Müharibə İranda KİMƏ sərf edir? – Müctəba Xameneinin verəcəyi İLK MESAJ...
Analitika
561
13:20, Bu gün

Müharibə İranda KİMƏ sərf edir? – Müctəba Xameneinin verəcəyi İLK MESAJ...

İranın yeni ali dini lideri, nəhayət, elan edildi. Əgər ona “yeni” demək mümkünsə. Çünki Müctəba Xamenei təzə postadək rejimə yad adam olmayıb. Onun SEPAH-la uzun müddət sıx əlaqələrdə olması da artıq sirr deyil.

Bir çox analitiklərə görə, Əli Xameneini məhz onun oğlunun əvəzləməsi variantı mühafizəkar dairələrdə ən optimal çıxış yolu sayılıb. Hesab edilir ki, yalnız kiçik Xamanei indiki son dərəcə mürəkkəb dönəmdə hakim sistem və elitalar üçün birləşdirici fiqur ola bilər(di).

Ancaq bu gözlənti və yanaşma cəmiyyətlə bağlı da keçərlidirmi, söyləmək çətindir. Hər halda, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlar aparsa da, aparmasa da, ölkənin ağır iqtisadi-sosial və maliyyə problemləri, habelə müharibəyə gətirən səbəblər heç yerə yox olmayıb. Müharibə daxili problemləri, sadəcə, müvəqqəti arxa plana keçirib. Onları daha qəliz duruma gətirməklə...

Bu mənada ABŞ və İsrailə qarşı savaş haradasa, SEPAH-a bağlı çevrələrə bəlkə də əl verir – narazı toplumun müəyyən kəsimində özünə qarşı “yazıqlıq hissi” yaratmaq baxımından. Ancaq bu müharibə bitənədəkdir. Atəşkəs dövründə diqqət yenidən daxildəki əsas iqtisadi problemlərə yönələcək. Hansıların həlli ki, zəifləmiş və daha böyük itkilərə məruz qalmış ölkə və onun rəhbərliyi üçün qat-qat çətin olacaq. Qərblə sərt xəttin davamı ayrı ehtimala yer qoymur.

Ona görə də nə qədər deyilsə də ki, Müctəba Xamenei atasının sərt kursunu davam etdirəcək, reallıq başqa şey pıçıldayır. Yəni, “İran üçün pis olacaqsa, qoy hamı üçün pis olsun!” siyasəti heç cür hakim rejimin xilası sayıla bilməz.

Gerçək belədir ki, İran sanksiyaların da nəticəsi kimi böyük bir geosiyasi və iqtisadi-sosial problemlər dolağı (düyünü) ilə üzləşib və o, gec-tez açılmalıdır. Bu, xarici təzyiq altında olmayacaqsa, onda mütləq daxili ictimai-siyasi faktorlar işə düşəcək. Gec ya tez...

Bu xüsusda Müctəba Xameninin açıqlamalarından, cəmiyyətə, regiona və dünyaya verəcəyi ilk mesajdan çox şey aydın ola bilər. Axı budəfəki dağıdıcı müharibə üstəlik, İran düşmənlərinin sayını bir az da artırıb. Hərçənd, daxili faktor klerikal rejimi üçün qat-qat təhlükəlidir, nəinki xarici. Çünki etirazları sonsuzadək silahla, qəddarcasına yatıra bilməzsən...

“İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ ilə danışıqlar barədə fikir bildirməsi üçün hələ çox tezdir”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Hamımız onun çıxış və açıqlamalarını gözləyirik. Amma düşünmürəm ki, amerikalılarla dialoq və ya onlarla yenidən danışıqlar mövzusu gündəmdə olsun. Çünki amerikalılarla danışıqlardan çox acı təcrübəmiz var”, - nazir bildirib.

Ancaq danışmaq bütün hallarda lazım gələcək. Özü də təkcə ABŞ ilə yox. Həm də narazı xalqla...

Bu arada İsrailin “Kanal 14” telekanalı İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb. Siyahıda yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin adı da yer alıb (Axar.az).

Bundan başqa, siyahıda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei, SEPAH-ın “Xatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdullahi, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və SEPAH-ın baş komandanı Əhməd Vahidinin adı var.

Məlumata görə, bu şəxslər İsrail tərəfindən potensial hədəflər kimi göstərilib...

“Əlbəttə ki, İran hərbi cəhətdən hər ikisi nüvə gücü olan ABŞ və İsraildən daha zəifdir. Lakin Tehranın tarazlığı qorumaq üçün istifadə edə biləcəyi “kozırları” var. Müharibə uzanarsa, iqtisadi itkilərlə üzləşən ölkələr ABŞ-a təzyiq göstərməyə başlayacaqlar. Bu mənada uzunmüddətli müharibə İran üçün faydalıdır”.

Bunu isə iranlı ekspert Puoya Hüseyni Müctəba Xameneinin İranın yeni lideri seçilməsini şərh edərkən deyib.

“Şübhəsiz, biz həm maliyyə, həm də fiziki cəhətdən çox böyük itkilərlə üzləşirik və İran ciddi basqı altındadır. Lakin bu müharibə növbəti 20-30 il üçün qlobal mövqeyimizi müəyyən edəcək”.

Hansı səmtə? Yaxın zamanda, hətta yaxın günlərdə görəcəyik... /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər