İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT...
Analitika
265
13:43, Bu gün

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT...

İrana qarşı hava əməliyyatı yəqin ki, bir neçə günə özünün pik məqamına çatacaq. Yalnız ondan sonra tərəflərin real itkilərindən, qalib və məğlubdan danışmaq mümkün olacaq. Orta variant istisnadır. Ona görə ki, tərəflər ötən ilin iyunundakı 12 günlük müharibədən – “baş məşq”dən özləri üçün müvafiq dərsləri götürüb.

Əlbəttə ki, silah-sursat arsenalının keyfiyyəti, üstünlüyü və davamlılığı da mütləq öz sözünü deyəcək. Həmçinin, informasiya-əsəb savaşının qalibi onda bəlli olacaq. Yəni, girdiyimiz həftə bütün mənalarda ümumən bölgə üçün də yetərincə kritik bir həftə...

Bu arada Reuters agentliyi belə bir məlumat yayıb ki, ABŞ-ın yüksək çinli rəsmiləri Əli Xameneinin öldürülməsinin İranda tezliklə rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır. “Hücumdan əvvəl kəşfiyyat müəyyən edib ki, Xameneini islahatçılardan daha çox, sərt xətt tərəfdarlarından hansısa biri, ehtimal ki, SEPAH-dan kimsə əvəzləyəcək”, - məlumatda vurğulanır.

Ardınca qeyd olunur ki, amerikalı rəsmilər İranda hər hansı uğurlu qiyam üçün zəruri sayılan hərbi fərarilik əlamətləri görmürlər. Mənbələrdən biri bu xüsusda bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) liderləri çətin ki, təslim olsunlar, nədən ki, “onlar geniş loyal şəbəkəyə malikdirlər”...

Sirr deyil ki, inqilabi situasiyalarda hakim elita, xüsusən də hərbi elita daxilində parçalanma ciddi rol oynayır. Bu da İranda hələ ki, müşahidə olunmur. Şübhəsiz, son söz həmişə xalqındır. Belə bir klassik deyim var: “Hər xalq öz hakimiyyətinə layiqdir”. İstər demokratik idarəçilik olsun, istərsə də qeyri-demokratik.

Bu da faktdır və onun çoxlu örnəkləri var ki, İrandakı kimi avtokrat-klerikal və sərt rejimlərdə liderin şəxsiyyəti onun dayanıqlığı üçün mühüm önəm daşıyır. Belə rejimlərdə rəhbərin qəfil ölümündən və ya qətlindən sonra sistem heç nə olmayıbmış kimi yoluna davam edə bilməz. Əvəzsiz itkinin ağrısını ört-basdır etməyə çalışsalar da.

Ən azından, başa gələn faciələrdən doğru nəticə çıxarmaq baxımından dəyişiklik vacib görünür. Çünki müharibə diplomatik vasitələr tükənəndə başlayır...

İran nümunəsində də reformaların təzahürlərini yəqin ki, az sonra görəcəyik. Ola bilsin, bu, tezliklə olmasın. Amma bir aya, yaxud iki ya özünü mütləq göstərəcək. Hər halda, oradakı etirazçı kəsim heç yerə yox olmayıb. İrana hava hücumundan sonra onların sayının azalacağını düşünmək yanlış olar. Ancaq ayağa qalxmaq üçün zaman o zaman deyil.

Məsələ ondadır ki, xarici hərbi müdaxilə altında İranda güclü ictimai etiraz dalğasının qalxması az ehtimaldır. Ona görə ki, bu cür hərəkətlənməni geniş və narazı əhali kütləsi bir növ, özünə sığışdırmaz, özü haqda xarici gücün diktəsi ilə hərəkət edən proksi-qüvvə imici yaratmaq istəməz. Yəni, bir növ milli qürur məsələsi, instinkt.

Amma ara sakitləşəndən, bir qədər sonra mümkün görünür. O da xeyli dərəcədə hakim rejimin başında duranların yaşananlardan nə dərəcədə nəticə çıxarıb islahatlara gedəcəyindən, konkret olaraq, prezident Məsud Pezeşkianın səlahiyyətlərinin və rolunun artıb-artmayacağından asılı olacaq.

Gerçək belədir ki, İrandakı sistem artıq köhnə qaydada yoluna davam edə bilməz. Əks halda daha ağır zərbələr alacaq. Davam edəcək-etməyəcək, bunu dünya yaxın zamanda görəcək...

/Musavat.com/

Link kopyalandı!
Son xəbərlər