“İnşaata icazə alınması rüşvətlərinin məbləği tikintinin maya dəyərini də üstələyir”
Araşdırma
5546
20 Nov 2015 | 01:00

“İnşaata icazə alınması rüşvətlərinin məbləği tikintinin maya dəyərini də üstələyir”

Tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov ölkənin tikinti sektorunun inkişafını ləngidən və hətta məhv edən bürokratiyanı, qeyri - qanuni rüşvət tələblərini, prosedur labirintini tənqid edərək Sinqapurla Azərbaycandakı mövcud durumun müqayisəli təhlilini verib, problemdən çıxış yollarını göstərib. 

Professorun Moderator.az - a göndərdiyi çox dəyərli yazısını oxuculara təqdim edirik:

Biznes- inşaata icazə alınması

Biznes fəaliyyətinin ləngidilməsini şərtləndirən ən ciddi amillərdən biri də inşaata icazə alınması prosesidi. Məsələ burasındadır ki, əksəriyyət iş adamları fəaliyyətə başlayarkən ilk növbədə özlərinə müəyyən obyektlər tikirlər. Bura maqazin, anbar, zavod, fabrik, sosial obyektlər, biznes və ya ticarət mərkəzləri və s. daxildir. Dünyanın əksəriyyət ölkələrində belə obyektlərin tikintisi dövlət tərəfindən icazə ilə həyata keçirilir. Amma bu icazənin alınma üsulları, formaları, asanlıq səviyyəsi, alınma müddətləri müxtəlifdir. Dünya Bankının Doing business hesabatına görə Azərbaycan bu sahədə çox geridir, əgər ümumi biznes asanlığı indeksinə görə 189 ölkə içərisində 63-cü yeri tutursa, tikintiyə icazə alınması asanlığına görə 114-cü yeri tutur. İlk nöqteyi - nəzərdə bu elə ciddi məsələ kimi görünməyə bilir, amma iş adamları və mütəxəssislər yaxşı bilirlər ki, bu proses biznes fəaliyyətini nə qədər ləngidir, bürokratiyanın inkişafını təmin edən bu sahədə nəticə etibarı ilə korrupsiya və rüşvətxorluq nə dərəcədə sürətlə inkişaf edir. 
Dünya ölkələri içərisində birinci yeri tutan Sinqapurda tikintiyə icazə alınması prosesi cəmi 26 gün vaxt aparırsa, Azərbaycanda hər bir iş adamı bu işə 203 gün, yəni 177 gün əlavə vaxt sərf edir. Orta bir obyektin tikinti müddəti də elə bu qədər təşkil edir. Deməli, bir Azərbaycanlı iş adamı tikintiyə icazə almaq məqsədilə dövlət orqanlarının dəhlizlərində lazımsız sərf etdiyi 177 gün ərzində bir Sinqapurlu iş adamı inşaata izin də ala bilir, inşaatını bitirib obyektini istifadəyə də verə bilir, o obyektdən artıq gəlir də götürə bilir və büdcəyə vergi də ödəyə bilir. Diqqətlə təhlil edəndə görmək olur, biznesin belə amillərlə iqtisadi inkişafa və ümumiyyətlə cəmiyyətin inkişafına nə qədər böyük zərbə vurur. 
Ölkə prezidentinin bu sahəyə çox ciddi fikir verməsinə və bir neçə dəfə müvafiq dövlət orqanlarına xüsusi tapşırıq verməsinə baxmayaraq, hələ də bu sahədə ciddi irəliləyiş yoxdu. 

Bu manelər işin rəsmi tərəfidi, yəni rəsmən təyin olunmuş qaydalardan dəyən zərərlərdi, Azərbaycan şəraitində qeyri - leqal tərəfləri leqal manelərdən qat-qat çoxdur. Bu işlə məşğul olan iş adamlarının söylədiklərinə görə bəzən inşaata icazə alınması rüşvətlərinin məbləği hətta tikintinin maya dəyərini də üstələyir, hətta iş adamları bazarda formalaşmış hər blokun icazəsinə ölkənin və paytaxtın müxtəlif yerlərində rüşvət stavkalarını da əvvəlcədən bilir və tikintinin maya dəyərinə daxil edirlər. 

Beləliklə, Azərbaycanda tikintiyə icazə alınması 203 günə başa gəlir, proses 18 prosedurdan ibarətdi. 203 gün hara sərf olunur, hər proseduranın başa gəlmə məsrəfləri nə qədərdi, müqayisli rəqəmlər birinci yeri tutan ölkə - Sinqapur üzrə necədi, bu suallara cavab vermək üçün məlumatlara nəzər salaq. Bütün prosedurları geniş formada açmağa ehtiyac görmürəm, yalnız ən böyük vaxt aparan prosedurlar isə şəhər icra hakimiyyətindən razılıq alınmasına gedir. Bu proseduraya Bakı üzrə 120 gün vaxt gedir, halbuki, Sinqapurda eyni işə cəmi 10 gün vaxt sərf olunur, müvafiq olaraq fövqəladə hallar orqanlarından icazəyə 61 və 10 gün vaxt sərf olunur. Bundan əlavə Azərbaycanda 8 əlavə lüzumsuz prosedurlar mövcuddur ki, bunların da həyata keçirilməsi xeyli əlavə vaxt aparır. Həm də məsrəflər Sinqapur və digər inkişaf etmiş ölkələrdən qat-qat çoxdur. Əgər tikintiya icazə alınması məsrəfləri layihənin ümumi dəyərindən Azərbaycanda 4,1% təşkil edirsə, Sinqapurda cəmi 0,3% təşkil edir.

Tikinti işləri aparılması üçün lisenziya alınması daha bərbad vəziyyətdədir. Heç bir əsas və fayda olmadan çoxsaylı sənəd və vaxt tələb olunması nəticədə böyük korrupsiyaya və rüşvətxorluğa gətirib çıxarır. Mütəxəssislərin təcrübəsindən bilindiyi kimi tikinti işlərinə lisenziya alınması 5-6 min manat rəsmi ödəmə ilə yanaşı 500-600 min manat qeyri - rəsmi ödəmə ilə başa gəlir. Bu məbləğ orta səviyyədən də yuxarı yaxşı bir biznesin qurulmasının investisiyasından da çoxdu. 

Rəqəmlərin təhlili bu prosesin digər reytinq göstəricilərinə görə həm daha bərbad olduğunu göstərir  və həm də eyni zamanda prosesin asanlaşması mexanizmi Sinqapur təcrübəsindən açıq görünür. 
Bir qanunauyğunluğu nəzərə almaq və bu prinsipdən hərəkət etmək lazımdı: biznesin asanlığı indeksi göstəricisi iqtisadi inkişaf səviyyəsi ilə düz mütənasib asılılıqdadır. Biznes asılılığı üzrə ilk yerləri tutan bütün ölkələrin hamısı inkişaf etmiş ölkələrdi. Deməli, biz də nəticə çıxarmalıyıq, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəlmək üçün biznes asılılığı reytinqində də birinci yerə çıxmaq lazımdır. 

Tikinti işinə icazə alma işini yüngülləşdirmək və reytinq göstəricisinə görə ölkəmizin səviyyəsini dünya birincisi olan Sinqapurun səviyyəsinə yüksəltmək üçün Prezidentin fərmanı və ya prezidentin göstərişi ilə Nazirlər Kabinetinin bir qərarını hazırlayıb və tətbiqinə başlamaq olar. Bu qərarın əsas maddələri:

- tikintiyə icazə alınması prosedurları minimuma (8 prosedura) endirilsin.
- Lüzumsuz və biznesin inkişafına mane olan bütün prosedurlar aradan qaldırılsın, yalnız bu prosedurlar və əməliyyatlar tələb olunsun (həmin prosedurlar və onların yerinə yetirilməsinə sərf olunan müddət sadalanır).
- Tikintiyə icazə alınması prosedurlarının həyata keçirilməsinin maksimum müddəti 25 gün müəyyən edilsin.
- tikinti işlərinə lisenziya alınması qaydaları təkmilləşdirilsin, tələb olunan sənədlər məhdudlaşdırılsın və lizenziya verilməsinə baxılması müddəti 10 gün olaraq müəyyən edilsin.
- Bu qaydalara əsasən tikintiyə icazə alınması və həmçinin tikinti işlərinin aparılmasına lisenziya verilməsi işi müvafiq dövlət orqanlarından alınsın və bütövlükdə bu iş Asan xidmətə həvalə olunsun. Müvafiq dövlət orqanlarında bu məqsəd üçün fəaliiyət göstərən ştat vahidləri ixtisara salınsın, azad olan büdcə vəsaitləri dövlət büdcəsinə qaytarılsın. 

Bizim fikirimizcə, belə bir tədbirin həyata keçirilməsi ölkənin iqtisadi inkişafına və dünya miqyasında reytinqinin xeyli yüksəlməsinə ciddi təsir göstərəcək.


Link kopyalandı!
Son xəbərlər