Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...
Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...
...Xanların Çaykəndi qaynayırdı. Gündəlik Çaykənd-Yerevan avtobusuyla bir xeyli emissar gəlib gedir, qızışdırıcı təbliğat aparırdılar. Bu təbliğatın əsasını Qarabağın Emənistana verilməsi tutsa da, ümumilikdə Azərbaycana nifrət, guya haqlarının pozulması məsələləri, erməni millətinin dünyada ən qədim və mədəni millət olduğu barədə yazılı materiallar, hətta Göy-gölün Çaykəndin ixtiyarına verilməsini tələb edən müraciətlər yayırdılar. Təbliğat materiallarından biri də dünyanın ən məşhur erməniləri haqqında uzun bir siyahı idi. Erməni fantaziyası o qədər sərhəd tanımırdı ki, İohan Sebestyan Baxı da məşhur ermənilərin siyahısına qatmışdı. Görünür “Sebestyan” adının “yan” sonluğuna görə ermənilər Baxı özününküləşdibmiş.
İnformasiya aldığım mənbələr olsa da agentə ehtiyac vardı. Qısa müddətdə Çaykəndə bitişik Martunaşen kəndindən bir ermənini agent kimi əməkdaşlığa cəlb etdim. Zamanında informasiya almağın üstünlüyü özünü göstərirdi. Razdanmaşda bir xeyli çaykəndli işləyirdi, ordan gələnlər özləriylə o vaxt üçün qadağan olunmuş “samizdat” materiallar, xəritələr gətirib çaykəndlilərə paylayırdılar. Məlumat aldım ki, bunlardan biri lap qabağa gedib, bir it küçüyünü qucağına alıb dəlləkxanaya gətirib və hamının yanında dəlləyə: ”bu türkün başını qırxarsanmı”- deyib. Məlumatı alan kimi Xanlar DİŞ-nin əməliyyat işləri üzrə müavini Novruz Həsənovla məsləhətləşib sahə müvəkkilinə tapşırıq verdik. Hərbi komissarlığa çağırış adıyla onu rayona gətirməyə nail olduq. Milis əməkdaşları komissarlıqdan götürüb milis şöbəsinə gətirdilər. Əməlini boynuna almadı. Bu işin perspektivi görünmürdü, amma yenə də bir gün həbsdə saxladıq.
İlk emissar, daha aqressiv təbliğat aparan, hamının yaxşı tanıdığı, bu gün də Ermənistanın siyasi mühitində fəal olan İqor Muradyan idi. Muradyanın tutulması, kənddən çıxarılması çətinlik törədirdi. O vaxt az qala hadisələrlə bağlı tutulub ”“buraxılma məsələlərinə sanksiyanı xeyli müddət Agdamda ezamiyyətdə olan SSRİ Hərbi Prokurorunun müavini Aleksandr Katusev verirdi. Novruz Həsənovla Ağdama gedib rayon prokurorluğunda oturan Katusevlə görüşdük. İqor Muradyan haqqında və həbsdə saxladığımız erməni barədə danışıb, yerli prokurora göstəriş verməsini xahiş etdik. Katusev bizə qulaq asıb dedi: ”Sizi başa düşürəm, əvvəllər bu əmələ görə həbs etmək də olurdu, Sibirə göndərmək də. Amma, indi cin butulkadan çıxıb və onu geri qaytarmaq mümkün olmayacaq. Gedin, o həbsdəkini buraxın, Muradyanı isə bir yolla kənddən uzaqlaşdırın”. Son sözləri deyib mənə baxdı: ”“ sən bilirsən onu necə çıxarmağı. Hərəkətə keçin.
Ağdamdan Xanlara zəng vurub ermənini buraxmağı tapşırdıq. Muradyan barədə rəislə məsləhətləşib bu qərara gəldik ki, ən yaxşı variant onu Moskvadan gələnlərin əlilə tutmaqdı. Rəisimiz Gəncədə ezamiyyətdə olan Moskva şəhər cinayət axtarış şöbəsinin rəisi general Pankratovla danışdı. Pankratov əməliyyat məlumatına əsaslanmayacağını, konkret şəxslərdən şikayət verilməsini və o şəxslərin də azərbaycanlı olmamasını şərt olaraq söylədi. Bir günə iki ərizə yazdırdım. Birini kənd sovetinin sədri Gürcüyan Qrantdan, o birini Mixaylovka kəndinin sakini, əməliyyat əlaqəsində olduğum bir gənc rusdan aldım. Ərizələri şöbəyə gələn generala verdik. Növbəti gün Pankratovun ayırdığı əməliyyatçılarla Çaykəndə getdik. Muradyanın kəndin baş həkiminin evində qaldığını müəyyənləşdirmişdim. Ruslar ona izah etdilər ki, kənddən çıxmalısan. Muradyan razılaşdı ki, kəndi tərk edir, amma mənə işarə edib, azərbaycanlı orqan işçilərinə təhvil verilməməsini istədi. Muradyan Gəncədən təyyarə ilə Moskvaya göndərildi. Bir həftə keçməmiş Muradyanın səsi yenə Yerevan meydanlarından gəldi.
1988-ci ilin sonunda Mərkəzi Komitədə, DTK-da ciddi kadr dəyişikliyi baş verdi. Namiq Abbasov müavin vəzifəsindən azad edilib Murmansk vilayətinə idarə rəisinin müavini vəzifəsinə göndərildi. Nəriman İmranov isə kadr üzrə müavin vəzifəsindən uzaqlaşdırıldı və bildiyim qədər Ural tərəfdə xidmətini davam etdirdi. Ə.Vəzirovun ölkədə hadisələri nəzarətdə saxlamaq imkanları hər gün çətinləşir, vəzifədən çıxarılanlarsa bu situasiyadan maksimum yararlanıb əhalini Vəzirova qarşı qaldırırdılar. Vəzirovun kadr təmizləmə siyasəti isə yarımçıq idi.
*****
1989-cu il gəldi. Həmişəki kimi yanvarın ikinci həftəsində Gəncədə ətraf rayonlarla birlikdə ötən ilin yekunlarıyla bağlı əməliyyat-hesabat yığıncağı keçirildi. Vəziyyətin mürəkkəbliyi bir daha etiraf olundu. DTK ”“nın yeni müavini general-mayor İlhüseyn Hüseynov 1988-ci ilin yekunlarına görə şöbədə ən yaxşı əməliyyat göstəriciləri əldə etdyim üçün mənə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədri Kryuçkovun “Təşəkkür” elan etməsi haqqında əmri olduğunu deyib vəsiqəni təqdim etdi.
Bir həftə sonra, yanvarın 22-də isə ən böyük həyat vəsiqəmi - ata statusunu aldım. İlkim - qızım Əsmər dünyaya gəldi. Ata olmağın qüruru və məsuliyyəti bir başqadı.
*****
Şöbədə vəzifəm də artırıldı, artıq baş əməliyyat müvəkkili idim. Hər beş ildən bir çekistləri ixtisasartırma kurslarına göndərirdilər. Martın 7-də Daşkəndə 2 aylıq kursa gedəcəyim bəlli oldu. Əvvəl Moskvaya uçub dostum, SSRİ DTK-nın mərkəzi aparatında işləyən bu gün isə general rütbəsində olan Mehman Hüseynovla görüşdüm. Mehman əslən Xanlardandı, ilkin sənədlərinin hazırlanmasında mənim də əməyim olmuşdu. Mehman Hüseynovla ölkədəki vəziyyəti müzakirə edirdik. O baş verən hadisələr və ölkənin perspektivi barədə daha çox informasiyaya malik idi. M.Hüseynov vəziyyətin getdikcə kəskinləşəcəyini, sosialist düşərgəsinin ləğv olunma ehtimalının güclü olduğunu, Əfqanıstandan tam geri çəkilmə ilə bu prosesin sürətlənəcəyini söyləyirdi. Daxildə isə hər şey ola biləcəyini, hətta Qorbaçovun aradan götürülməsini də mümkün sayırdı. Sovet xüsusi xidmət orqanının iki zabiti ölkədə dəyişikliyi zəruri hesab etsə də, bu proseslərin ölkənin dağılması ilə sonuclanacağını ehtimal belə etmirdi. İllər keçəcək, Moskvada yenə Mehmanla görüşəcək, o zaman yalnız Azərbaycandan danışacaqdıq. Səhərisi gün Daşkəndə uçdum.
Moskvanın qarlı havasından sonra Daşkənddə əsl yaz havasıyla rastlaşdım. Gəncədəki dostlarımın yaxınları məni hörmətlə qarşılayandan sonra məktəbə baş çəkib qeydiyyata düşdüm. Yataqxanada yer verildi, amma yataqxanadakı cansıxıcı rejimdənsə sərbəst olmaq üçün bir müddət “Toşkent”mehmanxanasında qalmağı tərcih etdim. Hərbi formanı yataqxanada saxlayır, dərs başlamazdan gəlib əynimi dəyişir, dərslərə davam edirdim. Daşkənd məktəbi puştu, əfqan dillərini öyrətməklə əsasən Əfqanıstanda xidmət etmək üçün kadrlar hazırlayırdı. İxtisasartırmağa gələnlərə dil öyrənmək şamil olunmurdu. Məktəbdə Azərbaycandan olan Fəxrəddin Qazıbəyovla tanış oldum. Fəxrəddin Qazıbəyov sonralar AZAL-da uzun müddət təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işlədi. Fəxrəddinin ailəsi bir neçə gündən sonra Bakıya qayıtdı və onun xahişiylə mən də Fəxrəddinlə kirayələdiyi mənzildə qalası oldum.
Daşkənd məktəbi Minskdən fərqli idi. Burda işimizin “əlifbası” öyrədilmirdi, əsasən mövcud situasiyaya uyğun fəaliyyət istiqamətləri aşılanırdı. Hər gün mühazirələrdə Sovet rejimini qorumaq üçün hansı addımların atılması öyrədilir, axşam televiziyadan ölkədə bir-birinin ardınca SSRİ-nin təməl prinsiplərinin bu və ya digər regionda, xüsusilə Moskvada dağıdıldığının şahidi olur, səhərisi mühazirənin yarısı müəllimlərlə sual-cavaba həsr olunurdu. Mühazirələr 5-ci xətt üzrə (ictimai-siyasi proseslər) keçirilirdi. Daşkənd məktəbində sərbəstlik çox idi. Milli münasibətlərin gərginləşdiyinin səbəblərini dərsdə müzakirə edirdik. Müttəfiq respublikaların bəzi hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi barədə müzakirələr aparılırdı. Mən çıxışımda bir sıra məqamlara toxundum. Kino ssenarilərin Moskvada təsdiq edilməsini, müttəfiq respublikaların alimlərinin akademik titulu alması üçün əvvəl öz respublikasının, sonra SSRİ Elmlər Akademiyasının üzvü ola biləcəyini, RSFSR alimlərinin isə birbaşa SSRİ Elmlər Akademiyasına üzv seçildiyini deyəndə ruslar etiraz etdi ki, yalandı. Mühazirə deyən özbək müəllim mənim sözlərimi təsdiqlədi.
Daşkənd məktəbində o illər üçün məxfi sayılan bəzi məlumatlar artıq bizə açıq şəkildə deyilirdi. Bu məlumatların içində Əfqanıstana 1979-cu ilin sonunda olan Sovet müdaxiləsi və daha çox Əfqanıstanın həmin vaxt dövlət başçısı Əminin sarayının alınması maraq doğururdu. DTK və Baş Kəşfiyyat İdarəsinin keçirdiyi bu əməliyyat doğrudan da dərslik kimi tədris oluna bilər. Bizə əməliyyatda iştirak edən bir podpolkovnik geniş məruzə etdi. Biz onda bildik ki, sarayın alınması cəmi 45 dəqiqə çəkib. 2500 nəfərin qoruduğu saray DTK-nın 60 nəfərlik xüsusi təyinatlı dəstəsi və 500 nəfərlik “müsəlman batalyonu” adlanan BKİ-nin (QRU) dəstəsinin yardımı ilə alınıb. Məruzəçi müəllim özbək, türkmən və taciklərdən ibarət “musbat”ı tez bir zamanda bütün hərbi hissələrdən topladıqlarını və təlim keçdiklərini deyirdi. İndi o əməliyyat barədə xeyli informasiya internetdə yerləşdirilib, amma yazılmayanlar da var, məsələn, Əminin sarayından qızıl əşyaların necə qənimət kimi zabitlər tərəfindən götürüldüyü barədə məruzəçi müəllimin dedikləri qəzetlərdə yazılmayıb. Sarayın alınmasında 400 əfqan, 11 sovet hərbçisi ölmüşdü. Sonrakı 10 illik müharibədə Sovet tərəfi 15 mindən çox əsgərini itirdi və bu rəqəm rəsmi rəqəmdi, qeyri rəsmi rəqəm daha böyük hesab olunur.
Daşkənddə xeyli soydaşlarımız yaşayır. Aqan adlı bir soydaşımızın köməyilə Səmərqəndə gəzməyə getdik. Əmir Teymurun qəbrini ziyarət etməyimiz ən yadda qalan hadisə oldu. Daşkənddə olduğumuz vaxt Tbilisidə 9 aprel hadisələri baş verdi. İlk informasiya təhsil alan gürcülərdən gəldi. Tbilisidə Ordunun qırğın törətdiyini, xeyli insan tələfatı olduğunu gürcülər həyəcanla danışırdılar. Sonra 16 nəfərin öldüyünü eşitdik və bu rəqəm bizə çox görsənirdi. Hardan biləydik ki, bir neçə ay sonra bu qırğını Sovet Ordusu Bakıda törədəcək və bizdə ölənlərin sayı Tbilisidən 10 dəfə çox olacaq.
Daşkənd kursu başa çatdı. Mayın 5-də Tbilisiyə, ordan da Gəncəyə gəldim.1989-cu il nisbətən sakit keçirdi, amma bu müvəqqəti idi. Yerevanda, Stepanakertdə ermənilər bir an belə sakit dayanmırdılar. Qarabağda tətbiq olunan Volski Xüsusi Komitəsi daha çox Yerevana meylli idi. Ölkə rəhbərliyi Qarabağı tam tabe etdirmək iqtidarında deyildi və bu işdə Moskva, əsasən ermənilərin yanındaydı. Moskva çöldən sosialist düşərgəsinin, içəridən müttəfiq respublikaların çökməsi prosesi ilə üz-üzə qalmışdı...
Daşkənddən gələn kimi növbəti mayor rütbəsini aldım. SSRİ-də hərbi rütbə, layiq olduğunda gecikdirilmədən verilirdi. Müstəqil Azərbaycanda müşahidə etdiyim odur ki, rəhbər şəxs-nazir, sədr-istədiyi vaxt tabeliyində olan dostuna, tanışına, dostunun övladına rütbə “hədiyyə”edir, ad gününü bu yolla təbrik edir. Elə bu üzdən də balaca bir ölkə “general bolluğu”yaşayır.
*****
16 iyulda vacib siyasi hadisə baş verdi. Azərbaycan Xalq Cəbhəsi Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alındı. İstər Gəncədə, istər Xanlarda Xalq Cəbhəsinin üzvləriylə çox yaxın münasibətlərim vardı. Hətta, bəzi məsələləri gəlib məsləhətləşirdilər də. Cəbhəçilərin içərisində Mürşüd Məmmədli ilə daha rahat danışıqlarımız olurdu. Ziyalı, qaragüruh ideyalardan uzaq, savadlı bir şəxsiyyət idi. Xanlarda cəbhəyə Əli Nadirov rəhbərlik edirdi. İdeyadan çox ambisiyalı biriydi və digər çəbhəçilərlə intriqası vardı. Bu, xüsusi xidmət orqanı üçün münbit şərait demək idi... Xanlar cəbhəçilərini maksimum radikal addımlardan, qaragüruhçu hərəkətlərdən həmişə çəkindirməyə müvəffəq olmuşdum, tək-tək hadisələr istisna olmaqla.
