Putinin müharibəsi
Analitika
100
09:58, Bu gün

Putinin müharibəsi

Bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı irimiqyaslı müharibənin dörd ili tamam olur. Rusiya tarixini və rus xarakterini bilənlər müharibənin rus kimliyinin ayrılmaz hissəsi olduğuna şübhə etməzlər. Rusiya ədəbiyyatının dünya səviyyəli klassiklərinin də düşüncələrində millətçi, şovinist ideyaların təbliğatına rast gəlmək olar və bu düşüncə tərzi əsrlər boyu sıravi rusiyalının da gündəlik həyatının bütün sahələrində təbliğat yolu ilə yayılıb. Genetik olaraq daim qəzəb hissi ilə yaşayan toplum başqa millətləri, xalqları aşağılamağı həyat tərzinə çeviriblər və bu qəzəb dövlət siyasətində də öz əksini tapıb. Bu düşüncənin hazırda qurbanı Ukraynadır, sabah hər kəs ola bilər. Putin hakimiyyətə gəldiyi ilk on ildən sonra cəmiyyətə tez-tez özü haqqında deyirdi ki, onu bəyənməyə bilərlər, o ən yaxşı lider olmaya bilər, amma alternativin daha pis olduğunu və bunun əksinin Amerikaya, Qərbə tabe olmağın,  rüsvayçılığın olduğunu cəmiyyətin şüuruna yeridir və misal olaraq tez-tez 1990-cı illəri xatırladırdı. Bu, imperiya ambisiyası ilə şəxsi eqonun bu qədər üst-üstə düşməsinin nümunəsidir.
 
Bu müharibə bir nəfərin-prezident Putinin müharibəsidir. O, tarixə öz prizmasından baxır və tez-tez Romanovlar sülaləsinin torpaqlar işğal edən çarlarından sitatlar gətirməklə, vaxtilə Rusiya imperiyasının tərkibində olmuş əraziləri – postsovet məkanını geri qaytaran çar-prezident kimi tarixdə qalmaq istəyir. Yəni, bu müharibə bir nəfərin şəxsi qərarı ilə başlayıbsa, onun göstərişi ilə də bitəcək. O, bu müharibənin Rusiyaya daha çox zərər verdiyini anlayanda ( ümumiyyətlə anlayacaqmı?) gec olacaq. Bəs, Rusiya əhalisi? Krım işğal olunanda “Krım naş” şüarları ilə küçəyə çıxanda, müharibənin ilk günlərində sevinclə: “ bizimkilər Kiyevi alıb” qışqıranda, indi bu əzici, motivasiyasız savaşın dörd il uzanacağını yəqin ki, gözləmirdilər və bundan sonra hələ nə qədər çəkəcəyini də bilmirlər. Bilsəydilər, mane olardılarmı? İnandırıcı gəlmir. Baxmayaraq ki, bütün mənalarda cəmiyyət ağır bədəl ödəyir. Cəbhədəki yüz minlərlə itki bir tərəfə, on minlərlə insan müharibəyə görə ölkəni tərk edib. Skandinaviyadan Qafqaza qədər Rusiyanın yolları Avropaya bağlanıb.
 
Tarixə nəzər salanda Rusiya və Ukrayna arasında illərlə davam edən bir nifrət yaşanmadığını görərik. Əgər erməni-türk konfliktinin əsrlərlə tarixi vardısa, bu iki provaslav, slavyan millət arasında zaman-zaman müəyyən narazılıqlar olsa da, nifrət səviyyəsində deyildi. Amma, indi var. Keçən il Kiyev yaxınlığındakı Buçada, İrpendə rus hərbiçilərinin törətdiyi vəhşilikləri, qətliamı, yerlə yeksan edilmiş evləri, yandırılmış avtomobilləri gözlərimlə gördüm. Ukraynanın hər yerində Rusiyaya, ruslara nifrəti görməmək mümkün deyil. Cəmiyyətdə baxışlar radikallaşır və rus dilində olan hər şeyi və rus dilini rədd etmək üçün fikir birliyinin şahidi oldum. İndi isə qış aylarında Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirib mülki əhalini istiliksiz, işıqsız, qazsız qoyduqdan sonra bu nifrət ikiqat artıb.
 
 Müharibə nə vaxtsa bitəcək, amma indi dünyaya gələn ukraynalı uşaqlar ən çox ruslardan nifrət edəcəklər, çünki zaman keçəcək, onlar bu müharibənin nəticələrini yaşayacaqlar. Bu uşaqlar uşaqlıqdan niyə məhrum olduqlarını indi başa düşməyə bilərlər. Onlar hər şeyi müharibədən əvvəlki vəziyyətlə müqayisə edəcək və onların dünyası raketləri, bombaları, dronları unutmayacaq.
 
Kreml də nifrət təbliğatını bütün sferalarda- məktəbli partasında, televiziya verilişlərində, sosial şəbəkələrdə, küçələrdəki reklam plakatlarında aparır. Heç bir rusiyalı dünyaya qəzəblə gəlmir, onu belə yetişdirən cəmiyyətdir, imperiya ambissiyasının hər kəsin şüuruna hakim kəsildiyi cəmiyyət... Elə bu səbəbdən əksəriyyətin içində, düşüncəsində bir Putin var.
 
Bu müharibədə Rusiya və Ukrayna hərbiçilərinin motivasiya səbəbi fərqlidir. Rusiya əsgəri pul üçün vuruşur, Ukrayna əsgəri dövlətinin suverenliyini, torpağını qoruyur.
 
Hara gedir Rusiya bu təfəkkürlə, bu siyasətlə? Rusiyanı bu gedişlə xoşbəxt gələcək gözləmir. Avropanın bir parçası olsa da, Ukrayna müharibəsi onu Çindən asılı, vassal səviyyəsinə salıb. 
 
Zelenskinin dediyi kimi, müharibəni Putinin ölümü dayandıra bilər. O zaman hakimiyyət uğrunda mübarizə başlar və cəmiyyətin müharibədə çəkdiyi əzaba son vermək üçün ona rahat həyat şəraiti vəd edib müharibəni bitirmək şərt olacaq. Generallar, hərbiçilər də bezdiklərini dilə gətirib müharibədən imtina edə bilərlərmi? Tarixdə general üsyanlarının, itaətsizliyinin nümunələri olub. Ukrayna müharibəsi Rusiya Ordusunu ifşa etdi, onun tarixinə, xüsusilə faşist Almaniyası üzərində qələbəsinə kölgə saldı. Yalnız ordunun deyil, gələcəyinin -yəni, gənc nəslin təhsilinin də qarşısınıı aldı. Rusiyalı tələbələr Qərbdə, ABŞ-da təhsil ala bilmir, dünya təhsil sistemindəki yenilkilərdən uzaq düşüblər. İdmançıları beynəlxalq yarışlardan təcrid olunublar. Dünya düzənini pozan Putin müharibəsi yalnız Rusiyanı, Ukraynanı çətin vəziyyətə salmayıb. Bəşəriyyət bu müharibənin ağrısını gündəlik həyatında hansısa şəkildə çəkir. Putin müharibəsinin təbliğatçıları isə “Avropa paytaxtlarını taktiki və strateji atom bombaları ilə vurub preventiv zərbələr endirmək lazımdır” fikrini çox rahatlıqla səsləndirirlər.
 
Putin müharibəsinin Rusiyaya gətirdiyi “qələbə”, “xoşbəxtlik” budu. Rusiya bu müharibənin acısını on illərlə çəkəcək. Bu müharibə Rusiyanın yalnız bu gününü deyil, həm də gələcəyini dağıdıb. Müasir Almaniya 80 il keçməsinə baxmayaraq, hələ də Hitler dövrünün utancını, sıxıntısını yaşadığı kimi, ruslar da Putin zamanının utancını illərlə yaşayacaq. Nitsşenin dediyi kimi, millətlərin tarixində bəzən elə biabırçı, məyusedici hadisələr yaşanır ki, illər keçsə də, nəsillər dəyişsə də, biabırçılıqdan, utancvericilikdən nə qədər uzaqlaşmaq istəsələr də, o hiss zəncir olaraq onların ayaqlarına bağlanmış olacaq və daim təqib edəcək.
 
İlham İsmayıl
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər