Donald Trampın 24 yanvar 2026-cı il tarixli “Truth Social” paylaşımı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana ötən avqust imzalanmış sülh razılaşmasına sadiq qaldıqlarına görə təşəkkür etməsi, vitse-prezident C.D. Vansın fevral ayında Bakı və İrəvana səfər edəcəyini elan etməsi, TRIPP marşrutunun irəlilədiləcəyini bildirməsi, eləcə də eyni mətn daxilində ABŞ istehsalı müdafiə avadanlıqlarının satışı, yarımkeçirici sənayesi üzrə əməkdaşlıq sazişləri və Ermənistanla “sülh məqsədli nüvə əməkdaşlığı” kimi elementləri birlikdə xatırlatması – klassik diplomatik jestdən daha çox, ABŞ-ın Cənubi Qafqazda formalaşdırmaq istədiyi yeni mərhələli strategiyanın yığcam icmalı kimi oxuna bilər. Beynəlxalq media bu paylaşımı post-münaqişə arxitekturasını iqtisadi və logistika yönümlü layihələrlə birləşdirən, eyni zamanda Vaşinqtonun vasitəçilik iddiasını gücləndirən siyasi siqnal kimi təqdim edir. Reuters-in xəbərində razılaşmanın qarşılıqlı ərazi bütövlüyünün tanınması, qeyri-zorakılıq öhdəliyi və beynəlxalq hüquqa istinad kimi çərçivə elementlərinin xüsusi vurğulanması, habelə Vansın səfərinin məhz bu normativ xəttin üzərində inşa ediləcəyinin qeyd olunması diqqət çəkir.
Bu tip paylaşımların analitik dəyəri onların nə dediyindən çox, hansı elementləri eyni anda bir mətn daxilində birləşdirməsində üzə çıxır. Tramp sülhü təkcə təhlükəsizlik və diplomatiya kateqoriyasında saxlamır, onu dərhal logistika, ticarət, müdafiə sənayesi satışları və texnoloji sənaye gündəliyi ilə əlaqələndirir. Reuters-in təqdim etdiyi məlumatlar da bu çoxşaxəli yanaşmanı təsdiqləyir. Vitse-prezident C.D. Vansın səfəri çərçivəsində ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsi, Ermənistanla nüvə sahəsində əməkdaşlıq, eləcə də texnologiya və müdafiə razılaşmaları kimi müxtəlif “paketlərin” eyni siyasi menecment daxilində cəmləşdirilməsi nəzərdə tutulur. Bu isə Tramp administrasiyasının “sülh + firavanlıq” formulunu normativ beynəlxalq institutların dili ilə deyil, transaksional diplomatiya (deal diplomacy) məntiqi əsasında qurduğunu göstərir. Beləliklə, sülhün legitimliyi institusional mexanizmlərdən daha çox, liderin vasitəçiliyi və bunun ətrafında formalaşan iqtisadi-siyasi razılaşmalar şəbəkəsi üzərindən möhkəmləndirilir. Kyiv Post-un mövzuya dair analitik yazısı da bu missiyanı “simvolizm yüklü və siyasi riskli” kimi xarakterizə edir; təşəbbüs bir tərəfdən ABŞ-ın vasitəçi-brokerlik iddiasını gücləndirsə də, digər tərəfdən regionda suverenlik, təhlükəsizlik və böyük güclər balansı baxımından yeni gərginliklər doğura bilər.

Paylaşımın birinci xətti sülhün legitimləşdirilməsidir; lakin bu legitimləşdirmə klassik mənada institusional mandat üzərindən deyil, lider-şəxsiyyət mərkəzli bir ritorika vasitəsilə aparılır. Tramp öz postunda razılaşmanı “bitirdiyi səkkiz müharibədən biri” kimi təqdim etməklə onu şəxsi siyasi kapitalının tərkib hissəsinə çevirir və nəticədə sülh mexanizm kimi deyil, prezident iradəsinin məhsulu kimi çərçivələndirilir. Bu yanaşma beynəlxalq münasibətlər nəzəriyyəsində institusional legitimlikdən daha çox, xarizmatik legitimlik anlayışına yaxın bir diskurs yaradır. Belə ritorika qısa müddətdə siyasi mobilizasiya və simvolik təsir gücü yarada bilsə də, uzunmüddətli sabitliyə çevrilməsi üçün qayda əsaslı və institusional mexanizmlərlə tamamlanmağa ehtiyac duyur. Reuters-in razılaşmada beynəlxalq hüquqa istinad elementlərini xüsusi vurğulaması məhz bu boşluğu qismən kompensasiya edən normativ bir dilin mövcudluğunu göstərir. Beləliklə, lider-mərkəzli təşəbbüsün legitimlik iddiası yenidən beynəlxalq hüququn tanıdığı kateqoriyalarla əlaqələndirilməyə çalışılır.
İkinci xətt geosiyasi kontekstin yenidən çərçivələndirilməsidir. Sülh razılaşması Cənubi Qafqazın təhlükəsizlik gündəliyini yalnız sərhəd və status mübahisələri müstəvisindən çıxararaq regional inteqrasiya imkanları və tranzit arxitekturası müstəvisinə daşıyır. TRIPP konsepsiyası bu baxımdan sadəcə bir “yol layihəsi” kimi deyil, post-münaqişə normallaşma modelinin mərkəzi mexanizmi kimi təqdim olunur. Kyiv Post-un əvvəlki materiallarında TRIPP xüsusilə Naxçıvanla əlaqənin bərpası və Ermənistanın cənubundan keçən tranzit dizaynı kontekstində izah edilir ki, bu da regional bağlantılılıq ətrafında formalaşmış mübahisəni post-sülh paketinin mərkəzinə yerləşdirir. Digər tərəfdən, Atlantic Council-un şərhlərində TRIPP ABŞ maraqları baxımından Cənubi Qafqaz geopolitikasını yenidən formalaşdıra biləcək strateji xətt kimi qiymətləndirilir və ABŞ diplomatiyasının bu marşrutu detallı normativ və institusional çərçivəyə salmağa çalışdığı vurğulanır. Bu yanaşmada sülh artıq yalnız müqavilə mətnləri ilə deyil, infrastruktur və tədarük zəncirləri vasitəsilə maddi reallığa çevrilir. Nəticədə sülhün pozulmasının qiyməti yüksəlir və onun davamlılığı iqtisadi qarşılıqlı asılılıq mexanizmləri ilə gücləndirilir. Bu, liberal sülh tezislərinin – ticarət və qarşılıqlı asılılığın sülhü təşviq etməsi ideyasının – praktik tətbiqinə yaxın bir model təqdim etsə də, eyni zamanda regional güclər balansında yarada biləcəyi yeni asimmetriyaların diqqətdən kənarda qalmaması tələb olunur.
Üçüncü xətt iqtisadi-strateji mübadilə məntiqidir və bu kontekstdə paylaşımın dili xüsusilə acıqdır. Tramp “Made in U.S.A.” mənşəli müdafiə avadanlıqlarının satışı, ABŞ yarımkeçirici istehsalçıları üçün nəzərdə tutulan anlaşmalar və Ermənistanla “peaceful nuclear cooperation” kimi elementləri eyni paket daxilində təqdim edir. Vitse-prezident C.D. Vansın səfəri bu çərçivədə təkcə sülhün siyasi simvolikasını deyil, eyni zamanda ABŞ üçün texnoloji və müdafiə sektorlarında bazar imkanlarının genişləndirilməsini də hədəfləyən bir siyasi menecment aləti kimi təqdim olunur. Bu yanaşma post-münaqişə diplomatiyasında tez-tez rast gəlinən “mükafatlandırma” mexanizmini xatırladır: sülhə sadiqlik siyasi tanınma ilə yanaşı, iqtisadi faydalar və təhlükəsizlik əməkdaşlığı ilə stimullaşdırılır. Bununla belə, beynəlxalq hüquqi baxımdan burada incə bir tarazlıq mövcuddur. Sülhün davamlılığı tərəflərin gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq öhdəliklərinə söykənməli olduğu halda, sülh prosesinin razılaşma paketlərinə həddən artıq fokuslanması onu normativ prinsipdən daha çox şərti mübadilə formasında çərçivələyə bilər. Bu isə siyasi iradə dəyişdikdə sülhün dayanıqlığını zəiflətmək riski yaradır.
Digər tərəfdən, paylaşımın beynəlxalq medianın gündəminə düşməsi yalnız TRIPP konteksti ilə məhdudlaşmır, Tramp administrasiyasının daha geniş lider-mərkəzli sülhyaratma iddiası fonunda baş verir. Bu çərçivədə Trampın “Board of Peace” adlı təşəbbüsü xüsusilə diqqət çəkir: ilkin mərhələdə Qəzzada atəşkəsə nəzarət mexanizmi kimi təqdim olunan bu formatın, sonradan qlobal miqyasda müxtəlif münaqişələr üçün genişləndirilə biləcəyi barədə iddialar da irəli sürülür.
Ümumilikdə, “Board of Peace” nümunəsi göstərir ki, Tramp administrasiyası sülh proseslərini çox vaxt BMT-nin klassik və institusional prosedurlarından kənarda, daha çevik və müvəqqəti koalisiya formatları vasitəsilə idarə etməyə üstünlük verir. Bu yanaşma Cənubi Qafqazda da özünü TRIPP kimi, adının belə “Trump Route” formasında brendləşdirildiyi layihənin ön plana çıxarılması ilə büruzə verir. Nəticədə sülh prosesi institusional çərçivə və normativ “başlıq” üzərindən deyil, lider adı ilə assosiasiya olunan geoiqtisadi layihə üzərindən hekayələşdirilir.
Beynəlxalq hüquqi rakursdan baxıldıqda əsas sual ondan ibarətdir ki, bu model regionda “müqavilə əsaslı sülh”ü möhkəmləndirirmi, yoxsa sülhü şəxsi liderlik və transaksional paketlərə həddindən artıq bağlayaraq onu normativ dayaqdan məhrum edirmi? Reuters-in razılaşmada “beynəlxalq hüquqa riayət” elementini xüsusi vurğulaması sülh prosesinin normativ çərçivəsini gücləndirən bir xətt kimi qiymətləndirilə bilər. Bununla yanaşı, eyni paylaşımlarda “silah satışı”, “yarımkeçirici sənayesi üzrə razılaşmalar” və “nüvə əməkdaşlığı” kimi iqtisadi–strateji komponentlərin sülh anlayışı ilə eyni kontekst daxilində təqdim edilməsi, sülhün “vasitəçilik–mükafat–tərəfdaşlıq” ardıcıllığında instrumental bir mərhələ kimi qavranılması ehtimalını artırır. Bu yanaşma real siyasi baxımından funksional görünə bilsə də, hüquqi legitimlik müstəvisində sülhün davamlılığını dövlətlərin normativ öhdəliklərindən daha çox, dəyişkən geosiyasi maraqlara bağlamaq riski yaradır.
Bununla belə, beynəlxalq mediada formalaşdırılan “prosperity and peace” narrativi Cənubi Qafqaz üçün yeni bir iddia irəli sürür: münaqişəsonrası normallaşma təkcə siyasi sənədlər və hüquqi bəyanatlarla məhdudlaşmır, real tranzit marşrutları, enerji inteqrasiyası və ticarət axınları ilə ölçülən daha geniş bir “region-building” layihəsi kimi təqdim olunur. Reuters xəbərində enerji inteqrasiyası və iqtisadi əməkdaşlıq elementlərinin xüsusi vurğulanması bu narrativin media diskursu səviyyəsində də möhkəmləndiyini göstərir. Əgər TRIPP kimi layihələr tərəflərin suveren bərabərliyi və qarşılıqlı razılıq prinsipləri əsasında, beynəlxalq hüququn fundamental qaydalarına – o cümlədən zorakılıqdan imtina və sərhədlərin toxunulmazlığı prinsipinə uyğun şəkildə icra olunarsa, sülhün struktur dayanıqlığı əhəmiyyətli dərəcədə arta bilər. Əksinə, bu cür layihələr regionda yeni asimmetriyalar yaradar, təhlükəsizlik narahatlıqlarını dərinləşdirər və ya “mübahisəli korridor” diskursunu yenidən alovlandırarsa, sülhün institusional əsasları zəifləyə və razılaşmalar üzərindən aparılan diplomatiyanın kənar təsirləri ön plana çıxa bilər.
Ümumilikdə, Trampın paylaşımı beynəlxalq mediada adi bir “post” kimi yox, Cənubi Qafqazda ABŞ-ın mərhələli təsir strategiyasının kodlaşdırılmış icmalı kimi oxunur. Sülh lider-mərkəzli vasitəçilik vasitəsilə legitimləşdirilir, region TRIPP kimi bağlantı layihəsi üzərindən geoiqtisadi baxımdan yenidən çərçivələndirilir, tərəfdaşlıq isə müdafiə, texnologiya və enerji-nüvə əməkdaşlığı paketləri ilə transaksional mübadilə məntiqinə bağlanır. Reuters, AP və müxtəlif analitik platformaların təqdim etdiyi faktlar bu üç xəttin paralel şəkildə irəlilədiyini göstərir. Bu yanaşmanın uğuru onun nə dərəcədə sürətli və “effektiv” görünməsindən çox, beynəlxalq hüququn tələb etdiyi legitimlik şərtlərinə (razılıq, suveren bərabərlik, öhdəliklərin sabitliyi və hesabatlılıq prinsiplərinə) hansı ölçüdə uyğunlaşacağından asılı olacaq.
Əli Qədimov,
Naxçıvan Dövlət Universitetinin
"Ümumi hüquq” kafedrasının müəllimi