Araşdırma
7937
24 Apr 2016 | 23:04

"Əlimi tapançaya aparıb fikirləşirdim ki, ən azı 9 erməni öldürəcəm"

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/133327.html


...20 yanvar haqqında geniş yazmaq  məqsədim yoxdu. Çox şey deyilib, yazılıb, amma hər şey deyilməyib, hər şey, bəlkə də ən vacibi yazılmayıb. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. DTK sədri Vaqif Hüseynov 20 yanvardan əvvəl və sonrakı dövrü “Bir ömürdən artıq” kitabında ətraflı, peşəkarcasına, olduğu kimi yazıb. Bu gün Vaqif Hüseynova qarşı  ittiham var ki, o 20 yanvarda Sovet Ordusunu Bakıya çağırıb, fövqəladə vəziyyəti o yaradıb, televiziyanın enerji blokunu partlatmağı o göstəriş verib. Yalandı. Bir nəfər olsun o dövrdə işləyən, bu gün də fəaliyyətdə olan bir əməkdaş belə Vaqif Hüseynovun belə bir göstəriş verməsini deyə bilməz. Təbii, olmayan məsələni necə söyləmək olar, hətta keçmiş sədri sevməyən işçilər belə.

Birincisi, Hüseynovun dediyi kimi, 1920-cil il 28 apreldə Azərbaycana gələn Qızıl Ordu nə vaxt respublikanı tərk etmişdi ki, hələ bir geri də çağrılsın. İkincisi, bir əməkdaş da mən idim. Mənə, şöbəmizə, heç kəs silahla xalqın üstünə gediləcəyi tapşırığını verməmişdi. Bu əssasız ittihamlar yalnız siyasi xarakter daşıyır və mən özüm də belə qondarma ittihamla rastlaşmışam. 2003- cü il prezident seçkilərində namizəd Hafiz Hacıyev televiziya çıxışında deyirdi ki, guya mən Gəncədə 20 yanvar günü  əhalini qırmışam, öldürmüşəm. Axı Gəncədə 20 yanvar hadisəsi olmamışdı və olmaması üçün də şöbəmizin rəisi, içi mən qarışıq əməkdaşları əllərindən gələni əsirgəməmişdilər və bu faktdı.
 
20 yanvarda Azərbaycan Radiosu ilə ilk etiraz Ali Sovetin sədri Elmira Qafarovadan gəldi. Sovet Ordusunun xalqa qarşı aşırı güc tətbiq edərək günahsız insanları qətlə yetirməsini xanım Qafarova pisləmiş və Azərbaycan xalqının bu haqsızlığı heç vaxt bağışlamayacağını bildirmişdi. İkinci etiraz  məhz Azərbaycan DTK kollektivindən oldu. Sədr Vaqif Hüseynov başda olmaqla Dövlət Təhlükəsizlik Komitəsinin zabit heyəti 20 yanvar qətliamını şiddətlə qınayan bəyanatla çıxış etdilər. Bu bəyanat o gün də, bu gün də çox aktualdı və tariximizdə SSRİ-nin dayağı sayılan bir təşkilatın azərbaycanlı əməkdaşlarının şücaətidi, ünvanımıza hələ də iftira atanlara  tutarlı cavabdı. 
    
İki gündən sonra rəis Bakıdan qayıtdı. Bakıdan gələn adama möcüzə kimi baxırdıq. Nə baş verib, Bakı nə gündədi? Hamımızı narahat edən suallara rəis geniş olmasa da şəhərin birinci katibi Süleyman müəllimlə “Stavkanın”zirzəmisində Yazovla görüşdüklərini və SSRİ Müdafiə nazirinə Gəncədə fövqəladə vəziyyət elan olunmasına ehtiyac olmadığına onu inandırdıqlarını söylədi.
 
Fevralda bacım Bəstiylə Bakıya getdik. Şəhidlərin qırxı hələ çıxmamışdı. Xiyabanı ziyarət etdik. Xatirə dəftərləri vardı, ora ürək sözlərimizi yazdıq. Maraqlıdı, o dəftərlər dururmu?
  
Respublikada rəhbərlik dəyişdi. A.Mütəllibov Azərbaycan KP MK- nın birinci katibi seçildi. Ə.Vəzirov çox pis dönəmdə respublikaya rəhbərlik etmişdi. Ekstremal situasiyaya o hazır deyildi və daha çox Moskvanın mövqeyini gözləməsi, sərbəst qərarlar qəbul edə bilməməsi onun karyerasını çox pis bitirdi.
 
                                                         *****

20 yanvardan sonra vəziyyət dəyişmişdi. Xanlar rayonunda 4 erməni kəndi qalmışdı - Kamo, Azad, Martunaşen və Çaykənd. Kamo və Azad kəndlərinin sakinlərindən bir neçəsi ilə əlaqə yaratdım və dəfələrlə gizli görüş keçirdik. Kənd sakinləri köçməyə hazır idilər. Demək olar ki, 80 faizi Stavropol vilayətinə, bir qismi isə Ermənistana köçmək istəyirdi. Yalvarırdılar ki, onları Çaykənddəki Yerevan ermənilərindən bircə həftə qoruyaq, evlərə görə bir az pul verib köçürək. 
Plan hazırlayıb respublika rəhbərliyinə məlumat verdik. Həsən Həsənov artıq Nazirlər Sovetinin sədri idi. Lazım olan pulun ayrılacağına söz verib  məsələni tez həll etməyi tapşırdı. 
1990-cı il martın əvvəlləri idi. Hacıkəndə qar yağırdı. Kamo kəndinə gedib keçmiş partkom, mühasib və başqa bir sakinlə kənd  kitabxanasının  yanında gizli görüşdük (Təhlükə böyük idi. Hər zaman çaykəndlilər peyda olub  öldürə bilərdilər). Onlar Çaykənd  yolu  kəsiləcəyi  halda 3 gün içində kəndin köçürülməsinin mümkün olduğunu dedilər və yalvardılar ki, işi tez həll edək. 
Rayon  mərkəzinə gəlib rəhbərliyi məlumatlandırdım və hazırlıq planı üzərində işləməyə başladıq. Səhərisi gün xəbər gəldi ki, SSRİ Nazirlər Sovetinin sədri  Nikolay Rıjkovun xüsusi komissiyası Xanlara gəlir və Çaykənd, Kamo, Azad kəndlərinə baş çəkəcək. 

Komissiya gəldi. Rəhbəri vaxtilə Bakıda “Stavka”nın (SSRİ Silahlı Qüvvələrinin Cənub İstiqaməti Komandanlığı - red.) komandanı olmuş general Şirinkin idi. Gəncənin  komendantı general Korobko, bir neçə zabit və əsgər komissiyanı müşayət edirdi. Komissiya  üzvləri rayon milis şöbəsində toplaşdılar və dedilər ki, Yerevandan da general Surkov vertolyotla gəlir, birlikdə o kəndlərdə görüş keçirəcəyik. Məqsəd də budur ki, guya biz o kəndləri zorla  köçürürük, komissiya onları dinləmək, şikayətlərinə qulaq asmaq istəyir. Şirinkin dedi ki, məlumata görə, o kəndlərdə aclıq başlayıb, ərzaq qıtlığı var. 
Komissiya üzvləri  yerli hakimiyyət orqanlarından heç kimi görüşə aparmayacaqlarını da açıqladı. Təəccübləndik. Mən DTK-nın mayoru olduğumu və mütləq onlarla gedəcəyimi dedim. DTK-nın adı onlarda başqa bir şübhə doğurmadı  və məni də özləri ilə götürdülər. Milis rəisinin  maşınında  mən də komissiya üzvləriylə birlikdə Kamo kəndinə getdim. 
Kəndin klubunda qələbəlik idi. Kamo və Azad  kəndlərinin sakinlərindən çox çaykəndlilər, Yerevandan gələnlər və general Surkovun dəstəsi yığışmışdı. Klubun  səhnəsində  dayanan komissiya üzvləri kəndliləri növbə ilə dinləyirdilər. Hamı Azərbaycan rəhbərliyindən  şikayət edir, zorla köçürülmələrindən danışır, acından öldüklərini deyirdilər. 
Sərxoş vəziyyətdə bir xeyli  gənc də vardı. General Şirinkin sözarası dedi ki, heç ac adama oxşamırlar, hamısı yaxşı yeyib-içib gəlib. 
Azərbaycanlı  bircə mən idim. Bu vaxt bir qadın Mingəçevirdən qaçıb gəldiyini söylədi və əlini mənə tuşladı ki, bu adam Mingəçevirdə oğlumu qətlə yetirib, BTR-in üstündə elə bu paltoda idi, oğlumu o öldürüb. Ermənilər himə  bənd idi, söyə-söyə səhnəyə yaxınlaşmağa başladılar. Danışmaq istəyəndə bir gün əvvəl mənə köçmək üçün  yalvaran  ermənilərdən biri əlini dodaqlarına aparıb yalvarışla üzümə baxdı. Başa düşdüm ki, onları köçməyin  təşəbbüskarı kimi göstərsəm, işlər tamam korlana bilər.
Bu vaxt Makiç adlı arıq, uzun müəllim qabağa çıxıb bütün günahların səbəbkarının mən olduğumu, hər gün kəndə gəlib əhalini  köçməyə məcbur etdiyimi söylədi. Çaykənd erməniləri  bir an içində səhnəyə daha da yaxınlaşdılar. Məni bu qarışıqlıqda öldürəcəklərini hiss etdim. Əlimi tapançaya aparıb fikirləşirdim ki, ən azı 9 erməni öldürəcəm. 
“Makarov” tapancasına tutumundan artıq ağzına həmişə bir parton qoyar, maqazininə də 8 parton yerləşdirirdim. Əlim döşümün üstündə  idi. Bu vaxt  general Korobko əli ilə kürəyimə vurub gülümsəyərək “Uspokoysya, molodoy çelovek, vsyo budet normalno” söylədi. Bunu deyib klubdan çıxdı. Fikirləşdim ki, hər dəqiqə üstümə atılacaq adamlarla məni baş-başa qoyub bu hara getdi? 

Bir dəqiqədən sonra general iki avtomatlı zabitlə içəri girdi. Yanıma gəldilər. General məni zabitlərə göstərib: “Na neqo nastroyenı, bereqite yeqo, i uvedite”. Yanaqları soyuqdan qıpqırmızı olmuş zabit mənə “Çıxaq” dedi. Ona dedim ki, mən bu camaatın arası ilə keçsəm, hərə mənə bir zərbə vuracaq, mən ən axırıncı çıxacam. General razılaşdı. Zabit də çox nümayişkaranə şəkildə avtomatı mənə yaxınlaşmaq istəyənlərə tuşladı.

Komissiya üzvləri heç  kimin köçürülməyəcəyini, burada rahat yaşayacaqlarını deyib üzücü iclası yekunlaşdırdılar. 
Mən avtomatlıların müşayiəti ilə bayıra çıxdım, ermənilər isə əl çəkmir, ən azı döymək, xətər yetirmək istəyirdilər. Bayırda Çaykənd sovetin sədri Gürcüyana üzümü tutub dedim: “Qrant, bunlar hamısı sənin işindir, səninlə görüşəcəyik”. Bir xeyli dalımca gəlib heç bir günahının olmadığını, aranı Yerevandan gələnlərin qarışdırdığını dedi. Uzaqdan rəisin sürücüsü Ələddinə əlimlə işarə etdim ki, maşını işə sal. O, arxamca gələn erməni sürüsünü görüb işi anladı, maşını işə saldı, qapını açıb oturmağımla “Volqa” yerindən sürətlə tərpəndi. Komissiya üzvləri hərbçilərin  maşını ilə geri qayıdası oldular.

SSRİ Nazirlər Sovetinin sədri Rıjkovun ermənilərə simpatiyası güclü idi. Ermənilərin təhriki ilə xüsusi komissiya   göndərilməsi, Yerevandan SSRİ Ali Sovetinə deputat seçilmiş general Surkovun Çaykəndə ezam olunması adi məsələ deyildi. Çaykənd ermənilər üçün xüsusi önəm daşıyırdı. 

Komissiyanın üzvləri  rayon partiya komitəsində deyil, Xanlardakı sovet ordusunun briqadasında görüşün yekunlarını müzakirə etdilər. Gördüklərini Moskvada danışacaqlarını söylədilər. Ermənilərdən heç də xoş təəssürat aparmırdılar. 
Səhərisi gün Gəncə Şəhər Daxili İşlər İdarəsinin  rəisi, rəhmətlik Zahid Dünyamalıyev, şəhər icraiyyə komitəsinin sədri Nizami Xəlilov və mən Xanların milis şöbəsində görüşdük. Onsuz da az qala hər gün görüşürdük, amma bu dəfə konkret plan cızdıq. Kamo və Azadı köçürmək üçün bizə iki zirehli hərbi maşın və əsgərlər lazım idi ki, Çaykənddən Kamo və Azada gələn yolu bir neçə günlük bağlasın, həmin müddətdə kəndləri  köçürək. 
Hərbi aerodromda  briqada yerləşirdi. Briqada  komandirinin  yanına getməyi və nə yolla olur-olsun onun bu işdə bizə kömək etməyə razı salmağı qərara aldıq. Konyak zavodundan  20 litr konyak götürdüm. Fikirləşdik ki, hətta lazım gəlsə, pul təklif edərik. 
Komandir  bir polkovnik idi. Bizi  yaxşı  qarşıladı. Konyakları hədiyyə kimi verdik və fikrimizi ona çatdırdıq. Zahid müəllim onu arxa otağa keçirib söhbət etdi. Məsələni uzatmadan sabaha iki BTR və əsgərlər verib yolu kəsməyə razı oldu. Komandir qızının evlənəcəyini, ona mebel  və soyuducu almağımızı xahiş etdi.  Bu, asan məsələ idi, istəkləri dərhal  yerinə yetirildi. Komandir də iki gündən sonra BTR-ləri  və əsgərləri ilə Çaykəndin yolunu kəsdi. 
Biz  isə artıq hazırlıq görmüşdük. Həsən Həsənovun göstərişi ilə Rusiyanın Mineralnı Vodı şəhərinə xüsusi TU-134 təyyarə ayrıldı. Gəncə Nəqliyyat İdarəsi Rustavi avtobazasından gürcülərin idarə etdiyi yük maşınlarını cəlb etdi ki, Ermənistana  köçmək  istəyənləri aparsın. Həsən Həsənovun göstərişi ilə rayon bankına bir xeyli nağd pul göndərildi. Pasport qeydiyyat idarəsinin işçiləri erməniləri qeydiyyatdan çıxarmaq üçün tam səfərbər oldular. Martın 5-dən başlayaraq  kəndlərdə bütün köçürmə prosedurları hazır idi. 

Bir həftənin içində 4 milyon rubl ödəməklə  hər iki kəndin əhalisinin köçürülməsini problemsiz başa çatdırdıq. Pulun yarısını xüsusi qəbzlə ödəyirdik ki, qalanını Stavropol vilayətində ala bilsinlər. Beləliklə, martın 15-də hər  iki kənd köçürüldü. Çaykəndlilərin ara-sıra gecə atəşləri, təxribatları boşa çıxdı. 

Rus əsgərlər gedəndən sonra milis işçilərindən ibarət postlar təşkil etdik. Tezliklə kəndi qaçqınlarla məskunlaşdırmalıydıq. Göyçədən gələn qaçqınlar arasında hər iki kəndin evlərini püşkatma yolu ilə, ədalətlə bölüşdürdük. Bu komissiyada mən də vardım. 

Qarşıdan Novruz  bayramı  gəlirdi. Çaykəndlilərə kəndlərdə məskunlaşmanı  nümayiş etdirmək lazım idi. Təəssüf ki, paylanmış evlərin  qapısına hərə bir qıfıl vurub, hələ köçməyə risk etmirdi. Axır çərşənbə rayonun prokuroru Rauf Səmədovla  Kamo və Azad kəndinə gəldik. Gecə bir neçə yerdə tonqal yandırdıq, məqsədimiz o idi ki, Çaykəndlilər kəndlərin  məskunlaşdığına inansınlar. 

Qarşıda Çaykənd vardı. Düz bir il qalırdı Çaykəndin azad edilməsinə. Bu bir ildə Çaykənd ətrafa xeyli zərər vuracaqdı. Baxmayaraq ki, onun çəmbəri tamam daralmış, kənd bir növ mühasirə vəziyyətinə düşmüşdü. Təəssüf ki, vertolyotların qarşısını almaq hələ imkanımız xaricində idi. Hava yolu Çaykəndin xarici aləmlə yeganə əlaqəsi olduğundan Kamo və  Azad kəndləri köçürüləndən sonra vertolyotların uçuşu intensivləşmişdi.

Martunaşendə əməliyyat  mənbəyim vardı, çox çətinliklə Kuşi Armavır kəndinin kənarında görüşümüz baş tutdu. Məlumata görə, Çaykəndə Yerevandan Tatul  Krpeyan adlı cavan bir dəstə başçısı gəlmişdi. Həddindən artıq əzazil olduğunu, yerli çaykəndlilərin qəti şəkildə vertolyotla köçməsini, gediş-gəlişini qadağan etmişdi. İtaət etməyəni  həbslə hədələyir və adamları, görk olsun deyə bir neçə gün həbs edib kənara buraxmırdı. 

Daşnaksütun Partiyasının  üzvü olduğunu, Zori Balayanla yaxından tanışlığını, ixtisasca tarixçi olduğunu öyrənmişdik. Hərdən məktəbdə  uşaqlara erməni tarixindən danışır, azərbaycanlılara nifrət aşılayırdı. Dəstəsində 20-dən çox adam vardı. Yerli cavanlar da məcburən onun başına yığılmışdı. 

“Ded” ləqəbli Simon Açıqgözyan da sonradan gəlib Tatulun dəstəsinə qoşulmuşdu və dəstə üzvləri arasında xüsusi nüfuza malik idi. Kəndin 8 yerində daimi post qoyub, səngər qazmışdılar. Pulemyot, avtomat, hətta AQS-lə (qumbaraatan)  silahlanmış dəstə gecələr Hacıkənd-Toğana-Göygöl yolunu tam nəzarətə götürür, keçən maşınlara atəş açırdı. 
Bu bir il ərzində Tatulun dəstəsi əməliyyat keçirməyə getmiş Xanlar Rayon Milis Şöbəsinin və Səfərəliyev bölməsinin 5 əməkdaşını pusquya salıb öldürdü. Quşçu kəndinin sovxoz  direktoru Gürzalı Əliyev və sürücüsünü   də xəyanətlə qətlə yetirdilər. Todan  kəndinin  2 sakinini öldürüb, 2-sini ağır yaraladılar. 
 
Kəlbəcərdən gələn bir ailəni Toğana  kəndinin yaxınlığında atəşə tutub yaralamışdılar. Gəncəyə Toğanadan məlumat  gəldi ki, yaralılar xəstəxanaya çatmasalar, vəziyyətləri ağır olacaq. Hacıkənddə müvəqqəti  dislokasiya  olunan sovet ordusunun zirehli maşınları vardı. Gecə saat 10-da mən və digər əməkdaşlarımız Vahid  Hüseynov, Rafael Mirzəyev BTR-in komandiri ilə danışıq apardıq. Etiraz etdilər ki, dumandır, yolu  tanımırıq. Piyada BTR-in qarşısına düşüb dedim ki, məni görürsənsə gəl, yolun ortası ilə gedəcəyəm. Bir kilometr  piyada getdim, BTR arxamca gəlirdi. Təhlükəli hissəyə çatmağa az qalmış komandir məni səslədi və özlərinin gedəcəklərini bildirdi. 
BTR getdi, bir saatdan sonra köhnə UAZ-da kəlbəcərliləri müşayət edərək döndü, yaralılar Gəncədəki 3 saylı xəstəxanaya çatdırıldı.

Kamo, Azad kəndlərinin köçürülməsi  təzəcə başa çatmışdı ki, Tovuzun Əlibəyli kəndindən həyəcanlı xəbərlər gəlməyə başladı. DTK sədri Vaqif Hüseynov göstəriş verdi ki, Gəncə şöbəsinin əməkdaşları  təcili Əlibəyliyə köməyə getsinlər. Şöbədə cəmi 3 Kalaşnikov avtomatı vardı. Əlibəyliyə 3 əməkdaş - Elbrus Nəzərov, Rəfail Mirzəyev və mən yola düşdük.

                                                 
ƏLİBƏYLİNİN MÜDAFİƏSİNDƏ

Əlibəyli Ermənistanla həmsərhəd kənddi. Qələmçə bulağından Göycənin evi kimi şərti sərhəd zolağının 12 kilometr  uzunluğu vardı. 3 avtomatla çətin olsa da hər gecə bu məsafəni köhnə bir avtobusla ən azı iki dəfə gəzib ermənilərin mümkün hücumunun qarşısını almağa  hər an hazır idik. Getdiyimizin 3-cü günü sərhəddi dolaşıb, postları yoxladıqdan sonra həmişə bizimlə birlikdə postları gəzən kənd iicra nümayəndəsi Valehin evinə gəlib bir az dincəlmək istədik. Təzəcə rahatlanmaq istəyirdik ki, Qələmçə bulağı istiqamətində atışma eşitdik. Təcili ora yollandıq, postda cəmi üç milis işçisi vardı. Ermənilər fasiləsiz atəş açır, getdikcə lap yaxınlaşırdılar. Ermənilərə tərəf daha üç avtomatdan atəşə başlayanda düşmən tərəfdən qışqırtı, bağırtı səsləri ara vermədi...

Ardı var...
Link kopyalandı!
Son xəbərlər