Üzü Firondan bəri adətən dünya miqyaslı hadisələrə tarixçilər müəyyən zaman kəsimindən sonra daha dəqiq qiymət verirlər, nəinki baş verən günlərdə. Gözümüzün önündə ABŞ-İran münaqişəsi hərbi və diplomatik mərhələlərdən keçir və bu prosesi də indi dəyərləndirərkən mövcud qeyri müəyyənliklər, gözlənilməz, proqnozlaşdırılmayan gedişlər çoxlu suallar yaradır. İkinci Dünya müharibəsindən bu günlərədək formalaşmış ABŞ-ın bir nömrəli hegemon, qlobal güc arxitekturasını cəmi üç ay yarım ərzində İran çox da böyük ziyan görmədən məhv edir. Ona görə az ziyan gördü ki, ABŞ-ın indiki prezidenti Donald Trampın özündən zəif düşmənə həm hərbi, həm siyasi, həm də iqtisadi təsir etmək qabiliyyəti yoxdur. Baş səlahiyyət sahibi qabiliyyətsiz olanda hansı silahlı qüvvələrə, hansı iqtisadiyyata və NASA, MKİ kimi kəşfiyyat şəbəkələrə malik olmağın əhəmiyyəti yoxdur. Tarixdə şəxsiyyətin rolu danılmazdır, sadəcə hər şəxsiyyət müsbət rol oynamır və təəssüf ki, mənfilərin yaratdığı sistemlər uzun müddət bəşəriyyətin yükünə çevrilir.
28 fevral 2026-cı ilə qədər özünəvurğun ABŞ prezidenti İranın siyasi rejiminin tamamilə dağıdılmasından, nüvə və raket proqramlarının məhv edilməsindən danışırdı. İsveçrədə gedən yarı açıq, yarıörtülü danışıqlarda isə Birləşmiş Ştatlar İrandan üzr istəməyə hazır olduğunu göstərdi. İranın dondurulmuş aktivlərinin qaytarılması, sanksiya təzyiqinə son qoyulması, İranın beynəlxalq səhnədə legitimləşdirilməsi, de-fakto, İslam İnqilabı Keşikçilər Korpusunun danışıqlar prosesində tamhüquqlu iştirakçı kimi tanınması və İranın Hörmüz üzərində suverenliyinin qəbul edilməsi üzrxahlıqdır. İran 40 günlük müharibə başlamazdan əvvəl daha zəif təsir bağışlayırdı, amma 28 fevraldan sonra daha da aqressivləşdi və Trampın israrla can atdığı nüvə proqramından imtina etməyəcəyini bəyan etdi. ABŞ siyasi dairələrində yaranmış vəziyyət utancverici, qeyd-şərtsiz təslim aktı kimi dəyərləndirilir. Açığı heç kim Tramp və onun ətrafındakıların bu qədər anlaşılmaz olacağını təxmin edə bilməzdi. Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, bu, ABŞ üçün tarixi bir rüsvayçılıqdır.
Bəli, Trampın apardığı xarici və daxili siyasət onu tamamilə etibar edilə bilməyən bir dövlət başçısı statusuna yaxınlaşdırır və fəlakət ondadır ki, o, ən güclü ölkəyə rəhbərlik edir. Və onu əhatə edən komanda üzvləri isə sanki illərdir hazırlaşır ki, indiyədək aparılan siyasətin üstündən xətt çəkib həm dövləti, həm cəmiyyəti deqradasiya səviyyəsinə çatdırsınlar.
Nə Çin, nə Rusiya, nə İran, ümumiyyətlə heç kim ABŞ-ı Tramp kimi zəiflədə bilməzdi. Təəccüb yaradan isə odur ki, Tramp kimi heç kəs "daha çox qələbə" haqqında lovğa hekayələrlə öyünə bilməz. Tramp üçün müsbət hesab edilməsi mümkün olan yeganə şey, əməliyyatın uğursuz olduğunu anladıqda necə geri çəkilməyi və itkiləri azaltmağı bacarmasıdır. Donald Trampın hakimiyyətə gəlməsindən bəri, bu, xüsusilə aydın oldu, çünki müttəfiqlərinin maraqlarına etinasızlığı səbəbindən ziddiyyətlər cəbhəsi genişləndi. İllərdir Qərbi Avropa, qonşu Kanada, Avstraliya, Yaponiya ilə qurulmuş münasibətləri dəyişdirmək istəyi ilə pozulmuş dünya nizamını daha "nizamsız" hala çatdırdı. İtaliyanın baş naziri Meloninin dediyi kimi, öz müttəfiqləri ilə daha sərt və pis rəftar edir, rəqiblərin simpatiyasını qazanmaq üçün onlarla xoş münasibətdədir və bu siyasət geridönməz zərərlər vurur. Bunu hakimiyyətə gəldiyi ilk gündən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Putinə göstərdiyi mehriban münasibətdən görürük. Əvəzində müttəfiqlərlə gərginlik yaşadaraq "Amerika Birincidir" siyasəti ilə, NATO daxilində uzun müddətdir tərəfdaşları ilə münasibətlərin pisləşməsinə səbəb olub və ABŞ təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı narahatlıqlar yaradıb. Trampın"Amerikanı yenidən böyük et" şüarı yalnız onun liderlik səviyyəsinin itirilməsi ilə deyil, eyni zamanda qlobal vəziyyətin daha da pisləşməsi ilə müşayət olunur.
Trampın dünya siyasətinə baxışı budur ki, millətlər sadəcə istədiyi kimi qarışdıra biləcəyi kart dəstidir və Zelenskini də kartı olmamaqda ittiham edirdi. Bu günlərdə Fransada keçirilən G-7 sammitində həvəssiz, yorucu mızıldanması, Metsin futbol köynəyini ona təqdim edərkən elementar etik qaydaya əməl etməyərək ayağa qalxmaması, Meloni haqqında kişiyə yaraşmayan bəyanatlar səsləndirməsi bir daha sübut etdi ki, onu demokratik Qərblə yaxınlıq yox, avtoritar, totalitar rejimlər daha çox ilgiləndirir. Bu, Trampın dünyada baş verənləri anlamaqda həmişəkindən daha çox aciz olduğunu və əvvəlki bütün açıqlamalarını tərsinə çevirməyə məcbur olduğunu göstərir. Necə olur ki, bir vaxtlar şər təcəssümü olan molla rejimi indi ağlabatan tərəfdaş, ona rəhbərlik edənlər isə “ rasional adamlardır”. Bir vaxtlar İsrail üçün mövcudluq təhlükəsi yaradan nüvə materialı indi əbədi olaraq İranda qala bilər. Bunların heç biri məğlubiyyətini etiraf edə bilməyən bir insanın çarəsiz rasionallığından başqa bir şey deyil.
İlham İsmayıl