Ayaz Mütəllibovun Gəncəlilərə ən böyük hədiyyəsi  - Çaykənd
Araşdırma
8973
29 Apr 2016 | 02:11

Ayaz Mütəllibovun Gəncəlilərə ən böyük hədiyyəsi - Çaykənd

Dəyərli oxucu, aprelin 30 - da Azərbaycanın ən uğurlu hərbi əməliyyatlarından biri kimi tariximizə düşən Göygöl rayonunun ermənilər yaşayan Çaykənd kəndinin köçürülməsinin ildönümüdür. Ona görə də həmin hadisələrin birbaşa iştirakçısının xatirələri oxucular üçün ikiqat maraqlı olduğundan onu da sizlərə təqdim edirik...

Yeri gəlmişkən, Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/134140.html


...Martunaşenlə Çaykəndin sərhədinə çatdıq. O yerdə xeyli müqavimət oldu, ermənilər möhkəmləndirilmiş postlardan aramsız atəş yağdırmaqla bir müddət irəliləməyimizə mane ola bildilər. Bir azdan erməni yaraqlıların ölən, yaralanan  yoldaşlarını çıxardıqlarını və faktiki döyüşü dayandırdıqlarını müşahidə etdik. Sonradan öyrənəcəyəm ki, komandirləri, “Ded” ləqəbli keçmiş kriminal Simon Açıqgözyan öldürüləndə atəşi dayandırmağı qərara alıbmışlar. Qarabulaq (Martunaşen) əlimizdə idi. 
Kənddə postları qurub geri dönməliydik. Həmin gecəni də Quşçuda keçirdik ki, erkəndən geriyə - Hacıkəndə dönək. 
Gecə ocaq başında söhbət edirdik, bu vaxt Todan istiqamətindən 2 BTR gəldi. Bizə çatanda içindən başını çıxaran rus zabiti Çaykəndə getdiklərini və polkovnik Maşkovla görüşəcəklərini dedi, yolu göstərdik. İki saatdan sonra zirehli maşınlar geri döndü. Heç bir şübhəmiz olmadı. Amma...

İki gündən sonra öyrəndik ki, Tatulun və Yerevandan gələn digər ermənilərin meyitlərini və kəndin başçılarını - sovxoz direktoru, sovet sədri, onun atası, rabitəçi Mariyanı və daha 6 nəfəri BTR-lərlə Ağcakəndə, oradan Xankəndinə, sonra da Yerevana aparıblar.
 
Mayın 2-si ertədən Hacıkəndə döndük. Çaykənd, demək olar, sakitləşmişdi. Günortaya yaxın kəndin girişində ağ bayraqlı çaykəndlilər göründü. Kəndin yaşlı adamları rəhbərliklə elə kəndin girəcəyində görüşüb atəşin dayandırılmasını və köçürülmələrini xahiş etdilər. 2 ildən çox ətrafa gərginlik verən, insanları qətlə yetirən, bizi Göygölə, başqa səfalı yerlərə həsrət qoyan bir kənd ağ bayraq qaldırmışdı. 
Kəndi köçürmə əməliyyatı dərhal başlandı. Vertolyotlar əvvəlcədən hazırlanmışdı. Köçlərini Ermənistana aparmaq istəyənlər üçün yenə Rustavi avtobazasının yük maşınları köməyə gəlmişdi. Əsas yük vertolyotlara düşmüşdü. Vertolyotlar çaykəndliləri Xocalı aeroportuna aparmalı idi. 

DTK-nın sədri Vaqif Hüseynov məni çağırıb bütün vertolyotların 20-22 nəfərlə yola salınmasını, hər kəsi qeydiyyata almağı tapşırdı. Qeydlərim hələ də durur. Dedi bunlar vertolyotlardan enən kimi aləmə yalandan car çəkəcəklər ki, bizi qırdılar, əks-təbliğat üçün hər şey hazır olmalıdır. 

Mais Məmmədov çaykəndlilərdən “Vremya” üçün müsahibə götürürdü. Azərbaycan  Televiziyası da fəaliyyətdə idi. Müsahibə verənlər bir nəfər  kimi Yerevandan gələn erməniləri söyür, Tatulun qəddar olduğunu, onları qorxu altında saxladığını deyirdilər. Şəxsən tanıdığım ermənilər yalvarıb onları vertolyotlara tez mindirmələrini xahiş edirdilər. Deren isə hətta Kislovodska dəvət etdi. Çox miskin və qorxmuş  halda idilər. Amma elə bu miskinlər  vertolyotlardan Stepanakertə düşən kimi göz yaşları töküb əleyhimizə olmazın hədyanlar söylədilər. Moskva  televiziyası vur-həşirlə reportajlar yayırdı. 

İki gün ərzində vertolyotlarla  kəndin əhalisi, demək olar, tamam köçürüldü. Bir xeyli adam, o cümlədən xəstəxananın baş həkimi Yerevan qeydiyyatında olduğu üçün Gəncə təcridxanasına aparıldı. Əksəriyyət Yerevandan gələnlərin  kimliyi, əməlləri barədə ifadələr vermişdi. Sonralar bu adamların  hamısı azad edildi. 
Çaykənd döyüşlərində cəmi 19 nəfər erməni ölmüşdü. 12-si Yerevandan  gələnlər, 7-si yerli sakinlərdən idi. Yerevandan gələnlərdən Tatul Krpeyana Ermənistanın Milli Qəhrəmanı adı verildi, Simon Açıqgözyan isə “erməni fidainləri” sırasına salınıb. 

Bu gün internet səhifələrində ermənilər Çaykənd hadisələrini öz prizmalarından yalan dolu informasiyalarla bəzəyiblər. Guya 200 tankla bir kəndin üstünə gedilib, guya yüzlərlə insan öldürülüb, onlara işgəncələr verilib. Bizim tərəfdən  heç bir informasiya internetdə yer almayıb. 

Çaykənd  azad olundu. Bir həftədən sonra Ermənistandan gəlib Bakıya məskunlaşan qaçqınlar Çaykəndə köçürüldü. Çaykəndliləri yola salanda çox erməni evinin sənədini, açarını mənə vermək istəyirdi, hətta “Niva” maşınını da hədiyyə edən tapılmışdı. Bunlar hamının gözü qarşısında baş verirdi. Vaqif Hüseynovun və rəisimizin sözləri yadımdan çıxmır: “Sən burdan nəsə əldə etsən, bütün zəhmətin hədər gedəcək. Hamı deyəcək ki, İlham bir evdən və ya  maşından ötrü vuruşub”. Çox haqlı idilər. Kimlərsə nəsə əldə etdi. Mən isə bütün Çaykəndi qazandım! 
İyunun əvvəllərində prezident Ayaz Mütəllibov Gəncəyə gəldi. Şəhər partiya komitəsinin binasında gəncəlilərlə görüşdə dedi: “Mən çoxdan Gəncəyə gəlmək istəyirdim, amma əliboş gəlmək istəmirdim. Qarşıma məqsəd qoymuşdum ki, Çaykəndi azad edim, sonra gəncəlilərlə görüşə gəlim. Məncə, Çaykəndin azad edilməsi gəncəlilərə  ən yaxşı hədiyyədir”.

Prezidentin bu sözləri  təsadüfi deyildi. O dövrdə bəzi müxalif qüvvələr Çaykəndin azad edilməsini Moskvanın Ayaz Mütəllibov hakimiyyətini möhkəmləndirməsi kimi təqdim edirdi. Mənim üçün, Azərbaycan xalqı üçün fərqi yox idi kimin hakimiyyəti  möhkəmlənir. Əsas o  idi ki, torpaqlarımız azad olunurdu. 

Bu gün də o fikirdəyəm ki, kimin hakimiyyəti möhkəmlənir, möhkəmlənsin - təki Qarabağ azad olsun! Hakimiyyətlər gəldi-gedər, Vətən torpağı əbədidir! Kim hakimiyyətdə olur olsun - Qarabağ bizim olsun.
 
Kürəkçayın şırıltıyla ortasından axdığı  Çaykənd bu gün əsasən Ermənistandan və qismən də Kəlbəcərdən qaçqın düşmüş soydaşlarımızın məskunlaşdığı yaşayış məskənidir. 
Çaykənd azad olundu, amma qarşıda  Gəncə və Goranboyu təhdid edən daha 3 kənd vardı - Buzluq, Manaşid, Erkeç. Tezliklə bu kəndlərin azad edilməsi başlanacaqdı. 

Yuxarıda “Sakit üfüqlərdə” filmini xatırlamışdım. Bu filmdə bir epizod da var. Göl kənarına gəzməyə gələn gənclər istirahət edir, əylənirlər. Bir yaşlı adamın və cavan oğlanın bu yerlərdə qəmgin-qəmgin dolaşması onları narahat edir və etirazlarını bildirmək istəyirlər. Onlara yaxınlaşanda xatirə lövhəsini görür, əllərindəki çiçəkləri sakitcə  lövhənin qarşısına qoyurlar. Bu yerlərin sahibləri o döyüşçü kişi və anası döyüşlərdə həlak olmuş gənc oğlandır. 
Mənim də başıma Çaykənd ətrafında 13 il sonra buna oxşar hadisə gəldi. O yerdə ki, 4 saat danışıqlar aparıb erməniləri verib girov götürülən adamlarımızı azad etmişdim.

2004-cü ilin iyunun 27-də İsveçə mühacirətə hazırlaşan dostum Sərdar Ağayevi (indi Malmödə yaşayır) və konfliktoloq Elxan Mehdiyevi Tərtərə dəvət elədim və gələndən sonra təklif etdim ki, Göygölə gedək. 
Yola düşdük. 1saatdan sonra Aşıqlı (o kəndin  bir adı da Qaryağdıdır) kəndinə çatmışdıq. Dolamaları qalxdıqca hava sərinləşir, gözəlliklər bir-birini əvəz edirdi. Xidməti işimlə əlaqədar 8 il Xanlar rayonunun (indiki Göygöl) kuratoru olmuşam. Bu yollarda o qədər gedib-gəlmişəm  ki, hər qarışına bələdəm, hansı döngədən sonra hansı mənzərə olacağını, havanın hansı tində dəyişəcəyini yaxşı bilirəm. Şair demiş, “bu yolla o qədər gedib-gəlmişəm, bu  yoldan gizlin bir sirrim qalmayıb”. Elə yolların da, bu yerlərin də məndən gizlətdiyi bir şey yox idi”¦ 

Yerlilərin “Sto pervi” dedikləri qəsəbədən eniş başlayır və vaxtilə “Toğanalı Elmanın kababxanası” deyilən yerdən mənim üçün dünyanın ən gözəl mənzərəsi açılır. Kəpəzin yəhəri xatırladan haçaları (Kəpəzə yerli adamlar  Yəhərdağ  da deyirlər) bu yerlərin daimi keşiyini çəkir. 

Mənzərəni bir daha  ləzzətlə seyr edəndən sonra yolumuza davam etdik. Cəmi bir döngədən sonra əsgər postu  qarşımızı kəsdi. Bizi buraxa bilməyəcəklərini dedilər. 

Qarşıda hərbi hissə var, lap yuxarıda isə cəbhə xətti.Olmaz! Amma keçib gedənlər də var. 
Qeyzləndim: “Əsgər, gördüyün bu yerləri ermənidən təmizləyən mən olmuşam. Bu gördüyün Çaykəndin yolunu ermənilər bağlayıb heç  kəsi buraxmırdılar. Kəndi azad edəndə birinci öz maşınımda yolu açmışam. Yolda gediş-gəliş olmadığından qamış bitmişdi, birinci mən  keçmişəm. Burdan yaralıları daşımışam. İndi  niyə burdan keçə bilmərəm? O yuxarıdakı cəbhə xəttinə - Güzgüyə 1994-də ərzaq daşımışam. Sən durduğun yerdə mən erməni verib, əsir azərbaycanlıları geri almışam. İndi mən niyə keçə  bilmərəm burdan?”
Əsgər kirimişcə dayanıb baxdı və “Mən bunları hardan bilim?” dedi.
Doğrudan  da. Hardan  bilsin? Əmrə  tabe adamdır. 

O zaman burda baş verənlər bizim tariximizdir. Özü də miqyasına görə o zaman da, bu gün də, sabah da vacib olan tarix... 
Biz Göygölü də, Maral gölü də, Toğananı da  gəzdik. Amma fikrimdə  dolaşan tarix idi. 1991-ci ilin aprelin 30-dan başlayaraq Çaykəndin ermənilərdən, işğalçılardan azad edilməsi gününü və o zaman baş verənləri mütləq yazmaq. 
 Azərbaycanın tarixində çox vacib bir hadisə baş vermişdi. Çaykənd azad edilmişdi. 
Bu qələbəni unutmayaq”¦

Ardı var...
Link kopyalandı!
Son xəbərlər