35050
21 Apr 2016 | 01:41

"Moskvadan Gəncəyə xüsusi təyinatlı dəstə - "Alfa" qrupu gəldi"

Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/132639.html


...Payız başlayandan respublikada vəziyyət sürətlə gərginləşir, Bakıdan çox rayonlarda siyasi durum hər gün idarəolunmaz hala gəlirdi. Vəzirov  ümidini Moskvaya bağlamaqda davam edir, Moskva isə Ermənistandan soydaşlarımızın kütləvi şəkildə qovulmasına göz yumur, Azərbaycanda antierməni çıxışlara sərt reaksiya verirdi. Cəlilabadda, Lənkəranda, Neftçalada, Gəncədə, Xanlarda hadisələr daha çox yerli rəhbərlərin-katiblərin, prokurorların, milis rəislərinin istefasını tələb etməklə müşayət olunurdu. Rayon rəhbərləri  mövcud vəziyyətə adekvat hərəkət edə bilmədiklərindən, konservativ metodlarla hadisələrə uğursuz müdaxilələr edir, əsəbləri tarıma çəkilmiş millətin heysiyyatına toxunur, kütlə ilə dil tapa bilmirdilər. Belə bir vəziyyət Xanlarda da müşayət olunurdu. Sentyabrın sonlarında Xanlar rayon partiya komitəsində iclas oldu, mən də dəvət olunmuşdum. İclasda erməni kəndlərinə-Çaykəndə, Martunaşenə, Kuşşi Armavirə rayonun nümayəndələri gedib onları inandırmalı idi ki, köçmək lazım deyil, əvvəlki kimi həyat davam edəcək. Daxili İşlər Nazirliyinin məsul işçisi, 1983-84-cü illərdə Xanlar rayon milis şöbəsinin rəis müavini olmuş Mübariz Ağayev, raykomun katibi, erməni millətindən olan Henrix və mən Kuşşi Armavirə, birinci katibsə  milis rəisiylə Çaykəndə, Martunaşenə getdik. Kuşşi Armavir (Kiçik Armavir, indiki Quşçu) Çaykənddən hündürdə yerləşən kiçik bir dağ kəndidi. Kənd əhalisi kluba toplaşıb bizi gözləyirdilər. Erməni katib də, M.Ağayev də ermənilərə təbliğ edirdilər ki, köçmək lazım deyil. Mən danışmadım, axı onların köçməsini istəyirdim. Kəndin bütün əhalisi, sovxoz direktoru artıq qərarlarını verdiklərini, Ermənistanda İcevan rayonunun bir azərbaycanlı kəndilə anlaşdıqlarını, bir həftəyə köçəcəklərini qəti şəkildə bildirdilər. Bir erməni sakin getməyin əleyhinə olduğunu deyəndə kəndin arvadları onu az qala öldürməyə hazır idilər. Bizə dedilər ki, bu şəxs Şaumyan (kənd) rayonunda işləyir, orda onu Yerevandan gələnlər öyrədib bura göndərib. Sovxoz direktoru bildirdi ki, fermada inəklər neçə gündü sağılmır, gəlin təsərrüfatınıza sahib çıxın. Hər şey aydın idi, sülh şəraitində kəndlər anlaşmışdı. Günortadan keçmişdi, xudahafizləşib geri qayıdırdıq ki, axşam saat 6-da görüşlərin nəticələrini  müzakirə edək. Sovxoz direktoru yaxınlaşıb dedi, heç bir yerə Sizi buraxan deyiləm, evimdə  hazırlıq görmüşəm, bizə gedəcəyik. Etiraz edəndə  direktor: -Mən bir də Sizi görməyəcəyəm, heç bəlkə bir də azərbaycanlı ilə çörək yeməyəcəm, mütləq bizə gedəcəyik. Bu sözlərdən sonra etiraz edə bilmədik. Bal, talaş, kabab...
  
Kuşşi Armavir kəndi isə beş  gün içində tamamilə köçdü, kənddə Ermənistandan gələn soydaşlarımız  yaşamağa başladı.

Oktyabr ayından başlayaraq Çaykəndə Ermənistandan vertolyotlar gəlməyə başladı. Gələnlərin silah və ”saqqalılar” gətirdiyini öyrəndik. Ermənilər Hacıkənddən sonra gedən yola gecələr silahla nəzarət etməyə başladılar. Artıq Göy-göl yolu ermənilərin nəzarətinə keçirdi.
 
