Hürrem Sultan və “Bosforda boğulan 240 qadın” - Qərbin kabus saydığı Osmanlı hərəmi
Analitika
312
10:29, Bu gün

Hürrem Sultan və “Bosforda boğulan 240 qadın” - Qərbin kabus saydığı Osmanlı hərəmi

Avropada Osmanlı qadını haqqında formalaşmış obraz yüzillərdir dəyişmir: qapalı, intriqalı, kişilərin kölgəsində yaşayan, siyasi iradəsi olmayan varlıq. Bu təsvir nə tarixi faktlara, nə Osmanlı mənbələrinə, nə də müasir akademik araşdırmalara söykənir. Bu, daha çox Qərbin öz qorxularını və imperiya kompleksini ört-basdır etmək üçün yaratdığı mifdir.
 
Bunu hələ XVI əsrdə fransız humanisti Guillaume Postel açıq şəkildə etiraf edirdi. O yazırdı:
 
“It is necessary for Europe to portray the Turks as barbarians in order to justify its own political fear.”
 
(Avropanın öz siyasi qorxularını əsaslandırması üçün türkləri barbar kimi təqdim etməsi zəruridir.)
 
Türklərin “barbarlığına” nümunə kimi göstərilən əsas “fakt” isə budur: guya Osmanlı sultanlarından biri “xəyanət şübhəsi” ilə 240 məşuqəsini Bosfor sularında boğdurub. Bu rəqəm nə Osmanlı salnamələrində var, nə də rəsmi sənədlərdə. Amma Qərb mətnlərində israrla dolaşır.
 
Bu iddia ən çox III Mehmed, bəzən də III Murad ilə əlaqələndirilir. Halbuki Osmanlı imperiyasında hətta kənizlərə alınan paltarların, verilən gündəlik xərclərin belə sənədləri mövcuddur. Osmanlı arxivlərində isə 240 qadının Bosforda boğdurulması barədə bir kəlmə belə yoxdur.
 
Bu tip iddialar Osmanlı sarayında heç vaxt olmamış avropalı səyyahların, missionerlərin və pamfletçilərin uydurmasıdır. Və məhz bu saxta mətnlər Qərb–Osmanlı münasibətlərinin psixoloji təməlini açıq göstərir. Problem Osmanlı qadını deyildi. Problem Osmanlı imperiyasının gücü idi.
 
Qərb təsəvvüründə harem erotika və xaos məkanı kimi təqdim edilsə də, müasir tarixşünaslıq bunu tamamilə təkzib edir. ABŞ-ın tanınmış Osmanlı tarixçisi Leslie Peirce yazır:
 
“The imperial harem was not a site of sexual chaos, but a carefully regulated political institution.”
 
(İmperiya hərəmi cinsi xaos məkanı deyil, diqqətlə tənzimlənmiş siyasi institut idi.)
 
Bu faktı qəbul etmək Qərb üçün çətindir. Çünki bu halda Osmanlı qadını qurban yox, sistemin bir parçası, bəzən isə birbaşa qərarverici subyekt kimi görünür.
Ukrayna əsilli Hürrem Sultan bunun ən bariz nümunəsidir. Qərb tarixçiliyində o, uzun illər hiyləgər, intriqant, sarayı ələ keçirən qadın, hətta “şeytan” obrazında təqdim edilib. Halbuki amerikalı tarixçi Norman Itzkowitz açıq yazır:
 
“Hürrem Sultan was not a passive figure; she actively influenced Ottoman foreign policy.”
 
(Hürrem Sultan passiv fiqur deyildi; Osmanlı xarici siyasətinə aktiv şəkildə təsir göstərirdi.)
 
XVI əsrdə İstanbulda səfir olmuş Ogier Ghiselin de Busbecq isə Osmanlı sarayı haqqında yazırdı:
 
“The Sultan listens to his wife more than to many of his viziers.”
 
(Sultan çox vaxt vəzirlərindən daha çox arvadına qulaq asır.)
 
Bu cümlə Qərb üçün skandal idi. Çünki XVI əsr Avropasında kraliçalar belə dövlət sənədlərinə imza ata bilmir, diplomatik yazışma aparmır, müharibə və sülh məsələlərinə təsir göstərə bilmirdi. Hürrem Sultan isə Polşa ilə yazışır, səfir qəbul edir, dövlətin xeyriyyə sisteminə nəzarət edirdi.
 
Leslie Peirce bunu belə yekunlaşdırır:
 
“Hürrem Sultan was not an aberration, but the beginning of a new political norm.”
 
(Hürrem Sultan istisna deyildi; o, yeni siyasi normanın başlanğıcı idi.)
 
Bu təsadüfi fikir deyil. Onun dövründə Osmanlı–Polşa münasibətlərindən tutmuş Krım siyasətinə qədər bir çox qərarlarda Hürremin təsiri açıq hiss olunur. Qərb üçün isə bu qəbuledilməz idi: qadın, üstəlik müsəlman qadın siyasətə təsir edə bilməzdi.
 
Eyni yanaşma Safiye Sultan üçün də keçərlidir. Britaniyalı tarixçi Susan Skilliter yazır:
 
“Safiye Sultan played a decisive informal role in Ottoman–English relations.”
 
(Safiye Sultan Osmanlı–İngiltərə münasibətlərində həlledici qeyri-rəsmi rol oynayırdı.)
 
Bu fakt İngiltərə sarayının Osmanlı qadınları ilə birbaşa yazışdığını, diplomatik əlaqələr qurduğunu göstərir. Amma bu həqiqətlər uzun müddət Qərb ictimaiyyətindən gizlədildi.
 
Kösem Sultan məsələsində isə artıq heç bir mübahisə yoxdur. Tarixçi Caroline Finkel yazır:
 
“Kösem Sultan exercised sovereign authority comparable to any male ruler of her time.”
 
(Kösem Sultan dövrünün kişi hökmdarları ilə müqayisə edilə biləcək suveren hakimiyyət həyata keçirirdi.)
 
Osmanlı tarixçisi Mustafa Naima isə daha da açıq danışır:
 
“Had it not been for Kösem Sultan, the state would have collapsed more than once.”
 
(Əgər Kösem Sultan olmasaydı, dövlət dəfələrlə süquta uğrayardı.)
 
Bu artıq Qərbin yox, Osmanlının öz etirafıdır. Kösem Sultan təkcə valide sultan deyildi. O, real siyasi idarəçi idi. Əgər Hürrem “təsir edən qadın” idisə, Kösem Sultan birbaşa idarə edən qadın idi.
 
Türk siyasi ənənəsində qadının mövqeyi isə Osmanlı ilə məhdudlaşmır. Tarixçi Lev Qumilyov bunu belə ifadə edirdi:
 
“In Turkic states, women were political subjects, not shadows.”
 
(Türk dövlətlərində qadınlar kölgə yox, siyasi subyekt idilər.)
 
Bu baxımdan Osmanlı qadını istisna yox, Turan siyasi mədəniyyətinin davamıdır.
 
Qərbin Osmanlı qadınını demonizə etməsinin əsas səbəbi isə öz tarixini gizlətmək idi. Eyni dövrdə Avropada kraliçalara qarşı kütləvi edamlar, cadugərlik adı ilə qırğınlar həyata keçirilirdi. İngilis tarixçisi Eamon Duffy Mary Tudor barədə yazır:
 
“Mary’s persecutions were real and brutal, yet later softened by Protestant historiography.”
 
(Meri Tudorun təqibləri real və son dərəcə qəddar idi, lakin sonradan protestant tarixçiliyi tərəfindən yumşaldıldı.)
 
Minlərlə insanın ölümünə cavabdeh olan Avropa kraliçaları “dövlət qurucusu”, Osmanlı qadınları isə “intriqant” adlandırıldı. Bu, tarix yox, ideoloji seleksiyadır.
Bu gün Türkiyə istehsalı olan seriallara dünyanın aşırı marağı da təsadüfi deyil. “Muhteşem Yüzyıl”, “Kösem Sultan” və digər layihələr Qərbin yüzillik uydurmalarını təkzib edir. Dünya ilk dəfə Osmanlı qadınını mif kimi yox, siyasi aktor kimi görür. Və bu maraq Qərbdə ciddi narahatlıq yaradır.
 
Nəticə aydındır. Osmanlı qadını haqqında deyilənlərin böyük hissəsi tarixi həqiqət yox, imperiya qorxusunun məhsuludur. Osmanlıda qadın nə susdurulmuşdu, nə də kənara itilənmişdi. Qadın dövlətin içində idi. Qərarların içində idi. Tarixin içində idi.
 
Bu həqiqəti qəbul etmək Qərb üçün çətindir. Amma tarix emosiyaya yox, faktlara tabe olur.
 
Bəs Avropada real vəziyyət necə idi? XVI–XVII əsrlərdə Avropada təxminən 40–60 min qadın “cadugərlik” adı ilə öldürüldü. Tarixçi Brian Levack yazır:
 
“The vast majority of those executed for witchcraft in Europe were women.”
 
(Avropada cadugərlik adı ilə edam edilənlərin böyük əksəriyyəti qadın idi.)
 
Ən məşhur simvol isə Jeanne d’Arc idi. Britaniyalı tarixçi Malcolm Vale yazır:
 
“Joan was condemned not for heresy, but for threatening male authority.”
 
(Jan d’Ark küfrə görə yox, kişi hakimiyyətini təhdid etdiyinə görə məhkum edildi.)
 
Növbəti yazımızda orta əsr Avropasında qadınların hüquqi və sosial vəziyyətini konkret faktlarla açacağıq. Çünki Qərb bizi qadın məsələsində də uzun müddət aldadıb.
 
Elbəyi Həsənli, Sürix
Link kopyalandı!
Son xəbərlər