Avqustda daha ciddi hadisə baş verdi. Qorelovski İvan İvanoviç Azərbaycan DTK sədrliyindən azad edildi. Vaqif Əlövsət oğlu Hüseynov Azərbaycan SSR DTK-nın sədri təyin edildi. Vaqif Hüseynovun adı əksəriyyətimizə tələbəlik illərindən tanış idi. Respublika Komsomolunun birinci katibi, Bakı şəhər Partiya Komitəsinin birinci katibi, Ə.Vəzirov respublika rəhbərliyinə gələndən sonra Mərkəzi Komitənin təşkilat şöbəsinin müdiri kimi hamımız onu tanıyırdıq. Partiya orqanlarından DTK rəhbərliyinə siyasi fiqurların təyinatı yeni məsələ deyildi. Bu, SSRİ-də də, xarici ölkələrdə də bu gün də tətbiq olunan praktikadı. V.Hüseynovun necə rəhbərlik edəcəyini tam bilməsək də, onu bilirdik ki, Azərbaycanı bilən şəxsdi və yüz faiz Qorelovskidən yaxşı olacaqdı.
Payız çox ağır hadisəylə başladı. 16 sentyabrda Tbilisi ”“Ağdam avtobusu Xanlar rayonunun ərazisində Gəncəyə lap az qalmış patrladıldı. 5 nəfər həlak oldu, xeyli adam yaralandı. Erməni terroru Qarabağ sərhədlərini aşıb respublikanın içərilərinə girməyə başlamışdı. Xanlar rayonunun ərazisi olduğu üçün mənim işim bir az da çətinləşməyə başladı. Əməliyyat işi aparmaq da çətin idi. Sərnişinlərlə söhbət, sürücülərlə aparılan əməliyyat işi nəticə vermirdi. Qərara alındı ki, Tbilisiyə getmək lazımdı. Şöbədən Rəfail Mirzəyev, mən sürücüləri də götürüb Tbilisiyə yollandıq. Tbilisidə DTK-nın binasında sürücülərlə gürcü müstəntiqə tərcüməçilik etdim. Rəfail əslən gürcüstanlı olduğundan gecə Marneuliyə getdi. Sürücülər və mən dəmiryolu mehmanxanasında yanaşı otaqlarda qaldıq. Bu əvvəlcədən düşünülmüş əməliyyat planı idi. Sürücülərin otağına texnika yerləşdirmişdik. Mən öz otağımda onların danışıqlarına rahat qulaq asırdım. Məqsədimiz şübhəli gələ biləcək bir söz, bir ipucu məlumat əldə etmək idi. Sürücülər bir az otaqda oturandan sonra, Tbilisidəki çoxdankı qadın tanışlarının yanına getməyə qərar verdilər və mehmanxananı tərk etdilər. Əməliyat planı pozuldu. Gürcü kolleqalarımıza vəziyyəti dedim. Onların qaldıqları yeri, tanışlarını müəyyən etdilər. Yerdə qalan əməliyyat tədbirlərini gürcü tərəf həyata keçirəsi oldu. Biz Gəncəyə qayıtdıq.
Bu hadisəni ona görə xatırladım ki, bir baş əməliyyat müvəkkili kimi o günlərdə gecəm-gündüzüm həqiqətən yox idi. Evə yatmağa gəlib çıxanda sevinirdilər. Hadisələr bizi bərkə-boşa salmışdı. Xalq bizi hər gün görürdü və bilirdi ki, onun yanındayıq, onun marağını gözləyirik, qoruyuruq. Xalqın bizə olan sayqısı da öz mahiyyətini dəyişirdi. Dünənə kimi bizə yalnız orqan işçisi kimi, çəkindiklərindən, qorxudan hörmət göstərirdilərsə, ölkənin ağır günlərində üzdə az görünən bizləri, indi yanlarında görəndə, məhz ədalətli mövqe tutduğumuza görə (bütün əməkdaşlara aid olmasa da) və ekstremal situasiyalarda qorxmadan ən çətin yerlərə baş vurduğumuza görə bizə həqiqi istəklərini bildirirdilər. Bunları görmək, öz şəxsində duymaq çox xoş idi. Bu, illərlə qazanılan nüfuz həm də təşkilatın adına idi, təəssüf ki, son illər bəzilərinin xüsusi xidmət orqanı adına yaraşmayan əməlləri, siyasəti canımızın, bəzi əməkdaşlarımızın qanının bahasına əldə etdiyi nüfuzu xeyli aşağı saldı.
Ardı var...