan Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilat vasitəsilə  çox məsuliyyətli görüşlər gözlənilir. Deyək ki, Minskdə görüş keçirilə bilər. Mənə elə gəlir ki, Azərbaycanın bu günədək Dağlıq Qarabağ məsələsinə dair düşünülmüş, əsaslandırılmış proqramı yoxdur. Deyə bilərsiniz ki, Milli Təhlükəsizlik Şurası tərəfindən bəyənilmiş Dağlıq Qarabağ proqramımız var. Fikrimcə, Milli Təhlükəsizlik Şurasında bəyənilən, təsdiq olunan həmin proqram çox qüsurludur... 
Dağlıq Qarabağ muxtar vilayəti yalnız ermənilər yaşayan ərazidən ibarət olmamalıdır. Belə bir planı, bağışlayın, mən sərsəm plan adlandırardım. Orada deyilir ki, Dağlıq Qarabağda BMT-nin qüvvələrindən istifadə edilməsinin mümkünlüyü nəzərdə tutulur. Yadınızdadırsa, bu fikrin müəllifi istefada olan Şevardnadze idi.  Keçən ilin mayında bu fikri Parisdə irəli sürdü. 
Əgər həmin plan – Dağlıq Qarabağda BMT qoşunlarının yerləşdirilməsi reallaşarsa. bizim Dağlıq Qarabağı itirməyimiz də reallaşar. Biz özümüz Azərbaycanın bütövlüyünə qəsd etmiş  olarıq...
Bu gün dünya siyasətinin mərkəzi ABŞ-a keçibdir. Bizim diplomatiyamızın ağırlıq mərkəzi BMT-yə keçməlidir. Orada gərək gecə-gündüz iş getsin. BMT-yə nümayəndə təyin olunmasını, səfirliyin açılmasını sürətləndirmək lazımdır. Biz diplomatik kadrlarsız qalmışıq. Hərbi sahədə olduğu kimi, diplomatiya sahəsində də bizim kadrlarımız azdır. Kənardan diplomatik kadrlar dəvət etməliyik. Səriştəsizlikdən hərbi cəhətdən də, diplomatiyada da uduzuruq. Əgər biz hər hansı bir şəkildə Dağlıq Qarabağın nümayəndələri ilə bir masa arxasında əyləşmiş olsaq, “Dağlıq Qarabağ Respublikası”nı tanımış oluruq. Buna qəti surətdə yol vermək olmaz...” 

(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 132-134)
(Davamı var)
Təqdim etdi: Sultan Laçın
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər