Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Analitika
844
14:20, Bu gün

Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL

Son günlər Azərbaycan informasiya məkanında Nikol Paşinyanın Ermənistan ordusundakı maaşlarla bağlı açıqlamaları ətrafında süni səs-küy yaradılıb. Sosial şəbəkələrdə belə bir təsəvvür formalaşdırılır ki, guya Paşinyan “erməni əsgərləri azərbaycanlı əsgərlərdən qat-qat çox maaş alır” deyib və bu, artıq bütün ordu üçün keçərlidir. Halbuki bu iddia fakt yox, klassik manipulyasiyadır.

Paşinyan gələcəkdən danışmayıb. O, mövcud iki mexanizmi izah edib. Amma bu mexanizmlər qəsdən ümumiləşdirilərək sanki bütün orduya aid edilmiş kimi təqdim olunur.

Paşinyanın dediyi birinci mexanizm könüllü sertifikasiya sistemidir. Bu sistem çərçivəsində müəyyən testlərdən və peşəkar qiymətləndirmədən keçən hərbi qulluqçuların maaşı artırılır. Paşinyanın sözlərinə görə, sertifikasiyadan keçmiş bəzi sıravi əsgərlər ayda 700 min dram alır ki, bu da təxminən 1850 dollar deməkdir. Zabitlər üçün isə bu məbləğ 1 milyon dramı, yəni təxminən 2650 dolları, 1,5 milyon dramı, yəni 3950 dolları, hətta 2 milyon dramı, yəni 5300 dolları keçə bilər.

Açar məsələ buradadır. Paşinyan “bütün əsgərlər belə maaş alır” demir. O, “sertifikasiyadan keçmiş bəzi hərbçilər” deyir. Bu, normativ maaş yox, stimullaşdırıcı mexanizmdir.

İkinci mexanizm “Defender of the Motherland” (Ana Vətənin müdafiəçisi) proqramıdır. Bu proqram çərçivəsində xüsusi öhdəlik götürən və müəyyən şərtlərlə xidmət edən 19 yaşlı hərbçilərə ayda 500 min ilə 600 min dram arasında maaş verilir. Bu da təxminən 1320–1590 dollar aralığıdır. Bu proqram da kütləvi çağırış sistemi deyil. Məhdud sayda iştirakçını əhatə edən müqavilə əsaslı modeldir.

Manipulyasiya məhz burada başlayır. Sertifikasiyadan keçən azlıq bütün ordu kimi təqdim olunur. Xüsusi proqram çərçivəsində xidmət edənlər adi çağırışçı əsgərlərlə eyniləşdirilir. Mexanizm reallığı ümumi mənzərə kimi satılır.

Azərbaycan oxucusu üçün bunu daha anlaşılan etmək çətin deyil. Azərbaycanda sertifikasiyadan keçən müəllimlər adi müəllimlərdən xeyli yüksək maaş alırlar. Amma bu o demək deyil ki, ölkədə bütün müəllimlər eyni maaşı alır. Sertifikasiya əlavə bacarığı və məsuliyyəti olanlara üstünlük yaradır. Ermənistanda da eyni prinsip tətbiq olunur. Sadəcə müəllimlərə yox, hərbçilərə.

Doğru olan budur ki, Ermənistan ordusunda yüksək maaş alan hərbçilər var. Amma bu, sistemin hamıya şamil edilməsi demək deyil. Yalan olan isə budur ki, bu fakt ümumiləşdirilərək Ermənistan ordusunun bütövlükdə daha yüksək maaşlı olduğu iddia edilir.

Burada məqsəd iqtisadi və ya hərbi müqayisə aparmaq deyil. Məqsəd psixoloji təsirdir. İnsanlara “biz geri qalırıq” hissini aşılamaqdır. İnformasiya müharibəsində ən təsirli silah fakt yox, kontekstdən qoparılmış rəqəmdir.

Və məhz bu cür manipulyasiyalar cəmiyyəti çaşdırır. Tank yox, raket yox, məhz yanlış kontekst bu gün ən təhlükəli silaha çevrilib...

Elbəyi Həsənli, Sürix 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər