Bu məqalədə Hörmüz boğazının tarixi və müasir geosiyasi əhəmiyyəti təhlil olunur. Xüsusilə Osmanlı imperiyasının XVI əsrdə Hörmüz üzərində nəzarət qurmaq cəhdləri və bu cəhdlərin uğursuzluq səbəbləri araşdırılır. Bununla yanaşı, XVII əsrdə Şah Abbasın tətbiq etdiyi strateji yanaşma və əldə etdiyi uğur müqayisəli şəkildə təqdim edilir. Məqalə göstərir ki, strateji məkanlara nəzarət yalnız hərbi gücdən deyil, həm də diplomatik və geosiyasi yanaşmalardan asılıdır.
1. Ahura Mazda
Strateji coğrafi məkanlar dünya siyasətində hər zaman həlledici rol oynamışdır. Hörmüz boğazı bu baxımdan həm tarixi, həm də müasir dövrdə qlobal güclərin diqqət mərkəzində olmuşdur. Alfred Tayer Mahanın qeyd etdiyi kimi, dəniz yollarına nəzarət edən dövlətlər beynəlxalq güc balansında üstün mövqe əldə edirlər.
Qeyd etmək lazımdır ki, “Hörmüz” adının özü də regionun tarixi və mədəni dərinliyini əks etdirir. Bu ad qədim fars dilindəki “Hürmüzd” (Ahura Mazda) anlayışı ilə bağlıdır. Zərdüştilikdə Ahura Mazda ali ilahi qüvvəni, işığı və hikməti təmsil edir. “Hörümüz” adının Ahura Mazda ilə əlaqəsi göstərir ki, bu məkan yalnız geosiyasi deyil, həm də sivilizasiya baxımından dərin tarixi köklərə malikdir.
2. Tarixi kontekst: Portuqaliya işğalı və Osmanlı imperiyasının cəhdi
1515-ci ildə Portuqaliya imperiyası Hörmüz adasını işğal edərək burada möhkəmləndirilmiş qala qurdu və Fars körfəzi üzərində ticarət yollarını nəzarət altına aldı. Bu nəzarət təxminən 115 il (1515–1622) davam etdi və bu müddət ərzində portuqallar regionun əsas dəniz gücünə çevrildilər.
Bu vəziyyət Osmanlı imperiyasının maraqlarına zidd idi. Qanuni Sultan Süleymanın göstərişi ilə 1552-ci ildə Piri Rəis Fars körfəzinə hərbi yürüş təşkil etdi. Lakin zəif donanma, logistika çətinlikləri və müttəfiq çatışmazlığı səbəbilə Hörmüz qalası ələ keçirilə bilmədi. 1554-cü ildə onun Qahirədə edam edilməsi bu uğursuzluğun siyasi nəticəsi kimi tarixə düşdü. Xatırladım ki, Piri Rəis dünya xərtəsini dövrü üçün son dərəcə dəqiq tərtib etmiş möhtəşəm dənizçi idi. Böyük Atatürk Topqapı sarayını muzeyə çevirəndən sonra dünyanı heyrətdə qoyan o xəritə üzə çıxdı.
3. Geosiyasi nəzəri çərçivə
Halford Makkinderin nəzəriyyəsinə görə, coğrafi məkanlara nəzarət siyasi gücün əsas komponentlərindən biridir. Lakin bu nəzarət yalnız hərbi güclə deyil, eyni zamanda strateji idarəetmə və siyasi qərarlarla təmin olunur.
4. Şah Abbasın strategiyası və uğuru
XVII əsrdə Şah Abbas fərqli yanaşma tətbiq etdi. O, İngiltərə ilə ittifaq quraraq Portuqaliya ilə rəqabətdən yararlandı. İngilislər qlobal ticarət uğrunda mübarizədə Portuqaliyanı zəiflətmək məqsədilə bu əməkdaşlığa razı oldular.
İngilis Şərqi Hindistan şirkətinin donanmasının iştirakı ilə 1622-ci ildə Hörmüz adası portuqallardan geri alındı.Bu hadisə regionda güc balansını dəyişdi və yeni geosiyasi mərhələnin başlanğıcı oldu.
5. Müasir dövrdə Hörmüz boğazının əhəmiyyəti
Müasir dövrdə Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas sütunlarından biridir. Qlobal neft və qaz daşımalarının mühüm hissəsi-20 faizi bu boğazdan keçir. Bu səbəbdən region bu gün də böyük güclərin maraq toqquşma nöqtəsi olaraq qalır.
6. Siyasət gücdən üsündür
Təhlil göstərir ki, Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizə tarix boyu dəyişməz qalmışdır. Osmanlı imperiyasının uğursuzluğu və Şah Abbasın uğuru müqayisəsi göstərir ki, strateji məkanlara nəzarət yalnız hərbi gücdən deyil, həm də düzgün siyasi strategiya və ittifaqlardan asılıdır. Bu baxımdan, coğrafiya sabit qalsa da, onun üzərində hakimiyyətin kimə məxsus olacağını siyasət müəyyən edir.
Tarix bir daha sübut edir ki, Hörmüz boğazı kimi strateji məkanlara nəzarət yalnız gücün deyil, ağıllı siyasətin qələbəsidir və bu qələbəni qazananlar yalnız savaşanlar yox, düzgün düşünənlər olur.
Elbəyi HƏSƏNLİ, Sürix