1989-cu ilin son günləri daha ağır, gərgin, qarşıdurmalarla müşayət olunurdu. Respublikanın elə bir bölgəsi, rayonu yox idi ki, orda yerli hakimiyyət orqanlarıyla əhali arasında qarşıdurma yaranmasın. Xanlar bu gərginliyin episentri idi desəm, inanın. Düzdü,  ilin son günü Naxçıvanda SSRİ-İran sərhəddinin sökülməsi çox ciddi hadisə idi və bu xəbəri alanda şöbədə əməkdaşlarımızın yekdil rəyi bu oldu ki, bu provokasiyadı və nəticəsi ağır olacaq. Bu məsələdə Cənubi Azərbaycanla birləşmək, sərhəddi götürməklə guya, nəhayət həsrətə son qoyulacaq kimi diletant fikirlərdən uzaq idik. Yeni ili çox qayğılı qarşılayırdıq, daha pisi hələ qarşıdaydı.

                                                     1990 
İl başlayan kimi Moskvadan Gəncəyə xüsusi təyinatlı  bir dəstə gəldi.Gələnlər  məşhur “Alfa” qrupunun üzvləri idi. 20 nəfərlik bu  dəstənin rəhbəri də general formasında orta yaşlı, Aleksandrov soyadlı   zabit idi.”Alfa”nın üzvləri üçün açılıb ”“ yığılan çarpayılar gətirilib şöbənin qonaq evinə yerləşdirilmişdi. Mehmanxanada qalmırdılar. Dəstənin üzvləri qonaq evində hər mitinqdən əvvəl-mitinqlər isə hər gün idi-hazırlıq vəziyyətində olurdular, şöbənin əməkdaşlarıyla maksimum kontaktdan yayınır, naharı yaxınlıqdakı hərbi hissənin yeməkxanasında yeyirdilər. Bir dəfə təsadüfən qonaq evinə girdim. Dəstənin üzvləri silahlanırdı. Bu silahlanma Şvartsnegerin “Komandos “ filmində son döyüşdən əvvəl silahlanmasına  bənzəyirdi. Bıçaqlar, pistoletlər, əl bombaları, zirehli gödəkçələr və sairə. Şəhərdə yenə mitinq idi. Mən içəri girəndə soruşdular ki, meydanda nə qədər adam var? Dedim, iki min olar. ”ÐÐ¾Ñ€Ð¼Ð°Ð»ÑŒÐ½Ð¾Â» deyib silahlanmağa davam etdilər. Bu 20 nəfərin iki min adamı  heç nə hesab etməsi Daşkənd kursunda DTK ”“ nın “Qrom”,”Zenit” dəstələrinin 60 nəfərlə 2500 silahlı Əfqan əsgərlərini 45 dəqiqəyə darmadağın edib prezident Əmini öldürmələri haqqındakı mühazirəni  yadıma  saldı. Bu dəstənin 5 nəfər üzvü mülkü paltarda  həmişə mitinqdə iştirak edir, bizimlə söhbət edirdilər. Mitinqdəki çıxışların mahiyyəti barədə bizdən nadir halda soruşurdular. İki gündən sonra bu beş nəfərlik dəstənin türk dilini mükəmməl bildikləri bəlli oldu. İçərilərindəki abxaz millətindən olan Ajba adlı bir zabit türk dili üzrə mütəxəssis olduqlarını söhbət əsnasında bildirdi. Moskvadan gələnlər yerli çekistlərə inanmırdılar. Faktiki olaraq bu heyət yanvarın 18-nə kimi Gəncədə həm informasiya toplayıb Moskvaya ötürür, hər zaman da tətikdə idilər.

Amma, yanvarın 18-nə  kimi Gəncədə çox hadisələr olmuşdu. Yanvarın 10-da Xanlar rayonu ilə Şaumyan kənd rayonunun sərhəddində AXC üzvləri, Bakıdan gəlmiş  bir neçə silahlı ilə birlikdə (biri Xəyyam adlı snayper idi) Şaumyan kənd rayonunun bütün rəhbərliyini həbs etdilər. Prokuror Stepanov aradan çıxmağa müvəffəq olmuşdu. Birinci katib Ağacanyanı  cəbhəçilər Bakıya aparmışdılar (sonra onu kimləsə dəyişdilər). Nəzarət Komitəsinin sədri, Aqropromun sədri, iki sovxoz direktoru, iki milis işçisi və bir neçə sıravi adam da tutulub Xanlar milis şöbəsinə təhvil verilmişdi. Tutulanlar milis şöbəsinin zirzəmisindəki Lenin guşəsində saxlanırdı. Onlarla  ilk söhbəti mən və milis rəisi Cavanşir Babayev apardı. Manaşid kəndinin sovxoz direktoru Çaykəndə yas yerinə gəldiklərini desə də bu heyətlə, münasibətlərin kəskin olduğu bir vaxtda Çaykəndə xoş niyyətlə gəlmədiklərini, əsl məqsədlərinin  bizə qarşı plan quracaqları aydın idi. Amma, nə planı? Bunları  çözmək istəyirdik ki, Toğana kəndindən xəbər gəldi ki, bizim üç azərbaycanlını-bir milis serjantını, Toğana kənd sakinini, Gəncə Yaşıllaşdırma İdarəsinin işçisini girov götürüblər və tələb edirlər ki, bizim tutduqlarımızla dəyişdirilsin. Axşam tərəfi idi. Tutulanların yanına gəldim, üzlərindən yorğunluq, qorxu, həyəcan və təbii aclıq yağırdı. Onlara yemək gətirəcəyimi deyib, Üçtəpə kəndindəki dostum Siyavuşun yeməkxanasına gəldim. Az qala bir toy qazanı boyda quzu ətinin pörtməsini, gəncəlilər demişkən şalampır bişirtdirdim, bütün yemək ləvazimatlarıyla şöbəyə gətirdim. Lenin guşəsində süfrə açdırdım və erməniləri yeməyə dəvət etdim. Üzümə şübhəylə baxırdılar. Gülüb, yeməyə başladım. Aqropromun sədri Meqriyan Şagen: Ara, kişi əziyyət çəkib yemək gətirib, yeyin-dedi. İştahla olmasa da, yeməyə başladılar. Bu hadisənin səhərisi günü Todan kəndi ətrafına bir neçə vertolyotda sovet əsgərləri və “saqqallılar”ın gəlməsi, ətrafı atəşə tutduqları barədə xəbərlər gəldi. İlk atışma, döyüş oldu. Todanın müdafiəsinə gedən könüllü döyüşçülər-Rüzgar Qasımov, Bəxtiyar Əliyev, Abbasqulu Məmmədov şəhid oldular, milis işçisi Mirtağı Bağırov ağır yaralandı. Gəncədə şəhid olanların təntənəli dəfn mərasimi keçirildi. Yanvarın 12-də Todan camaatı Gəncəyə axışıb müdafiələri üçün kömək istəyirdilər. Meydan insanlarla dolu idi. Xanlarda milis şöbəsində qərargah fəaliyyət  göstərirdi. Daxili İşlər Nazirinin müavini Nurəddin Yusifov da neçə gün idi ki, bizimlə bərabər idi. Məndən Gəncədə nə baş verdiyini öyrənmək üçün ora baş çəkməmi xahiş etdilər. Gəncədə bir xaos yaşanırdı. Meydanda hamı dünənki atışmadan, ölənlərdən, yaralılardan, rus əsgərlərin erməni tərəfdən vuruşduqlarından danışırdılar...

Hadisələr sürətlə bir-birini əvəz edir, gah Gəncədə, gah Xanlarda gərgin saatlar yaşanırdı. Səhərisi gün tezdən Xanlara çatan kimi rayon partiya komitəsinin ikinci katibi Tofiq Kazımovla görüşdüm. Məlum oldu ki, axşam birinci katibə baş çəkməyə gedən Tofiq müəllimi İsgəndərov qovub. Kazımov nə edəcəyini bilmirdi. Onu sakitləşdirib təcili plenum çağırmağı və İsgəndərovu vəzifədən azad etməyi bildirdim. Başqa yol yox idi. Rayonun prokuroru Rauf Səmədov, polis rəisi Cavanşir Babayevlə də görüşüb məsələni izah etdim. Onlar da razılıqlarını bildirdilər. Bu söhbətdən sonra raykom hərəkətə keçib plenum üzvlərini  iclasa çağırdı. Mərkəzi Komitənin təlimatçısı Malaxov da Xanlarda ezamiyyətdə idi. Gecə saatlarında rayon icraiyyə komitəsinin binasında iclas başladı və gündəlikdə bir məsələnin-birinci katib Qərib İsgəndərovun vəzifədən azad edilməsi olduğu bildirildi. Bütün plenum üzvləri bu təklifin leyhinə səs versə də Malaxov plenumu səlahiyyətsiz hesab edərək bildirdi ki, yetərsay yoxdu. Həqiqətən üç nəfər çatmırdı. Plenum sabah yenidən toplanmağa qərar verdi.
Ertəsi gün hamı toplanmışdı, amma çox çətinliklə və sərgüzəştlərlə. Aqropromun sədri İsmayıl İsmayılov ucqar kənddə olan plenum üzvü, ferma işçisi qızın plenuma gəlməsini telefonda belə başa salırdı.
 -Ay qız, kvorum çatışmır, sən mütləq gəlməlisən.
Qız:-Məni neynirsiniz, kormu göndərin burda qəbul edək.
-Ay qız, yem demirəm e, kvorum deyirəm, tez ol gəl
Mən : İsmayıl müəllim, yetərsay deyin, bəlkə başa düşdü
-Ay müəllim, o sözü heç mən bilmirəm, o yazıq hardan qanacaq.

