Tarixdə baş vermiş bəzi savaşları yalnız tankların sayı, raketlərin radiusu və ya dağıdılmış obyektlərin siyahısı ilə anlamaq olmur. Çünki həmin savaşların görünən qatının altında daha mürəkkəb bir məntiq yatır: aldatma, təşəbbüs, temp, fiqur qurbanı, mərkəzə nəzarət, rəqibin müdafiəsini yarmaq, ikiqat zərbə ilə onu bir neçə təhlükə arasında bölmək, sonra isə üstünlüyü siyasi nəticəyə çevirmək cəhdi. Fikrimcə, hazırda davam edən İran-ABŞ-İsrail qarşıdurması məhz belə müharibədir. Bu qarşıdurmaya yalnız hərbi prizmadan baxdıqda çox şey görünür, lakin etiraf etmək lazımdır ki, hər şey görünmür. Ona şahmat taxtası kimi baxdıqda isə düşünürəm ki, gedişlərin arxasındakı məntiq daha aydın seçilir.
Bu müharibədə raketlər fiqur kimi, boğazlar və bazalar xətlər kimi, hava üstünlüyü mərkəz nəzarəti kimi, liderlik zərbələri isə birbaşa şahın özünə yönəlmiş hücum kimi görünür. Burada “qala qurmaq” təkcə müdafiə manevri deyil, dövlətin rəhbərliyini, enerji sistemini və komanda-idarəetmə şəbəkəsini qorumaq cəhdidir. “Çəngəl” yalnız iki fiqura bir anda hücum deyil, eyni vaxtda İsraili, ABŞ bazalarını, Körfəz dövlətlərini və qlobal enerji bazarını təzyiq altında saxlamaq strategiyasıdır. “Açaraq şah” gizli niyyətlərin üzə çıxmasıdır, “ikiqat şah” isə həm hərbi infrastruktura, həm də siyasi legitimliyə paralel zərbə deməkdir. Şahmatdakı “Dəyirman” termininə gəldikdə, bu, bir dəfəlik hücum yox, rəqibin sistemini təkrar-təkrar sarsıdan ardıcıl zərbələr mexanizmidir. Bu səbəbdən İran-ABŞ-İsrail müharibəsinə şahmat prizmasından baxmaq sadəcə bədii bənzətmə deyil. Bu, geosiyasi məntiqi izah edən güclü analitik üsuldur. Çünki şahmat da, müharibə də yalnız güclə yox, zamanla, məkanla, hesablama ilə, yanlış risklə və nəticə planlaması ilə qazanılır. Ən parlaq kombinasiyalar belə son gediş hesablanmayanda oyunu qələbəyə deyil, fəlakətə aparır. Bu savaşda da əsas sual budur: təşəbbüsü ələ alan tərəf həqiqətən “mat” vəziyyətinə gedirmi, yoxsa yalnız taxtanı qarışdırır? Mövcud hadisələr göstərir ki, hərbi baxımdan ağır gedişlər edilib, lakin siyasi sonluq hələ də açıqdır.
I. Debüt: partiyanın ilk gedişləri və sürpriz açılış
Hazırkı genişmiqyaslı mərhələ 28 fevral 2026-da başlayıb. “Reuters” Agentliyinin açıqladığı hərbi xronologiyaya əsasən ABŞ və İsrail həmin gün İrana qarşı geniş hava və uzaqmənzilli zərbə əməliyyatına başlayıblar. İlk fazada diqqət İranın komanda-idarəetmə sistemi, kəşfiyyat infrastrukturu, hava hücumundan müdafiəsi, ballistik raket obyektləri və dəniz imkanlarına yönəlib. ABŞ hərbi rəhbərliyi bunu İran qüvvələrini “çaşdırmaq və kor etmək”, yəni cavab koordinasiyasını sarsıtmaq üçün planlaşdırılmış ilkin mərhələ kimi təsvir edib. Siyasi analitiklər 28 fevralı müharibənin hazırkı böyük fazasının başlanğıcı kimi təqdim edir və bu hücumların İran rəhbərliyi, nüvə proqramı və təhlükəsizlik aparatını hədəfə aldığını qeyd edir.
Şahmat dilinə çevirsək, bu, sakit mövqe, başqa sözlə qapalı açılış (“d4” gedişi ilə başlayan açılışlar) deyildi. Bu, açıq açılış (“e4” gedişi ilə başlayan açılışlar) idi: yəni rəqibin klassik inkişafını gözləmədən mərkəzə partlayıcı daxilolma. Qapalı açılışlarda oyunçu əvvəlcə fiqurlarını inkişaf etdirir, mərkəzi ehtiyatla yoxlayır, sonra qalaqurma əməliyyatı edib təhlükəsizliyini təmin edir. Burada isə ABŞ-İsrail tandemi birbaşa aktiv taktiki açılışa keçdi. Məqsəd təkcə material qazanmaq deyildi, məqsəd tempi ələ keçirmək idi. Şahmatda bəzi açılışlar var ki, oyunçu piyada qurbanı verərək sürət və təşəbbüs alır. Bu müharibənin ilk saatları da belə təsir bağışladı: risk böyük idi, amma niyyət aydın idi – rəqibin cavab vermə qabiliyyətini zəiflədib oyunun ritmini öz əlində saxlamaq.
Bunun mühüm bir tərəfi də odur ki, müasir savaşlarda “açılış hazırlığı” illərlə aparılır. Kəşfiyyat, müşahidə, peyk məlumatları, logistik yerləşdirmə, hava-dəniz koordinasiyası, regional müttəfiqlərlə öncədən razılaşdırılmış müdafiə planları – bunların hamısı debüt nəzəriyyəsinin müharibə formasına çevrilməsidir. Etibarlı mənbələrin məlumatları göstərir ki, bu zərbələr spontan emosional cavab yox, öncədən hesablanmış çoxpilləli əməliyyat idi. Elə şahmatda da ən təhlükəli rəqib ilk gedişi taxtada düşünən deyil, onu oyundan xeyli əvvəl hazırlayan oyunçudur.
II. Qalaqurma: kim şahını vaxtında qorudu?
Şahmatda qalaqurma yalnız şahı küncə çəkib onun təhlükəsizliyini təmin eymək deyil. Qalaqurma həm də “qala”nı oyuna qatmaq, arxa cərgədəki passivliyi aktiv müdafiəyə çevirmək, mövqeyi sabitləşdirmək deməkdir. Müharibələrdə bunun analoqu siyasi rəhbərliyin, komanda mərkəzlərinin, hava müdafiəsinin, enerji arteriyalarının və diplomatik dayaqların qorunmasıdır.
Bu qarşıdurmanın ilk günləri göstərdi ki, İran sanki qalaqurma əməliyyatı etməyə macal tapmadan zərbə aldı. Hücumun ilkin fazasının məhz komanda-idarəetmə, kəşfiyyat və hava müdafiəsini vurmağa yönəlməsi o demək idi ki, İranın “şah ətrafı piyada zənciri” ilk andan dağıdılmağa çalışılırdı. Hətta İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürüldü, elitar rəhbərlik çevrəsi və yüksək səviyyəli təhlükəsizlik fiqurları vuruldu. Amma biz, siyasi səhnədə İranın ali rəhbərinin ölümünü şahmatdakı “mat” vəziyyəti ilə eyniləşdirə bilmərik. Bu məsələyə personifikasiya müstəvisində yanaşmaq düzgün deyil. Başqa sözlə, şəxsin ölməsi hələ “şah” fiqurunun mat olması demək deyil.
Bəli, İran tərəfi şahmatdakı kimi qala qurulmamış şahın mərkəzdə sıxışdırılması vəziyyətinə düşdü, fiqurlar hələ tam koordinasiya olunmamışkən rəqib xəttləri açdı və birbaşa şah zonasına daxil ola bildi.
ABŞ və İsrail isə öz qalaqurma əməliyyatlarını daha əvvəl tamamlamış tərəf kimi görünürdülər. ABŞ regional bazalarını, aviadaşıyıcılarını, hava-raketdən müdafiə sistemlərini və koalisiya logistikasını hərəkətə gətirmişdi. İsrail isə uzun müddətdir çoxqatlı müdafiə arxitekturası, erkən xəbərdarlıq, sığınacaq infrastrukturu və hava hücumundan qorunma şəbəkəsi ilə öz daxilini belə bir ssenariyə uyğunlaşdırmışdı. Şahmatdakı kimi bir tərəf açılışa qala qurulmuş və qalanı aktivləşdirmiş vəziyyətdə girəndə onun temp üstünlüyü daha yüksək olur. Amma unutmaq olmaz ki, qalaqurma da da mütləq təhlükəsizlik deyil. Bəzən şahmatda qısa qalaqurma (şah cinahı tərəfə edilmiş qalaqurma) etmiş tərəf elə həmin cinahdan hücum altına düşür. Burada da bənzər mənzərə yarandı. İranın cavabları yalnız İsraili yox, Körfəz məkanında ABŞ qüvvələrinə ev sahibliyi edən ölkələri, enerji yollarını, boğaz ticarətini və regional infrastrukturu hədəf aldı. Yəni ABŞ-İsrail tandemi öz şahlarını möhkəmləndirsə də, İran oyunu “əks cinah hücumu”na çevirməyə çalışdı. Bu, qalaqurmuş rəqibin üstünə top atmaqdan çox, onun müdafiə planının coğrafiyasını genişləndirməkdir. Şahmatda da bu cür hallarda hücum edən tərəf yalnız bir sahəyə yox, bütöv cinaha basqı edir.
III. “Çəngəl”: İranın asimmetrik cavab məntiqi
Şahmatda “çəngəl” eyni anda iki və ya daha çox fiqura hücumdur. Bəzən atın sadə bir gedişi rəqibin həm vəzirini, həm də qalasını təhlükəyə atır. Bu savaşa İranın cavab strategiyası da çox vaxt məhz belə görünür. Bu baxımdan İran cavab zərbələrini təkcə İsrailin özünə deyil, həm də Yaxın Şərqdəki ABŞ mövcudluğuna, Körfəzdəki bazalara, enerji obyektlərinə və logistik xətlərə doğru genişləndirdi. Bəhreyn, BƏƏ, Küveyt, Qətər və Səudiyyə Ərəbistanı istiqamətlərində təhlükə, zərbə və təhlükə siqnalları bunu deməyə əsas verir. Bundan başqa, Hörmüz boğazı üzərindən gəmiçilik və enerji axınına təzyiq isə qlobal iqtisadi ölçü qazandı. Bu, İranın ən güclü geosiyasi “çəngəli”dir. O, hərbi texnoloji baxımdan daha üstün rəqibin qarşısında yalnız bir cəbhədə döyüşmür. O, eyni zamanda İsrailin daxili təhlükəsizliyinə, ABŞ-ın regional bazalarına, Körfəz ölkələrinin neytrallıq iddiasına və dünya enerji bazarına təzyiq yaradır. Bunun məntiqi aydındır: zəif tərəf çox vaxt qüvvə bərabərliyini birbaşa döyüşlə bərpa edə bilmir, amma qərarvermə böhranı yarada bilir. “Hansını qoruyacaqsan?” sualı da məhz bu nöqtədə doğur. Tel-Əvivimi, bazanı, neft terminalını, yoxsa boğazı?
Şahmatçılar yaxşı bilir ki, “çəngəl”in dəyəri bəzən faktiki alınan fiqurdan yox, rəqibin psixologiyasından ölçülür. Çünki çəngəl rəqibi seçimə məcbur edir. İranın strategiyası da burada özünü göstərir: o, tək bir hədəfi darmadağın etməyə çalışmır, rəqib düşərgədə prioritetlər münaqişəsi yaradır. İsrail daha çox daxili müdafiəyəmi yük versin, ABŞ regional bazalarınımı möhkəmləndirsin, Körfəz ölkələri Vaşinqtondan məsafə saxlasınmı, yoxsa əksinə? Bu sualların yaranması özü də taktiki uğurdur. Şahmatda bəzən mövqeyi zəif oyunçu partiyanı sadəcə ona görə xilas edir ki, rəqibi eyni anda çox şeyi hesablamalı olur. İranın əsas ümidlərindən biri də məhz budur.
IV. Açaraq şah və ikiqat şah: nüvə hədəfi, liderlik hədəfi, rejim hədəfi
Şahmatda “açaraq şah” o zaman yaranır ki, bir fiqur çəkilir və arxada gizlənən hücum birdən-birə şahı vurur. “İkiqat şah” isə daha amansız formadır: həm çəkilən fiqur, həm də arxadakı fiqur eyni anda şah verir. Müharibənin siyasi anatomiyasına baxanda bu iki motivin birlikdə işlədiyi görünür.
Görünən xətt nüvə və raket infrastrukturudur. ABŞ və İsrail hücumlarını İranın nüvə silahına yaxınlaşmasının qarşısını almaq, raket təhlükəsini zəiflətmək və region üçün təhlükə doğuran imkanları sıradan çıxarmaq dili ilə əsaslandırırlar. Təsadüfi deyil ki, “Reuters” agentliyi yazdı ki, İranın bütün nüvə obyektlərinə çıxış verilməsi tələb edilir və xüsusilə İsfahan kompleksində yeraltı saxlanılan yüksək zənginləşdirilmiş uran, eləcə də yeni elan edilmiş zənginləşdirmə sahəsi ilə bağlı ciddi suallar qaldırılır. Qısa müddət keçməmiş Natanzdakı yeraltı zənginləşdirmə müəssisəsinin girişlərinin hücumlar nəticəsində vurulduğu təsdiqləndi. Bu faktlar ABŞ-İsrail zərbələrinin “yalnız siyasi cəza yox, konkret nüvə-raket hədəflərinə yönəlmiş əməliyyat” kimi təqdim olunmasına imkan verdi. Amma arxadakı gizli xətt daha dərindir: söhbət təkcə proqramdan yox, rejimin özündən gedir. Son günlərdə ABŞ Prezidenti Donald Trampın İranın “qeyd-şərtsiz təslim olmasını” tələb etdiyinin, daha çox İran rəsmisinin hədəf olacağını dediyinin, hətta yeni ali rəhbərin kim olacağı məsələsinə təsir etmək istədiyi görüntüsü yaradan açıqlamalar verdiyinin şahidi oluruq. İran tərəfi də bunu açıq şəkildə suverenliyə və daxili işlərə müdaxilə kimi təqdim edir. Burada artıq məsələ yalnız nüvə obyektləri deyil; məsələ siyasi “şah”ın özüdür.
Bu səbəbdən bu savaşda “ikiqat şah” anlayışı çox uyğun gəlir. Bir xəttlə nüvə və raket infrastrukturu vurulur, ikinci xətlə hakimiyyətin legitimliyi, ardıcıllığı və siyasi dayanıqlılığı hədəfə çevrilir. Şahmatda ikiqat şahdan çıxmaq çətindir, çox vaxt yalnız şahın qaçışı mümkündür. İranın regiona yayılmış sərt cavabları, eyni zamanda daxildə rejim ardıcıllığını sürətlə müzakirə etməsi bir növ bu qaçış dəhlizlərini açmaq cəhdidir. “Washington Post”un istinad etdiyi ABŞ kəşfiyyat qiymətləndirməsində də vurğulanır ki, hətta böyükmiqyaslı bombardman belə İran rejimini asanlıqla çökməyə aparmaya bilər, sistemin davamlılığı üçün institusional mexanizmlər mövcuddur. Bu isə şahmatla reallıq arasındakı fərqi göstərir: taxtada şah təkdir, dövlətdə isə “institusional şah” var. Bir şəxsin çıxarılması həmişə oyunun bitməsi demək olmur.
V. “Dəyirman” əməliyyatı: ardıcıl zərbələrlə sistemin sökülməsi
Şahmatın nadir, amma çox möhtəşəm motivlərindən biri “dəyirman”dır. Bir fiqur təkrar-təkrar şah verir, arada isə rəqibin fiqurlarını götürür, hücum bir dəfə yox, dalğa-dalğa gəlir. ABŞ-İsrail hərbi modelinin indiki fazası da xeyli dərəcədə bu məntiqi xatırladır.
“Reuters” Agentliyinin məlumatları göstərir ki, ilk mərhələdə məqsəd İranı kor və çaşqın salmaq idi. Sonra hava üstünlüyü yaradıldı. Ardınca komanda-idarəetmə, raket sahələri, dəniz imkanları, nüvə obyektləri və logistika üzərində təkrar zərbələr davam etdi. “AP” və “Reuters” sonrakı günlərdə Tehranın müxtəlif hissələrində, həmçinin İsfahan, Natanz və digər məkanlarda davamlı zərbə dalğaları barədə məlumat verdi. ABŞ tərəfi bu əməliyyatların bir neçə günlə məhdudlaşmayacağını, vaxt alacağını və hədəflər tam yerinə yetirilənədək davam edə biləcəyini də açıq şəkildə dilə gətirib.
Bu, “dəyirman”ın hərbi analoqudur. Bir zərbə növbəti zərbənin yolunu açır. Hava müdafiəsi zəiflədilir ki, sonrakı hücumlar daha rahat olsun. Komanda mərkəzləri sıradan çıxarılır ki, raket cavabları daha da nizamsızlaşsın. Nüvə obyektləri və girişlər vurulur ki, proqramın texniki və simvolik dayaqları sarsılsın. Dəniz imkanları vurulur ki, boğaz və gəmiçilik üzərindəki təhdid məhdudlaşsın. Yəni məqsəd tək hədəfi məhv etmək deyil, məqsəd rəqibin bütöv fəaliyyət sistemini hissə-hissə sökməkdir.
Ancaq şahmatçılar yenə də bir şeyi xatırlayır: “dəyirman” çox vaxt material üstünlüyü yaradır, amma oyunu avtomatik bitirmir. Hücum edən tərəf son mərhələni düzgün hesablamasa, böyük üstünlük belə siyasi nəticəyə çevrilməyə bilər. Bu müharibədə də əsas sual bundan ibarətdir. İranın hava və struktur imkanları ağır zərbələr alıbsa da, bu, avtomatik olaraq aydın sonluq yaratmır. Çünki real savaşda mat yalnız hərbi üstünlüklə gəlmir; siyasi nizam, legitim nəticə, regional sabitlik və idarəolunan sonluq da tələb edir. O isə hələ görünmür.
VI. Mərkəz uğrunda savaş: bu partiyanın həqiqi mərkəzi haradadır?
Şahmatda mərkəz e4, d4, e5, d5 kimi xanalarla ölçülür. Geosiyasətdə isə mərkəz bəzən coğrafiya yox, mənadır. İran-ABŞ-İsrail müharibəsinin mərkəzi də təkcə Tehran və ya Tel-Əviv deyil. Bu qarşıdurmanın həqiqi mərkəzi üç sahədə cəmləşir: nüvə proqramı, legitimlik savaşı və regional sistemin gələcəyi.
Birinci mərkəz nüvə proqramıdır. Natanz-İsfahan istiqamətində zərbələr bu mövzunu savaşın maddi nüvəsinə çevirib. ABŞ-İsrail tərəfi oyunun əsas justifikasiyasını burada qurur: əgər İran yüksək zənginləşdirilmiş uran ehtiyatını artırır, yoxlamalara tam açıq deyil və potensial silahlaşdırma riski artırsa, onda zərbələr təhlükənin qarşısını almaq məqsədi daşıyır. Bu arqument hərbi mərkəzi gücləndirir.
İkinci mərkəz legitimlikdir. BMT Baş katibi Təhlükəsizlik Şurasında bu hücumların daha geniş regional müharibəyə yol aça biləcəyini bildirərək təmkinə və deeskalasiyaya çağırdı. Beynəlxalq Hüquqşünaslar Komissiyası isə açıq şəkildə bildirdi ki, ABŞ və İsrailin hücumları qanunsuz güc tətbiqi kimi qiymətləndirilə bilər və dayandırılmalıdır. Burada məsələ artıq “kim daha güclü vurdu?” yox, “kim beynəlxalq hüquq və beynəlxalq rəy meydanında mərkəzi saxlayır?” sualına çevrilir. Şahmatda bəzən piyadaları mərkəzə çıxarmaq asandır, amma onları qorumaq çətindir. ABŞ-İsrail hərbi təşəbbüsü ələ alsa da, legitimlik mərkəzində eyni dərəcədə rahat deyil.
Üçüncü mərkəz isə regionun gələcəyidir. Müharibə təkcə İranın hərbi imkanlarını yox, Körfəz ölkələrinin siyasi davranışını, enerji bazarlarının həssaslığını, ABŞ-nin uzunmüddətli region strategiyasını və İsrailin təhlükəsizlik doktrinasını da dəyişir. “Reuters”in materialları göstərir ki, boğaz ticarəti, neft və LNG axını, müttəfiq dövlətlərin mövqeləri və daxili ictimai rəy bu partiyanın mərkəzi elementlərinə çevrilib. Deməli, bu savaşda mərkəzi ələ keçirmək sadəcə hərbi baza vurmaq deyil, regional nizamın interpretasiyasını ələ keçirməkdir.
VII. Hüquqi taxta: müharibənin görünməyən hakimi
Şahmatı fərqləndirən əsas cəhətlərdən biri budur: oyunda fiqurlar sərbəstdir, amma qaydalar sərbəst deyil. Müharibə də belədir. Dövlətlər geniş gücə malik ola bilərlər, lakin beynəlxalq hüquq onlara nəyi harada və hansı həddə edə biləcəklərini müəyyənləşdirən çərçivə qoyur. BMT Nizamnaməsi dövlətlərin digər dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqini qadağan edir. Nizamnamə yalnız silahlı hücum halında fərdi və ya kollektiv özünümüdafiəni tanıyır. Bu, indiki müharibənin hüquqi sinir nöqtəsidir. ABŞ və İsrail tərəfi İranın yaratdığı təhlükəni, nüvə və raket riskini, habelə regional fəaliyyətini əsas götürərək hücumlarını özünümüdafiə və təhlükənin qarşısını almaq kimi izah etməyə çalışır. Lakin beynəlxalq hüquqda qabaqlayıcı güc tətbiqinin sərhədləri son dərəcə mübahisəlidir və bu arqument avtomatik qanunilik vermir.
Beynəlxalq humanitar hüquq baxımından isə ən ağır məsələ mülki şəxslərin qorunmasıdır. Beynəlxalq humanitar hüquq qaydalarına görə tərəflər hər zaman mülki şəxslərlə döyüşçülər arasında fərq qoymalı, yalnız hərbi hədəfləri vurmalı və mülki zərəri gözlənilən konkret hərbi üstünlük baxımından həddən artıq səviyyəyə çatdırmamalıdır. “Distinction və proportionality” prinsipləri bu baxımdan fundamental ölçüdür. Məhz burada müharibənin hüquqi ağırlığı artır. Statistikaya nəzər saldıqda görürük ki, çoxsaylı iranlı mülki şəxs ölüb. Bundan başqa Livanda yüzlərlə ölüm baş verib və İsraildə də mülki itkilər yaşanıb. Bu statistik göstəricilər müharibə şəraitində dəyişə bilər, amma bir həqiqət artıq aydındır: mülki itki miqyası böyükdür və bu, hüquqi mübahisəni daha da kəskinləşdirir. UNICEF də regional zərbələr və uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq ifadə edib. Şahmatda fiqurlar cansızdır; real müharibədə isə hər “fiqur itkisi” insan həyatıdır. Bütün hüquqi debatların ən ağır tərəfi də budur.
Burada bir başqa hüquqi xətt də var: başqa dövlətin daxili siyasi düzəninə təsir etmək iddiası. Son günlərdə İranın BMT nümayəndəsinin Trampın gələcək ali rəhbərlə bağlı açıqlamalarını dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə zidd saydığını bəyan etdi. Bu, beynəlxalq hüquqda suverenlik məsələsini daha da önə çəkir. Yəni müharibə yalnız bomba ilə yox, siyasi təyinetmə iddiası ilə də hüquq meydanına çıxarılır. Şahmat analoqu ilə desək, burada hakim oyuna qarışmasa da, qayda pozuntusunun qeydə alındığını hamı görür.
VIII. ABŞ daxilində ikinci partiya: Konqres, prezident və müharibə səlahiyyəti
Bu savaşın bir başqa maraqlı tərəfi odur ki, əsas taxtanın yanında ikinci bir taxta da qurulub: ABŞ daxilində konstitusion mübahisə taxtası. Bu nə deməkdir? Bu o deməkdir ki, Vaşinqtonun öz daxilində də kimin gediş üstünlüyünə sahib olması ilə bağlı ayrıca oyun gedir. Prezident özünü baş komandan səlahiyyətlərinə söykənən, sürətli qərar verən oyunçu kimi göstərir. Konqres isə oyunun qaydalarını, prosedur legitimliyini və müharibənin icazə mexanizmini xatırlatmağa çalışan institusional “hakim” və ya əks balans fiquru rolundadır. Şahmatda zaman faktoru burada da önə çıxır: sürətli oynayan tərəf çox vaxt təşəbbüsü saxlayır, amma sürət qayda demək deyil. ABŞ daxilində bu debatın böyüməsi savaşın yalnız xarici yox, daxili legitimlik probleminə də çevrildiyini göstərir.
Bu daxili partiya həm də daha böyük sual doğurur: supergüc dövlətdə müharibə qərarını kim gerçəkdə idarə edir – hərbi zərurətmi, siyasi iradəmi, yoxsa konstitusion nəzarətmi? Savaş davam etdikcə bu sual daha da sərtləşəcək. Çünki uzunmüddətli əməliyyatlar yalnız raketlə yox, daxili siyasi dözümlə də ölçülür.
Aparılmış sosioloji sorğular göstərir ki, ABŞ ictimaiyyətində zərbələrə geniş dəstək yoxdur və əhəmiyyətli hissə prezidentin hərbi gücə həddən artıq meyilli olduğunu düşünür. Bu da göstərir ki, bəzən taxtadakı ən vacib mövqe uzaqdakı cəbhə yox, öz arxa cərgəndir.
IX. Sonluq görünürmü, yoxsa oyun hələ ortaoyundadır?
Şahmatda sonluq mərhələsi o zaman başlayır ki, əsas fiqurlar dəyişilib, taxta sadələşib və hər gediş birbaşa nəticəyə bağlanır. İndiki savaşda isə çoxlu fiqur sıradan çıxarılmış olsa da, sadələşmə baş verməyib. Əksinə, taxta daha da mürəkkəbləşib. Bu o deməkdir ki, partiya hələ də təhlükəli ortaoyundadır.
ABŞ-İsrail tərəfinin hərbi üstünlüyü açıq görünür. Hava üstünlüyü, ardıcıl zərbələr, İranın dəniz və hava-raket imkanlarının ciddi zəifləməsi, nüvə obyektlərinə yönəlmiş əməliyyatlar və yüksək səviyyəli liderlik hədəflərinin vurulması böyük strateji yük daşıyır. Amma “Washington Post”un işıqlandırdığı ABŞ kəşfiyyat qiymətləndirməsi göstərir ki, bu, avtomatik olaraq rejim dəyişikliyi və ya sürətli siyasi sonluq demək deyil. İranın institusional davamlılıq mexanizmləri, ardıcıl liderlik ehtiyatı, ideoloji möhkəmliyi və asimmetrik cavab potensialı hələ də işləkdir.
Başqa sözlə, bu, şahmatda material üstünlüyü olan, amma məcburi mat kombinasiyasını hələ tapmayan tərəfin vəziyyətinə bənzəyir. Bəli, o, üstün mövqedədir. Bəli, o, rəqibin çox fiqurunu götürüb. Amma əgər rəqib hələ də şahını qaçıra, piyada sonluğuna ümid edə, əks-hücum imkanları yarada və saatı uzada bilirsə, onda qələbə hələ yekunlaşmayıb.
İranın cavablarının coğrafiyasını genişləndirməsi, enerji bazarına təsir imkanları, region ölkələri üzərində yaratdığı təzyiq, İsrail və ABŞ-yə qarşı psixoloji və siyasi xətt qurması onu göstərir ki, Tehran birbaşa konvensional qələbə qazanmaqdan çox, məğlubiyyəti bahalı və uzunmüddətli etmək istəyir. Zəif tərəfin klassik strategiyası da budur: rəqibin qələbəsini belə problemə çevirmək. Şahmatda buna bənzər çox hal var: zəif tərəf uduzan sonluğa girməmək üçün mövqeyi zəhərləyir, qarışdırır, vaxta oynayır, tələ yaradır. İranın bu savaşdakı əsas ümidi də bunun geosiyasi variantıdır.
X. Şahmatçılar üçün bu savaşın əsas dərsi
Bu qarşıdurmanın şahmat prizmasından oxunuşu bir neçə mühüm nəticə verir.
Birincisi, təşəbbüs hər şey deyil. Ağ fiqurlarla oynayan tərəf açılış üstünlüyü ala bilər, lakin düzgün sonluq hesablamadan o üstünlük bəzən boşa çıxır. ABŞ-İsrail tandemi bu partiyada təşəbbüsü sürətlə ələ alıb. Lakin təşəbbüsün siyasi mat olub-olmayacağı hələ cavabsızdır.
İkincisi, mərkəz təkcə hərbi coğrafiya deyil. Nüvə proqramı, beynəlxalq rəy, hüquqi legitimlik, enerji bazarı və daxili siyasi dayanıqlıq bu partiyanın mərkəzi xanalarıdır. Mərkəzdə yalnız bomba ilə yox, narrativlə də oynanılır.
Üçüncüsü, bəzən zəif görünən tərəf daha “hiyləgər” oynayır. İran klassik mənada hava savaşı üstünlüyünə malik deyil, amma “çəngəl”, əks-cinah hücumu, uzatma oyunu və risk yayılması kimi taktikaları ilə partiyanı qəlizləşdirir. Bu isə şahmatın da, geosiyasətin də köhnə həqiqətidir: zəif tərəf düz xəttlə yox, dolaşıq kombinasiyalarla yaşayır.
Dördüncüsü, real müharibədə “gözəl kombinasiya” anlayışı əxlaqi sınaqdan keçir. Şahmat taxtasında kombinasiyanın estetikasına heyran olmaq olar. Müharibədə isə ardıcıl zərbələrin arxasında insan taleyi, şəhərlər, uşaqlar, məktəblər, enerji böhranı və beynəlxalq hüququn sarsılması dayanır. Ona görə də real savaşda ən “parlaq” taktika belə humanitar və hüquqi ölçüdən ayrıca qiymətləndirilə bilməz.
Nəticə: Mat hələ elan edilməyib
İran-ABŞ-İsrail müharibəsi şahmat oyunu kimi oxunduqda onun bütün mürəkkəbliyi daha aydın görünür. Bu savaş sürpriz debütlə başlayıb, vaxtında qala qurmayan tərəfi ağır zərbə altında qoyub, “çəngəl”lərlə cavablandırılıb, açaraq şah və ikiqat şah elementləri ilə həm hərbi, həm siyasi rəhbərliyi hədəfə alıb, “dəyirman” ritmində ardıcıl zərbələrlə sistemləri sökməyə çalışıb. Amma bütün bunlara baxmayaraq, sonluq hələ formalaşmayıb. ABŞ və İsrail taxtada daha güclü fiqurlara, daha geniş manevr imkanlarına və daha ağır zərbə gücünə malikdir. İran isə klassik baxımdan üstün mövqedə deyil, lakin o, oyunu zəhərləyən, tempi pozan, çoxsaylı təhlükə yaradan, rəqibin hesablamasını uzadan tərəfdir. Bu, təhlükəli müdafiəçinin oyunudur. Belə oyunlarda qalib tərəfin ən böyük problemi çox vaxt rəqibi məğlub etmək yox, qələbəni idarə etmək olur.
Hüquqi baxımdan isə bu savaş bir daha göstərir ki, beynəlxalq sistemdə güclə qayda arasındakı gərginlik bitməyib. BMT qaydaları, humanitar hüquq prinsipləri və suverenlik anlayışı kağız üzərində mövcuddur, amma onları tətbiq edən siyasi iradə həmişə eyni gücdə olmur. Elə buna görə də bu müharibədə yalnız fiqurlar yox, qaydaların özü də sınaqdan keçir.
Şahmatçılar bir şeyi yaxşı bilir: bəzən partiyada hər şey sənin xeyrinə görünür, amma bir detalı gözdən qaçırsan və bütün üstünlük əriyir. Bəzən də məğlub görünən tərəf tək bir resursla oyunu uzadır, dəyişir, hətta çevrilmə ümidi yaradır. İran-ABŞ-İsrail müharibəsi hazırda məhz belə bir mərhələdədir. Taxtada ağır itkilər var. Xətlər açılıb. Şahlar təhlükədədir. Mərkəz yanır. Ancaq hələ heç kim son gedişi göstərməyib. Və müasir dünyanın faciəsi də bəlkə elə budur: şahmatda mat elan olunanda oyun bitir, real müharibədə isə çox vaxt mat elan olunmamışdan əvvəl insanlıq uduzur.
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin "Ümumi hüquq" kafedrasının müəllimi