Azərbaycanın hələ də tam öyrənilməyən dünya əhəmiyyətli xəzinəsi - palçıq vulkanları
3909
17 Jan 2018 | 15:58

Azərbaycanın hələ də tam öyrənilməyən dünya əhəmiyyətli xəzinəsi - palçıq vulkanları


İki gün əvvəl Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürüb. Püskürmə 3-5 dəqiqə davam edib, hündürlüyü 10, diametri 60-70 metr, məhsullarının həcmi 1490 kubmetr olub. Püskürmənin qalınlığı mərkəzi hissədə 50-70, kənarlarda 20 santimetr təşkil edib.
Həmin vulkan klassik vulkanlar sırasına daxildir və hər tərəfdən palçıq vulkanları ilə əhatə olunub. Püskürməyə səbəb ocaq zonasında qazların və təzyiqli suların toplanması və tektonik aktivlikdir. Bu vulkan sonuncu dəfə 2008-ci ildə püskürüb. İndiki paroksizm hadisəsi sayca qeydə alınan 14-cü püskürmədir.

Moderator.az xəbər verir ki, palçıq vulkanları Azərbaycan ərazisində geniş yayılıb. Palçıq vulkanlarından başqa onların “pilpilə”, “yanardağ”, “bozdağ”, “axtarma”, “qaynaca”, və s. yerli adları da var. Azərbaycanda 220-dən çox palçıq vulkanlar var. Bunlar Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında yerləşir. Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400 m, əsasının diametri 100-4500 m olur.

Palçıq vulkanlarının sayına görə, Azərbaycan dünyada birinci yerdədir. 

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada -Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.-palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunub. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000m-ə -Qarasu vulkanı-çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürüb. Lökbatan vulkanında 19 püskürmə qeydə alınıb. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Onların palçığı müalicə məqsədilə işlədilən qiymətli xammaldır.
2007-ci ildə «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib.

Hazırda mövcud olan palçıq vulkanlarının fəaliyyəti 30-35 milyon il bundan əvvəl başlayır. Güclü püskürmələr arası vulkanın krater sahəsində çoxlu fəaliyyət göstərən mikroformlar (salz, qrifon, tələlik) əmələ gəlir. Onlar yer üzünə vaxtaşırı qaz, su, lilli palçıq, hərdən isə neft çıxarır. Təkcə Daşgil vulkanının gündəlik qaz debiti 30-40 min m3-ə yaxındır. Cənubi Qobustanın palçıq vulkanları ildə 250 milyon m3 qaz xaric edir. Vulkanların yer səthinə çıxardığı qazların və suların kimyəvi tərkibi yataqların qaz və sularının tərkibi ilə eynidir. Palçıq vulkanlarının başqa bir püskürmə forması da mövcuddur. Bu püskürmə palçıq tullantısı olmadan baş verir. Bu halda brekçiya vulkanın boğazından tədricən basılaraq çıxarılır. Bu hadisə olduqca nadirdir. Azərbaycanda təkcə Qobustanda yerləşən iki vulkan - Çeyildağ və Qoturdağ belə püskürmə ilə fəaliyyətdədir. Çeyildağ vulkanının püskürməsi 4 iyun 1970-ci ildə başlayıb və bir ay davam edib. Burada yarı-quru vulkan brekçiyası, ölçüləri 50x60 metr, hündürlüyü 40 m-ə yaxın gümbəz əmələ gətirib. İlk günlər bu kütlənin hərəkət sürəti sutkada bir metrdən artıq olub. Maraqlıdır ki, püskürmə zamanı (təxminən 3 ay ərzində) çatlardan çıxan karbohidrogen qazların yanması müşahidə edilib.
Qoturdağ vulkanında da arasıkəsilmədən püskürmə (palçığın sıxılıb çıxarılması) 100 ilə yaxın davam edib. Onun kraterində gümbəz şəkildə olan yarı-quru palçıq kütləsi müəyyən hündürlüyə qalxdıqdan sonra öz ağırlığı nəticəsində iri parçalara bölünərək vulkan yamacı boyu tədricən aşağı düşür. Krater çatlağından uzunluğu 50 m, eni 15 m olan brekçiya «tyubikdən» çıxan pasta kimi aşağı axır. Hesablamalara görə 1926- 1927-ci illərdə bu axının sürəti bir il ərzində 42 metr olub. Buna oxşar proses Qərbi Kubanda yerləşən Çikinsk vulkanında indi də davam edir. 2001-ci ildə püskürmələrin sayı rekord səviyyəyə çatıb. 

Hazırladı: Elmin Nuri

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər