Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
Artıq hava qaralırdı. Şaumyan (kənd) rayon xalq nəzarəti komitəsinin sədrini, Manaşid kəndinin kolxoz sədrini və Meqriyan Şaqen Znaveroviçi mənim əyləşdiyim “Niva”ya götürüb yola çıxdıq. Şaqen Ağcakənddə erməni millətçilərinin başında dururdu, xüsusi nüfuza sahib idi. Onunla sonralar, 1991-ci ildə Şəfəqdə də rastlaşdıq. Ağcakənd azad ediləndə Şaqen öldürüldü. Erməni fidainləri siyahısındadır. DTK-da hara gedirdiksə, rəhbərliyi məlumatlandırır, icazə veriləndə gedirdik. Bu dəfə rəisimizə - rəhmətlik Rəhman Mikayılova heç nə demədim. Bilirdim ki, icazə verməyəcək. Ağlayan atanı heç cür çarəsiz qoymaq olmazdı. Mən gedəcəyim halda milis işçilərinin də gedəcəyini düşünüb icazə almadan əsirləri dəyişməyə yollandıq. Tüləllər kəndini keçib Çıraqlıya çatdıq, çox sərt bir yoxuş vardı. “Niva”lar qarda heç cür yoxuşu qalxa bilmədi. Bir saatdan sonra KrAZ markalı yük maşını gəldi. Hava tamam qaralmışdı. Erməni əsirləri də götürüb KrAZ-a mindik. Mən, Nəsrəddin, Asəf müəllim kabinədə oturduq. Qalanlar, o cümlədən ermənilər maşının kuzasında yer aldılar. Sürücü yolu tanısa da bəzən yol itir, hara gedəcəyimiz bilinmirdi. Sərt bir döngəyə çatanda Nəsrəddin dözmədi, “bu maşın aşacaq, heç olmasa yuxarıda olsam tullanaram” deyib kabinədən kuzaya qalxdı. Bu səfərə çıxanlar həyatlarıyla risk etdiklərini bilirdilər. Ən təhlükəli yerlərdən keçib 3 saatdan sonra Toğanaya çatdıq. Asəf müəllimin qohumlarından birinin evində yerləşdik. Biz Toğanaya çatanda SSRİ televiziyasının “Vremya” verilişi başlamışdı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov müsahibə verirdi ki, Bakıda bir neçə erməni ailəsinin evi dağıdılıb. Kənddə heç bir rabitə əlaqəsi yox idi. Həyat yoldaşımın və körpə Əsmərin bütün gecəni gözü yolda qalacağını, işdə narahatçılıq olduğunu təsəvvür edirdim. Sabaha qədər yatmadıq, əlimizdəki cəmi 2 avtomatla həm özümüzü, həm də əsir erməniləri qoruyurduq. Pəncrədən qarlı meşəyə baxanda çılpaq ağaclar ağ qarın fonunda bəzən gözümə hərəkət edən adamlar kimi görünür, hər zaman istirahətə gəldiyim, gözəlliyindən ləzzət aldığım Toğana kimi səfalı bir yerdə həyəcanla həm sabahın açılmasını, həm də düşmənin namərdliyini bildiyimizdən, qəfləti hücumunu gözləyirdim. Səhər açılanda təxminən 4 saat danışıq getdi. Danışıqlar Çaykəndlə Göy-gölə gedən yolun ayrıcında aparılırdı. Bu yolu xatırlamağımın səbəbini sonra qeyd edəcəyəm. Əsirləri bir-bir dəyişdik. Birinci Şageni istədilər, yola salanda tutulanların azad edilməsini ona bir də xatırlatdım. Adamlarımızı sağ-salamat geri aldıq və yenə axşama yaxın həmin çətin, buzlu-qarlı yollarla geri qayıtdıq.”Niva”ların sürücüləri də arxamızca gəlib Toğanaya yetişmişdilər. Xanlara çatanda hamı bizi sevinclə qarşıladı. Bəziləri öldürüldüyümüzü zənn etmişdilər. Gəncəyə, iş yerimə gəldim. Axşam 9 olardı, onsuz da işdən evə gec gedən rəisimiz məni gözləyirdi. DTK-dan Pərviz Hətəmzadə də içəridə idi. Rəis əsəbi şəkildə: - Hardasan? - soruşdu. Danışdım. - Niyə icazə almamışdın? - Bilirdim ki, icazə verməyəcəksiz. Mən o zaman getməyəcəkdim, onda da mənə qorxaq kimi baxacaqdılar, həm öz nüfuzuma, həm də təşkilatımızın adına xələl gələcəkdi. Getməyə bilməzdim. Rəis heç nə demədi, hətta üzündə məmnunluq hiss etdim. - Yaxşı, get evə, narahatdılar, amma sabah ətraflı arayış təqdim edərsən. Səhərisi əsirlikdən azad etdiklərimizlə söhbət etdim. Yerevandan gələn ermənilər bir neçə dəfə cəhd ediblər ki, onları ocaqda yandırsınlar. Yerli ermənilər hər dəfə mane olublar. Yerevan ermənilərindən biri əsirlərə deyib ki, qayıdanda Kirovabadda (Gəncə) bildirin- Pzo Çaykənddədir. Neçə illərdən sonra, ötən il internetdən oxudum ki, Pzo “vor zakon” olub, bir müddət ABŞ-da yaşayıb və hansısa əməlinə görə Yerevanda tutulub. Pzo qanunsuz silah alveri ilə də məşğul imiş. Əsl adı Armen Qazaryandır. Şagen dediyinə əməl etdi. Bütün tutulanlar azad edildi, biz də öz növbəmizdə milisdə saxladığımız ermənilərin hamısını azad etdik. Todan kəndinə aparıb, ordan ermənilərin yaşadığı Erkeç kəndinə yola saldıq. ***
Çaykənd ətrafla Ermənistandan gələn vertolyotlarla əlaqə saxlayırdı. Vertolyotlar Sevan gölünün sahilindən - Kamo şəhərindəki bazadan qalxırdı. Rabitə isə yalnız radiostansiya vasitəsilə idi. Ermənistanlı yaraqlılar müasir silah-sursatla gəlirdilər. O zaman bizim avtomat silahlar üçün burnumuzun ucu göynəyirdi. Hacıkənddən Toğanaya gedən asfalt yola Çaykənd erməniləri nəzarət edirdi. Əsirləri dəyişdiyimiz günün səhərisi - yanvarın 16-da Hacıkəndin üstündə, Beşulduz deyilən yerdə xeyli adam toplaşmışdı. Əksəriyyət silahsız idi. Bir xaos hökm sürürdü. Bu insanlara rəhbərlik etmək də çətin idi. Müxtəlif bölgələrdən gələnlər dəstə-dəstə toplaşıb söhbət edirdilər. Həmin yerdə dolu buludlarını dağıdan topxana da vardı. Cavanlar topxananı ələ keçirib Çaykənd istiqamətinə bir neçə atəş açdılar. Bu vaxt iki vertolyot peyda olub başımızın üstündə dövrə vurmağa başladı. Topun başında duran oğlan bu dəfə vertolyotlara atəş açdı. Mərmi yan keçdi, amma küləyi vertolyotu silkələdi və aşağıdakılara elə gəldi ki, vertolyot vuruldu. “Ura” deyib vertolyota doğru tüfənglərdən atəş açanlar da oldu. Vertolyotlar Gəncəyə doğru uçdu. Hava çox aydın idi. Vertolyotlar Gülüstan qəsəbəsinin üzərində bir neçə dəfə fırlanandan sonra aerodroma tərəf istiqamət aldılar. Fikirləşdim ki, bunlar bir plan cızdılar, nəsə ola bilər. Toplaşanlara üz tutub dağılmağı məsləhət gördüm. Fikir verən olmadı. AXC Xanlar şöbəsinin sədri Nadirov əynində qara yapıncı mənə yaxınlaşıb dedi ki, səni düz başa düşməzlər, elə bilərlər qəsdən edirsən. Hacıkəndə enib poçtdan şöbəyə zəng etməyi qərara aldım. Cəmi 20 metr yerimişdim ki, meşənin üstündən vertolyotlar peyda oldu. İnsanların gur toplaşdığı yerə atəş açdılar. Dikdə tikilmiş dayanacağın kafellərinin zərbədən necə dağılıb havaya sovrulduğu hələ də gözlərimin qarşısındadır. Poçta qaçıb şöbəyə zəng etdim, rəis müavini Qardaşovla danışıb hadisəni söylədim. Bu vaxt poçtun yanında gözləyən iki təcili yardım maşınına yaralı gətirdilər. Növbətçi - Cəmşid həkim mənə baxıb yaralıları xilas etməyin qeyri-mümkün olduğunu dedi. Nəticə ağır oldu. Gəncə sakini Neman Vəliyev, Xanlar şəhər sakini Səbuhi Hacıyev iriçaplı pulemyot güllələrindən ölmüşdülər. Yanvarın 16-də dəfn mərasimi oldu. Həmin gün axşam Hacıkənd ətrafına yenə xeyli adam toplaşmışdı. Stepanakertdə dislokasiya olunan hərbi hissədən bir BMP və bir BTR Çaykəndə gəlmişdi. Bir erməni bələdçi də götürüb Hacıkəndə doğru hərəkət etmişdilər. Hacıkəndin üstündə qarşısını bizimkilər kəsib həm BTR-i, həm də BMP-ni əllərindən almışdılar. Zirehli maşınları alanlara Bakıdan gəlmiş AXC funksionerləri Fəzail Ağamalı və Fəhmin Hacıyev rəhbərlik etmişdi. Hər iki zirehli maşının əsgər və zabit heyətini əsir götürüb Xanların milis şöbəsinə gətirdilər. Komandirin soyadı Belov idi. Onlarla görüşdüm, özümü təqdim etdim. Gəlişlərinin səbəbini soruşdum. Çaykəndə kömək etməyə gəldiklərini söylədilər, əslində isə ermənilərin hiylə və yalanlarının qurbanı olduqlarını etiraf etdilər. Rus əsgər və zabitlərini Xanlarda saxlamaq təhlükəli idi. Rusların öldürdüyü Səbuhinin qohumları qisas almaq üçün fürsət axtarırdılar. Gecə idi, bir avtobus təşkil edib onları Gəncəyə gətirdim, mənimlə Fəhmin Hacıyev də gəldi. Belov zirehli texnikanı verməyi tələb edəndə başa saldım ki, səni əsgərlərinlə birlikdə Gəncədəki hərbi hissəyə təhvil verək, sonra maşın axtarışına çıxarıq. BTR-i də, BMP-ni də uşaqlar Hacıkənd meşəsində gizlətmişdilər.
Yeri gəlmişkən, Fəhmin Hacıyevin avtobusa minəndə ayaqqabılarının qış fəslinə uyğun olmadığını gördüm və əsgərləri təhvil verəndən sonra evə gedib ona isti çəkmə gətirdim. Sonralar Fəhmin bəy həbsdən çıxıb gələndə ilk görüşümüzdə dedi ki, ayaqqabılar o vaxt dadına çatmışdı. Həmin gecə ələ keçirilən BTR və BMP ilə Kamo və Azad kəndlərinə hücum oldu. Atışma zamanı bir neçə erməni öldürüldü, səhərə yaxın zirehli maşınlar yenə gizlədildi. Bu, Kamo və Azad kəndlərinə ilk və son hücum oldu. Bunu xüsusi vurğulayıram. Bəzən mətbuatda ayrı-ayrı adamların yazılarında Kamo və Azad kəndləri uğrunda döyüşdüklərini, kəndi azad etdiklərini oxuyanda təəccüb edirəm. Kamo və Azad kəndləri döyüşlə azad edilməyib, danışıqlar nəticəsində boşaldılıb. Bu barədə sonra. Yanvarın 17-da məni və Xanlar Rayon Milis Şöbəsinin rəisi Cavanşir Babayevi Mərkəzi Komitənin katibi Həsən Həsənov Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi Süleyman Məmmədovun otağına çağırdı. Həsən Həsənov rayondakı vəziyyət barədə məlumat istədi. Əməliyyat şəraitini, yaranmış vəziyyəti və çıxış yollarını hərtərəfli məruzə etdik. Bu zaman maraqlı faktların şahidi oldum. Həsən Həsənov bizim yanımızda Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko ilə təxminən 20-25 dəqiqə telefonla danışdı. Polyaniçko Həsənovu inandırmağa çalışırdı ki, Bakıda fövqəladə vəziyyət elan olunması üçün Mərkəzi Komitənin büro üzvləri səs verməli və o da təcili Bakıya gəlib büronun iclasında iştirak etməlidir. Həsənov özünəməxsus çılğınlıqla Polyaniçkoya sərt cavablar verdi: “Viktor Petroviç, mən hər gün gənc insanların dəfnində iştirak edirəm. Onları erməni döyüşçülər, saqqallılar öldürmür, şanlı sovet ordusu qətlə yetirir. İndi siz mənə deyirsiz ki, Bakıda fövqəladə vəziyyət elan olunsun, rəhbərliyi də həmin sovet ordusuna tapşıraq? Mən bunun qəti əleyhinəyəm! Bu saat deyəcəm ki, mən o büroya gəlmirəm və mənim adımın qarşısında “əleyhinə” yazsınlar. İndi Ayaz Niyazoviçlə də danışacam”. Dəstəyi yerinə qoyub üzümə bir müddət baxıb nəsə fikirləşdi, sonra vəziyyətin yaxşılaşması üçün təkliflər planı hazırlayıb ona çatdırmağı tapşırdı. Bakıda vəziyyətin ağır olduğu rəhbərlik səviyyəsində gərginlikdən aydın görünürdü. Xanlara qayıtdıq. Fəzail Ağamalı AXC-nin nümayəndəsi kimi Xanlarda idi. Yaxınlaşıb dedim ki, Bakıda vəziyyət gərgin olacaq, AXC rəhbərliyini xəbərdar etmək gərəkdir. Həsən Həsənovla Viktor Polyaniçkonun mübahisəsini danışdım. Fəzail Ağamalı qayıtdı ki, mən desəm inanmazlar, özünü təqdim et, Etibar Məmmədovla birləşdirim, danış. Mən Etibar Məmmədovla, ümumiyyətlə AXC-nin telefonu ilə danışsam səsimin yazılacağını bilirdim.O telefonlar bizim xidmət tərəfindən dinlənirdi, amma vəziyyətin gərgin olacağını düşünəndə bu telefon danışığının mənim üçün yaxşı olub ”“olmayacağının fərqində deyildim. AXC liderlərindən olan Etibar Məmmədovla telefonla danışdım, Bakıda fövqəladə vəziyyətin tətbiq olunacağını, şəhərin idarə olunmasının orduya tapşırılacağını söylədim. Etibar Məmmədov sözlərimə üç dəfə “hə” deməklə kifayətləndi. 17-sı gecə şöbədə növbətçi idim. Saat 22:00-da Baş Kəşfiyyat İdarəsinin generalı Aleksandrov mənə dedi ki, gecə saatlarına qədər işləyəcək: “İstəsən, evə gedə bilərsən”. Mən təşəkkür edib ona mane olmayacağımı, səhərə qədər şöbədə qalmağımın vacib olduğunu bildirdim. Gecə saat 11 radələrində oturduğu kabinetdən generalın gur səsini eşitdim. Qapı örtülü olsa da, onun danışığı aydın eşidilirdi. Əməliyyat telefonu ilə (OC) Moskva ilə danışırdı. Telefonun o başındakını inandırmaq üçün əlindən gələni edirdi. Generalın bu sözləri indiki kimi yadımdadır: “Yoldaş general, bu şəhərin rəhbərliyi də, milisi də, hətta DTK işçiləri də qatı millətçilərdir və bizə, sovet hakimiyyətinə nifrət edirlər. Bizim verdiyimiz məsləhətlərə qulaq asan yoxdur. Hamı Moskvanı, Mərkəzi Komitəni açıq söyür. Hər gün vəziyyət gərginləşir. Əgər qəti tədbirlər görülməsə, bunların dərsi verilməsə, daha da azğınlaşıb hakimiyyəti ələ keçirə bilərlər. Ona görə də qərar qəbul etmək lazımdır. Bu antisovet ünsürlərin payı şiddətlə verilməlidir. Siz yüz faiz əmin ola bilərsiniz ki, əvvəl göndərdiyim informasiyaların hamısı təsdiqlənir. Yuxarını qarşısında qəti tələb qoyun ki, ciddi güc göstərmək lazımdır”. Səhərin açılmasını səbrsizliklə gözləyir, həm də ehtiyat edirdim ki, generalın danışığına gizlicə qulaq asmağımı rəhbərliyə desəm, məni düzgün qəbul edəcəklərmi? Şöbənin rəisi Rəhman Mikayılov gələndə eşitdiklərimi ona danışdım. Çox qayğılandı, fikrə gedib “Yaxşı, heç kimə bir söz demə, ehtiyatlı ol! Görüm Bakıdan kimlə danışıram” dedi. Hiss edirdim ki, fəlakət yaxınlaşır. 18-də yoldaşımı və qızımı Tərtərə apardım. Gecəm-günüzüm bilinmirdi, ev yadımdan çıxmışdı. Ən yaxşısı onları Tərtərə aparmaq idi.
*****
19-da xəbər gəldi ki, Xanlar cəbhəçiləri bizim əsirləri dəyişməyimizə etiraz ediblər, hətta Asəf müəllimin evinə gediblər. İttiham da bu olub ki, guya biz pul müqabilində əsir dəyişmişik. Haqsızlıq hər zaman məni əsəbləşdirib. Həyatda hələ çox haqsızlıqlar görəcəyəm. Ömrümdən-günümdən alan haqsızlığın cəmiyyətdə adi hal kimi qəbul ediləcəyi illər uzaqda deyildi. Həmin gün Moskvadan gələnlər erkən saatlarda Gəncəni tərk edib getmişdilər. Aerodromdan haraya uçduqlarını bilmədik, çox güman ki, Bakıya-Nasosnuya uçmuşdular. Günün necə keçdiyini xatırlamıram. Gecə evdə təxminən saat iki-üç arası qapı döyüldü. Bir anlığa fikirləşdim ki, yəqin cəbhəçilər mənim də evimə gəliblər. Qapıya yan dayanıb kim olduğunu soruşdum. Gələn şöbənin komendantı, qonşu binada yaşayan Vaqif Quluzadə idi. Qapını açdım. Vaqif: Rəis dedi ki, hamı şöbəyə gəlsin. Deyirlər Bakıda camaatı qırıblar. Tələsik çıxdıq, 5 dəqiqədən sonra şöbədəydim. Qısa müddətə bütün əməkdaşlar toplandı. Rəis çox hüznlə: ”Bakıda ordu şəhərə girib, qarşısına çıxanı güllələyib. Xeyli adam qırılıb. Çoxu cavanlardı, bəlkə də bir nəsil gənclər qırılıb. Hamımız həyəcandan suallar yağdırırdıq. Hər birimiz ilk növbədə Bakıya doğma adamlarımıza, qohuma, dosta-tanışa zəng etmək istəyirdik. Televiziyanın işləmədiyini öyrəndik. Respublikanın rəhbərliyi nə edir, niyə mane ola bilmirlər, bizim təşkilat nə işlə məşğuldu? Suallar çox, aydın cavablarsa yox idi. Rəisin kabinetindən çıxan kimi telefona cumduq. Bakıya ilk olaraq qardaşıma, bacıma zəng etdim. Şükür, salamat idilər, amma hamısı həyəcanlı idi. Güllələrin səsini telefonda aydın eşidirdik. Dostum Cavanşir Cahangirova zəng etdim. Cavanşir televiziyada işləyirdi, informasiyası başqalarından çox olmalı idi. O, televiziyada böyük partlayış olduğunu, əməkdaşların iş yerlərini qoyub çıxdıqlarını, indi də evlərinin yanında, Elmlər Akademiyası ətrafında atəş səsləri gəldiyini, balkona belə çıxmağın təhlükəli olduğunu dedi. Hamı bir söz deyirdi: xeyli adam öldürüblər və öldürməkdə davam edirlər. Səhərə qədər bəd xəbərlər davam edir, Bakının qana boyandığını artıq dərk edirdik. Rəis şəhər partiya komitəsinə çağrıldı. Bir neçə saatdan sonra qayıdıb birinci katib Süleyman Məmmədovla Bakıya getməli olduğunu dedi. İndi əsas məqsəd Gəncəni qırğından qurtarmaq lazım idi. Xəbər gəlirdi ki, növbəti hədəf Gəncədi...
Ardı var...