Paytaxtın nəhəng supermarket şəbəkəsi bağlanır  - VERGİ QALMAQALI
Araşdırma
5258
17 Feb 2016 | 12:25

Paytaxtın nəhəng supermarket şəbəkəsi bağlanır - VERGİ QALMAQALI

Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlara dəstək çağırışlarına baxmayaraq, hələ də bir çox qurumlar buna əməl etmir. Hətta indiki həssas dönəmdə biznes obyektlərinin çökdürülməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Təkcə 2016-cı ilin arxada qalan 45 günü ərzində İlham Əliyev həm rəsmi tədbirlərdə, həm ictimaiyyət nümayəndələri ilə görüşlərində bu çağırışı dəfələrlə səsləndirib, bu istiqamətdə bir çox vacib fərman və sərəncamlar imzalayıb. Amma "köhnə dəyirman" yenə öz işindədir.  Bu mənada Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti öz "fəallığı" ilə daha çox diqqət çəkir. 

Devalvasiyadan sonra qəbul edilən qərarlar və həssas dönəmi nəzərə alaraq, lüzumsuz yoxlamaların, sahibkarlara yüklənən əlavə "faizlərin" aradan qalxacağı güman edilsə də təssüf ki, bunun şahidi olmuruq. Hətta vergilər nazirinin birinci müavini Natiq Əmirovun daha yüksək posta - Prezidentin müşaviri vəzifəsinə irəli çəkilməsi də görünür vergi ilə bağlı problemlərin həllinə kömək etmir.

Audit Departamentinin son qurbanı Bakının böyük supermarket şəbəkələrindən biri olan "Mega Market" mağazalar şəbəkəsi olub.  

2007-ci ildən fəaliyyət göstərən "Mega Market" mağazalar şəbəkəsi Bakının müxtəlif yerlərində 7 mağazaya sahibdir və əhalinin gündəlik tələbatının təmin olunmasında önəmli rol oynayır. 100-dən yuxarı insanın işlə təmin olunduğu bu şəbəkənin vergi ödəmələri ilə bağlı da indiyə qədər heç bir problemi olmayıb və nümunəvi ödəyicilərdən biri hesab olunub.

Amma bir neçə gün əvvəl Audit Departamentinin müfəttişləri "Mega Market"ə təşrif buyuraraq, sahibkar qarşısında yerinə yetirilməsi mümkün olmayan ağır tələblər qoyublar.

Qanunsuz yoxlamalar, heç biri əsası olmadan tətbiq olunan cərimələr və sahibkarlardan pul tələb edilməsi heç şübhəsiz ki sahibkarların xərclərini artırır. Bu isə iş adamlarını məcbur edir ki, satdığı məhsulun, yaxud göstərdiyi xidmətin qiymətini artırsın. Belə olanda isə zərbə onsuz da devalvasiyadan sonra cibləri boşalan, gəlirləri azalan sadə əhaliyə dəyir ki, bu da əlavə gərginlik və narazılıq yaradır.

Əldə etdiyimiz məlumata görə, "Mega Market" mağazalar şəbəkəsindən də müntəzəm ödədiyi vergilərdən əlavə olaraq, ümumi dövriyyənin 5 faizi miqdarında "pay" tələb olunub. Sahibkar isə bunun süni bahalaşmaya səbəb olacağı və Prezidentin cağrışlarına zidd olacağı kimi cavabları belə, müfəttişləri qane etməyib. Onlar israrla ya mağazaların bağlanacağı, ya da bu məbləğin ödəniləcəyi ilə bağlı şərtlər səsləndiriblər.

Nəticədə sahibkar 130 ailənin çörək yeri olan, paytaxtın yüzminlərlə sakininə xidmət göstərən supermarket şəbəkəsini bağlamaq qərarı verdiyi bildirilir.

Əgər doğrudan da belə bir qərar verilərsə, bu, son vaxtlar islahatlarla bağlı aparılan təbliğat və kampaniyalarının əhəmiyyətini böyük mənada azaldacaq. İslahatlar kağız üzərindən real həyata transfer etmirsə, onun hansı müsbət nəticələri ola bilər? 

Bir tərəfdən hökümət rəsmiləri yerli və xarici iş adamlarını indiki dönəmdə ölkəyə investisiya qoymağa sələyirsə və buna bir ölkə olaraq hərgünkündən daha çox ehtiyacımız varsa, dogr tərəfdən uğurlu biznes subyektlərinin çökdürülməsi ilə mşğul oluruqsa, bizə kim inanar? (Qaynar.info)

Link kopyalandı!
Son xəbərlər