Xanlarda SSRİ Ali Sovetinin deputatı, sağıcı Sünbül Qasımova vardı. Sünbül birinci  katibin  həmkəndlisi idi. Birdən xəbər gəldi ki, İsgəndərovun adamları Sünbülü aradan çıxarırlar. Hay düşdü, Sünbülü obrazla desək “atdan saldıq”.Hamı gəldi ,ucqar kənddəki qızdan başqa. Məşğulluq idarəsi yaxınlıqda idi. İdarənin müdürü İmamverdi Cəfərovun yanına gedib bir qız işçisini iclasda oturmaq üçün göndərməsini, qıza da plenum üzvü qızın adı çəkiləndə ayağa durmağını tapşırdım. Başqa yol yox idi, plenum baş tutmasaydı rayonda qarşıdurma xeyli güclənəcək, fəsadlar yaranacaqdı.  Burda çeviklik, zamanı dəyərləndirmək daha önəmli idi,nəinki hansısa sağıcının iştirakı. Nəhayət, plenumda yetərsay alındı və Qərib İsgəndərov birinci katib vəzifəsindən azad edildi, səlahiyyətləri ikinci katib T.Kazımova tapşırıldı. 
                                                         *****
 Tutulan erməniləri uzun müddətə saxlamaq mümkün deyildi. Artıq Bakıdan xəbər göndərirdilər ki, ermənilər təcili azad olunmalıdı, həm də bizdən də onların əlində üç nəfərimiz vardı.
 Çaykənddəki  3 əsir azərbaycanlı ilə Şaumyan rəhbərliyindən 3 nəfəri dəyişmək qərarına gəldik. Həm də ,Şaumyan kənd rayonu (indiki Ağcakənd) Başqışlaq kənd sakinlərindən bir neçəsini, o cümlədən qatıq satan qadınları ermənilər tutub həbsxanaya salmışdılar. Xəbəri bizə o rayonun ikinci katibi Atəş müəllim çatdırmışdı. Meqriyan Şageni rəisin otağına gətizdirib dedim:”Şagen,səni də, daha iki nəfəri də azad edəcəyik, amma bil ki, burda qalan yoldaşlarının taleyi ordakı qadınların, başqa girovların azad edilməsinə bağlıdı. Rayona çatan kimi onları azad edirsən, biz də burdakı adamları sərbəst buraxacağıq” . Şagen söz verdi. Hacıkənd yolu tamam bağlanmışdı, yola yaraqlı ermənilər nəzarət edirdi. Qərara alındı ki, Daşkəsən ərazisinə keçib Çıraqlı kəndindən Kəlbəcərin ərazisinə, oradan da Toğanaya enmək olar. Yanvar ayında Murovun, Qoşqarın ətrafında piyada hərəkət etmək çətindir, o ki qala “Niva” maşınları ilə. “Niva” çatmırdı, dostum, heyvandarlıq kompleksinin direktoru Məmməd Ələkbərova zəng edib “Niva” xidməti maşınını göndərməyi xahiş etdim. Maşın gəldi. Əsirləri kimin dəyişəcəyi sual yaratmışdı. Bizim əsirlikdə olanların  qohumlarından iki nəfər, milis şöbəsindən Rəşid və sahə müvəkkili Mətləb, Hacıkənd qəsəbə sovetinin sədri Nəsrəddin, rayon icraiyyə komitəsinin sədri Asəf Məmmədov da getməyə razı oldu. 

Əsir düşən Arzu adlı milis işçisinin atası İlham şöbənin dəhlizində birdən yerə əyilib dizlərimi qucaqladı. Ağlaya-ağlaya: “mən atayam, amma oğlumu xilas etməyə gedə bilmirəm. Sənə yalvarıram, sən getməsən, heç kim getməyəcək, get mənim balamı gətir”. Onu ayağa qaldırıb gedəcəyimi dedim və 10 dəqiqəyə yola düşdük.

Ardı var...
Link kopyalandı!
Son xəbərlər