Bu günlər ABŞ və İsrailin qonşumuz, suveren İran dövlətinə qarşı amansız və cinayətkar hərbi təcavüzünün bir ayı tamam olur. Bu təcavüz cəmiyyətimizi iki yerə ayırıb. Bəziləri eyforiya keçirərək bunu az qala İran xalqının nicatına, o cümlədən əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin azadlığına gətirib çıxaracağını düşünür, əxlaqsız trampa və faşist netanyahuya alqış edir!
Digərləri dini hisslərə qapılaraq, müqəddəs İslama və müsəlmançılığa heç bir aidiyyəti olmayan İranın molla rejiminə dəstək verir, ABŞ və İsraili lənətləməklə məşğuldur!
Mən bir vətəndaş olaraq, mütləq həqiqətə əsla iddia etmədən, öz şəxsi mülahizələrimi bölüşmək istəyirəm, əsl həqiqəti isə əlahəzrət zaman göstərəcəkdir!..
İkinci dünya savaşından sonra təxminən 70 il ərzində bəşəriyyət yeni dünya savaşının qarşısını almağa müvəffəq olub. Bunun əsas səbəblərindən biri nüvə silahının çəkindirmə gücü ilə bağlı olubsa, digər səbəbi aparıcı dünya dövlətlərinin başında ağıllı və adekvat rəhbərlərin, müdrik siyasətçilərin olması, nəticədə nüvə apokalipsisindən yan keçməyə imkan verməsi olub!
Bu illər ərzində insan zəkası yüksək texnologiyalar, internet və süni intellektin yaradılmasına imza atıb, bu gün Ayın, Marsın kolonizasiyasından söhbət gedir. Nə yazıq ki, SSRİ adlı imperiyanın labüd çöküşündən sonra, xüsusilə son 10-15 il ərzində qaniçən rus imperiyasını bərpa etmək kimi cəfəng ideyaya mübtəla olan 21-ci əsrin yeni peyda olmuş faşisti putin, dünyanın birqütblü olmasını qəbul etməyərək, Ukraynaya garşı amansız hərbi təcavüzü ilə sülhə və beynəlxalq təhlükəsizliyə sarsıdıcı zərbə vurub!
Bədbəxtlikdən, 250 il azadlıq və demokratiyanın beşiyi hesab etdiyimiz ABŞ-ın başında tamamilə qeyri-adekvat, narsissist, psixopat və əxlaqsız birisi ikinci dəfə peyda olduqdan, özü kimi tamamilə qeyri-peşəkar adamlardan ibarət komanda yaratdıqdan sonra dünyada biabırçı, rüsvayçı və çox təhlükəli vəziyyət yaranıb. İnsanlar bunu keçmişə qayıdış, dünyanın cəngəllik qanunlarına dönməsi kimi səciyyələndirir.
Gecənin ortasında dövlət rəhbəri həyat yoldaşı ilə birgə oğurlanır, qonşu ölkələrə, hətta bütöv materiklərə hədə-qorxu gəlinir, onlara qarşı ərazi iddiaları irəli sürülür, Ağ Ev siyasi "razborkalar", dövlət rəhbərlərinin aşağılanması məkanına çevrilir, müsəlman ölkəsinin rəhbəri açıq təhqirə məruz qalır!
80 ilə yaxın Yaxın Şərqdə işğalçılıq, etnik təmizləmə, soyqırım, terror, qanunsuz məskunlaşma siyasəti yürüdən, xəritəyə belə sığmayan İsrailin başında dayanan həbsinə order verilmiş faşist netanyahu de-fakto ABŞ prezidentinin baş müşaviri rolunu icra edir. Məhz onun dəfələrlə və birbaşa təhriki ilə ABŞ və İsrail suveren dövlətə-İrana qarşı birgə hərbi təcavüzə əl atıb, onlar bütün gücünü, resurslarını, texnologiyalarını bir dövlətin Yer üzündən silinməsinə, onun siyasi və hərbi rəhbərliyinin fiziki məhvinə, ölkənin raket-dronlarla, ən ağır bombalarla yerlə yeksan edilməsinə yönəldib!
Burada daha nə çoxdandır impotent təşkilata çevrilən BMT və onun Nizamnaməsi, nə də beynəlxalq hüquqdan söhbət getmir, çünki başıboş tramp onları dəfn edərək, özünün üzdəniraq "sülh şurası"nı yaradıb, milyardılar yığmaqla məşğuldur və dünyanı Epşteynin "Silikon vadisi"ndən qaynaqlanan "öz əxlaqı və mənəviyyatı" ilə idarə etmək qərarını verib!
Onun MAGA devizi də büsbütün iflasa uğrayıb. Amerikanı yenidən böyük etmək, xarici ölkələrdə daha heç vaxt hərbi əməliyyatlarda iştirak etməmək kimi planlar quran, dünyada guya 8 savaşa son qoyduğunu iddia edən tramp Yaxın Şərqi alova qərq edib, indi də İrana quru qoşunlar yeritmək niyyətindədir! ABŞ və İsrailin qanunsuz və çox təhlükəli təcavüzünün qarşısını deyəsən kimsə almaq iqtidarında deyil, İran dövləti və xalqı əslində təkbaşına bir aydır ki, xarici təcavüzkarlara tab gətirir, dözür, sarsılmaz iradə nümayiş etdirir!
Faşist putini Ukraynanın 3 gün-bir həftəyə ram ediləcəyinə inandıranlar onun Ukraynada tam strateji məğlubiyyətə uğramasına rəvac verdilər. İmpulsiv qərarlara meylli olan trampı İranda xalqın rejimə qarşı üsyanının güclənməsinə inandıranlar bu gün özləri taktiki və strateji məğlubiyyət astanasındadır!
Təbii ki, İran xalqı az qala yarım əsrdə molla rejimi tərəfindən böyük faciələr, zülmlər, mərhumiyyətlər yaşayıb, bu rejim tamamilə çürüyüb və iflası qaçılmazdır. Fəqət, İran xalqının azadlığı yalnız öz əlindədir, xarici müdaxilə isə, əksinə, onu əsas hədəfdən yayındırır, rejim ətrafında sıx birləşməyə sövq edir.
Həm də unutmayaq: əgər tramp İran neftinə susayıbsa, türk-müsəlman qanına susayan netanyahunun əsas hədəfi qardaş Türkiyədir, onu və Azərbaycanı da savaşa cəlb etməklə, türklərlə ərəblər arasında ixtilafları qızışdırmaqla, onları bir-birinə qarşı qoymaqla, türk-müsəlman dünyasında nifaq yaratmaq, onu zəiflətmək və bütün Yaxın Şərqə nəzarət etmək niyyətindədir!
Bir xalqı, milləti məhv etmək olar, amma onun azadllq, suverenlik və müstəqillik arzularını, iradəsini əsla sarsıtmaq, haqq uğrunda savaşında ona qalib gəlmək, onu məğlub etmək mümkün deyil!
Bu günlər ABŞ-ın müxtəlif ştatlarında trampa qarşı "Krallara yox deyirik!" şüarı altında yüz minlərlə amerikalı etiraz aksiyasına çıxıb, bu, onun impiçmentinə aparan yolun başlanğıcıdır!
İnanmaq istəyirik ki, qısa zamanda tramp Ağ Evdən rədd ediləcək, dünya böyük fəlakətdən qurtulacaqdır! Bundan sonra dövlətlər öz gücünü, qüdrətini, maddi və insani resurslarını bəşəriyyətin çiçəklənməsinə, insanların sülh və əmin-amanlıq şəraitində insana layiq həyat yaşamasına yönəldəcəkdir!
Kim güclüdürsə, o, öz gücünü, qüdrətini dünyanı fəlakətə yuvarlatmağa deyil, haqq yoluna, bəşəriyyətin inkişafına, sülhə, əmin-amanlığa, insanların azad və xoşbəxt yaşamasına sərf etməlidir, yalnız o zaman onlar haqlı olacaqlar! Böyük Səməd Vurğunun "Qalib gələcəkmi cahanda kamal?" sualına bəşər övladı, nəhayət, müsbət cavab verməlidir!..
Səttar Qüdrətoğlu,
Qarabağ veteranı, ehtiyatda olan tibb xidməti mayoru